Ruhun yaşı

 

35 il bundan öncə, 55 yaşında dünyadan gedən, insanın cismən varlığı ilə cismən yoxluğunu toplayanda ruhun yaşı alınır: 90!

 

Vətənin qədri əzizdir Sonaya canı kimi,

Sevir öz yurdunu qəlbindəki imanı kimi,

Vətəni sevəcəkdir əhd ilə peymanı kimi –

Olmaram razı əgər cəhldə qalsa vətənim

Vətənim qalsa əgər cəhldə, yansın bədənim.

 

Sona xanım Axundova-Qarayeva

 

Ömürdən bir qatar getdi, bir ömür qatarda getdi; Mürsəl Əbülfəz oğlu Qarayev – insan, həkim... ovçu.

Vaxtı qatara bənzədənlər səhv etməyiblər...

Axar suya ikinci dəfə girilmədiyi kimi vaxtın qatarında da yalnız bir dəfə sərnişin olmaq mümkündür.

Əlavə edək ki, bu qatarın hərəkət qrafiki dəyişməzdir, başqa sözlə, şablondur. Ora düşmək cəhdi isə xilqətə aid məsələdir...

Vaxt qatarı nəinki cəmiyyətin, hətta təbiətin təkamülünün nələr törədəcəyinin, ana matrisada nələrin ilişib qalacağının fərqində deyil, təki daşımağa yük olsun; bu yük isə həmişə var...

Xeyir və şər də, sülh və münaqişə də, ciyər qanı və alın təri də, sevgi və nifrət də, görüş və ayrılıq da... həmişə var!

Ömürdən bir qatar getdi, bir ömür qatarda getdi; Mürsəl Əbülfəz oğlu Qarayev- döyüşçü, dost, ata...

Eyhamlardan göründüyü kimi, indiki halda vaxt qatarının yükü konkret bir insan və onun əməli olduğundan suallar doğur; yəni zaman doğrudanmı günlərin bir günü doğulan öz qismətini kimsəyə bənzəmədən, məhz özü kimi yaşayan insanı içinə alaraq hara gəldi baş alıb gedir? Yəni doğrudanmı insan ona görə doğulub, ona görə yaşayıb ki, günlərin bir günü hərəkət qrafikini ömür-billah pozmayan bir qatarın sərnişininə çevrilərək gedər-gəlməz yola çıxsın və doğulduğu dünyada ondan qalan bir iz, bir xatirə gözə dəyməsin?

Onun – insan, həkim, ovçu, döyüşçü, ata və ələlxüsus da qardaş Mürsəl Qarayevin nümunəsi yetər ki, qatarlanan suallar sırasına kəsinliklə bircə kəlmə “yox” deyək!

Çünki xalqımızın mənəvi sərvətləri qədər dəyərli sayılan bir nəslin övladı Mürsəl Qarayev qocalığı olmayan cavan ömrünü müdrik yaşadı, insanca yaşadı.

Mürsəl həkimin bu dünya ilə vidalaşıb bir də geri dönməyən vaxt qatarına qovuşduğu gündən 35 il keçir. Bu 35 ilin üstünə daha bir 55 il də gəlmək lazımdır. Çünki minlərlə insana həyat verən istedadlı cərrah canı, qanı qədər sevdiyi vətənindən, azad davranışları ilə zənginlik qatdığı həyatdan ayrılanda 55 yaşında idi. 55 yaşında dünyadan gedən insanın cismən yoxluğu ilə cismən varlığını toplayanda ruhun yaşı alınır – 90!

Hələ ki, onun yaşı doxsandır. Bu doxsanın üstünə bir doxsan da gələcək, daha bir doxsan gələcək. Amma o, yenə də yaşamağında, yaşa dolmağında davam edəcək.

Təəssüf ki, hamıda belə alınmır...

Təsəlli isə budur ki, seçilmiş halda olsa da təbiətin əbədi zaman qanununa qarşı insanın əbədi yaşam qanunu da var. Və yenə təəssüf ki, bu qanun kütləvi deyil, fərdidir, hər kəs onu özü yazır, öz ömrü bahasına yazır...

Həyatımızı rəsmi bioqrafiya qədər bəsit təsvir edən ikinci bir sənəd ola bilməz. Buna baxmayaraq statistik tərcümeyi-hal ağ-qara konturlar kimidir, onsuz keçinmək olmur. Ağ üzərində qara konturların rəngə, ətə-qana dolması üçün ya gərək adamın özü ilə təmas qurasan, əgər o adam daha bu dünyada yoxdursa, yeganə bir yol qalır; xatirə, yaddaş kələfini açmaq.

Heyif ki, 35 ildir ki, biz ikinci yolla getməli oluruq.

Konturlar isə belədir:

1919-cu ildə, noyabrın 4-də Bakıda doğulub. Çoxları kimi 7 yaşında orta məktəbə gedib. 1938-ci ildə Tibb Universitetinə daxil olub, üçüncü kursdaykən müharibənin odlu-alovlu vaxtı, 1942-ci ildə həkim sifəti ilə cəbhəyə yollanıb. Novorossiysk, Mozdak, Qrozni, Krosnodar...uğrunda gedən döyüşlərdə müqəddəs həkim borcunu yerin yetirib. Dəfələrlə yaralanıb. Müharibədən sonra bütün həyatını əhalinin sağlamlığına, övladlarının tərbiyəsinə və tibb elminin inkişafına sərf edib.

1948-ildə Aşqabad zəlzələsində fəlakətlə üzləşən insanlara yardım üçün yollanan həkim briqadasının tərkibində olub. Tibb üzrə elmlər namizədi, elmlər doktoru dərəcələrini qazanıb. Öncə Bakı şəhərinin, 1960-64-cü illərdə ölkənin baş cərrah vəzifəsinə yüksəlib. Zamanına görə mümkün olan dövlət təltifləri ilə mükafatlanıb. Onsuz da bioqrafiya maksimum sıxılıb, biz qəsdən təltif adlarından, il göstəricilərindən, iş yeri, idarə ünvanlardan qaçdıq. Çünki bunların hər birini Mürsəl Qarayevin həyatının bir parçası kimi anlatmaq üçün dərin müşahidələr və ümumiləşdirmələr aparmaq tələb olunur. Bu isə nəzərdə tutulan yazının hüdudlarını aşır.

Ən kəsəsi budur ki, o şöhrət fikrindən uzaq adam olub. Başqa sözlə rəsmi bioqrafiya üçün yaşamayıb Mürsəl həkim.

Amma yaşayıb! Onun övladları ləyaqətlə yaşanmış ata ömrü ilə fəxr edə bilərlər və fəxr edirlər.

O həqiqi həkim idi. Necə ki, atası həqiqi həkim idi, necə ki, qardaşı Qara Qarayev musiqidə az qala ilahi bir həqiqətdir, necə ki, Mürsəl həkimin oğlu müasir Azərbaycan cəmiyyətinin idarə edilməsində həqiqi xidmət göstərir.

Xatirələr deyir ki, Mürsəl Qarayev insana ağrı verən dərdi aradan qaldıra bilirmiş. Buna şair Səlim Babullaoğlu “Doktor Qarayev” adlı kitabında şəhadət verir. Onu tanıyanların ən məşhurlarından xatirələr toplayıb... Bəzi məqamlara nəzər salmaq yerinə düşərdi.

“Bir dəfə Mürsəl həkimin xalası oğlu Oqtay Mirqasımov yuxuda görüb ki, onu canavarlar qovur. Dəhşətli yuxusunu danışanda anası deyib ki, qorxma, Mürsələ deyərik onların hamısını bir-bir öldürər”. Ana, Mürsəlin adının beş yaşlı Oqtaya təskinlik verəcəyinə inanaraq demişdi: Çünki, o zaman Mürsəl aşıb-daşan enerjisi, həyatsevər, dinamik davranışları, nikbinliyi ilə bütün nəslin etibarlı, sevimli adamı idi. O, ovçu kimi quşu, həkim kimi azar-bezarı gözündən vura bilirdi.

O həqiqi insan idi.

Həyat yoldaşı Böyükxanım Nəzirova xatırlayır. “Hərtərəfli yaxşı insan idi. Hətta uzaqdan gələn xəstələrə cibindən çıxarıb yol pulu da verirdi. O xeyirxahlıqda və təmizlikdə atasına çəkmişdi. Şükür ki, övladları da ona çəkiblər”.

Mürsəl həkimin xalası qızı Bilqeyis xanım xatırlayır: “Mürsəl haqqında danışılanda ən isti sözləri demək istəyirsən, amma deyə bilmirsən. Mürsəl sözdən yuxarı adamdı...”

O həqiqi qəhrəman, həqiqi döyüşçü idi. 1942-ci ildən 1945-ci ilə kimi II Cahan savaşının odu-alovu içərisindən keçərək müharibə taununa, faşizmə qarşı mübarizə aparmışdı. Üç dəfə yaralanmışdı. Müharibədə iştirakı ilə əlaqədar “Qızıl Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Döyüş cəsurluğuna görə” və digər təltiflər almışdı. Kursk dairəsində döyüşlər gedən zaman isə artıq zabit Mürsəl Qarayev hərbi eşalonun baş hakimi idi.

Xalq rəssamı, mərhum Kamil Əliyevin yaddaşında qalan, parlaq boyalı yaşantılara görə Mürsəl Qarayev əvəzsiz dost, xeyirxah insan və əla ovçu olmuşdur. Milli Onkologiya Mərkəzinin direktoru görkəmli alim, həkim Cəmil Əliyev öz xatirələrində Mürsəl həkimi yaxşı insan, həssas bir müəllim kimi xarakterizə edir. “Mürsəl müəllim yalnız yaxşını görürdü, deyirdi, hamıda yaxşı nəsə var və pis adamlar olmur. Sadəcə həmin yaxşını üzə çıxarmaq lazımdır.”

O, ləyaqətli nəslin övladı olmuşdur.

Misal var: ot kökü üstündə bitər. Onda da, indi də Mürsəl Qarayevin doğulduğu ailə haqqında olan təsəvvürlər hər kəsin qəlbində qürur doğururdu. Xalq yazıçısı Anar yazır: “Elə ailələr, elə sülalələr var ki, cəmiyyətin nəinki çox önəmli hüceyrəsidir, bəlkə onun təməl sütunlarındandır. Azərbaycanda belə ailələrdən, belə sülalələrdən biri Qarayevlər ailəsi, Qarayevlər sülaləsidir. Azərbaycanın ilk uşaq həkimi, professor Əbülfəz Qarayev və onun xanımı, ali savad almış ilk qadınlarımızdan biri Sona xanım, onların iki oğlu, məşhur bəstəkar Qara Qarayev və tanınmış cərrah –həkim Mürsəl Qarayev. Qara Qarayevin oğlu – görkəmli bəstəkar Fərəc Qarayev və Mürsəl Qarayevin iki oğlu, istedadlı musiqiçi, pianist Cahangir Qarayev və dəyərli ziyalımız Əbülfəz Qarayev”.

O vicdanlı, əyilməz şəxsiyyət, əsl kişi idi.

Dəyərli insanlar kimi ləyaqətli ailələr də özbaşına yetişmir. Belə ailələr də milli sərvətdir. Bu, bir-birinə çox sayda dairələrlə qaynayıb qovuşaraq ümumi bir çevrə yaradan zəncirbəndə bənzəyir. Burada hər dairənin öz məsuliyyəti, öz mənası var, dairənin biri qopsa əlbəttə ki, ailə zəncirinin sırası pozular. Sənədlərdən belə görünür ki, şərəfli insan adını qorumaq ən şöhrətli ailələr və insanlar üçün heç də asan olmamışdır. Dahi Qara Qarayevin istedadlı cərrah qardaşı Mürsələ yazdığı məşhur məktubdakı bu sətrləri sarsılmadan oxumaq olmur.

“Düzü, sənə nə deyəcəyimi bilmirəm. Bizim hamımızı həyatın axarı aparır, bizi döyən də odu, olsun ki, başqa-başqa formalarda. Onunla mübarizə aparmaq mənasızdı, eləcə zərbələri yumşaltmaq olar. Sənin düşdüyün vəziyyətin ağırlığını yaxşı anlayıram. Belə hallarda adətən ya axıra qədər vuruşur, ya da öpsünlər deyə arxanı əclaflara tərəf çevirirsən, sonra da onlara tüpürüb vicdanla yenə öz işini görürsən.”

Qara Qarayev qardaşına bu məktubu 1975-ci ildə özü də xəstə çarpayısındaykən yazıb. Bəstəkar həmin məktubu yolladığı vaxtdan sonra altı-yeddi il yaşasa da əziz qardaşı Mürsəli elə həmin il itirdi. Ötən əsrin görkəmli jurnalistlərindən biri, milli mətbuatımızın tarixini araşdıran, yeni tipli mətbuatın yaranmasında, bu sahədə çalışan kadrların yetişməsində böyük xidmətləri olan Nəriman Zeynalovun “Əlin var olsun, Mürsəl” adlı oçerkində 40 yaşlı Mürsəl həkimlə iş yerində görüşünü təsvir edir. Bir həkim kimi həmin gün o, 5 mininci dəfə cərahiyyə əməliyyatından qayıdıb, 5 mininci xəstənin adını göy cildli dəftərə qeyd etmişdir.

Respublikanın baş cərrahı Mürsəl Qarayev üçün vaxt, gecə, gündüz, saat məfhumları az qala şərti xarakter daşıyırdı. Günün istənilən vədəsində onu xəstə üstünə çağırırdılar və o bütün bu çağırışlara gedirdi, ucqar yaşayış məntəqələrinə belə gedirdi.

O cəsur bir insan idi. O qədər cəsur ki, xalq şairi Vaqif Səmədoğlu belə bir əhvalat eşitdiyini dilə gətirir: Bir dəfə ona işlədiyi klinikadan xəbər verirlər ki, təcili gəlsin, xəstə ölüm ayağındadır. Mürsəl həkim özünü xəstəyə çatdırır, onun sinəsini yararaq artıq klinik ölüm keçirən insanın ürəyini əli ilə masaj edib adamı dirildir.

Amma bu cəsur insan heç vaxt yaxın adamları üzərində cərrahiyyə əməliyyatı aparmağa ürək eləmirmiş.

Bax belə... inkar etmək olmaz ki, vaxt qatarının vədəli-vədəsiz, dünyadan qopardığı itkilərin yeri ağrıtmır, əlbəttə ağrıdır. Tibb elmləri doktoru, qəhrəman döyüşçü-cərrah Mürsəl Qarayev cavan yaşında dünyadan getməsəydi, şəfa verdiyi insanların sayı artmaqda, böyük təcrübəsini yeni nəsillərə öyrətməkdə, övladlarına qayğı göstərməkdə davam edərdi, bəlkə dahi Qara Qarayevi də cavan qardaş itkisi üzüb əldən salmaz, o da bir az-çox yaşayar, ölümsüz əsərlər yaradardı.

Amma zaman qatarına sakin olan hər kəs gec və ya tez getməlidir, bu qanundur. Əslində bu yazıda ilk dəfə cəhd göstərildi ki, fani dünya qatarında yer alıb bizdən qopan dəyərli insanların yalnız xatirəsi deyil, özləri də bu dünyada qalır, işıq saçır, enerji verir, diri kəslərdə olduğu kimi... yaşa dolurlar.

Onların mərdliyi, vəfası, inadkarlığı, təcrübəsi, ən əsası isə xeyirxahlığı ən etibarlı və dəyərli sərvət kimi övladlara yadigar qalır. Həm də bu yadigar harasa gizli bir yerə qoyub saxlamaq üçün deyil, gündəlik icra üçündür. Mürsəl Qarayevin həyat yoluna az-çox bələd olan hər kəs də elə bunu deyir.

 

 

V.SALMANBƏYLİ  

 

525-ci qəzet.- 2010.- 4 noyabr.- S.7.