Ozan-aşıq dünyasına daha bir səyahət
2010-cu il
sentyabrın 17-si, cümə
günü idi. Saat 11-ə az qalırdı. Telefonum zəng çaldı. Folklorşünas alim,
professor Məhərrəm Qasımlı
idi. Salam-kalamdan sonra mətləbə keçdi: “İsmayıl müəllim, Azərbaycan
Aşıqlar Birliyində
Musa Nəbioğlu – Birliyin
katibi dünyasını
dəyişmiş aşıqlar
haqqında kitab-albom hazırlayır. Rəhmətlik
atan Aşıq Orucla bağlı sənəd, şəkil və başqa yazılarını da götür, get onun yanına. Ola bilsin ki, sizin başqa
aşıqlarla bağlı
məsələlərdə də ona köməyiniz
dəydi”. Sonradan mən öyrəndim ki, qurultaydan sonra Azərbaycan Aşıqlar Birliyi yeni layihələr hazırlamaqla məşğuldur.
Birliyin xeyir-duası ilə Dədə Şəmşirin, Mikayıl
Azaflının, Hüseyn
Bozalqanlının, Avdı
Qaymaqlının, Aşıq
Əkbərin, Əmrah
Gülməmmədov kimi
ustad aşıqların
kitablarının nəşr
olunmasından, həmin
azman sənətkarların
yubileylərinin dövlət
səviyyəsində keçirilməsindən
xəbərdar idim, iştirak etmişdi. Belə nəcib, xeyirxah təşəbbüsü
– albom-kitabın hazırlanması
xəbərini eşidəndə
nə qədər sevindiyimi təsəvvür
edə bilmirəm. Haqqa qovuşmuş el aşıqlarına həsr
olunacaq belə bir kitabın dəyərini, qiymətini
yəqin ki, hər bir ziyalı,
hər bir sənətsevər bilər...
Azərbaycan mədəniyyətinə,
ədəbiyyat və
musiqisinə dərindən
bələd olanlar bilirlər ki, aşıq poeziyası Azərbaycan xalq yaradıcılığının ən qədim və zəngin qollarından biridir. Bu şifahi söz sənətini Yunus İmrə, Qurbani, Miskin Abdal, Abbas
Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq
Hüseyn Şəmkirli,
Növrəs İman,
Mola Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şenlik, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Şəmşir, Mirzə
Bilal, Miskin Vəli, Mikayıl Azaflı, Aşıq Əmrah, Aşıq İslam və başqa ustad aşıqlar, el şairləri
yaşadıb inkişaf
etdirmiş, bu əvəzsiz mənəvi
xəzinəmizi daha da zənginləşdirmiş,
ona yeni məzmun, yeni nəfəs, yeni ruh vermişlər. Bu günümüzdə də
bu xalq sənəti
öz zirvəsinə
yüksəlməkdədir. Böyük sevinc hissilə deyim ki, aşıq sənəti XXI əsrin
ilk onilliyində dünya
miqyasında tanınmaq
hüququ qazanmışdır.
Azərbaycan dövlətinin,
xüsusilə YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin
qorunması, inkişafı
və təbliği istiqamətində fəaliyyəti
nəticəsində 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixində YUNESKO-nun qeyri maddi-mədəni irsinin qorunması üzrə komitəsinin yekun qərarına əsasən
Azərbaycan aşıq
sənəti YUNESKO-nun qeyri
maddi-mədəni irs üzrə siyahısına
daxil edildi. Professor Məhərrəm Qasımlının
çıxışlarından birində söylədiyi bu cümlələri diqqətinizə çatdırmaq
çox yerinə düşərdi: “Kökü
yüzilliklərin dərinliklərindən
gələn, zəngin
musiqi və söz repertuarına, teatral keyfiyyətlərə
malik olan ozan aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, mili istiqlal, mili dövlətçilik
düşüncəsinin daşınmasında,
qəhrəmanlıq, yurdsevərlik
duyğularının aşılanmasında
tarixən olduğu kimi bu gün
də misilsiz rol oynamaqdadır”. Bu sözlər real həqiqətlərdir.
Bir cəhəti də göstərmək istərdim ki, müxtəlif tarixi dövrlərdən ta müasir dövrümüzədək
aşıq ədəbiyyatını,
onun görkəmli nümayəndələrinin ədəbi
irslərini özündə
cəmləşdirən bir
çox kitablar, nəşrlər, toplular çapdan çıxmışdır.
XX əsrin sovet dövrü adlanan illərində aşıqların
4 qurultayı keçirilmiş
(1928, 1938, 1961, 1984), habelə bu dövrdə həm klassik, həm də çağdaş aşıq
poeziyasının örnəkləri
sənətsevərlərə, elmi ictimaiyyətə çatdırılmışdır. Aşıq musiqisi nota köçürülmüş, radio və televiziya vasitəsilə mütəmadi
olaraq efirdə səsləndirilmiş, təbliğ
edilmiş, yayımlanmışdır.
Azərbaycan Aşıqlar
Birliyinin yaranması ilə, onun təşəbbüskarlığı, fəallığı və
xidmətləri ilə
müstəqillik illərində
aşıq sənətinə
diqqət, qayğı
son dərəcə gücləndirilmişdir.
Bütün bunlar dövlətçiliyimizin bərpası
ilə daha da dolğunlaşan, zənginləşən mənzərənin
mühüm tərkib
hissələridir. Mədəniyyətimizdə,
incəsənət və
musiqimizdə böyük
dönüşlər, meyllər
yarandığı kimi
aşıq musiqisi, aşıq sənəti sahəsində də yeniliklər görünməkdədir.
Təsadüfi deyil ki, Azərbaycan Aşıqlar Birliyi bir çox yeni, gərəkli layihələr işləyib
həyata keçirməyi
planlaşdırır, bu
işlə ciddi şəkildə məşğuldur.
Dediklərimizə nümunə
kimi Birliyin nəşr etdirdiyi “Ozan-aşıq dünyası
(haqqa qovuşan aşıqlarımız)” adlı
kitabı göstərə
bilərik. Kitab 144 səhifədən ibarətdir.
Bu kitab Azərbaycan aşıqlarının V qurultayından
(2008-ci il avqust) sonra Birliyin həyata keçirdiyi layihələrdən ən
dəyərlisi hesab oluna bilər. Musa Nəbioğlunun hazırladığı
bu kitab-albomun layihə rəhbəri və baş məsləhətçisi xalq
şairi, AAB-nin sədri Zəlimxan Yaqub, redaktorları
professor Məhərrəm Qasımlı
və filologiya elmləri üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir. Kitab-albom Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə nəşr olunmuşdur. Kitab Zəlimxan Yaqubun “Borcumuzdur bu ehtiram” adlı ön sözü ilə başlayır. Görkəmli şairimiz Zəlimxan Yaqub kitabın nəşrinin məqsədini belə açıqlayır: “Məqsəd
ondan ibarətdir ki, ozan-aşıq sənətində fəaliyyəti
, xidməti olmuş insanların imkan daxilində heç biri yaddan çıxmasın,
heç kəs unudulmasın. Bu şəkil
və məlumatlarla yaxından tanış olduqca istər-istəməz
insanın içindən
bir yanğı hissi gəlib keçir. Bir görün nə qədər böyük sənətkarlar, böyük
şəxsiyyətlər, sinəsi
sözlə dolu, xəzinəli insanlar itirmişik... Bu kitabda yazıdan daha çox şəkillər
danışır. Çəkildliyi
andan tarixə dönən, bizə çox həqiqətləri,
çox mətləbləri
aşkar edən şəkillər! Hər
şəkil bir tarixdi, yaddaşdı, xatirədi, keçmişi
bu günə və gələcəyə
qovuşduran mənəviyyat
körpüsüdür”. Kitabın
müəllifi Musa Nəbioğlu
S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində
günlərlə, aylarla
çalışmaq bahasına
təxminən 200-dən artıq
el aşığı haqqında
olan qovluqları diqqətlə araşdırmış,
fotoların yararlı
halda olanlarını seçib-sanballamış, məlumatları,
yazıları dönə-dönə
saf-çürük edərək
son variantda cəmləməyə
nail olmuşdur. Bundan əlavə mümkün olan qədər dünyasını dəyişmiş
sənətkarların yaxınlarını
axtarmış, soraqlamış,
onlardan da bilgilər toplamış,
fotolarının gətirib
çatdırmalarını xahiş etmiş, əksər hallarda buna nail ola bilmişdir.
Doğrudur, şair və yazıçılarımızın
foto albomlarını hazırlayıb-çap etdirmək
ənənəsi nəşriyyat
işində yeni deyil. Amma aşıqlar
barəsində bunu deyə bilmərik, çünki şairlərin
şəxsi arxivi, ev muzeyləri olduğu halda, aşıqlarda belə hala təsadüf edilmir (yalnız Hüseyn Hacıquluoğlunun
yaratdığı Aşıq
Ələsgər muzeyini
deyə bilərik). Sonda bir daha
demək istəyirəm
ki, “Ozan aşıq dünyası
(haqqa qovuşan aşıqlarımız)” adlı
kitab-albom ilk təşəbbüs
kimi ədəbiyyat və mədəniyyət
sahəsində olduqca
qiymətli hadisədir.
Həmçinin haqqa qovuşmuş aşıqlarımızın
unudulmaz xatirələrinə
dərin hörmət
və ehtiram ifadəsi kimi təqdirəlayiqdir.
İsmayıl MƏMMƏDOV,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 5 noyabr.- S.7.