Cəfər Cabbarlının yaradıcılığına həsr olunan səyyar sərgi açılıb

 

Səbail rayonundakı 190 nömrəli orta məktəbdə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin dəstəyi, C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərginin açılış mərasimi keçirilib. Adıçəkilən idarədən verilən məlumata görə, sərgidə böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş olunub. Məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova C.Cabbarlının Azərbaycan ədəbiyyatındakı mövqeyindən, ədəbi fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edən məktəbin müəlliməsi Qənirə Əmircanova dramaturqun dövrünün aynası olan əsərlərinin tərbiyəvi əhəmiyyətindən söhbət açıb. Muzeyin baş elmi işçisi, C.Cabbarlının nəvəsi Qəmər Bağırova, muzeyin əməkdaşları Gülnarə Əlibalayeva və Minarə Əliyeva şagirdləri maraqlandıran sualları cavablandırıblar. Dramaturqun əsərləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məlumat üçün bildirək ki, muzeyin təşkilatçılığı ilə ilin sonunadək daha bir neçə mədəniyyət ocaqlarında səyyar sərginin keçirilməsi planlaşdırılır.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 3 noyabr.- S.7.