Bu dünya sevgidir
“Yuxarıda mavi göy, aşağıda qonur yer
yaradılan zaman, ikisinin arasında insan oğlu
yaradılmışdır.”
Əski türk daş bitiyindən
Gənc nasir Cavid Zeynallının ilk hekayələrinin dərcindən vur-tut bir neçə il keçib. Odur ki, iki ay öncə “Günəşi gözləyənlər” romanının əlyazmasını mənə verib fikrimi öyrənmək istədiyini deyəndə narahatlığa bənzər bir hiss keçirdim. Düzdür, onun hekayələrində də gələcək nasir qələminin işartıları görünürdü: canlı dil, axıcı təhkiyə, realist müşahidə qabiliyyəti, süjet qurmaq, hansısa məsələ qoyub onun bədii həllini vermək çabası... Və bunu görənlərin biri, bəlkə də birincisi elə mən özümüydüm. Buna baxmayaraq, mənə elə gəlirdi ki, onun kiçik hekayələrdən birdən-birə romana keçməsi hələ tezdi. Hələ illər keçməli, o, nasir üçün çox önəmli olan həyat təcrübəsi qazanmalı, savadını artırmalı, qələmini püxtələşdirməli, bu müddətdə hekayələr, povestlər yazmalı və yalnız bundan sonra gəlib romana çıxmalıydı. Bunu çoxsaylı təcrübələrlə təsdiqlənən məntiq deyirdi. “Görəsən, Cavidin ilk roman çabası son illər ədəbi mühiti bürümüş psevdoroman hay-küyünün daha bir nümunəsi deyil ki?”, – deyə düşünürdüm. Fərqli bəhanələrlə bu-gün sabaha salıb əlyazmanı oxumağı xeyli ləngitdim. Nə gizlədim, məyus olacağımdan ehtiyatlanırdım.
Amma sən saydığını say, gör Cavid nə sayır. “Günəşi gözləyənlər”i oxuyub təəccüblənməli oldum. Özü-özünü ötüb keçən müəllifin istər mənəvi, istərsə də yazı texnologiyası baxımından sıçrayışı göz qabağındaydı. Bəli, düz oxudunuz, sadəcə irəliləyiş yox, məhz sıçrayışı. Cavid uğursuz eksperiment aparmayıb, fiasko ilə sonuclanan roman məşqi eləməyib, öz yaşı, təcrübəsi, savadının konturları çərçivəsində uğurlu bir çabada bulunub. Yaşıdlarının əksəriyyətindən fərqli olaraq o, gücü çatan yükün altına girib və onu qaldırmağı bacarıb. “Günəşi gözləyənlər” oxunur, düşündürür və yadda qalır. Cavid öz həssas barmaqları ilə oxucu qəlbinin sarı simlərinə toxunub bəzən onu gözləri yaşarıncaya qədər kövrəltməyi də bacarır. Və bütün bunlar gənc müəllifin nasir stixiyasıdan xəbər verir. Ən əsası da, məncə, elə budur.
Etik-mənəvi problematikaya həsr olunan, mövzusu çağdaş gənclərin həyatından götürülən, sadə, birxətli süjet üstündə qurulan “Günəşi gözləyənlər”i ən müxtəlif yönlərdən təhlilə çəkmək olar: kişi-qadın, varlı-kasıb, insan-heyvan, it-pişik əkslikləri. Amma romanın oxu prosesində mənim üçün ən önəmlisi bütün bu binar qarşıdurmalarda mediator rolu oynayan və finalda qalib çıxan insan ürəyi oldu. İstər qatı naturalist, istərsə də zərif impressionist təsvirlərin ardından müəllifin ürək döyüntüləri eşidilir: in!san! ol!maq! la!zım!dır!
Əsər başdan-sonacan həyata sevgiylə, gələcəyə inamla baxan gənc müəllifin ürəyinin işığına bələnib. Lakin qəhrəman və onun ardınca da müəllifin kəskin ironiya, hətta avtoironiyasından görünür ki, bu, həyatdan xəbərsiz sadəlövh bir gəncin romantik xülyaları deyil. Cavid gerçəkliyi bəzən utanc doğuran mikroskopik təfərrüatlarınacan görür və göstərməyi bacarır, amma bütün bunlar onun xeyrə, işığa, gözəlliyə olan inamını qıra bilmir. Romanın ən güclü tərəflərindən biri onun bu pozitiv çağırış semantikasındadır. Yəqin buna görə istər romanın adındakı ikibaşlı işarəyə, istərsə də qəhrəmanların acınacaqlı durumuna baxmayaraq, “Günəşi gözləyənlər” insan qəlbi haqqında optimist poema kimi oxunur. Əsas qəhrəmanlar – gənc Üzeyir və doğulduğu bürcə görə zarafatla Əqrəb adı verdiyi sevgilisinin aqibəti də ən ümumi ideya məntiqindən doğan bu insanpərvərliklə səsləşir – oğlan heyvani qatdan yuxarı qalxır, qız ilahi qatdan aşağı enir və istəklilər insani qatda qovuşurlar.
Çağdaş
Azərbaycan gənci istər maddi, istərsə də mənəvi
yöndən niyə bu durumdadır? Romanda bu suala verilən
cavab özəl şərh istəyir. Problemə ənənəvi
sosial-siyasi diaqnoz qoymaq gənc nasiri o qədər də ilgiləndirmir
və uzaqbaşı ən ümumi fon səviyyəsində əksini
tapır. Asosiallıq özgürlük dönəmi gənclərinin
bədii düşüncəsində sosrealizm ədəbiyyatı
trafaretlərinə bəzən şüurlu, bəzən isə
şüuraltı etiraz kimi meydana çıxır. Məsələnin
kökünün tale qatında axtarılması və həlli
isə, məncə, sovet dönəmi materializmindən
usanmış çağdaş oxucu zövqünə
hesablanan metafizik ekzotikadır. Problemin çözümünün əsl
generatoru nə toplum, nə də tale yox, insan ürəyidir. Ardıcıl
daxili-mənəvi inkişaf keçirən, həyatın
dibindən çıxaraq pillə-pillə öz
adamlığına qovuşan alatavalı kirayənişin
Üzeyir xilas etdiyi anasız it küçükləri, nəvaziş
göstərdiyi dilənçi qızcığazdan tutmuş
şaman qadına qədər hər şey və hər kəsdən
öz xeyirxahlığının qarşılığı
kimi kömək görür. Və sonucda
göylər də ona öz xeyir-duasını verir.
Günahkar bir qadının ruhunu daşıyan “göylər
qızı” Əqrəb problemin çözülməsiylə
ulduzların təsirindən qurtulub yerə enir,
özünün əsl insani adını qazanır!
Yer, göy və insan! Romanın strukturoloji altyapısında bu tirada durur.
Amma müəllif diqqətinin fokusu yerlə göyün qarşılıqlı
dialektik münasibətlərinin tənzimlənməsində
həlledici rol oynayan insanın üstünə daha çox
yönəlir – bütün sualların cavabı, sorunların
çözümü sən özünsən! Nə
yuxarı, nə aşağını, nə tale, nə də
toplumu gözləmədən birinci addımı sən
özün atmalısan! Bu addımın adı sevgi və mərhəmətdir!
Çünki, “bu dünya sevgidir, qalan oyuncaq.”
Müəllifin məntiqi vurğusu ilk cümlədən
sonuncuya qədər bu fikrin üzərinə
düşür.
Yaşadıqları və
gördüklərini yazdığı hiss olunan Cavidin,
oxuduqlarından da təsirləndiyi nəzərdən qaçmır.
Lakin yaşıdlarının bir qismindən fərqli
olaraq epiqonçuluq, ikinci qismindən fərqli olaraq radikal
inkarçılıq ona yabançıdır. Bu məsələdə ən çətin
mövqedə – qızıl ortada duran Cavidin sələflərə
yanaşması ədəbi nəsillər arasında
münasibətlərin ən ağıllı, ən ədalətli,
nəticə etibarilə ən optimal forması sayıla biləcək
bərabərhüquqlu dialoq müstəvisindədir.
Bütün roman boyu gənc yazıçının
özünəməxsus tembri aydın seçilsə də,
arada tanış boğazlar elədiyi, məşhur
xallara, məlum simlərə vurduğu da nəzərdən
qaçmır. Amma o, Norveç
yazıçısı K.Hamsunun “Aclıq” romanından
tutmuş Anarın “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” romanına qədər təsirləndiyi
mənbələrdən gələnləri fərdi
modulyasiyadan keçirir, özününküləşdirir və
yalnız bundan sonra ortalığa çıxarır. Və bu olur yaradıcı bəhrələnmə.
Norveç
yazıçısının romanıyla Cavidin romanı
arasında ən müxtəlif yönlərdən paralellər
aparmaq olar: hər iki romanda hadisələrin birinci şəxsin
dilindən nəql olunması, əsas qəhrəmanların
çətin maddi durumda yaşaması, kirayənişin
qaldıqları evin sahibələri ilə münasibətləri,
birincidə İloyali, ikincidə Nərmin adlı qızlarla
olan macəraları, polis və uşaq obrazları. Daha
ciddisi, qəhrəmanların bir yandan ağır maddi
durumları, digər yandan isə qürur göstərmək
cəhdləri arasındakı kontrast və bundan doğan
avtoironiyadır! Ən vacibi isə bütün çətinliklərə
baxmayaraq, hər iki qəhrəmanın törətdikləri əməllərə
görə vicdanları qarşısında
vaxtaşırı hesabat vermələri, düşdükləri
ən ağır durumlarda belə ehtiyacı olanlara əl
tutmaq, öz adamlıqlarını var qüvvələriylə
qoruyub saxlamaq cəhdləridir!
Bununla belə,
Cavid təqlidçilik yolu tutmur, Norveç kronunu sadəcə
Azərbaycan manatına dəyişməklə kifayətlənmir. Daha çox
psixologizmə köklənən “Aclıq”dan fərqli olaraq,
Cavidin romanı süjetin rəngarəngliyi baxımından
da diqqəti çəkir. Onun qəhrəman
və personajları xarakterik milli xüsusiyyətləri ilə
seçilirlər. Hamsunun qəhrəmanından
fərqli olaraq Üzeyirin özünəinam və
özünəironiyası daha qabarıq nəzərə
çarpır. Norveç
yazıçısının finalda öz İloyalisini tərk
edən qəhrəmanından fərqli olaraq, Üzeyir
qarşısına sevgilisi Nərmini xilas etmək məqsədi
qoyur və buna nail olur, birinci roman sevgililərin
ayrılığı, ikinci isə qovuşması ilə
bitir. Bu, Cavidin romanına daha nikbin ruh
aşılayır.
Eyni səciyyəli
paralelləri Anarın romanıyla da aparmaq olar. Hər iki romanda kişi qadını fahişəyə, yoxsa mələyə
çevirmək sorunu ilə üz-üzə qalır. Anarın Zauru bu dilemmanın istəməyərəkdən
birinci, Cavidin Üzeyiri isə bilərəkdən ikinci tərəfini
seçir. Çünki birinci dışa
– topluma, ictimai rəyə, ikinci isə içə – öz qəlbinə,
vicdanına hesablanmış düşüncəylə
yaşayır. Zaur toplumla mübarizədən
məğlub, Üzeyir isə özüylə mücadilədən
qalib çıxır. Anarın qayəsi
bu məğlubiyyəti, Cavidin məqsədi isə bu qələbəni
göstərməkdir. “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” müəllifinə xas
olan ekzistensial çıxılmazlıq duyumu öz
romanını nikbin finalla bitirən Cavid üçün səciyyəvi
deyil. Yəqin həm də bu üzdən
“altıncı qata” çıxa bilməyən Zaurdan fərqli
olaraq, Üzeyir tale qatına yol tapır və istəklisini
xilas edə bilir.
Lakin
olayların diametral əks sonuclanmasına baxmayaraq, müəlliflər
ən ümumi ideya planında birləşirlər – bu
dünyada yalnız bir həqiqət var, qəlbin həqiqəti. Sadəcə,
Anar qəlbin səsinə qulaq asmamağın faciəsini,
Cavid isə onu dinləməyin gətirdiyi uğuru göstərir.
Bu romanların əsas qəhrəmanlarının
adları (Zaur – Üzeyir, Təhminə – Nərmin) arasında
qulaq qafiyəsi üstündə qurulan fonetik səsləşmə
də, olsun ki, təsadüfi olmayıb gənc nasirin ustad sənətkarla
dialoq çabasının ifadəsi kimi meydana
çıxır. Bütün bu
sadalananlar sadəcə iki əsər və iki müəllif
yox, yarım əsrin ayırdığı iki zaman və iki nəslin
həm oxşar, həm də fərqli cəhətləri kimi
qavranılır.
Gənc nasirin
poetexnoloji bacarığı da razılıq doğurur. Cavid cəddinə
güvənən seyid kimi ancaq stixiya ilə, kor-koranə
yazmır, hələ romanı başlayanda onun necə
qurtaracağını görür, konfliktin
çözümüylə bağlı oxucunu intizarda
saxlamağı, sonucda əsəri oxutmağı bacarır.
O, olayları demək yox, çağdaş nəsr
üçün önəmli sayılan göstərmək
yoluyla gedir, lüzumsuz müəllif izahatları ilə
oxucunun başına ağıl qoymur, obrazların təqdimində
birmənalı ağ-qara trafaretlərindən qaçır,
eyni vaxtda həm müsbət, həm də mənfi keyfiyytələri
özündə daşıyan Üzeyir, Nərmin, Yasəmən,
Qaragöz və s. kimi canlı insan xarakterləri yaratmağa
çalışır.
Xəsis boyalarla yaradılan
təravətli metaforalar, rəvan təhkiyə, canlı
dialoqlar, daxili monoloqlar, realist müşahidədən
doğan detalçılıq, yığcam, bitkin kompozisiya,
gözlənilməz və həm də məntiqi razvyazka,
düşündürücü final... Bütün
bunlar Cavidin həvəskar qələm məşqlərindən
peşakar nəsrə keçid dönəminə
çatması və gələcək nasir imkanlarının
kifayət qədər ciddiliyindən xəbər verir.
Biz nəyisə
qarşısıalınmaz bir istəklə, hava kimi, su kimi
arzulayanda, bu yolda bütün çətinliklərə sinə
gərəndə tale özü köməyimizə gəlir. İlk
romanından da göründüyü kimi, Cavid bunun fərqindədir
və bu, təsadüfi deyil. Axı o, Azərbaycanın
bölgələri arasında öz mübarizlik ruhu, kreativ
mentaliteti ilə seçilən və bu cəhətdən
Fransanın Qaskoniyasını xatırladan Cəlilabadda
dünyaya göz açıb. Məncə, bu ruhun
formalaşmasında ta qədimdən inqilabi mübarizə ənənələrinin
beşiyi olan Güney Azərbaycanı ilə coğrafi
yaxınlıq və genetik bağlılığın özəl
payı var. “Günəşi gözləyənlər” müəllifinin
istər özü, istərsə də qəhrəmanında
müşahidə olunan qələbə
inadkarlığı, yəqin ki, həm də burdan
qaynaqlanır. Amma Cavid də öz Cəlilabadına
borclu qalmır. Cəlilabadın indiyəcən
taxılı, üzümü və Salamı varıydı.
Bundan sonra isə yəqin ki, onun Cavidindən də
danışmaq mümkün olacaq.
Gənc dostumu
roman sahəsindəki uğurlu debütü münasibətilə
təbrik edir, gələcək işlərində onun daha
böyük uğurlara imza atacağına inanıram.
Dərin sayqılarla
Əsəd Cahangir
525-ci qəzet.- 2010.- 6 noyabr.-
S.28.