Daun sindromlu
uşaqlar üçün
konsert keçirilib
Dövlət Gənc Tamaşaçılar
Teatrında Daun Sindromlu Şəxslərin
Assosiasiyasının (DSŞA) təşəbbüsü və
Səbail Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı
ilə “Dəcəllər”
ansamblının xeyriyyə
konserti gerçəkləşdirilib. “Dəcəllər” teatrının
üzvləri olan balaca aktyorlar professional səhnədə tamaşaçılar
qarşısında uğurla
çıxış ediblər.
“Dəcəllər”in ifasında
“Yallı”, “İspan rəqsi”, “Ərəb rəqsi”, “Ay xanım-xanım”
xalq musiqisi əsasında səhnələşdirilmiş
tamaşa nümayiş
olunub. Xüsusi qayğıya ehtiyacı
olan bu istedadlı
uşaqların çıxışları
alqışlarla qarşılanıb.
Xeyriyyə tədbirinin
açılışında çıxış edən
assosiasiyanın rəhbəri
Zərifə Məmmədova
uşaq hüquqlarının
təmin edilməsinin
ölkəmizdə həyata
keçirilən dövlət
siyasətinin prioritet istiqamətlərindən olduğunu,
ölkəmizdə xeyirxahlıq
rəmzi olan Heydər Əliyev Fondunun nəcib işlər gördüyünü,
kimsəsiz, əlil, habelə talassemiya, hemofiliya və digər xəstəliklərdən
əziyyət çəkən
uşaqlara diqqətlə
yanaşdığını, onların müalicəsi üçün böyük
səylər göstərdiyini
vurğulayıb. O, xeyriyyə
tədbirinin bu qəbildən olan uşaqların ehtiyaclarına
ictimaiyyətin diqqətini
yönəltmək, onların
problemlərinin həllində
səylərin birləşdirilməsi
məqsədini daşıdığını
qeyd edib. Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili Elmira Süleymanova
uşaqları, valideynləri,
tədbirin təşkilatçılarını
təbrik edib. E.Süleymanova Daun Sindromlu
Şəxslərin Assosiasiyası
ilə bu uşaqların hüquqlarının
müdafiəsi sahəsində
qarşılıqlı əlaqələr
qurub və bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası,
ehtiyaclarının aradan
qaldırılması, onların
istedadının, yaradıcılıq
qabiliyyətinin inkişaf
etdirilməsində öz
töhfələrini verir.
Xalq Artisti Aybəniz Haşımova, müğənnilər Sahib İbrahimov,
Bəturə Hüseynova
və digər incəsənət ustalarının
maraqlı ifaları tamaşaçılarda bayram
ovqatı yaradıb. DSŞA-nın rəhbəri
Z.Məmmədova onu da qeyd edib
ki, bu səpkili
silsilə tədbirlər
Sumqayıtda da keçiriləcək.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 2 noyabr.- S.7.