Neft gəlirləri xalqın
rifahına xidmət edir
"Şəffaflıq və neft gəlirlərindən
səmərəli şəkildə
istifadə olunması
imkan verdi
ki, biz 28 milyardlıq maliyyə ehtiyatını
yaradaq"
Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan
dövlətinin enerji
təhlükəsizliyi sahəsində
güclü və müstəqil bir tərəfdaşa çevrilməsini
təmin edib. Neft strategiyasının
reallaşmasının ilkin
mərhələsində və
neft hasilatının aşağı olduğu bir vaxtda Dövlət
Neft Fondunun yaradılması Ulu Öndər Heydər Əliyev tərəfindən
atılmış uzaqgörən
və strateji bir addım idi. Neft ilə zəngin
olan ölkələrdə
neft fondu və yaxud bu
kimi qurumların təsis edilməsi bu dövlətlərdə
neft sərvətlərinin
nəsillər arasında
bərabər bölgüsünə,
onların səmərəli,
məqsədyönlü və
şəffaf şəkildə
idarə edilməsinə
şərait yaradır.
Ulu Öndərin
neft strategiyasının
ayrılmaz hissəsi olan Azərbaycan Respublikası Dövlət
Neft Fondu yaradılarkən 271 milyon
ABŞ dollarına bərabər
aktivlərinin həcmi
ildən-ilə artaraq,
2008-ci ildə ilk dəfə
olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin
9 ayının yekunlarına
görə isə, artıq 20 milyard ABŞ dollarını keçib.
Son 3 il ərzində
neft fondunun aktivləri təxminən 10 dəfə artıb.
Xam neftin cari qiymətləri ilə və fondun xərclərinin
cari il səviyyəsində saxlanması şərti ilə
növbəti 5 il ərzində neft fondunun aktivlərinin 50
milyard ABŞ dollarına qədər artması
proqnozlaşdırıla bilər.
Həm 2007-ci ilədək olan dövrdə, həm 2008-2009-cu böhran illərində və həm də dünyanın yarısından çoxunun resessiyada olduğu 2010-cu ildə də sürətlə inkişaf edən Azərbaycan həyata keçirilən iqtisadi siyasətin düzgün və dayanıqlı olmasının təsdiqidir. Bir çox dövlətlərin ciddi problemlər ilə üzləşdiyi bir dövrdə Azərbaycan, nəinki özünün iqtisadi inkişaf tempini qoruyub saxlayır, hətta sürətli artıma görə dünyada birincilər sırasında qalmaqda davam edir.
Dövlət Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə edilməsindən əlavə gəlirlərin əldə edilməsidir. Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, fondun yaradılmasından bu günə kimi onun idarəetmədən toplam gəlirləri, ilk dəfə olaraq, 1 milyard ABŞ dollarını keçib. Bu qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə edilmiş və toplanılmış vəsaitlərin artıq kifayət qədər önəmli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.
Dövlət Neft Fondunun institusional inkişafı istiqamətində də mühüm işlər həyata keçirilib. Hazırda neft fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də, beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilib.
Azərbaycanın təbii sərvətlərinin idarə edilməsində şəffaflığın artırılması istiqamətindəki təşəbbüslər bu gün ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. "Revenue Watch" İnstitutunun "Transparency İnternational" təşkilatı ilə birgə dərc etdiyi təbii resursların idarə edilməsində şəffaflıq indeksinə dair hesabatında 41 ölkə sırasında Azərbaycanın 9-cu yerdə qərarlaşması, onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən siyasət, hətta qeyri-obyektiv yanaşmaları olan beynəlxalq qurumları da çıxılmaz durumda qoyur və ölkəmizin bu sahədə nailiyyətlərini qəbul etməyə məcbur edir.
Xüsusilə, qeyd etmək lazımdır ki, göstərilən hesabatda Azərbaycan təbii resurslar fondları bölümünə və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi bölümünə görə maksimal, yəni 100 bal əldə edib.
Azərbaycanın qoşulduğu beynəlxalq əhəmiyyətli Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər və real nəticələr artıq digər ölkələr üçün nümunəyə çevrilib. Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatlar və beynəlxalq auditor şirkətinin bu hesabatlara dair verdikləri rəylər ictimaiyyətə mütəmadi olaraq açıqlanır.
Azərbaycan Şəffaflıq Təşəbbüsündə lider ölkə olaraq qalır və bu təşəbbüsün beynəlxalq səviyyədə idarə edilməsində fəal iştirak edir. Təşəbbüsdə iştirak edən 30-dan çox ölkədən bu günədək yalnız 6-sı tamhüquqlu üzv statusuna malik olub və bunlardan birincisi məhz Azərbaycandır.
"Azərbaycanda neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunur"- deyən Prezident İlham Əliyev hökumətin iclasında bildirib: "Bu gün Azərbaycan cəmiyyətində bu sahədə olan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Azərbaycanda bu sahədə tam şəkildə şəffaflıq təmin edilib. Hər bir vətəndaş bilir və yaxud bilə bilər ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, bu gəlirdən nə qədər faiz gəlib üstünə, nə qədər xərclənib, necə xərclənib. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu da, o deməkdir ki, hər bir vətəndaş onun parlamentdəki nümayəndəsi vasitəsilə bu gəlirlərin bölüşdürülməsində iştirak edir.
Bax, biz şəffaflığı təmin etməklə bugünkü vəziyyətə nail olduq. Bizim gəlirlərimiz artır. Əgər şəffaflıq olmasaydı, mən deyə bilərəm ki, bu gün bu 28 milyard dollar valyuta ehtiyatlarımızı bəlkə də heç görməzdik. Ancaq şəffaflıq və vəsaitdən səmərəli şəkildə istifadə olunması imkan verdi ki, biz bu ehtiyatı yaradaq. Gələcək illərdə bu ehtiyat daha da böyük həcmlərlə ölçüləcəkdir. Vəsaitin idarə olunmasından artıq böyük mənfəət əldə olunur. Təbii ki, vəsaitin həcmi böyüdükcə idarəolunmadan da əldə ediləcək gəlir daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Vaxt gələcək ki, Azərbaycanın dövlət büdcəsinin müəyyən hissəsi, bax, o vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər hesabına formalaşacaqdır".
Qeyd edək ki, neft fondunun əsasnaməsinə uyğun olaraq fondun digər məqsədi Azərbaycanda mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsinin təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr hesabına investisiyaların həyata keçirilməsində neft fondu mühüm rola malikdir. 2001-2010-cu illər ərzində fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda, fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfer edilib ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir.
Hələ fond yenicə yarandığı zaman Ulu Öndərin Sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial durumda olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq cəmi 3 il ərzində Azərbaycanda mövcud olmuş bütün çadır düşərgələri ləğv edilib.
Dövlət Neft Fondundan maliyyələşən digər layihə - "Dəmir İpək Yolu" adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın tranzit potensialının genişlənməsini təmin edəcək.
Dövlət Neft Fondundan maliyyələşən layihələr - Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması Bakının su təchizatı ilə bağlı məsələlərinin həllinə şərait yaradacaq.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən etibarən azərbaycanlı gənclərin respublikamızdan kənarda təhsil almağa göndərilməsi bir ənənəyə çevrildi. 1969-1970-ci ildə respublikamızdan kənara 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdu. Sonrakı illərdə də bu artım yüksələn xətt üzrə davam etdirildi. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızdan kənarda təhsil almış vətəndaşlarımız hazırda ölkəmizin inkişafı naminə bütün sahələrdə fədakarcasına çalışırlar.
Ulu Öndərimiz Heydər Əliyevin azərbaycanlıların xaricə təhsil almağa göndərilməsi ilə bağlı ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu proqramın, ilk növbədə, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızıl"ın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır. Cari ilin sonuna qədər Dövlət Proqramının icrası çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayının artıq 750 nəfərə çatması gözlənilir.
Bu gün Ulu Öndərin milli neft strategiyasının uğurla reallaşması sayəsində neft fondunun aktivləri artır. Neft fondunun vəsaitinin artması Azərbaycanın maliyyə potensialının və bütünlüklə ölkənin iqtisadi qüdrətinin artması deməkdir. Bu vəsaitlərin həm bugünkü nəsillər üçün istifadə olunması, həm də gələcək nəsillər üçün qorunub saxlanması dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas prinsipidir.
Bu gün əminliklə, demək olar ki, həyata keçirilən bu siyasət sayəsində dövlətimizin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək və xalqımızın maddi rifah halı ildən-ilə yaxşılaşacaqdır.
Elçin Bayramlı
Səs.- 2010.- 2 noyabr.- S. 14.