Allah adamı

 

Açığı, biz tələbə dostumuz Qüdrətin yubileyi münasibətilə yazı hazırlamaq barədə qəti qərara gələndən sonra çox çətin işin altına girdiyimizi başa düşdük. Axı bu günlərdə ömrünün 61-ci ilinə qədəm qoyan Qüdrət hələ də bizim aləmimizdə həmin 20-25 yaşlarında olan tələbə dostumuzdur. Artıq illər bizi bir-birimizə elə isinişdirib ki, xarakterimizdəki, bəlkə də, kiməsə pis gələn cəhətləri normal, hətta “yaxşı” kimi qəbul edirik. Ona görə də Qüdrət haqqında yaddaşımızda qalan məqamları oxuyanlar özləri onun necə adam, nə səviyyədə peşəkar jurnalist olduğunu müəyyənləşdirəcəklər. Biz əziz dostumuzu necə varsa, eləcə də təqdim edirik. 

Bədii ədəbiyyatda, kinolarda, adətən, baş qəhrəmanlar təmizlik, saflıq təcəssümü, əqidəsinə, Vətəninə, ailəsinə sadiq, yüksək mənəvi keyfiyyətlərlə zəngin, dünya malında gözü olmayan ... insanlar kimi təsvir edilir. Oxucuların, tamaşaçıların hamısı belə insanlara həsəd aparır, amma heç də hamı onlar kimi yaşamağı istəmir, daha doğrusu, bacarmır. Çünki bu dəyərləri ömür boyu daşımaq, qoruyub saxlamaq insandan sağlam əqidə, möhkəm iradə, eyni zamanda öz nəfsinə qarşı mübarizə aparmaq bacarığı tələb edir. Belə həyatı ancaq Allaha sidq-ürəklə bağlanmış insanlar yaşamaq gücünə malikdir. Oxucuların imzasını respublika mətbuatından yaxşı tanıdığı Qüdrət Piriyev bu qəbil insanlardandır.

O, heç vaxt özünü tanıtmağa can atmayıb. Hələ tələbəlik illərindən özünü, necə deyərlər, gözə soxmaqdan, üzdə olmaqdan xoşu gəlməyib. Ətrafı da, daha doğrusu, oturub-durduğu, sıx ünsiyyət qurduğu dostları bir o qədər də çox olmayıb. Xarakterinə yad adamlardan uzaq durmağa, məsafə saxlamağa üstünlük verib. Beş il tələbəlik dövründə hansısa müəllimə “yarınmaq” cəhdini görməmişik. “Arxası” iti zəkası, zəhmətkeşliyi, yüksək intellekti olub. Kasıb ailədən çıxsa da, güzəranı pis keçsə də, bircə dəfə də olsun, taleyindən şikayətlənməyib. Necə deyərlər, süfrəsinin arpa çörəyini yeyib, buğda çörəyi yeyənlərin yanında özünü aşağı tutmayıb. Ən zarafatcıl, abır-həya bilməyən həmyaşıdları belə universitetdə təhsil aldığı illərdə Qüdrətlə şit zarafatdan çəkinib, onunla münasibətdə müəyyən normaları gözləyiblər. Bu da əziz dostumuzun şəxsiyyətini hər şeydən uca tutmasından irəli gəlirdi.

Taleyin qismətindən universiteti bitirdikdən sonra da uzun illər bir binada, indiki “Azərbaycan” nəşriyyatında çalışmalı olduq. Bu sətirlərin müəlliflərindən biri (Aqil Dadaşov) “Bakı” və “Baku” axşam qəzetlərində, digəri (Bəyalı Rzayev) isə “Azərbaycan gəncləri” qəzetində əmək fəaliyyətinə başladı. Qüdrət “Azərbaycan gəncləri” qəzetə bir qədər gec gəldi. Kollektiv üzvləri ilə bir o qədər də yaxın münasibət qurmamışdı. Onlara qaynayıb-qarışmağa cəhd də göstərmirdi. Amma elə ilk yazılarından zəngin iç dünyası üzə çıxdı, diqqəti cəlb etdi. Bəzi təcrübəli əməkdaşlar üzə vurmasalar da, ona həsəd aparmağa, hətta paxıllıq etməyə başladılar.

Qüdrət Piriyev imzası dövrünün ən populyar qəzetlərindən olan “Azərbaycan gəncləri” qəzetinin (təxminən 400 mindən çox tirajla nəşr edilirdi) oxucuları tərəfindən daha çox oxunur və sevilirdi. Səbəb heç də o deyildi ki, Qüdrəti sovet ideologiyasını ifşa edən, cəmiyyətin saxtalığını üzə çıxardan məqalələr yazırdı . Yox. Buna cəhd də göstərmirdi. Təbii ki, 70-ci illərdə mövcud olan ideoloji çərçivədən kənara çıxa bilməzdi. Ona uğur gətirən oxucuların gözlədiyi mövzuları seçmək və peşəkarcasına təqdim etmək istedadı idi. Yadımızda qalan ən maraqlı məqamlardan biri Qüdrətin Rusiyanın Smolensk vilayətinə ezamiyyətə getməsi və bu səfərin nəticəsi kimi “Smolensk görüşləri” rubrikası ilə bir-birindən oxunaqlı silsilə materiallar dərc etdirməsidir. Əslində, bu səfərdən məqsəd o vaxtlar Desnaqorsk şəhərində inşa olunan və Ümumittifaq zərbəçi komsomol tikintisi elan edilmiş Smolensk Atom Elektrik Stansiyasında işin gedişindən, burada çalışan gənc soydaşlarımızın fəaliyyətindən bəhs edən materiallar hazırlamaq idi. Lakin Qüdrət bunlarla yanaşı, diqqəti digər məqamlara da yönəltdi, burada kütləvi şəkildə azərbaycanlı gənclərlə rus qızları arasında qarışıq nikahların bağlanması üçün məqsədyönlü siyasətin aparılmasına və bunun gələcəkdə Azərbaycanda xoşagəlməz demoqrafik vəziyyətə səbəb olacağına da məharətlə işarə vururdu. Qüdrət Smolenskdən qayıdarkən yolüstü iki gün vilayətin Qjatsk (indiki Qaqarin) şəhərində dayanır, oradan həmyerlilərimizlə görüşdükdən sonra, dünyanın ilk kosmonavtı Yuri Qaqarinin ev muzeyinə baş çəkir. Kosmonavtın anası Anna Timofeyevna, bacısı Zoya Alekseyevna, qonum-qonşuları ilə söhbət edir və bunun nəticəsi olaraq o vaxt Azərbaycan oxucusu üçün çox böyük maraq kəsb edən “Kosmonavtlar anası” sərlövhəli oxunaqlı məqalə hasilə gəldi. Smolenskdən hazırlanan silsilə materiallar məhz həmin məqalə ilə açıldı.

Baş redaktor, rəhmətlik Şamil Fərzəliyev bu səfəri gənc jurnalistə etibar edəndə, redaksiyada bundan narazı qalanlar, gileylənənlər, hətta redaktoru qınayanlar da oldu. Az keçməmiş, yəni Qüdrətin silsilə yazıları dərc ediləndən sonra bəlli oldu ki, Şamil müəllim qərarında yanılmamışdır. Yazılar geniş əks-səda doğurdu. Hətta, həftəlik fəaliyyətə yekun vuran “letuçka”da redaktor bildirdi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji sahə üzrə katibi ona telefon açıb həmin yazılara görə təbrik etmişdir. Və xahiş etmişdir ki, onun təbriklərini müəllifə də çatdırım.

Müstəqilliyimizə qədər nəşr olunan respublika qəzetləri bir-birinə bənzəmirdi. Tərtibatından tutmuş, forma və məzmunlarına, mövzularına, üslublarına qədər fərqlənirdilər. Qüdrət son dərəcə qısa müddətdə “Azərbaycan gəncləri” qəzetinin üslubunu tuta bilmişdi. Təəccüblüsü bu idi ki, universitet auditoriyasından yenicə ayrılmış gənc tez bir zamanda buna nail olmuşdu.

Qüdrət Piriyevi o vaxtlar yaxşı perspektivlər gözləyirdi. Lakin o, nəinki vəzifəyə can atmır, heç bu barədə fikirləşmirdi də. Onu ən çox düşündürən seçdiyi peşəsinin sirlərinə yiyələnmək, püxtələşmək, jurnalistikada təsadüfi adam olmadığını sübut etmək idi. Bu niyyəti həyata keçdikcə o, digər qəzet və jurnalların da redaktorlarının diqqətini çəkirdi. 1979-cu ildə “Bakı” və “Baku” axşam qəzetlərində müxbir yeri boşaldı. “Azərbaycan gəncləri” qəzetinin məsul katibi rəhmətlik Zeynal Babayevin təqdimatı ilə Qüdrət orada işə götürüldü. Partiya həyatı şöbəsində 9 il fəaliyyət göstərdi. Bu doqquz ildə Qüdrəti, bəlkə də, 9 dəfə boş-bekar redaksiyanın dəhlizində görən olmayıb. Zahirən sakit, təmkinli görünən bu insanın daxilində tükənməz enerji var idi. İş günü ərzində qələm əlindən düşməzdi. Elə indi də belədir. Qüdrətin bəxti onda gətirmişdir ki, Nəsir İmanquliyev, Şamil Fərzəliyev, Cəmil Əlibəyov, Tofiq Rüstəmov, Ramiz Əhmədov, Şamil Şahməmmədov, Rəfail Nağıyev kimi görkəmli redaktorların, Əşrəf Hacıyev, Əliabbas Əliyev, Şakir Yaqubov kimi ustad şöbə müdirlərinin rəhbərliyi altında işləmiş və onların hərəsindən bir şey əxz etmişdir.

Bütün bunlar onun peşəkar jurnalist kimi yetişməsində mühüm rol oynadı. Artıq 80-ci illərdə Q.Piriyevin adı respublikamızın özünü təsdiq etmiş jurnalistləri ilə bir sırada çəkilirdi. Keçmiş SSRİ-də 1985-ci ildən sonra “yenidənqurma” adı altında başlanan siyasi islahatlar Qüdrət Piriyevin də yaradıcılığında yeni səhifənin açılmasına səbəb oldu. “Kommunist” qəzetində dərc edilən yazılarında qoyulan problemlər məzmununa, mənasına görə daha ciddi şəkil alırdı. Milli-demokratik ənənələrin təbliği yeni şəraitdə, müasir çalarlarla davam etdirilirdi. Qüdrətin Azərbaycanda milli azadlıq hərəkatı ilə bağlı həmkarı Elman Qədirovla birgə 1988-ci ilin meydan hadisələrindən verdiyi gündəlik reportajları, Xəzər dənizi sahillərinə (İran tərəfini çıxmaq şərtilə) uzun səfərdən sonra “Xəzər ekoloji böhranın məngənəsində” rubrikası altında dərc etdirdiyi silsilə elmi-publisistik məqalələri geniş oxucu marağına səbəb olurdu.

Onun xarici ölkələrə – Səudiyyə Ərəbistanına (Həcc ziyarəti ilə bağlı “Tanrı dərgahına doğru” sərlövhəli 3 məqalə), İrana, İraqa səfərlərindən sonra dərc etdirdiyi yazılarda güclü jurnalist müşahidəsi ilə yanaşı, bu məqalələrin hər birinə məzmununa uyğun forma vermək bacarığı, zəngin və cazibədar dil üslubu diqqəti cəlb edir. Qüdrətin 1990-93-cü illərdə Milli Məclisin iclaslarından müntəzəm olaraq verdiyi obyektiv və cəsarətli yazıları biz həvəslə oxuyur və bir tələbə yoldaşı və həmkarı olaraq qələm dostumuzun məharətinə və cəsarətinə heyran qalır, iftixar hissi duyurduq. O, daxilən, xaraktercə dəyişməsə də yaradıcılıq baxımından, nağıllarda deyildiyi kimi, ildən-ilə deyil, yazıdan-yazıya böyüyür, püxtələşirdi. Hər yazısında yaxşı mənada yeni bir Qüdrət görürdük.

Qüdrət Piriyev istedadına, ədalətli mövqeyinə, xeyirxahlığına görə hazırda çalışdığı “Xalq qəzeti” redaksiyasında nüfuz sahibidir. Redaksiya heyətinin üzvi, şöbə müdiridir. Əməkdar mədəniyyət işçisidir.

Bütün bunlar onu tanıyanlar, xətrini istəyənlər, dostları üçün fəxarət, qürur hissi doğuran əlamətlərdir. Xüsusilə bizim üçün. Dostları həmişə Qüdrəti Haqqın tərəfini saxlayan, insanlara sevgi, böyüyə hörmət, kiçiyə şəfqət hissi bəsləyən iman sahibi kimi tanımışlar. Bu iman ona, bizcə, elə doğulduğu gündən Ulu Tanrı tərəfindən bağışlanıb. Allaha cani-dildən bağlılıq Qüdrətə yol açdı ki, müqəddəs yerləri görsün – Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olsun.

Allah bəyəndiyi bəndələri gözü-könlü tox yaradır, dünya malına hərislikdən qoruyur, – deyirlər. İstəmir ki, sevimli bəndələri tamahının qurbanına çevrilsin. Qüdrət Piriyev də bu dünyada halal haqqını almayan insanlardandır. 60 yaşına çatsa da və bunun tən yarısını ev növbəsində olsa da indiyədək şəxsi mənzili yoxdur. Məvacibi ayın bu başından o başına çata, ya çatmaya...

Şübhəsiz, bunlar Hacı Qüdrətin yox, bizim gileylərimizdir. Özü isə tamam başqa fikirdədir: İnsanların çoxu naşükürdür, – deyir. – Allahın verdiklərinə şükür etmək əvəzinə, vermədiklərinin xiffətini çəkir. Allahıma çox şükür edirəm, mənə çox şey verib: Sizin kimi sədaqətli, qayğıkeş dostlar, yaxşını pisdən, halalı haramdan ayırmaq bacarığı, sağlam can, ali təhsil, sevdiyim peşə, həyatda az-çox uğurlar, ailə, 3 övlad. İkisi ali təhsillidir, kiçik oğlum isə Azərbaycan Tibb Universitetində təhsilini bu il başa vurur. Qaldı evə, qismətimdə varsa, inşallah, o da olacaq...

 Hacı Qüdrət haqqında çox yazmaq olar. Bizə elə gəlir ki, onun kim olduğunu bilmək üçün elə bu qədər də bəs edər.

Sonda əziz tələbə dostumuzu 60 illik yubileyi münasibətilə təbrik edirik. Uzun və sağlam ömür yaşaması arzusu ilə:

 

 

Aqil DADAŞOV,

 

Bəyalı RZAYEV

 

525-ci qəzet.- 2010.- 2 noyabr.- S.7.