Məşhur pianoçu Keiko Matsui Bakıda konsert verib
Dünyanın bir çox ölkələrində konsertlər
verən Yaponiyanın
məşhur pianoçusu
Keiko Matsui Heydər Əliyev
Sarayının səhnəsində
konsert proqramı ilə çıxış
edib.
APA-nın
məlumatına görə,
Bakıda keçirilən
Beynəlxalq Caz Festivalı çərçivəsində
baş tutan konsertdə pərəstişkarlarını
Azərbaycan dilində
salamlayan musiqiçi,
konsertində onu yalnız qoymayan çoxsaylı tamaşaçılara
təşəkkür etməyi
də unutmayıb: “Sizin gözəl və sevimli şəhərdə olmaq,
bu səhnədə çıxış etmək
çox gözəl bir hissdir. Alqışlarınızı eşitmək və
ürəkdən gələn
sevginizi duymaq mənə çox xoşdur. Bu
diqqətiniz üçün təşəkkür
edirəm”.
Caz Festivalı çərçivəsində keçirilən ən bahalı konsertlərdən biri hesab olunan və biletləri baha qiymətə satılan Keiko Matsuinin konserti anşlaqla baş tutub. Yaponiyalı pianoçu öz musiqiçiləri ilə bərabər uzun illərdir yaddaşlarda həkk olunan mahnıları canlı olaraq səsləndirib. Həm royal, həm də sintezatorda musiqiləri özünəməxsus ifa edən Keiko Matsuinin bütün çıxışları sürəkli alqışlarla müşayiət olunub. Musiqiçi hər alqış üçün dəfələrlə “bu çox gözəldir, sizə böyük təşəkkür edirəm” deməyi də özünə borc bilib. Konsert proqramını Azərbaycanın tanınmış simaları, dövlət rəsmiləri, eləcə də çoxsaylı mədəniyyət və incəsənət xadimləri də izləyiblər. Heydər Əliyev Sarayının səhnəsində quraşdırılmış böyük ölçüdə LED ekran vasitəsilə salonun arxa sıralarında əyləşən tamaşaçılar pianoçunun çıxışını aydın şəkildə izləmək imkanı qazanıblar. Saat yarımlıq proqram yekunlaşdıqdan sonra pianoçu tamaşaçıların sürəkli alqışlarına cavab olaraq bir neçə dəfə səhnəyə qayıdıb və hər qayıdışında tamaşaçılara yaddaqalan musiqi nömrələri ərməğan edib. Pianoçu sonda musiqiçilərin müşayiəti olmadan ona uğur gətirən məşhur kompozisiyanı royalda təqdim edib. Keikonu görkəmli saksofonçu Michael Ghegan, basist Mel Brown və ənənəvi yapon fleytaçısı Kazu Matsui müşayiət ediblər. Xatırladaq ki, Keiko Matsui caz aləmində XX əsrin 80-ci illərin ortalarından başlayaraq məşhurlaşıb. Əsasən caz-pop və flujn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar və özünəməxsus vokalçı kimi də uğur qazanıb. Onun “A drop of Water” adlı ilk albomu ABŞ-da buraxılıb. “Dream Walk” lonqpleyi ən populyar caz albomları arasında ilk üçlüyə daxil olub. 1999-cu ildə Keiko “Oasis Awards” yarışmasının qalibi olub, onun “Light Above the Trees” klipi isə ən yaxşı videoklip mükafatına layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir. Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı-2010” Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu, “Sweet production”un birgə təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək.
525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.7.