Günəşi gözləyənlər
(Romandan parça)
Günortadan
xeyli keçmiş Şaman arvadın yaşadığı
yerə çatdıq. Ətrafda bomboz, çılpaq dağlar
görünürdü. Torpağı
yabanı, zəhərli otlar bitirən dağların ətəyindən
zirvəsinəcən uzanan yarğanlara baxanda mənə elə
gəldi ki, nə vaxtsa buralarda əjdaha adamlar yaşayıb və
istəkli sevgililəri kimi dağların
üz-gözünü, boyun–boğazını oxşayarkən,
barmaqlarının izi hələ də boz torpaqların
simasında yadigar qalıb. Bizdən bir qədər
aralıda qoyun sürüsü, mal-heyvan
görünürdü. Bir ağızdan mahnı oxuyan
çobanlar səslərini mehə qarışdırıb
bizə salam göndərirdilər.
– Sürücünü yola
sal getsin. Bizimlə gəlməsə,
yaxşıdır, – Yasəmən astadan qulağıma
pıçıldadı.
– Niyə? Geri
nə ilə qayıdacağıq?
– Maşın tapılar,
bizim bura nədən ötrü gəldiyimizi bilməsin.
İstəyimi
sürücüyə deyəndə, qaşqabağını
töküb donquldandı. Başa
düşmürdüm, bütün günü bizimlə
burda avaralanmaq onun nəyinə lazım idi? Görünür, yolboyu eyhamlı
danışığımızdan duyuq düşüb hər
şeyi yerli-yataqlı bilmək istəyirdi.
Küçükləri maşının yük yerindən
düşürən kimi yol pulunu verib onu yola salanda,
Qaragözün dünyadan köçənlərinin ruhuna dua
oxuyub özünə arzuladığı əri, daha
doğrusu, ağ atlı oğlanı qismət
eləməyi allahdan istədim. Onun pulu olmasa idi, mən nə
edərdim ?
Qutunu
cırmaqlayan küçüklərin zingiltisini eşidəndə
Əqrəb sual dolu baxışlarını üzümə
zillədi. Barmağımı dodağıma aparıb
susmağını işarə elədim.
Günəş
göy üzünə parça-parça səpələnən
buludların arxasından boylananda, kölgəmizi
qabağımıza qatıb, Yasəmənin səmt verdiyi
dağa tərəf addımladıq. Qarşıda uzun, əyri-üyrü,
bir az da nahamar yol görünürdü.
– Sürücünün gəlməyinə
niyə razı olmadınız? – Əqrəb
birdən-birə dilləndi.
– Şaman nənənin burda
yaşadığını çox az adam
bilir. Tanışlıqla gələnlərə
də tapşırırıq ki, heç kimə heç nə
danışmasınlar.
– Siz deyirdiniz ki, hamı ondan
istifadə etmək istəyir...
– Hə, elədir. Amma hər
halda sürücünün bilməməyi məsləhətdir.Yolboyu
maraqdan az qala ağlı başından
çıxacaqdı.
Yasəmən
addımlarını yeyinlədib bizdən aralandı. Onun “ Mariya”
corabı hələ də ayağındaydı. Qaloşu mən
gördüyüm deyildi, az geyilmişə
oxşayırdı. Bəlkə də, xeyir-şər yerləri
üçün ehtiyata saxlayırdı...
Əqrəb qoluma girib
nigarançılıq tökülən səsiylə
pıçıldadı:
– Üzeyir, qurban olum gizlətmə,
küçükləri niyə aparırsan ?
– Şaman arvad
tapşırıb, Yasəməndən soruşdum, demək
istəmədi.
Əqrəb
titrəməyə başladı. Getdikcə rəngi
ağardı, dişlərini bir-birinə sıxıb sakitlik
tapmağa çalışsa da, alınmırdı. Bizdən xeyli qabaqda gedən Yasəməni səsləmək
istəyəndə, razı olmadı. Bilmirəm,
o, niyə bizdən qabaqda gedirdi, elə bil ki, yolun ortasında
sevişəcəkdik, bizə mane olmaq istəmirdi. Qolumu qızın belinə dolayıb onu sakitləşdirməyə
çalışdım.
– Özünü
darıxdırma, quzum, az qalırıq, bir
az da səbr elə. Bu gün bizim ən xoşbəxt
günümüz olacaq.
Əqrəb kəsik-kəsik
nəfəs alıb təngənəfəs adamlar
sayağı tövşüyürdü. Yasəmən
ləngidiyimizi görüb geri baxdı. Deyəsən, nəsə
hiss etmişdi, şübhəli nəzərlərlə bizi
süzüb sakit, qayğıkeş səslə, amma ciddi tərzdə
dönə-dönə tapşırdı :
– Şaman nənə
hər kəslə acıqlı danışır. Bəzən yersiz qəzəblənir,
hirsini-hikkəsini tökməyə adam gəzir.
Özünüzü onun yanında sakit
aparın, artıq heç nə soruşmayın.
Çalışın ona çoxlu alqış edin, insanlara
şəfa verdiyinə, pis adamları cəzalandırdığına
görə allahın nəzərinin üstündə
olduğunu deyin. Ruhlar ona çox əziyyət
verir, yorulur, bəzən əsəbləri pozulduğundan
özündən çıxıb qarşıdakı adama
hücum edir. Mənə tez gəlməyi
tapşırmışdı, gecikmişik. Bəlkə
bir az acıqlı ola, amma bunu sizi qorxutmaq
üçün demədim. Bir də içəridəki
əşyalara toxunmayın, xoşu gəlmir.
Onun ürək-dirək
verməyi ilə nə düzəlirdi ki? İçimə
dolan xofu canımdan çıxarmağın geri qayıtmaqdan
başqa çarəsi yox idi. Necə yəni
heç nə soruşmayın? Bu nə
demək idi? Şaman arvadın saqqızını
oğurlayıb suallarıma cavab almağı bacarmazdımmı
? Bacarardım, bacarardım! Lazım olsa
idi, Əqrəbi Yasəmənə qatıb ikisini də
bayıra çıxarar və diz atıb yalvarmaq bahasına
olsa belə, istədiklərimi ondan qoparardım.
Ətəyində
qaratikan kolları, biyan, dəvədabanı bitən
çılpaq dağa qalxdıqca mənə elə gəlirdi
ki, hansısa xarici filmin qəhrəmanlarıyıq və
idbar cadugərdən kömək istəmək
üçün min bir əziyyətə qatlaşıb onun
ilan-qurbağa, cin-şeytanla dolu mağarasına gedirik. Çobanların
qoyun-quzu otardığı bu çöllü-biyabanda
yaşamaq, ruhlarla əlləşmək, ömrünü əsəb,
qəzəb içində keçirməkdən dəhşətə
gəldim.
Bu da Şaman nənənin
balaca, kasıb və miskin daxması. Hə, hə, daxma, mən
fikirləşdiyim kimi, o, kol-kos arasında itib-batan,
qapısına doğru dar cığır aparan,
hörümçək torları ilə hörülən
mağara deyildi. Adi palçıq kərpicdən
tikilmişdi, işıq düşmək üçün iki
yerdən balaca, sınıq-salxaq pəncərəsi vardı.
Divarının suvağı
uçub-tökülmüşdü, həyət-bacadan kimsəsizlik,
yalqızlıq və ümidsizlik yağırdı. Boz dağların arasında qaralan bu miskin daxma,
ürəyimdə sonu görünməyən uçuruma, bəlkə
qaranlıq, dərin quyuya tuşlanan qərib duyğular
oyatdı. Daxmanın qaralmış
şifer örtüklərindən boy verib görünən
iki çuqun soba tütkəşi, elə bil Şaman nənənin
allaha doğru uzatdığı əlləri idi ki, yaradandan
insanlar üçün şəfa, imdad diləyirdi.
Biz həyətə
girmək istəyəndə daxmanın qapısı
cırıltıyla açıldı. İçəridən
qosqoca, beli donqarlaşmış, üz-gözündən qəzəb
tökülən arvad çıxıb, əlini
gözünün üstünə apardı və donuq nəzərlərlə
bizə sarı baxdı. Aramız heç beş metr olmazdı, qapqara nimdaş
paltarı, qırış tutmuş sifətindəki vahiməli
ifadələrdən səksənib, yerimdə quruyub
qalmışdım. Əlindəki ağacdan bərk-bərk
yapışıb toxtaqlıq tapmağa çalışsa da,
bədəninin müvazinətini saxlamağı
bacarmırdı. Başı, əlləri
əsirdi.
Yasəmən
gülümsəyib irəli durdu. Deyəsən, onun qəzəbləndiyindən
duyuq düşmüşdü. Şaman
arvad gözləmədiyimiz halda əlağacını elə
cəldliklə onun üstünə tolazladı ki,
çeviklik edib geri çəkilməsəydi,
qabırğaları qırılacaqdı.
– Sənə demədim gecikməyin,
qancıq... – qosqoca vahiməli səslə bağırdı.
Əqrəb
içini çəkib mənə sığındı.
Yasəmən
özünü itirmədi, görünür, belə hallara
öyrəncəli idi. Bizim başa düşmədiyimiz dildə
ona nəsə deyib sakitləşdirməyə
çalışdı.
– Rədd olun burdan, rədd olun !
Yasəmənin
qucağında çırpınıb boğula-boğula
qışqırır, əllərilə onun kürəklərinə
döyəcləyirdi. Daxmanın qapısı yenidən
cırıldadı və şaman arvadın əsəbi səsi
içəridən eşidildi.
Əqrəbin
halı yenə pisləşdi, gözündən yaş sel
kimi axırdı. Başını sinəmə söykəyib içini
çəkə-çəkə hıçqırır,
titrək səslə yalvarırdı :
– Gedək, Üzeyir, gedək
burdan, qurban olum, gedək.
– Sakit ol, əzizim, geriyə
yolumuz yoxdur. Səbr elə, hər şey
yaxşı olacaq. Qoca arvaddır, bizi
çox gözləyib, ona görə belə əsəbidir.
– Yox, heç nə istəmirəm.
Xahiş edirəm, apar məni,
küçüklər də yazıqdırlar. Onların günahı yoxdur, bizə görə ...-
sözünün gerisini uddu, – mən heç vaxt
sağalmayacağam, öləcəm, tezliklə öləcəm.
Gedək, Üzeyir, nolar gedək...
Elə bu vaxt
Şaman arvadın yenidən bağırtısı
eşidildi. Bunun dalınca divara dəyər-dəyməz yerə
düşüb diyirlənən dəmir qabın səsindən
diksindim. Bir dəfə, iki dəfə, üç dəfə...
Çox keçmədi, daxmanın şüşəsi
çiliklənib yerə töküldü və yumurta boyda tərəzi
daşı diyirlənə-diyirlənə bizim beş
addımlığımızda dayandı. Ürəyimə
gəldi ki, bəlkə Yasəmənin bizə
danışdıqlarından xəbər tutub? Bəlkə biz gələnə qədər ruhlar
onu incidiblər? “İlahi, bura qədər
gəlmişik, bizi peşiman eləmə. Şaman arvadın qəlbinə mərhəmət, Əqrəbin
canına sakitlik ver”. Qızı
qucaqlayıb var qüvvəmlə özümə
sıxdım, boyun-boğazını, saçlarını
öpüb-oxşamağımdan sanki diksinib sinəmi yumruqlamağa,
üz-gözümü cırmaqlamağa başladı. Qollarım arasından çıxıb üzü
aşağı qaçdığını görəndə,
özümü birtəhər yetirib qolundan tutdum. Dəfələrlə dediyim sözləri yenidən
təkrarladım, qucaqlayıb öpdüm, istəsə idi,
qarşısında diz çöküb yalvarardım. Qəbiristanlıqda mənə dediyi sözləri
yenidən xatırladım.
“Günahkar ruh bədənimdən
çıxmaq təhlükəsi hiss edəndə mənə
verdiyi əziyyəti daha da şiddətləndirir”.
Hiss etdim ki, Əqrəbin bədəni
taqətsizləşdi, əvvəlki müqavimət
gücünü itirməsilə qollarının yanına
düşməsi, dizlərinin bükülməsi bir oldu. Başımı itirdim, nə edəcəyimi
bilmirdim. Su tapsaydım üz-gözünə
səpib ayıldardım.
Yasəməni
başımın üstündə görəndə ürəkləndim,
gözləri nəmliydi. Yazıq arvad, yəqin Şaman nənəni
razı salmaq üçün ağlayıb, allah
bilir nə qədər yalvarıb. Hələ
utanmaz-utanmaz bu qoca kaftara ağızdolusu nənə də
deyirəm. Nənə adı onun gözündən gəlsin,
bu qozbel arvada, daha doğrusu, zəhər
tuluğuna nəvə olmağı qutuda acından zingildəşən
küçüklərə də rəva bilməzdim. Allah bilir, bizim başımıza bundan sonra hansı
oyunları açacaqdı.
Əqrəbi
ayıltmaq üçün Yasəmənin plastmast qabda gətirdiyi
su da kömək eləmədi. Qız huşunu itirib
qollarım üstdə hərəkətsiz
qalmışdı. Daxmanın
qapısından eşidilən cırıltının
ardınca Şaman arvadın qırış tutmuş vahiməli
sifəti kandarda göründü. Qosqoca səsini
çıxarıb xəsisliklə bircə söz dedi: “gətirin!”
Daxma səliqəsiz,
törtöküntülü idi. Yerə atılan
nimdaş xalçanın üstündə yanıq izləri
aydın görünürdü. Şaman arvad
acıqlı-acıqlı üzümə baxıb çımxırdı :
– Ora apar! – əlini
evin giriş qapısından sağdakı qaranlıq
aralığa tuşlayıb əmr etdi. Dediyi
kimi də elədim, lal-dinməz qabağına
düşüb getdim. Göz-gözü
görməyən qaranlıq otağa gəldik. İçəridən üzərlik qoxusu duydum.
Gözlərim qaranlığa alışandan
sonra üzbəüz divarda, otağın baş tərəfində
yuxarıdan asılan qoç buynuzu, qoç sümüklərini
gördüm. Buynuzun yanında qara
qarğanın cəsədi asılmışdı. Bir az da diqqətlə baxanda, qarğanın
yanındakı bayquş cəsədini gözüm alan kimi
qorxub-üşəndim. Yasəmənin nəfəsini kürəyimdə
hiss edəndə özümə gəldim. Həyəcanımı
hiss edib qoluma toxundu ki, cəsarətli olum!
Deyəsən,
üzərliyin xoş ətri getdikcə tündləşdi. Qaranlıqda
ora-bura vurnuxan Şaman arvadın ayaq səsləri beynimə
işləyirdi, sinirlərim gərilmişdi. Başım gicəlləndi, gözlərim yumulurdu.
Qollarım üstdə uyuyan Əqrəbi bərk-bərk
sinəmə sıxıb dişlərimi qıcadım,
möhkəm olmaq lazım idi, nəyin bahasına olur olsun,
dözməliydim. Həyatımın yeddi illik
parçası olan bu bəxtsiz qız üçün hər
şeyə tablaşmağa hazır idim, təki o, cəhənnəm
kimi vahiməli olan bu daxmada şəfa tapsın, ilahi!
Şaman mərasim
üçün lazım olan hər şeyi yerbəyer edəndən
sonra kibrit çəkib ortalıqdakı böyük
şamdanda olan yeddi şamın ikisini yandırdı. İçəri
işıqlaşanda məni yenidən vahimə
bürüdü. Otağın tən
ortasında yerə salınan və baş tərəfi
üzü güneyə tərəf olan boz at dərisi
hazır olan kimi Əqrəbi onun üstünə
uzatmağı əmr elədi. Mən
sonradan biləcəkdim ki, Yakutlarda boz at dərisi mübarək
üzlü sayılır.
– Çıx bayıra... – Mənim
üstümə bağırıb yenidən
acığını tökdü.
– Şaman nənə...-
udqundum.
– Dedim, çıx bayıra,
tərbiyəsiz!
Cavid ZEYNALLI
525-ci qəzet.- 2010.- 6 noyabr.- S.29.