Bizi özümüzə bənzədən...

 

YAZIÇI XEYRƏDDİN QOCANIN SATİRİK ƏSƏRLƏR TOPLUSU İŞIQ ÜZÜ GÖRÜB  

 

Satira – roman, povest, hekayə, dram, şeir kimi müxtəlif növlərdə olub, ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan əsərlər deməkdir. Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir” (V.O.Belinski).

Satirik əsərdə çox vaxt yazıçı həyatın mənfi tərəflərini qəsdən qabarıq, mübaliğəli, gülməli, bəzən də eybəcər şəkildə təsvir edir ki, bunun nəticəsində həmin mənfiliklərin şərəfli insan həyatına, yüksək qayələrə zidd olduğu, bu mənfiliklərin dözülməzliyi daha aydın meydana çıxır. Odur ki, yaradılan satirik surətlər həyatdakı mənfi hadisələrə qarşı dərin nifrət və qəzəb hissi oyadır, oxucunu bu cür hadisələrlə mübarizəyə çağırır.

Satiranı Aristofan, Plavt, S.Bokarro, M.Servantes, V.Şekspir, Y.B.Molyer, H.Heyne, Ç.Dikkens, P.Bomarşe, A.Frans, M.Tven, B.Şou, N.Mann, Y.Qoşek, B.Brext, İ.A.Krılov, A.N.Ostrovski... yazmışlar.

Azərbaycan ədəbiyyatında isə M.F. Axundov, M.S.Ordubadi, S.Ə.Şirvani, Ə.B.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, Mir Cəlal, O.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, S. Mümtaz, S.Rəhman... satiranın böyük yaradıcıları olmuşlar.

Komediyalar, satirik hekayələr, novellalar və miniatürlər ustası Xeyrəddin Qocanın əsərləri oxuculara yaxşı tanışdır. Onun yaradıcılığı haqqında Azərbaycan və türk yazıçıları, tənqidçiləri, ədəbiyyatşünasları dəyərli fikirlər söyləmişlər.

Akademik İsa Həbibbəyli ədib haqqında “Həyati proseslərin axarında” (“Xalq qəzeti”, 24 yanvar 2010-cu il) adlı məqaləsində yazır: “Xeyrəddin Qoca qüdrətli satirik yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır... O, yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən aparıcı yazıçı-publisistdir... Ədib müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatur satirik nəsrin əsas yaradıcısı kimi tanınır...Xeyrəddin Qocanın “marallar”ı Molla Nəsrəddin “marallar”ının davamçıları və xələfləridir... Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanmışdır”...

Filologiya elmləri doktoru, professor Pənah Xəlilov isə yazır: “...Ədibin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələrdir, cəmiyyətdir, məktəbi, jurnalistlər, yazıçılar aləmidir... Xeyrəddin Qoca həyatda adi, sadə görünənləri sanki gülməli, keçici bir adilik saymır, bu “adiliklərin” “kiçikliyi” qarşısında bizdən biganəlik deyil, ayıq-sayıqlıq istəyir. Ə.Haqverdiyev də, xüsusən Yusif Vəzir də, məişətimizin “adicə” lövhələrini çəkəndə həmin adilikdə fəlakət görürdü. İnsan və cəmiyyət hüququnun tapdandığını görürdü... Kim millətini sevmirsə, onun eyiblərindən yazanda eyibli çıxacaq. Kim millətini sevirsə və eyibli nə görürsə, onu anlayırsa, yeri gələndə şirin, məlhəmli gülüşlə onu qarşılayırsa, bu onun nəcabətidir, xalqa bağlılığıdır”.

Xalq yazıçıları Anar, Elçin, Çingiz Abdullayev, xalq şairləri Qabil, Nəriman Həsənzadə, Cabir Novruz, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Milli Elmlər Akademiyasının müxbir üzvü professor Nizami Cəfərov, şair Hidayət, professor İmamverdi Əbilov, türk yazıçısı Ürfan Ülkü, türk jurnalisti Dursun Özdən və başqaları da Xeyrəddin Qocanın yaradıcılığı və şəxsiyyəti haqqında ürək sözlərini söyləmişlər.

Bugünlərdə yazıçının “İdeal-Print” Nəşriyyatında qırx illik bədii satira yaradıcılığını əhatə edən “Biz bizə bənzərik...” adlı yeni kitabı çapdan çıxmışdır. Satirik bu kitabını özünün “Hophopnaməsi” adlandırır. Kitabı oxuyarkən Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun aşağıdakı fikirləri yada düşür: “Xeyrəddin Qocanın əsərlərində Mixail Zosşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən də, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var, lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür – Xeyrəddin Qocadır... Azərbaycan cəmiyyətində, Azərbaycan insanında görünən qüsurların bir hissəsi yazıçının konkret xarakterlər, hadisələr əsasında göstərdiyi kimi “ənənəvi” səciyyə daşıyan keçmişin “təcrübələr”indən gəlir. Həmin qüsurlar molla nəsrəddinçilərə qədər dəfələrlə tənqid olunmuşdur. Xeyrəddin Qoca onlara o qədər də geniş yer ayırmır, yazıçının tənqid hədəfləri daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə “qazandığı” yeni qüsurlardır. Sözü oldu-olmadı, qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb “üzə çıxmaq” ehtirası, nazir,   prezident olmaq mərəzi... Müəllif göstərir ki, həmin ictimai bəlalar hər şeydən əvvəl şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir. Və öz işi ilə məşğul olmayıb, özünü tutduğu mövqedən bir addım qabaqda görmək azarı cəmiyyətdə sosial-mənəvi tarazlığı pozur, xalqı marafonda bir-birini ötüb keçməyə çalışan insan kütləsinə çevirir”.

Biz bizə bənzərik...” kitabının annotasiyasında yazılır: “Möhtərəm oxucular kitabı oxuyarkən görəcəklər, biz heç kimə bənzəmirik, heç kim də bizə bənzəmir, biz-bizə bənzərik”...

Bu fikirlərin hansı məna daşıdığını kitabı oxuyanlar biləcəklər...

 

 

525-ci qəzet.- 2010.- 3 noyabr.- S.7.