Bəxtiyar qələmli Bəxtiyar
YAXUD 60 YAŞINDA GÖRÜŞƏNƏDƏK...
Xiffət deyil, reallıq və
məxsusilikdir. Günün, dövrün olaylarından,
gerçəkliklərindən yazmaq, zəmanəmizin salnaməsinin
yaradılmasında iştirak etmək öhdəliyi
çiynimizdədir. Bütün peşə sahiblərinin
portretini, xarakterik cəhətlərini təqdim edirik,
özümüzə gələndə
yaşımızın yuvarlaq rəqəmi, həyatımızda
baş verən hansısa hadisə siqnal, mesaj rolunu oynayır.
Bu məqamda həmkarından eşidəcəyin etiraza,
yayınmağa bənzər “nə etmişəm ki...”
sözlərindən sonrakı situasiyanı hələ demirəm.
Onda yalnız intiusiyaya güvənmək kifayət etməyəcək,
arayıb-axtarma zorunda qalacaqsan...
İndi və beş il əvvəl
Beş il əvvəlki vəziyyətdəyəm.
Xarakterinə bələd olduğum Bəxtiyar Sadıqov yenə
barəsində yazmaq niyyətimdən agah deyil. Mətbuatda
işıq üzü görəndən sonra xəbər
tutacaq. Fərq bundadır ki, indi onunla bağlı məlumatım
daha zəngindir. O vaxt da həmkarları,
dost-tanışları, boya-başa çatdığı
Ağdam rayonunun sakinləri köməyimə
çatmışdı. Söhbətlərimiz səmimi
alınmışdı. Tale yaşantılarını,
duyğularını, hadisələrə, proseslərə
publisistik baxışlarını, jurnalistikamızın bu
günü və sabahı ilə bağlı fikir və
düşüncələrini özündə cəmləşdirən
kitabları da müsahibimə çevrilmişdi.
İndi Azərbaycan Mətbuat
Şurasındakı cinahdaşlığımızdan
qaynaqlanan yaşantılar diqtəsini edir. Mənbələr
yenə həminki olsa da, üstünə son beş ildə
gördüklərim gəlib. Deməyə sözüm
çoxdur, amma ağdamlılar məndən inciməsinlər,
söz-söhbətimiz əsasən jurnalist, redaktor, publisist,
Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar
Sadıqovdan olacaq. Digər məsələləri onların
öhdələrinə buraxırıq. Həmkarımızı
iki dəfə Milli Məclisə deputat seçiblər, yenə
etimadlarının belə uğurlu nəticə ilə
yekunlaşması istəyindədirlər. Bəxtiyar müəllimi
məndən çox-çox əvvəl, lap uşaqlığından
tanıyırlar, xarakterinə, şəxsi keyfiyyətlərinə
yaxından bələddirlər. Seçkilərə barmaqla
sayılacaq qədər gün qaldığından həmin
kontekstdə söyləyəcəklərim ağdamlı
seçici üçün heç də yenilik olmayacaq.
İlk yazım kimi bu qeydlərim də təbliğata hesablanmayıb,
necə deyərlər, elin gözü tərəzidir. Amma onu
bilirəm ki, Ağdam rayonunda keçirdiyi görüşləri,
debatlardakı çıxışları, rəylərində
səslənən fikirləri növbəti təbriklər
üçün ciddi əsaslar olduğunu göstərməkdədir.
Digər tərəfdən, başqa iddialılar sözlərimi
qəribçiliyə salmasınlar, məcburi
köçkünləri əhatə edən hər hansı
dairədən deputat seçilmək daha çox zəhmət
və məsuliyyət tələb edir. Seçiciləri
ölkənin onlarca rayonuna səpələnib. Yurd-yuva həsrəti,
təhsil, sağlamlıq, məişət
qayğılarının çoxluğu... Bu insanlar olduqca həssas,
tələbkar, sözlə əməlin vəhdətinə məxsusi
qiymət verənlərdir.
Rəğbət və prinsipiallıq
Ağdamlıların Bəxtiyar
müəllimə münasibətlərindəki rəğbətin
kökünə varmaq üçün onun gündəlik
yaşantılarına nəzər salmaq kifayətdir.
Deputatın iş yeri Milli Məclis, “Azərbaycan” qəzeti
olsa da, hər günü seçiciləri ilə ünsiyyətdədir.
Görüş, dərd-sər çatdırmaq
müşkülü yoxdur. Hələlik Ağdamın
inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində
deputatın yolunu arxayınlıqla gözləyənlər də
ümidlərində yanılmırlar. Bəxtiyar müəllim
respublikamızın bölgələrində müvəqqəti
məskunlaşan həmyerlilərinin sevimli
qonağıdır. O, qapıları qəfil döyməyi
xoşlayır. İnsanların qayğılarına kömək
olur, ən başlıcası doğma yurd-yuvalarına tezliklə
qovuşacaqlarına nikbinliyi artıran söhbətlər
edir. Azərbaycan dövlətinin, prezidentinin
torpaqlarımızın erməni işğalından azad edilməsində
dinc yola üstünlük verdiyini bildirməklə
yanaşı Ali Baş Komandanın “döyüşə
hazır ol!” əmrinə müntəzir dayanmağı da təlqin
edir.
“Azərbaycan” qəzetinə
yolu düşənlərin çoxu baş redaktorun kabineti
önündə də onun seçiciləri ilə tez-tez
rastlaşırlar. Atalar “uman yerdən küsərlər” –
deyiblər. B.Sadıqova baş çəkənlər isə
adətən sərf olunan vaxta görə təəssüflənmirlər.
Yazımda deputat Bəxtiyar Sadıqova daha çox yer
ayırmaqda olduğumun fərqində olsam da, niyyətim həmkarım
haqqında düşüncələrimi bölüşməkdir.
Hərçənd seçicilərin bu kontekstdə nə isə
əldə edə bilmələri mümkündür.
B.Sadıqov kimdir, mediada hansı yeri, rolu, xidmətləri var,
yazarlarımız onu necə səciyyələndirirlər?
Cavablar palitrasında tərəzinin müsbət gözü
xeyli ağır gələcək. Əminəm ki, qütbləşmədən
irəli gələn əks mövqelərin də çoxunun
daxilində bunun işartıları nəzərə
çarpacaq. Çünki Bəxtiyar Sadıqov rəqabəti
rəqabət kimi aparmağı, prinsipiallıq nümayiş
etdirməyi bacaranlardan, bu zaman bəlli sərhədlərə
daim hörmətlə yanaşanlardandır.
İyulun 22-də
“Gülüstan” sarayında Milli Mətbuatımızın 135
illik yubileyi münasibətilə keçirilən təntənələrdə
Azərbaycan Mətbuat Şurasının Ali Media
Mükafatı sahiblərinə təqdim olundu. Seçimin məhz
jurnalistlər tərəfindən
aparıldığını nəzərə alsaq, İlk
laureatlardan biri kimi Bəxtiyar Sadıqovun olması məhz bu
xüsusiyyətlərinə verilən qiymət, dəyər
nümunəsi sayıla bilər.
İnam, etimad və tale oxşarlığımız
Cəmiyyətdə,
geniş çevrədə inam və etimad asanlıqla
qazanılmır. Açığı, jurnalistika buna yiyələnmə
baxımından qibtəediləcək peşələrdən
deyil. Söz meydanına girdinsə, on illərin
imtahanlarına dözməli, hikmət, xarakter
axtarışlarında olmalı, hadisələri, faktları
sənətkarlıqla təqdim etməyi bilməli, ilk
baxışdan nəzərə çarpmayan həmkar bəhsləşməsində
ön sırada durmağı bacarmalısan. Bəxtiyar müəllim
40 ildən artıqdır ki, jurnalistikada, onun ön
sıralarındadır. Müxtəlif janrlı, mövzulu
yüzlərlə məqalənin müəllifidir. Yazılarında
bütövlükdə Azərbaycan həyatı, tarixin
müxtəlif mərhələlərində ölkəmizin
yaşantıları, insan, el-oba taleyi boylanır, cəmiyyəti
düşündürən, gündəmdə dayanan məsələlər
jurnalist məharəti ilə qələmə alınır.
Bu zənginlikdə diqqəti çəkən mövzulardan ən
birincisi ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin qorunmasındakı, demokratik
cəmiyyət quruculuğundakı tarixi xidmətləridir.
Müəllifin mövzuya müraciətini onun siyasi mənsubiyyəti,
“Azərbaycan” qəzetinin baş redaktoru kimi ümummilli
liderimizin xeyir-duasını alması ilə əlaqələndirmək
məsələyə birtərəfli yanaşmaq olardı.
Heydər Əliyev irsi öyrənilmək, təbliğ edilmək
nöqteyi-nəzərdən elə zəngin məxəzdir
ki, orada hər bir jurnalist üçün bitib-tükənməyən
mövzu var. Onun milli mətbuatımızla bağlı fikir və
düşüncələrinin, qayğı nümunələrinin
qələmin mürəkkəbindən süzülərək
səhifələrə çıxması isə yüksək
peşəkarlıqla yanaşı həssaslıq və duyum
tələb edir. Bu keyfiyyətləri özündə birləşdirdiyindən
qəhrəmanımı əsl bəxtiyar adlandırmaq
mümkündür. O, hər yerdə böyük qürur
hissi ilə deyir, səmimiyyətlə etiraf edir ki, məhz
Heydər Əliyev kimi dühanın diqqət və
qayğısı sayəsində Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Məhz
dahi liderin sayəsində o zaman onun üçün
böyük ədalətsizlik ola biləcək hadisənin
qarşısı alınıb. Bu mənada Moskva Dövlət
Universitetinə eyni ixtisas üzrə təhsil almağa
göndəriləndə qəribə də olsa, oxşar
taleni yaşadığımı söyləyə bilərəm.
Nəyə heyfslən(m)irəm və ya “Abşeron”dan
başlanan yol
Qeydiyyat dəftərimdə
Bəxtiyar müəllimlə bağlı sətirlərə
baxıram. Mübariz, prinsipial, tələbkar, təvazökar,
qayğıkeş... Jurnalistlərimizin ürək sözləridir.
“Bəxtiyar bəxtiyar qələm sahiblərindəndir ki,
yazdıqlarını oxuyandan sonra bu məqalə müəllifinin
niyə məhz özün olmadığına heyfislənirsən...”
– bu sətirlər adını çəkməyəcəyimiz
istedadlı yazarlarımızdan birinə məxsusdur. Kimliyini
desək, gərək digərlərindən də misal çəkək.
Milli mətbuatımızın
“Azərbaycan” kimi bayraqdarının baş redaktoru
jurnalistikadan, onun prinsiplərindən, tələblərindən
danışır. Mötəbər tədbirlərdə
çıxışlar edir, yazılarındakı əyaniliklə
mətbu söz demək məharətini ortaya qoyur.
Mövzuların, işıqlandırılan məsələlərin
janr rəngarəngliyi bir kənara, söz bazasının zənginliyi,
ifadələrin, fikirlərin yerli-yerində işlədilməsi
92 yaşlı “Azərbaycan”ın sükanının
etibarlı əllərdə olduğunu göstərməkdədir.
Mətbu orqan dilə sayğılı, yaradıcı
münasibətdə də məktəb imicini layiqincə
qoruyub saxlamaqdadır. Mətbuat Şurasının Dil
Komissiyasının sədri B.Sadıqovun bu sahədə də
məsuliyyəti göz önündədir. Başqalarına
söz demək, təlqin etmək, tövsiyə vermək,
öyrətmək istəyənin özü fərdi nümunədən
qaynaqlanmalıdır. “Abşeron” qəzetindən başlayan,
“Xalq qəzeti”ndə (o zamankı “Kommunist” qəzeti), “Həyat”da
davam edən, nəhayət “Azərbaycan”a qovuşan 35 ilin hər
birində söz sahiblərinin qiymətləndirə biləcəkləri
nümunələr kifayət qədərdir. Bəxtiyar müəllim
Qarabağ dərdlərini mətbuatda peşəkarcasına
çatdıran ilk jurnalistlərdəndir. Müharibə, igid
döyüşçülərimiz hər qarış torpaq
uğrunda ölüm-dirim savaşı, şəhadət,
qaçqın, məcburi köçkün həyatı...
bax bunlar jurnalistin oxucusuna vətənpərvərlik dərsləridir.
Oxu, unutma, nikbin, mübariz ol – deməsidir. Beş il əvvəl
“Azərbaycanın əməkdar jurnalisti” fəxri adına
layiq görülməsi bu keyfiyyətlərinə verilən
qiymətin nümunəsi baxımından müstəsna hadisə
idi. Hələ o vaxt bunu əsaslandıran digər cəhətlərə
baxaq – baş redaktor, Mətbuat Şurası İdarə Heyətinin
üzvü, məhsuldar yazar, Milli Məclisdə jurnalistika ilə
bağlı aktual məsələlərin gündəmə gətirilməsində
cəfakeşlik göstərən deputat... İndi Bəxtiyar
Sadıqov sadaladıqlarımla yanaşı, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun Müşahidə Şurasının fəal
üzvü kimi təklif və təşəbbüslərini
əsirgəmir, ölkə mediasının tərəqqisi
naminə həyata keçirilən iri miqyaslı tədbirlərə
öz töhfəsini verir.
Bəxtiyar müəllim və Mətbuat Şurası
Yaxından
tanışlığımın tarixçəsi 10 ilə
yaxın olsa da, yazılarını ötən əsrin
80-cı illərindən oxuyuram. Mətbu materiallar ətrafındakı
mükalimələrlə başlayan səmimi münasibətlərimiz
sonradan müasir jurnalistikamızın durumu, problemləri ilə
bağlı müzakirəyə çevirilib. Yaxşı
yadımdadır, Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən
çox keçməmişdi. KİV-lərin sayı sürətlə
artır, etik prinsiplərə sayğısızlıqla
bağlı narazılıqlar isə buna adekvat surətdə
çoxalırdı. Bəxtiyar müəllim bir dəfə
söhbət zamanı jurnalistikamızdakı vəziyyəti
Nekrasovun təmsilinə çəkilmiş rəsmə bənzətdi.
Ortada irəli getmək istəyən arabanın media adlı
yükü var. Arabanı cinahlarına qoşulanların hərəsi
bir tərəfə çəkdiyindən yerindən tərpənmir.
Bu, bizim cinahlara bölünmüş mediamızdır ki, bir
araya gətirməsək, inkişafı mümkün olmayacaq
– dedi. Fikrini bildirməklə kifayətlənmədi, ümumi
işimizə, səylərimizə dəstək oldu, çətinlikləri
bir növ, özününküləşdirdi.
Bəxtiyar Sadıqov obyektiv,
prinsipial, əsaslandırılmış sözünü
zamanında deməsi ilə örnəkdir. Səkkiz il əvvəlin
steneoqrafik materiallarını, mətbu yazılarını
xatırlayıram. Həmin vaxt Mətbuat Şurasının təşkili
ilə bağlı yalnız nəzəri fikirlər səslənirdi.
Bəxtiyar müəllim rəsmi dövlət qəzetinin təmsilçisi
kimi mətbuatın müstəqilliyi, kütləvi informasiya
vasitələri ilə bağlı qanunvericilik
aktlarının təkmilləşdirilməsi, jurnalistlərin
mötəbər məclisində bəzi həmkarlarımızdan
fərqli olaraq “mən mətbuatın müstəqilliyi barədə
bir qədər də nikbin düşünürəm” deməsi,
diqqəti KİV-lərin iqtisadi müstəqilliyinə
yönəltməsi, “reket jurnalistika” məhfumunu ilk dəfə
səsləndirməsi və sair məsələlərə
dair çıxışlar üzərindən illər
keçdikdən sonra da əhəmiyyətini saxlamaqdadır.
Bütün bunlar yüzlərlə həmkarımızın
iştirak etdiyi ölkə jurnalistlərinin birinci
qurultayında Mətbuat Şurasının İdarə Heyətinin
üzvü seçilməsini şərtləndirdi. Bu
etimadın üçüncü və beşinci ali məclislərdə
təkrarlanması isə məntiqi davam idi.
Jurnalistlərimizin
seçimi olan Mətbuat Şurası yeddi ildən çoxdur
ki, mövcuddur. Azərbaycanın ictimai mühitində layiqli
yerini tutub. Cəmiyyət üzvləri yaşından,
mövqeyindən, vəzifəsindən asılı olmayaraq
onun əsas missiyasına ehtiramla yanaşır, media-ictimaiyyət,
media-hakimiyyət münasibətlərinin tənzimlənməsi
ilə bağlı problemlərinin MŞ-də həllini
üstün tuturlar. Yüzlərlə qərarlar, rəylər,
həllini tapan məsələlər təbiidir ki,
bütün İH üzvlərinin əməyindən
keçir. Burada B.Sadıqov zəhməti, xüsusilə
“reket jurnalistika” adlı bəlaya qarşı mübarizədəki
xidmətləri geniş mövzunun söhbətidir. On il əvvəl
mediamızdakı belə neqativ hallarla mübarizə aparanda
demək olar, tək idi. Hazırda isə yeniləşmə
prosesinin vüsət aldığı cəmiyyətimizdə
tərəfdarlarının sayı minlərlə
ölçülür.
Yazım mətbuatda gedəndə
Niderlandda Avropa Mətbuat Şuraları Alyansının 12-ci
toplantısında olacam. Şuranın keçdiyi yoldan,
iş xüsusiyyətlərindən, fəaliyyətinin MDB məkanında
belə qurum yaratmaq istəyən ölkələr
üçün nəyə görə model kimi qəbul
olunduğundan və sair məsələlərdən
danışacağam. Nə vaxtsa Bəxtiyar müəllimlə
söhbətlərimizdə bu məqama yetişməyi də
arzu edirdik. Hələlik isə barəsindəki təəssüratlarıma
burada nöqtə qoyuram. İstəyirəm gələn ilin
yanvarına da saxlayam – 60 yaşının tamamına.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2010.- 3 noyabr.- S.5.