Nəsrimizdə yeni imza
İndi gənc yazarların çoxu roman yazmağa girişiblər. Hansısa tanıdığımız, yazıları ilə mətbuatda çıxış
edən fəal bir gənc yazar
bir müddət gözə görünməyəndə
onun roman yazmaqla məşğul olduğunu
deyirlər. Bizim gənclər
tərəfindən mənə
çoxlu elektron və çap variantında romanlar ünvanlanır. Bunların bəzilərini
oxumağa başlayan kimi sınıq-salxaq cümlələrdən, kələ-kötür
dildən sanki ayağın ilişib quyunun dibinə düşürsən. Amma o bədbinlik
quyusundan çıxmağa
da imkan yaranan məqamlar olur. Son vaxtlarda
bir neçə gənc yazarın romanlarını maraqla oxumuşam. Bunların sırasında Kəramətin,
Svetlananın, Ziyadın
adını çəkə
bilərəm. Bu roman yazmaq “xəstəliyi”, olsun ki, Elxan
Qaraqanın “A” romanının
populyarlığından sonra
gənclərə sirayət
edib və həm də burada türk romançılarının axır
illərdəki böyük
uğurları, Orxan Pamukun, Elif Şəfəqin
Azərbaycanda da populyar olan son romanlarının təsiri
də olmamış deyil. Cavanların romanları dalğasında
növbəti qarşılaşdığım
bizim istedadlı gənc yazarımız Cavid Zeynallının əsəri oldu. Cavid bizim istedadlı publisistimiz, maraqlı hekayələr müəllifidir.
“525-ci qəzet”in oxucuları da onun imzasını tanıyırlar, Gənc Ədiblər Məktəbinin
tədbirləri barədə
orijinal reportajlarını,
yəqin ki, xatırlayırlar. Mən Cavidin
romanını oxuyarkən
çox nikbin hisslər yaşadım.
Bu romandakı axıcı dil və gözəl təhkiyə məni sevindirdi. Roman barədə
fikirlərimi müəllifin
özünə də
dedim. Obrazların xarakterlərində hansısa qeyri-səmimi, inandırıcı olmayan
məqamlar barədə
də danışdım.
Amma ən nikbin cəhət o idi ki, mən bu
romanı oxuduqca artıq nəsrimizə yeni bir püxtləşmiş
nasirin gələcəyinə
qəti şəkildə
inandım. Bu inam cümlədən-cümləyə,
səhifədən-səhifəyə daha da artırdı.
Cavidi təbrik etdim, Əsəd Cahangirlə, Qismətlə fikirlərimi
bölüşdüm, önəmli
uğura imza atmış gənc müəllifə türkcə
və azərbaycanca bir neçə kitab bağışladım.
Bu kitabların içərisində Orxan
Pamukun, Xalid Hüseynin kitabları da var idi.
Amma mən məmnuniyyətlə,
80-ci illərdə kiril
əlifbası ilə
dərc olunan Çingiz Hüseynovun “Fətəli fəthi” romanını da Cavidə bağışladım.
Mən Caviddən bu romanı oxumasını çox arzulayırdım.
Bu arzunun arxasında
isə gələcəkdə
Azərbaycan ədəbiyyatına
beləcə sanballı
roman bəxş edəcəyinə
işarə vardı.
Mən inanıram ki, Cavid çalışacaq,
oxuyacaq və bir otağa, bir küncə çəkilib öz dünyasını yarada biləcək, o dünya bizim üçün – onun oxucuları üçün çox cəlbedici və maraqlı olacaq. “525”in oxucularına Cavidin romanı barədə tanınmış
tənqidçimiz Əsəd
Cahangirin məqaləsini
və romandan bir parçanı təqdim etməklə Azərbaycan nəsrinin yeni bir imzasına
xeyir-duamı ünvanlayıram.
Rəşad MƏCİD
525-ci qəzet.- 2010.-
6 noyabr.- S.28.