“Muzeylər və mədəni irs” mövzulu beynəlxalq
elmi konfrans və sərgi
təşkil edilib
Ötən gün Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibətilə baş tutan “Muzeylər və mədəni irs” beynəlxalq elmi konfransın və sərginin açılışı gerçəkləşib. Əvvəlcə tədbir iştirakçıları muzeyin 90 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra giriş sözü ilə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin keçdiyi 90 illik yola nəzər salıb: “1920-ci il iyunun 15-də Bakıda “Doğma diyarın tədris muzeyi” adı ilə fəaliyyətə başlayan muzey böyük və şərəfli yol keçmiş, özünün başlıca vəzifəsi olan mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliğini həmişə layiqincə həyata keçirib. Muzey Vətən tarixinin bütün dövrlərini özündə əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini daim cəlb edərək, rəğbətini qazanıb. Bu gün muzeyin müxtəlif fondlarında tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq, əsasən XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab və qəzet toplanıb. Son illərdə 4 minədək eksponat alınıb və burada olan 15 mindən çox eksponat isə bərpa olunub”.
N.Vəlixanlı ölkə
prezidentinin muzeyə olan xüsusi qayğısını da dilə gətirib: “Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə
2005-2007-ci illərdə burada
aparılan əsaslı
bərpa və yenidənqurma işlərindən
sonra muzey yeni inkişaf mərhələsinə qədəm
qoyaraq tarix elminin son nailiyyətlərinə
və müasir muzeyşünaslıq prinsiplərinə
əsaslanan ekspozisiyanı
ziyarətçilərin ixtiyarına
verib. “2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq muzeyimiz dünya muzeyləri ilə əməkdaşlıq
mübadiləsinin aparılmasını,
qarşılıqlı sərgilərin,
kütləvi mədəni
tədbirlərin təşkilini,
beynəlxalq layihələrdə
iştirakı uğurla
həyata keçirir.
Son iki ildə əməkdaşlarımız Türkiyə,
Polşa, Suriya, Çin, Rusiya, Yaponiya və Macarıstanda elmi ezamiyyətlərdə olmuş,
həmin ölkələrdə
fəaliyyət göstərən
müxtəlif profilli
muzeylərin iş təcrübəsi ilə
maraqlanmışlar. Bundan
əlavə, muzey artıq 5 ilə yaxındır ki, Norveçin Stavanger şəhərindəki
arxeologiya muzeyi ilə sıx əməkdaşlıq edir”.
N.Vəlixanlı muzeyin müasir informasiya texnologiyaları ilə təmin olunması, ekspozisiya zallarında monitorların quraşdırılması
və burada fasiləsiz olaraq müxtəlif tarixi mövzulara aid slaydlar nümayiş olunmasını
da diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) prezidenti Mahmud Kərimov
Tarix Muzeyinin çox zəngin tarixə malik olduğunu bildirib: “Son zamanlar Tarix Muzeyi yeni bir
dövr yaşayır.
Əsaslı təmir
və bərpa işlərindən sonra bu muzeydə yeni ən müasir
ekspozisiyalar təşkil
olunub. Eyni zamanda Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi bərpa
olunub və istifadəyə verilib. Son
illər dövlətimizin
başçısının müvafiq sərəncamları
ilə Azərbaycanda muzey işinin təkmilləşdirilməsi, müasir
tələblər səviyyəsində
qurulması istiqamətində
mühüm addımlar
atılıb. Mühafizə
edilən tarixi abidələrin təbliği
muzeyin fəaliyyətinin
əsas istiqamətlərindən
biri sayılır. Buradakı eksponatlar birinci növbədə ekskursiyalar və sərgilər vasitəsilə
geniş tamaşaçı
kütləsinin diqqətinə
çatdırılır”. AMEA prezidenti bu tipli
elmi konfranslarının
keçirilməsinin əhəmiyyətini
də qeyd edib. Konfransın açılışında Türkiyə
Respublikasının nümayəndə
heyəti adından Topqapı Sarayı Muzeyinin baş mühafizi Sibel Alparslan Arça, Rusiya Federasiyasının nümayəndə heyətinin
adından Dağıstan
Dövlət Universitetinin
Yeni və ən yeni dövr
vətən tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor Artur Dalqatov çıxış
ediblər. Qonaqlar Azərbaycanda təşkil
olunan beynəlxalq tədbiri yüksək qiymətləndiriblər. Beynəlxalq
konfransda Rusiya, Türkiyə, İran, Gürcüstan, Misir, Şimali Kipr Türk Cümhuriyyəti,
Ukraynadan gələn qonaqlar da iştirak
edir. İştirakçılar
əvvəlcə muzeyin
90 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. Konfrans “Muzeylər-mədəni irsin
daşıyıcısı və qoruyucusu”, “Muzeylər və mədəni irsin tədqiqi”, “Mədəni irsin təbliği, mühafizəsi və muzeylər” bölmələrində
işini davam etdirəcək. Tədbirdə
43 məruzənin dinlənilməsi
planlaşdırılıb. Konfrans iştirakçılarının
muzeyin ekspozisiyası ilə tanışlığı,
habelə İçərişəhərə,
Atəşgaha, Mərdəkan
qalasına ekskursiyaları
da nəzərdə tutulub. Muzeyin internet saytı – www.azhistorymuseum.az ünvanlı
veb səhifə artıq hazırdır və noyabrın 1-dən istifadəyə verilib. Qeyd edək ki, “Muzeylər və mədəni irs” beynəlxalq elmi konfrans işini
noyabrın 3-də yekunlaşdıracaq.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 2 noyabr.- S.7.