Azərbaycan radiosu – mənəviyyat
qaynağı, musiqi beşiyi, sənət dünyası
Bugünkü
mətbuat bolluğunda, informasiya almaq imkanlarının
asanlaşdığı bir zamanda, yəni internet
dünyasının dövranı olduğundan bəzilərinin
fikrincə, radioya maraq azalıb. Mən isə tamamilə
fərqli düşünürəm. Apardığım
müşahidələr əsasında deyə bilərəm
ki, əksinə, kompüterdən ayrılanda, zehni
yorğunluqdan sonra hər zamankı kimi insan
övladının ruhən və mənən dincliyə
ehtiyacı var. Bax elə o anda ilk olaraq radio yada
düşür. Xəlvəti sakitliyə
çəkilib, səslər aləminin sehrinə dalırsan.
Nə deyirlər, nədən danışırlar?- deyə maraq kəsilirsən. Dinlədiyin
mövzu səni çəkirsə, qulaq
asılasıdırsa sevə-sevə axıracan izləyir, yox
əgər darıxdırıcıdırsa, kanalı dəyişmək
məcburiyyətində qalırsan. Ancaq əminəm
ki, doğma radiomuzun dinləyiciləri seçimlə üzləşmirlər.
Çünki bizim efirdə hər bir dinləyicinin
maraq dairəsinə uyğun verilişlər hazırlanır.
Müxtəlif yaş qrupları nəzərə
alındığından hər kəsin, uşaqdan tutmuş
böyüyəcən hamının sevimlisidir – Azərbaycan
radiosu... Bax buna görə bölgələrdə
də bizi dinləyirlər. Həqiqətən
mənəviyyatı zənginləşdirən verilişlərimizə
rayonlarda maraqla qulaq asılır.
Ölkədə ilk efirin,
milli radionun şərəfli tarixi var. Bu 84 ildə xalqın
başına gələn acılı-şirinli tarixi həqiqətlər
onun həyatında elə iz qoyub ki, zəmanənin
ağırlığına tab gətirmək məcburiyyətində
qalan radiomuz bəzi illərdə elin səsini eşitdirmək
istəyindən məhrum olub. ( Söhbət
1937-38-ci illərdən gedir. Həmin illər
ki, efirdə səsləri eşidilən, canlı efir qəhrəmanları
olan ziyalılarımız amansız repressiyanın
qurbanına çevrilir. 38 mindən
çox düşünən beyin güllələnir.)
Qocaman radiomuzda
sənət dünyasının, ədəbi və ictimai aləmin
ən böyük dühalarının izi qalıb. Üzeyir Hacıbəylinin,
Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin,
ümumiyyətlə ədəbiyyatımızda, tariximizdə,
səhnə həyatımızda, elm aləmində kimlərin
haqqı varsa, onların hər biri burada
çalışıb. Məhz onlar xalqla
ünsiyyəti yeganə görüş yeri olan bu məkanda
qurublar, bu müqəddəs məbədi yaradıblar. Elə o zamandan bəri mənəviyyat
qaynağı. ədəbi məktəb,
musiqi beşiyi, sənət dünyasıdır Azərbaycan
radiosu.
Müasir
dövrdə də günün nəbzini tutan, dinləyici
auditoriyasında uğur qazanan Azərbaycan radiosu yeganə
efirdir ki, burada ana dilinin saflığı qorunur. Mətbuat
Şurasında dilçi alimlərin iştirakı ilə
yaradılan komissiya hər dəfə ana radionun fəaliyyətindən
razı qaldığını kütləvi informasiya vasitələrinin
nümayəndələri qarşısında
açıqlayır və bu ədəbi məktəbdən
nümunə götürməyi tövsiyə edir.
Musiqi
proqramları ilə rəngarəngdir efirimiz. Çünki “Qızıl
fond”da mühafizə olunan yüz mindən çox zəngin irs peşəkarlar tərəfindən diqqətlə
öyrənilir, yeri gəldikcə, günün, tarixin
münasib vaxtında mütəmadi olaraq dinləyicilərə
təqdim olunur. Klassik Azərbaycan musiqisi ilə
yanaşı, dünya xəzinəsindən seçmələr
də zövqləri oxşayır. Muğam
dəryasına isə hər gün müraciət edilir.
Nəğmələrin təqdimatında belə
səriştəli professional bir radio ənənəsi var. Yəni
diktor “Lirik mahnıları dinləyin”- deyirsə
qarşıdakı dəqiqələrdə zövqlə sıralanan
nəğmələr ruhuna hakim kəsilir. Adından bəlli olur ki, hansı səpkidə
musiqilər səslənəcək. Musiqi
redaksiyasının verilişləri arasında “Ovqat” neçə
illərdir populyarlığını qoruyur. “Muğam saatı” əbədiləşən dəqiqələrdəndir
və 50 ilə yaxındır ki, istirahət günləri
saat 14.00-dan 15.00-dək efirdədir.
Azərbaycan televiziyası ilə
birgə birbaşa yayımlanan yeni “Musiqi xəzinəsi”
verilişində də məqsəd milli musiqimizin
inkişafına, məşhur xanəndələrin
yaradıcılığına, xalq mahnı və təsniflərimizə,
istər opera, istərsə də orkestr əsərləri
olsun, bütün janrlarda üstünlüyü ilə diqqət
çəkən bəşəri musiqimizin təbliğinə
yönəlib...
“Könül nəğmələri”,
“Sözdən səsə”, “Elimizdən, obamızdan” və
“Böyük çöl” kimi verilişlərimiz var.
Türkçülükdən bəhs edən “Böyük
çöl” verilişinin 30-cu buraxılışı səsləndi
və bu veriliş də türk dünyasına aid dolğun məlumatlarla
zəngin idi.
Balacaların sevdiyi
“Boxça”, “Nağıl axşamı”, “Göy
Qurşağı”, “Haydı qoçaqlar”, “Yaşıl
planet”, “Sabaha pəncərə”, “Tumurcuq”, “Uşaqdan xəbər
al”, “Anasının balası” və s. verilişləri
böyüklər də dinləyir.
Əsgərlərimizə
ərmağan edilən dəqiqələrdə isə hərbi
hissələrdə səngər həyatını yaşayan
oğulların istəyi əsasında musiqi proqramları səslənir. Azərbaycan əsgərinə
torpaq, vətən göz bəbəyi kimi əmanət olunur.
“Azərbaycan əsgəri”, “Mənə oğul de”, “Vətən
yaşasın”, “Mən əsgər olanda”, “Hərb tariximizdən”,
“Əsgər istəyi”, “Səngərə məktub” və s.
verilişlər hərbi vətənpərvərlik
mövzusunda hazırlanır...
Əbədiləşən
“Bulaq” isə radioda həmişə öz axarındadır. Dekabr ayında
“Bulaq”ın 40 illiyi yüksək səviyyədə qeyd
olunacaq. Xalq yaradıcılığı
mövzusunda bir-birindən fərqli və maraqlı
verilişlərinə görə də ana radiomuz öndədir.
Vaxtilə bu məkana rəhbərlik etmiş
xalq yazıçısı Mövlud Süleymanlı bu istiqamətə
daha önəm verərək “Qızıl fond”du şifahi xalq
ədəbiyyatının qiymətli inciləri ilə zənginləşdirdi.
Yeri gəlmişkən, kollektivin, xüsusi ilə radio üzrə
sədr müavini Cavanşir Cahangirovun Mövlud müəllimə
olan doğma münasibəti onun dəyərli bir insan
olduğuna, ədəbiyyatımıza yeni nəfəs gətirdiyinə,
ana radionun inkişafına layiqli xidmət etdiyinə işarədir.
Yazıçı Mövlud Süleymanlıya televiziyada
ayrıca otaq ayrılıb və çoxdan intizarını
çəkdiyi iç dünyasıyla nəhayət
baş-başa qalmaq, xalqın bitib-tükənməyən
irsini araşdırmaq fürsətini qazandırıb. “Bulaq”
kimi əbədiyaşar verilişlərin sayının
çox olması üçün hələ sevimli
yazıçımızdan çox şeylər gözləyirik...
Ana radioda səslənən
tamaşalar nəinki “Qızıl fond”da saxlanılan səs xəzinəsinin
inciləri arasından seçilir, bugünün özündə
belə yeni əsərlər üzərində işlənilir. “Xalqın səsi”
olan radionun qapıları həmişə yaradıcı
insanların üzünə açıq olub. Özünə arxalanıb, söz demək istəyənlərin,
hətta bu dünyadan vaxtsız köçənlərin qəlbinin
kövrək pıçıltıları, poeziya
dünyası bu aləmə hopub. Şairlərin öz
səsində yazılan ədəbi nümunələr hər
bir dinləyicinin qəlbini fəth edir...
Burada
çalışan peşəkar heyət isə bilir ki, ən
yaxşı veriliş hazırlamaqdan ötrü nadir səsə
və təsirli söz demək qabiliyyətinə malik
olmalısan. Ecazkar səslərlə dinləyici qəlbinə
yol tapmaq mümkündür. Səsi ilə
milyonları heyran edən Azərbaycan radiosunun diktorları
minlərlə insanların arasından seçilən qeyri adi
səs sahibləridir. Rəhbərliyin
tapşırığı ilə yaşlı diktorlar gənclərə
ustad dərsləri keçir və onlara natiqlik sənətinin
sirlərini öyrədirlər. Daima səs
axtarışında olan rəhbərlik ən yaxşı səslərin
efirə gətirilməsinə çalışır. Ədəbi dilin incəlikləri yeni
aparıcılara mükəmməl şəkildə tədris
olunur. Çünki Azərbaycan radiosu
peşəkarların əhatəsindədir. Təqdim olunan sətirin, hər cümlənin mənasını
anlayan redaktorlar dillərinə gətirdikləri hər kəlməyə
görə məsuliyyət daşıdığını
yaxşı bilir və dəyərli söz uğrunda
yarışırlar. Radioda verilişlərə
qulaq asan komissiya yaradılıb. Həmin
komissiyanın müsbət rəyini qazanmaq üçün ədəbi
dilin normalarına riayət olunmalı, sözün həqiqi mənasında
sanballı verilişlər hazırlanmalıdır.
Bir ildən
artıqdır ki, radioda islahatlar gedir. Uzun müddət təmirsiz
qalan studiyalar müasir tələblər səviyyəsində
qurulur, ən mükəmməl avadanlıqlarla təchiz edilir.
Yanvar, fevral aylarından başlayaraq burada rəqəmsal
texnologiyalar işə düşəcək. Artıq Azərbaycan radiosunun daha yüksək keyfiyyətli
texniki təchizatı olacaq. Avadanlıqlarla
işləmək üçün bacarıqlı mütəxəssislərə
ehtiyac var. Təcrübəli kadrların hazırlanmasından
ötrü xüsusi kurslar təşkil olunub. Kursları xaricdən dəvət edilmiş mütəxəssislər
aparır.
Özünün
yaşının çox, ənənəsinin qədim
olmasına baxmayaraq radioda bu gün yaradıcı heyətin
cavanlaşma prosesi gedir. Yeni açılan verilişlər məzmunca,
həm də təqdimatı ilə fərqlənir. Çünki burada yaradıcı təfəkkürə
malik olan gənclərə daha çox üstünlük
verilir, uğurlu layihələrə imza atılır.
Hər
saatın tamamında ölkədə və dünyada baş
verən ən son “Xəbərlər” səslənir. Əvvəlki
illərdən fərqli olaraq xəbərlərin efir saatı
kimi, oxunuşu, yəni xəbərin necə təqdim
olunmasında da dəyişiklik edilib. Xəbər
aparıcıları informasiyanın tələblərinə
uyğun seçilir. Onlar xəbəri
sürətli və aydın oxumaq vərdişi ilə
üstün olmalıdırlar.
İlin ən
uğurlu layihələrindən biri də “Gəl səhərim”
publisistik-musiqili proqramdır. Səhər-səhər
dinləyiciyə xoş ovqat bəxş edən bu proqramda
radionun hər bir yaradıcı üzvü iştirak edə
bilər. Sərbəst söhbətə
köklənən aparıcılar ən yaxşı
verilişlər uğrunda mübarizəyə qoşulub.
“Bizimlə birgə” tok şousu da dinləyicilərin
ünsiyyət qurduğu verilişlərdəndir. Qısa zamanda tok şou auditoriyada özünə
yer toplayıb.
Yurdumuzun hər
qarışı möcüzədir. Ecazkar təbiəti,
başı qarlı dağları, buz bulaqları, laləli
çəmənləri, yaşıl-sarı libaslı zəmiləri,
bir sözlə ilin, ayın bütün günü, hər
anı gözəldir torpağımızın. “Gəzdim
Azərbaycanı” verilişinin dinləyiciləri 105 FM
dalğasında eli
qarış-qarış dolanır, bölgələrimizdən
soraq alırlar...
“Gecə
döyülən qapılar” tariximizin qaranlıq səhifələrinə
işıq salır. 1937-38-ci illərdə repressiyaya məruz
qalan ziyalılarımızın nakam taleyindən
danışır və onların başına gətirilən
müsibəti gözlərimiz önünə gətirir.
Tükürpədici tarixi həqiqətlərdən
bəhs edən bu veriliş dəhşətli dramatik məqamlarla
doludur.
“Antistress”, “Addım-addım”,
“Meloman”, “Ümüd işığı”, “Əhatə”, “Səsin
gəlsin”, “Xəbəriniz olsun” və s. onlarla yeni verilişlər
dinləyicilərə təqdim olunur.
105 FM
dalğasında canlı yayımlanan “Ailə həkimi”ndə
televiziyadakı kimi, radioda da həkim qarşı tərəflə
ünsiyyətdədir.
Sözsüz
ki, radiomuzda qarşıdakı dövrlərdə də
yenilklər çox olacaq. Studiyalar mükəmməl
kompüter texnologiyası ilə təmin edildikdən sonra
bir-birinin ardınca yeni uğurlu efir görüşləri
gerçəkləşəcək.
Əgər radionun həyatında
qısa müddətdə bu qədər dəyişikliklər
baş veribsə, deməli qarşıdakı illərdə
daha böyük nailiyyətlərdən söhbət
açılacaq...
Əziz
soydaşlarımız! 105 FM dalğasına Azərbaycan
radiosunu dinləyin, çünki bu, sizin səsinizdir. Xalqın radiosu uşaqdan böyüyə, tələbədən
alimə, fəhlədən ziyalıya, hamının düşüncə
tərzinə, zövq dünyasına bələddir. Biz sizin hər birinizə yaxınıq. Çalışdığımız məkanın
cəmiyyətdə milli-mənəvi dəyərlərimizin
qorunmasında böyük bir ümman olduğunu dərk edir və
hər bir vətəndaşın layiqli əməlində
payımız olduğunu düşünürük. Taleyini efirə bağlayan həmkarlarımıza
radio günü münasibəti ilə sonsuz dinləyici
sevgisi arzulayırıq. Təbii ki, təbriklərdən
özəl radioların əməkdaşlarına da pay
düşür. Axı 6 Noyabr Radio
günü – Azərbaycanın ilk efirinin yarandığı
gündür.
Şəlalə MƏHYƏDDİNQIZI,
Azərbaycan Radiosunun Xəbərlər
redaksiyasının əməkdaşı
525-ci qəzet.- 2010.- 5 noyabr.- S.7.