Şair Məstan Günər, 40 gün və əbədiyyət

 

Çağdaş Azərbaycan poeziyasının parlaq simalarından biri... Məstan Günər – Məstan Əliyev. Bu il onun 75 yaşı tamam oldu. Yubileyi keçirilməli idi. Bu gün şairin cismən yoxluğunun 40-cı günüdür. Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Məmməd Araz, Xəlil Rza Ulutürk və digər ustad qələm sahibləri ilə bir sırada ötən əsrin 40-50-ci illərindən başlayaraq milli poeziyanı qorxulu şablondan, qafiyəpərdazlıqdan, sözcülükdən, quru pafosdan qoparıb bədii sözü insan hissiyatına yaxınlaşdıran Məstan Günər hələ indən sonra yüz illər boyunca poetik təravətini saxlamaq keyfiyyətinə malik bir yaradıcılığa sahibdir. Bənzərsiz şairin əsərlərinin əksəriyyəti səmimi, azad ruhlu bir sənətkar taleyinin canlı parçalarıdır. Məstan Günər ilk baxışda çox xırda görünən həyat hadisələrində kifayət qədər təsvirli bədii mətləbləri görə və zəngin, cilalı bir dillə onu ədəbiyyat hadisəsinə çevirə bilirdi. Nikbinlik, səmimiyyət Məstan müəllimin əsərlərinə xüsusi bir rəng, çalar qatırdı.

O, ədəbi mübahisə münaqişələrə yaxın düşməzdi, daha çox sadə insanlar arasında olmağa, Azərbaycan torpağının hər qarışını gəzib dolaşmağa üstünlük verirdi. Eldən-elə qanadlanan Məstan Günər güldən-gülə qonub tamlı duyğuları canına hopduran bal arısına bənzəyirdi. Xalqın həyatı, Azərbaycan sərvətlərinin taleyi, əməkçi insanların güzəranı şairi daim düşündürür, bu ovqatla da əsl vətəndaş mövqeyində dayanaraq publisistik əsərlər silsiləsi yaradırdı. Şairin 35 kitabından sonuncusu, şeir xatirələrdən ibarət toplu Ulu öndər Heydər Əliyevə həsr olunmuşdu.

 Məstan Günər böyüklər üçün necə ustalıqla yazırdısa, uşaqların olduqca maraqlı dünyasına da məharətlə baş vurur, gül balalara həsr olunmuş kitablar yaradırdı. Bu şeirlərdəki yığcamlıq, fikrin aydın ifadəsi, poetik məntiq dərhal diqqəti cəlb edir, şair tapıntıları yaddaşlara hopurdu. Məstan Günər Dövlət Mükafatı, Komsomol mükafatı laureatı adlarına layiq görülmüşdü. 40 gün öncə çox sevdiyi bu dünya ilə, övladları, doğmaları ilə əbədi vidalaşan şairin həm işıq üzü görən, həm arxivdə qalan irsi Azərbaycan poeziya xəzinəsinin dəyərli sərvətidir. O sərvət Məstan Günər adı, ünvanı ilə zaman-zaman yaşayacaq, oxucuların qəlbinə, ruhuna nur kimi qovuşacaq. Ruhu şad olsun!

 

 

525-ci qəzet.- 2010.- 4 noyabr.- S.7.