Uğur olsun, Universitet!
YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN!
İnsanı, xüsusilə
böyük, strateji vəzifə sahibini yaxından tanımaq
üçün heç bir təbliğat, heç bir təşviqat
həmin adamla bir yerdə, eyni müəssisədə işləmək
qədər kömək göstərə bilməz. Mən tələbəlik
illərim də daxil olmaqla ömrümün 16 ilini Bakı
Dövlət Universitetində keçirmişəm və indi
də həyatımız, varlığımız hesab
etdiyimiz bu möhtəşəm universitetdə
çalışıram. 2010-cu il noyabrın 7-də Azərbaycan
parlamentində keçiriləcək seçkilərdə 16
saylı Yasamal seçki dairəsindən Milli Məclisə
namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürülmüş akademik Abel Məhərrəmovu
bu müəssisədə işlədiyim qısa müddətdə
yaxından tanımışam. Azərbaycan ictimaiyyətinin
akademik, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin
ötən çağırışdakı üzvü ,
“Şöhrət” ordenli, bir çox beynəlxalq ödüllərin
laureatı kimi tanıdığı Abel Məhərrəmovun
insanlıq, rəhbərlik, işgüzarlıq qabiliyyəti,
vətəndaşlıq ləyaqəti, azərbaycançılıq
səyləri, millətə, xalqa xidmət səviyyəsi
onunla bir müəssisədə iş yerində daha aydın
üzə çıxır. Bu gün yenidən, həm də
elə əvvəlki seçkilərdə onun qələbəsini
təmin edən Yasamal rayonu 16 saylı seçki dairəsindən
parlament seçkilərinə qatılan Abel Məhərrəmov
haqqında seçki kampaniyası dövründə ölkə
mətbuatında onlarca təbliğat materialı dərc
olundu. Bu yazıların altında Azərbaycanın
böyük alimlərindən, şəxsiyyətlərindən
tutmuş kövrək qaçqın, köçkün, tələbə
adlarınadək çoxçeşidli imzalara rast gəldik.
Qocaman akademikdən tutmuş hələ tələbə
partasında oturan tələbəyədək imzasına rast
gəldiyimiz bu kəslərin hər yazısında Abel Məhərrəmovun
o qədər də asan keçilməmiş həyat yolu,
elmi, bacarığı, rəhbərlik və insanlıq ləyaqəti,
vətəndaşlıq keyfiyyəti çox aydın faktlarla
cəmiyyətə, xüsusilə onun namizədliyini yenidən
alqışlayan seçicilərinə
çatdırıldı. Lakin bütün bunlar sabahdan tarixə
çevriləcək qəzet səhifələrindədir.
Etiraf edək ki, sabahdan tarixə dönəcək o qəzet səhifələrindən
daha çox seçicilərlə birbaşa görüşlərin
yaddaşlara köçməsi əlahiddə maraqlı, əlahiddə
təsirlidir. Çünki insanın, şəxsiyyətin
mahiyyətini dərindən görə bilmək
üçün onunla birbaşa ünsiyyətin rolu elmi dəlillərlə
də sübut edilmişdir. Xüsusilə çətin
seçki kampaniyası dövründə seçicilərlə
birbaşa görüşlər bu ünsiyyətin zirvəsi
kimi qəbul olunur. Ona görədir ki, Bakı Dövlət
Universiteti kimi nəhəng mexanizmə malik bir müəssisənin
rəhbəri Abel Məhərrəmov nə qədər
işi başından aşsa da bu günlər seçiciləri
ilə birbaşa görüşləri ən vacib vəzifələrdən
hesab etdi. Yasamal rayonu 16 saylı seçki dairəsinin
bütün məhəllələrində onun öz
seçiciləri ilə görüşləri oldu. Mən də
Yasamal rayonu 16 saylı seçki dairəsinin sakiniyəm və
akademikin seçicilərlə görüşlərinin
çoxunda şəxsən iştirak etmişəm. Namizədlə
seçicilərin bu görüşlərinin hər birinin
öz təəssüratı, öz məzmunu var. “Dostunu mənə
göstər, sənin kim olduğunu deyim” kimi qədimlərin
sınağından çıxmış atalar
sözünün nə qədər böyük həqiqət
olduğunu bu görüşlərə qatılandan sonra bir
daha dərindən anladım. İştirak etdiyim bu
görüşlərdən anladım ki, Abel müəllim hər
kəsdən əvvəl öz seçicilərinin yaxın və
sədaqətli dostudur. Onlar belə bir dostunu el-obaya, xalqa
göstərməklə həm də özlərinin kim
olduğunu ölkəyə bəyan edirlər. Bəyan edirlər
ki, Abel Məhərrəmov kimi dövlət və ictimai xadim,
ləyaqətli vətəndaş və rəhbər bir
insanı özlərinə deputat seçməklə ötən
5 ildə aralarında yaranmış dostluq, doğmalıq əlaqələrini
daha da möhkəmləndirirlər. Onlar millətə bəyan
edirlər ki, Abel müəllim öz seçicilərinə
dostluğa layiq olduğu kimi seçiciləri də bu
böyük alimə, ictimai xadimə layiq dostdurlar.
Deputatlığa namizəd Abel Məhərrəmov daha bir
istiqamətdən sıx münasibətdə olduğu
dostları ilə özünün kim olduğunu millətə
sübut etdi. Bu dostlar Abel müəllimin rəsmi qeydə
alınmış vəkilləri oldu. Abel müəllim öz
vəkilləri ilə seçicilərinə müdrik atalar
sözünü bir daha xatırlatdı: “Mən sizə
dostlarımı göstərim, mənim kim olduğumu deyin”
postulatını ortaya qoydu. Kimdir Abel Məhərrəmovun
dostları-vəkilləri? Onlardan birincisi nəinki Azərbaycanın,
bütövlükdə Şərq dünyasının şərqşünas
– ilahiyyatçı alim kimi tanıdığı, Tanrı
adamı, akademik Vasim Məmmədəliyevdir. Azərbaycan
ictimaiyyətinin elminə, sözünə, ləyaqətinə
pərəstiş etdiyi akademik Vasim Məmmədəliyev
bütün görüşlərdə Abel müəllimin
dayağı oldu. Onun bu namizəd haqqında fikirləri hər
dəfə seçicilər tərəfindən hərarətlə
qarşılanırdı: “Mən ona sevinirəm ki,
sözü bütöv, verdiyi vədlərə sadiq, vətəndaşlıq
ləyaqəti, xalqa, millətə layiq bir insan haqqında
yalnız həqiqətləri söyləmək kifayətdir
ki, onu böyük bir şəxsiyyət kimi təqdim edə
biləsən. Ona sevinirəm ki, Abel Məhərrəmovun
şişirdilmiş faktlara ehtiyacı yoxdur. Onun haqqında
danışmaq özü də savab işdir”. Vasim Məmmədəliyevin
Abel müəllimə dəqiq qiyməti: “Hər kəs alim də
ola bilər, cəmiyyətdə xeyirxah insan kimi də
tanınar. Amma Abel Məhərrəmov kimi bəşəri dəyərləri
milli mənəvi keyfiyyətlərlə sintez edib öz şəxsiyyətini
formalaşdırmaq az adama nəsib olan xoşbəxtlikdir”. Bu
sözləri Abel müəllim haqqında adi bir kimsə
deyil, həmin keyfiyyətləri özünün də şəxsi
həyatında yaşamaqda olan böyük bir alim deyirdi... Məhəlli
görüşlərdən birində namizədin digər vəkili,
görkəmli hüquqşünas alim, akademik Məsumə Məlikovanın
aşağıdakı sözləri seçicilər tərəfindən
hərarətlə qarşılandı. “Abel müəllim ona
görə xoşbəxtdir ki, əməlləri, milli və
bəşəri dəyərləri özündə birləşdirən
keyfiyyətləri ilə seçilir və sevilir”. Bu qiymətli
cümlədə bəlkə də kütləyə o qədər
də aydın olmayan leksika vardı, amma bu fikrin
alqışlarla qarşılanması sübut etdi ki, Yasamal
camaatı vəkilin sözlərini çox gözəl
anladı. Akademik Məsumə Məlikovanın daha bir fikri
bizim bu yazıda Abel müəllimin seçiciləri ilə
dostluq tellərinin həqiqət olduğunu sübut edir:
“Ötən beş ildə Abel müəllim seçiciləri
ilə o qədər səmimi olub ki, bu yaxınlıq dostluq səviyyəsinə
ucalıb”. Abel Məhərrəmovun digər vəkili Azərbaycan
Milli istiqlal hərəkatının hələ 70-ci illərdə
əsasını qoyanlardan biri, türk dünyasına
göstərdiyi xidmətlərinə görə Altaylardan
tutmuş Anadoluya qədər türksoylu xalqların dərin
məhəbbətini qazanmış akademik Tofiq Hacıyev
öz nitqində sanki deputatın ötən 5 ildəki fəaliyyətinə
yekun vurdu: “Son 5 ildə seçiciləri ilə daim ünsiyyətdə
olan, insanları düşündürən təkliflərin
yerinə yetirilməsi üçün səylə
çalışan Abel müəllim millət vəkili
adını həqiqi mənada doğruldur”. Namizədin vəkili
akademik Tofiq Hacıyevin bu sözlərinin həqiqət
olduğuna təkcə elə onun da yaşadığı
Yasamal rayonunun sakinləri deyil, bütün Azərbaycan
inanırdı. Tarix elmləri doktoru, professor Abuzər Xələfov
belə bir həqiqəti dilə gətirdi: “Abel müəllimin
adı cəfakeş pedaqoq kimi təhsil fədailərinin
sırasında çəkilir. Humanist əməllər sahibi
Abel müəllimə insanların inamı
böyükdür”. Azərbaycanın Milli Qəhrəmanı
Məzahir Rüstəmovun atası professor İzzət
Rüstəmov Abel Məhərrəmovu təmsil etdiyi
partiyanın nüfuzunu qaldıran bir millət vəkili və
yeni seçkilərdə namizəd kimi xarakterizə edir, onun
fəaliyyətinin bir sıra detallarını
açıqlayırdı. Seçicilər və universitet
alimləri içərisində yüksək intellektual səviyyyəsi
ilə sevilən dosent Əyyub Əzizovun görüşlərdən
birindəki bu sözləri də mitinq
iştirakçıları tərəfindən hərarətlə
qarşılandı: “Abel müəllim üçün
dövlət quruculuğunun təməlində güclü,
hazırlıqlı ziyalı potensialı dayanır. Bu
qüvvəni yetişdirmək məsuliyyəti və qisməti
onun üzərinə düşüb”. Abel Məhərrəmov
bu vəzifəni ləyaqətlə yerinə yetirməkdədir.
Görüşlərdə Abel müəllimin seçiciləri
adından onlarca adam söz alırdı. Bu seçicilərin
Abel müəllimə tapşırıqları ilə namizədin
platforması hər zaman üst-üstə
düşürdü: Azərbaycanın dövlət müstəqilliyinin
qorunması, ərazi bütövlüyümüzün bərpası,
Azərbaycan vətəndaşlarının sosial problemlərinin
həlli, elm və təhsilin uğurlu gələcəyinin təmin
edilməsi və s. Qəribədir, biz heç bir dairədə
seçicilərin öz namizədinə belə qlobal
tapşırıqlarının şahidi olmamışıq.
Görünür, Yasamal sakinlərinin qlobal
tapşırıq cəsarəti onların namizədinin
ölkə və dünya müstəvisinə çıxmaq
üçün potensial imkanlara malik olması ilə
bağlıdır. Görüşlərdə maraq doğuran
faktlardan biri də bu idi ki, Abel müəllimin seçiciləri
Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Abuzər Xələfov,
İzzət Rüstəmov, Bayram Əfəndiyev, Məsumə
Məlikova, İmran Qurbanov, Nurqələm Mikayılov, Zakir
Abdullayev və bu kimi məşhur elm xadimləri ilə təmasdan
da məmnunluq duyur, onlara da öz ehtiram və məhəbbətlərini
bildirirdilər. Yasamal rayonunun müxtəlif məhəllələrində
baş tutan bu görüşlərin zirvəsi Abel müəllimin
öz çıxışları ilə tamamlanırdı.
Akademik bəzi namizədlərin “dağı-dağ
üstünə qoymaq” nitqindən uzaq olub tamamilə real həyat
faktlarına söykənirdi. Bu çıxışların
heç biri digərinə bənzəmirdi. Tanıyanlar,
universitetin ən azı Elmi Şuralarında olanlar Abel müəllimin
öz nitqindəki səviyyəyə, səmimiyyətə,
fakta söykənən fikirlərinə yaxşı bələddirlər.
Abel müəllim sözü auditoriyaya ünvanlayan, nitqini səmimiyyət
və həqiqət üzərində quran böyük üslub
sahibidir. Onun bu görüşlərdə seçicilərinə
müraciətlə dediyi aşağıdakı sözlərin
səmimiliyi akademikin xarakterinə ekvivalentdir: “Hörmətli
seçici! Mən çox məmnunam ki, sizinlə yenidən
görüşürəm! Ötən müddət ərzində
Respublikamızda, eləcə də rayonumuzda baş verən
iqtisadi və siyasi inkişaf dinamikası mənə sizinlə
daha açıq ürəklə və səmimiyyətlə
görüşməyə əsas verir. Qürur duyduğum
millət vəkili adını və sizin
etimadınızı doğrultmaq üçün çox
çalışmışam. Xeyli iş görülməsinə
baxmayaraq etiraf etmək lazımdır ki, nəzərdə
tutduğum işlərin bir qismini həyata keçirə bilməmişəm.
YAP tərəfindən yenidən namizədliyim irəli
sürülmüş Yasamal rayonunda ziyalı təbəqəsinin
üstünlük təşkil etdiyini nəzərə alaraq əminəm
ki, seçkilərdə mənə böyük dəstək
olacaqsınız. Bununla da biz həyata keçirə bilmədiyimiz
işləri qarşıdakı illərdə
reallaşdıracaq, dövlətimizin və dövlətçiliyimizin
möhkəmlənməsi üçün birgə
çalışacağıq”. Görüşlərdən
birində söylədiyi aşağıdakı fikir
müasir aforizm kimi səsləndi:
“Milli Məclis sınaq,
eksperimentlər yeri deyil, Milli Məclis
sınanmışların yeridir”. Abel müəllim
gördüyü işlərdə mənsub olduğu
partiyanın ideyalarından, Azərbaycan Prezidentinin azərbaycançılıq
duyğularından, xalqın, seçicilərin ona inam və
etibarından güc aldığını söyləyirdi.
Daha bir qəribə mənzərə: Abel müəllimlə
seçici görüşlərinin hər birində səhərdən-axşamadək
əsən soyuq külək axşam sakitləşir və
salonlara sığmayan seçicilər elə məhəllənin
geniş həyətlərinə toplaşırdılar. Bu da
Allah adamının-xeyirxah insanın, kimsəsizlərə,
qaçqın və köçkünlərə əl tutan
ixtiyar sahibinin, 18 min tələbəni öz
övladlarından ayırmayan müəllimin, universitetin 2500
nəfərlik işçi kollektivinin qayğıları ilə
yaşayan bir rəhbərin və nəhayət, öz
seçicilərinin arzu və istəklərinin gerçəkləşməsi
yolunda zəhmətini heç vaxt əsirgəməyən bir
millət vəkilinin – Abel Məhərrəmovun Tanrı
qanadının altında olduğuna təbiətin
sübutudur... İyirmi bir günlük seçki
kampaniyası çox sürətlə keçdi. Sürətlə
keçdi ona görə ki, Abel Məhərrəmovun
seçicilərlə görüşlərinin hər biri
yaddaşlara həkk olunan maraqlı nağıl kimi, həyatımızın
bir parçasının təsviri olan sənətkarlıqla
yazılmış bir hekayənin məzmunu kimi ürəklərə
köçdü. Bu da seçki təbliğat
kampaniyasının son günü. Sabah noyabrın 6-dır.
Susqu günüdür. Bütöv bir sutka ərzində
heç bir namizəd haqqında, o cümlədən bizim
namizədimiz Abel müəllim haqqında da heç nə
deyilməyəcək. Bəlkə də bu bizə, hər
gün onun işlərindən məmnunluq hissi ilə
danışan hər kəsə çətin olacaq. Ancaq neyləyəsən,
qanun şahdır və əmr qanunundur. Təsəllimiz odur
ki, noyabrın 7-də axşam saatlarında – seçki
qutularındakı səslərin hesablanması anında biz
Abel müəllimin çox-çox, lap çox səs
çoxluğu ilə qalib gəldiyinin şahidi
olacağıq. Və elə həmin axşamdan dövlətinə,
millətinə, partiyasına sədaqətli millət vəkilinə
seçici sifarişlərinin hazırlanması prosesinə
başlayacağıq. Uğur olsun, Abel müəllim! Uğur
olsun, ünlü alim! Uğur olsun, doğma Universitet! Uğur
olsun, Azərbaycan! Yolunuz açıq olsun!
Könül NİFTƏLİYEVA,
fəlsəfə doktoru
525-ci qəzet.- 2010.- 5 noyabr.- S.6.