Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

 (Əvvəli ötən şənbə saylarımızda)

 

Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi:

 

Şirməmməd Hüseynov

 

 

ORDAN-BURDAN

 

Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov, “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət edəmiyib diyor ki: “Mərəzimiz cürətsizlik degil, məktəbsizlikdir!”. Cənab Mahmudbəyova cavab: Əfəndim! Məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kibi özbaşınamı açılar?? Bunu da unutmayalım, əfəndim, özünü “oda və közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə siz məqalənizdə özünüzü kənara qoyub “təqdiri-qəza qüvvəti-bazu ilə dönməz”* misrasının məzmun və məalinə tabe olan əvami özünüzə qalxan edər kibi meydana çıxarırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub “hümmətül-rical təqləül cibal”** kibi ali fikirlərin qövldən-felə gətirilməsilə naili- murad olsun, əfəndim.

 

lll

 

Nə tövr ermənilər ruslar ilə dostlaşmaq istiyorlar

 

Keçmişlərdə, yəni Hürristan (Qurya) dağıldığından əqdəm, ermənilərin ruslardan zəhləsi gediyordu. Kirvələr üzlərini müsəlman və gürcü qonşularına tutub “aşna, bu urus çox pis adamdır. Qatso, urus bizi həlak elədi ki”-deyə şikayət ediyordular və rusların qanına yerikliyordular. Lakin bəd əz xərabeyi-bəsərə işi özgə bir surətdə gördülər. Və ... zəhlələri getdigi ruslar ilə dostlaşmağa tizi-qeyrət etdilər. Bunun üçün neçə-neçə xəyanətkaranə vasitələr ittixazında bulundular. O vasitələrin biri də budur, məsələn:

“Arac” yalandan yazıyor ki: “On nəfər silahlı müsəlman bir nəfər silahsız ermənini tutub, lap nahaq yerə öldürmək istiyordular. Xoşbəxtlikdən bir “rus əfsəri” bu işin üstə çıxıb binəva ermənini şərir müsəlmanların əlindən xilas edibdir. Yaşasın rus əfsəri!”

Lakin ... rus əfsəri “yaşamaq” filan istəmiyib diyor ki: sözün doğrusu nə “şərir müsəlman” görmüşəm, nə də “binəva” ermənini xilas etmişəm. ... “Arac”ın sözləri hiylədir.

 

lll

 

Əcəb türkün ürəkdən tikan çıxardan məsəlləri vardır! Məsələn: “Abbasını bəgənmiyən beş şahı çıxardar”. Bu zərbülməsəl bir taqım başı boş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir karkün zatə qarşı etdigi istehzayə bir şafidir. Hər bir millətin içində “abbasını bəgənmiyən” fərdlər vardır. Lakin bunlar üç qismdir: biri-abbasını bəgənmiyib beş şahı çıxardanlar, digəri abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəgənmiyib beş şahı çıxarda bilmiyənlər və üçüncü-abbasını bəgənmiyib beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qism hər bir millət içində müzürr bir ünsürdür ki, onun sənəti iş görməgə bel bağlıyan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə iş görənlərimizdə öz istedad və qüvvələrinə etiqad olsa, böylə “abbasını bəgənmiyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.

Filankəs

“İrşad”, 5 aprel 1906, ¹ 82

Felyetondan “Nə tövr ermənilər ruslar ilə dostlaşmaq istiyorlar” nimsərlövhəli 2-ci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 50, 2-ci c. 2005, səh. 196-197).

müvafiqət- razılıq

karkün- iş görə bilən

şafidir- qənaətləndirici cavabdır

*Alın yazısı qol qüvvəsi ilə pozula bilməz

**Kişilərin səyi dağları qoparar

 

 

ORDAN-BURDAN

 

Qarelərimizə məlumdur ki, neçə vəqt bundan irəli Qarabağın Ağdam deyilən müsəlman mərkəzində kazaklar lap nahaq yerə dörd-beş müsəlman öldürmüşdülər. Gəncə general-qubernatoru cənab Alqtan Ağdama gedib müsəlmanlara təsəlli vermiş. Cənab Alqtanın sözündən bu çıxırmış: hərçəndi sizin hər hüquq və ixtiyarınız əlinizdən alınıbdır hesab etmiyor (??). Hərçəndi kazaklar səhv edib sizin dörd-beş adamınızı öldürübdülər və dörd-beş ailəni lap nahaq gözüyaşlı, ürəyi qanlı və kimsəsiz qoydular, amma zərər yoxdur, siz kazaklar ilə qardaş olunuz. Yoxsa qonşularınızın başına gələn sizin də başınıza gələr! Hərçəndi Gülablı kəndini ermənilər elə dağıdıblar ki, bir nişanə də qalmıyıbdır, amma zərər yoxdur, qoy gülablılar gedib öz yerlərində (??) sakin olsunlar. Xudahafiz...

Xudahafiz... yaxşı təsəllidir. Aya bundan kimə nə soyuqluq, kimə nə istilik?

 

lll

 

“Bir başı qapazlı”nın söylənməgi:

 

Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməgi gözümüzün önünə alaq. Bilet alıb vaqona miniriz- kanduktor qapaz vurub diyor ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona miniyoruz-yenə kanduktor qapaz vurub diyor ki, nə üçün biletsiz gediyorsan. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdeniya)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələr ilə “novbət” gözliyoruz: axırda da “zavtra” ilə bir qapaz alıb məyus gediyoruz. Ürəgimizin qəmini dağıdıb, əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrügahlara çıxıyoruz- qaradovoy qapaz vurub dışarı çıxardıyor ki, bura sizin yeriniz degil. Tamaşa üçün teatrolara gediyoruz pul ilə də bizə bilet vermiyorlar: görünür ki, ora dəxi bizim yerimiz degil. Küçələrdə gəzmək biz üçün xətadır: Sübh vəqti qabağımıza çıxan adam bizi görüb geri çəkilir ki, tfu! “mənhus” adama rast gəldim: İşim düz gətirməyəcəkdir. Axşam çağlarda da bizi qaradovoy və strajniklər soymasa-quldurlar soyur. Dilənçilər də bizi görüb təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bir bizə hürür. Uşaqlar da bizə sataşır... Guya ki, biz bu dünyaya gəlməkdə böyük bir xəta etmişik”.

 

lll

 

Bəzi qumarbazlar vardır ki, oyun əsnasında əvvəl udarlar, sonra da udduqlarını bir-bir uduzmağa başlarlar. İştə Bakı şəhər idarəsi dəxi bu qumarbazlara bənziyor. Əvvəlcə idarənin mədaxili başa gələn deyil idi, amma indi... O ordan pul istiyor, bu burdan pul istiyor. Pul da yox, ayın igirmisi də yaxınlaşmaqdadır...

 

lll

 

Demək olur ki, bütün Rusiya dəxi maliyyat cəhətincə bizim Bakı şəhər idarəsinə bənziyor. Rusiyada da pul yoxdur. Hər nə qızıl var idi göndərildi “dəryanın o biri tərəfinə”. Halbuki, bu tərəfdə pul dərmanı olan dərdlər başa gələn degil... Qərbi qonşular da borc pul vermək istəmiyorlar. Şərqi qonşulardan da tək bir İran borc pul verirdi, əgər özünün borcu qədər pulu olsa idi!

Filankəs

“İrşad” qəzeti, 6 aprel 1906, ¹83

Felyetondan “Qarabağın Ağdam deyilən müsəlman mərkəzində” rus kazakları və ermənilərin vəhşiliyinə həsr olunmuş 1-ci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 51-52; 2-ci c. 2005, səh. 197-198).

təfərrücgah- gəzinti yeri

 

 

ORDAN- BURDAN

 

Rus və yapon müharibəsi əsnasında bizim avam xəlqimiz diyordular ki: yaponlar quş kibi uçub Peterburqun yanına gəlibdirlər, iki saətdən sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və sairə. Biz “obrazovannı”lar avamımızın bu sözlərini eşitdikdə gülürdük, belə şey yoxdur-deyirdik. İmdi bizdən milyon dəfə artıq “obrazovannı” olan əcnəbilər bizim bu Qafqaza dair öylə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməgi tutur”. Bu əhvalatı yalnız danışırlar degil, məşhur qəzetələrində də yazıyorlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri general qubernator ilə bir yerdə dağılıb viran olubdur. Sonra yazmışdılar ki, Qafqazda dərman üçün də erməni tapılmaz. Yəni hamısını müsəlmanlar qırıbdırlar. İmdi də alman qəzetələrində yazıyorlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt salmaq istiyorlarmış və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (Pah! Atonan yeri!) müştərisi varmış!...

İmdi biz bu mədəniyyətli əcnəbiləri də öz avamımız yerində qoyub güləlimmi, yoxsa bu mədəniyyətin daşıb-tökülməsindən irəli gələn sərsəm azarı dərddir-deyə qulaq ardına vuralım?

 

lll

 

Osmanlı dövləti Rusiyada vaqe olan ixtişaşın, baxüsus “zabastovka”nın hamısını “qulaq ardına” vuruyordu. Amma imdi “zabastovka” mərəzi özünə də sirayət etməkdədir. Böylə ki, “Tunə” qəzetəsinin sözünə görə, İstanbulun tütün (tənbəki) fabrikalarında üçüncü dəfədir ki, “zabastovka” vaqe olmaqdadır. Odur ki, hökumət bərk “əl-ayağa düşübdür”. Məlumdur ki, insanı heyvan dərəcəsinə yetirsən “zabastovka” da eylər “baykot” da eylər, hələ desən ...

 

lll

 

“Baykot” ... Krım müsəlmanları Dövlət dumasını xah- nahax “baykotluyubdurlar”, yəni Krım müsəlmanlarından Dövlət dumasına bir müsəlman da seçilmiyibdir. Nə üçün? Çünki, müsəlmanlar əvəzinə seçilən ruslar müsəlmanların həyat və məişətindən yaxşı xəbərdardırlar. Hm! ... Öylə isə, heç digər müsəlmanlar da zəhmət vermiyib əvəzlərindən cənab Çerivanskini seçə idilər, yaxşı olmazdımı? Axı cənab Çerivanski “müstəşriq” (oriyentalist) olduğundan müsəlmanların içinə də, çölünə də yaxşı bələddir! (?)

 

lll

 

Mən də rusun dilinə yaxşı bələdəm! Ancaq bir qüsurum vardır. Rusun bəzi sözlərini tələffüz etdikdə başına bir “i” artırıram. Məsələn, “stol” əvəzinə “istol” deyirəm, “stupay” əvəzinə “istupay” deyirəm, “strana” əvəzinə “istrana” deyirəm və i.a. ... Mənim işkolada (genə “şkola” əvəzinə “işkola”-dedim) oxuyan zaman bu “i” üstündə başıma dürlü-dürlü bəlalar gəlirdi. Ruslar rus uçiteli ilə bərabər, lap rus kibi danışan müsəlmanlar ilə bərabər məni məsxərəyə qoyub gülürdülər. On, igirmi, otuz dəfə “stol” deməgə məni məcbur ediyordular-fayda vermiyordu. “Bezabeda”-qoyurdular, fayda vermiyordu, “divə” qoyurdular-fayda vermiyordu, sonra dilimi tutub barmaq, qələm və sair alət ilə “məşq veriyordular”, geri itəliyordular, iləri çəkiyordular, yuxarı qalxızırdılar, aşağa endirirdilər,-amma bu “gimnastika”dan da bir fayda çıxmıyordu. Axırda acıqları tutub “tatarin!”-deyə sögürdülər. Bu “operasiya”lardan mənim canım incidi. Özümü bu əziyyətdən qurtarmaq üçün əyildim və düşündüm ki, mən “tatarin” olub “stol” deməgi bacarmadığım kibi müəllim də “urus” olduğundan “Məhərrəm”, “Həsən” kibi sözləri düz deyə bilməz. Mən aldanmadım, uçitel həzrətləri ha cəhd elədi – “Məhərrəm” əvəzinə “Mağarram” dedi: “Həsən” əvəzinə “Ğasan”- dedi ... İştə baxalım “istol” sözünü rus adamları hər bir halda anlıyorlar. Amma “Mağarram” və “Ğasan” sözlərini hankı “müdərris”dən sorsan deyər ki: ismi-məkandır. Nə başınızı ağrıdım. Cənab uçitel daha məndən əl çəkdi.

Filankəs

“İrşad”, 9 aprel 1906, ¹ 85

Felyetondan 3-cü, 4-cü bölmələr ixtisar edilmişdir. Hətta birinci bölmədəki mətndən də ermənipərəst Qərb mətbuatının yalanını ifşa edən aşağıdakı cümlə də buraxılmışdır: “Sonra yazmışdılar ki, Qafqazda dərman üçün də erməni tapılmaz. Yəni hamısını müsəlmanlar qırıbdırlar” (bax. 3-cü c. 1968, səh. 53; 2-ci c. 2005, səh. 198).

müstəşriq (oriyentalist)-şərqşünas

 

 

ORDAN-BURDAN

 

Cavanşir uyezdində

Gürcüstan!

Cənab Əlixanovun Gürcüstanı təxrib etdikdə göstərdigi “şöhrət” bəzi sahibi-hökumətləri qibtə məqamına gətirdi. Onlar dedilər: bizim də Əlixanov kibi şöhrət qazanmağa iqtidarımız vardır! Biz də istəsək Qafqazın könül sevən yerini xarabaya döndərə biləriz!

Qibtəçilərdən bərk “ürəgi atlanan” Cavanşir uyezd naçalniki Pivovarov həzrətləri idi (Bu cənab Şuşa müsəlmanlarına yaxşı tanışdır. Bu cənabın fərzəndini də bir müsəlman yoxdur ki, “tanımasın” mərqum oğlan, Rusiyada cəlladlıq edən kazaklardan bir dəstə götürüb erməni-müsəlman davasında Şuşa müsəlmanlarından “intiqam” alırdı).

Cənab Pivovarov “şöhrət” xəyalına düşüb bunu qövldən-felə götürmək üçün fürsət axtarırdı. Gün keçdi, ay gəldi, fürsət yetişdi. Müsəlman qaçaqları Cavanşir uyezdində bir neçə nəfər rus cəlladını öldürdü. Pivovarov həzrətləri bu əhvalatı eşidib “şiri-jəyan kibi” qızdı. “Fürsəti fövt eləməz aqil məgər nadan ola”-deyib pristav Şəfibəgi özünə bələdçi götürüb kazaklar ilə bir yerdə düşdü uyezdin canına. Qabağına çıxan kəndi odladı: yol ilə keçən müsəlmanları öldürtdü və bir neçə müsəlmanı diri tutub verdi kazaklara-bunlar sizin olsun, nə istiyorsunuz eləyin! Hansı zülm ilə öldürəcəksiniz öldürün, faili-muxtarsınız!-dedi. Kazaklar da filvaqe cəllad olduqlarını ən aydın bir surətdə göstərdilər ...

İştə, cənab Pivovarovun “şöhrəti” qafqazlılara faş oldu.

 

lll

 

Cavanşir uyezdində pristav Şəfibəg Fətəlibəgova açıq məktub

 

“Dusti-mehriban” cənab Şəfibəg!

Əvvəla ümdeyi mətləb vücudi- “zicud” inizin səlamət və afiyyət üzrə bərqərar və payıdar olmağıdır. Və saniyən, əgər iltifat məqaminə gəlib bu tərəfin əhvalatını xəbər alsanız lillahülhəmd və əlminnə sağ və səlamət olub “ömri giran bahanizə daim duagu varıq”. Və salisən neçə vəqtdən bəridir ki, siz cənablarından heç bir əhval yoxdur. “Bu isə bizi bir ğəm və ələm dəryasına ğərq etmişdi”. Amma bu günlərdə sizin başınızın sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördügünüz zülm və sitəmin “şöhrəti” bütün afaqə əyan olduğundan biz dəxi ondan xəbərdar olub “şadmani və məsərətə nail olduq”. Bundan sonra siz bizim “mədari-iftixarımız” oldunuz. Biz acizlər tərəfindən “təşəkkürlər” qəbul etmənizi artıq-artıq rica ediyoruz. Doğrudur, siz bu igirmi beş ilin ərzində kəmali-sədaqət ilə ifasında bulunduğunuz pristavlıq dövründə hökumətə çox böyük qulluqlar edibsiniz. Sizin qamçı (qırmac) ınız altında olmuş müsəlmanların, odunuz ilə yanmış evlərin, hökmünüz ilə darbadağın edilmiş mal və mülklərin “həya”nız ilə bihəya edilmiş arvadların, şiri-jəyanlara mənsub nərəniz ilə bağrı yarılmış uşaqların ədədini götürüb mülahizə etsən, görərsən ki, neçə-neçə qəbristanlıqların təmiri sizin “hünəriniz”ə vabəstə imiş. Amma bu axırki günlərdə ibraz etdiginiz “hünər” ən şədid zülmkarın “şöhrətini” batırıbdır! “Sağ olunuz! Var olunuz!!”. Sizin bir namaz qılan və oruc tutan pristav olduğunuz bizim hamımıza məlumdur. Binaənəleyh atidəki nidani bəndeyi-həqirinizdən qəbul ediniz: Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb razi-niyaz edən abid! Və ey arvad-uşaq əşki ilə qüsl edib ibadətə məşğul olan zahid! Behiştin əla dərəcəsində məqamınız var! ... Qafqazda tamam igirmi beş il pristavlıqda qalmağınızdan rəncidə-xatir olmayınız, öz qulluğunuzda davam ediniz, öldürünüz müsəlmanları, dağıdınız ev- eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəmiyiz! Bəlkə bir gün olar ki, hökumət sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiginiz qan və əşklər sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır. Əvvəlcə yumuşaq yaradılmış ürəginiz müruri-əyyam ilə bərkiyib daşa dönübdür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane olamaz. Çünki, başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət və insafə və ürəgə heç bir ehtiyac yoxdur! Ümidvar olunuz: səbr və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun. Onları özünüzə nümuneyi-imtisal tutub hankı uçastok və uyezdə dəgişilsəniz, onlar kibi müsəlmanlara zülm və sitəm etməkdə davam ediniz. Axırda da onların mənsəbinə çatarsınız. Və bir də bağışlıyınız, mənim sizə “yol” göstərməgim əbəsdir. Siz öz “dərs” inizi yaxşı bilirsiniz. Artıq dərdi-sər vermək lazım degil. Bu axırkı “şöhrətiniz” Qarabağda adınızı baqi qoyacaqdır. Ölülər cəsədlərindən sizə bir yadigar rəkz etmək Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayeyi-mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyiniz, baqi vəssəlam.

Sizin müxlisiniz

Filankəs

“İrşad”, 10 aprel 1906, ¹ 86

Felyetondan “Cavanşir uyezdində Gürcüstan” sərlövhəli birinci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 54-55, 2-ci c. 2005, səh. 199-200)

 

mərqum- adı yuxarıda çəkilmiş

filvaqe-həqiqətən

məsrət-sevinc, şadlıq

razniyaz-dua və rica etmək

əşk-göz yaşı

müxlis-səmimi dost

vayə-nəsib, pay, məqsəd

 

 

ORDAN-BURDAN

 

“Dərə xəlvət tülkü bəg”

 

Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhraların xəlvət dərə hesab edib özü də tülkübəg olubdur. Bu tülkü öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub çəkib yeməkdədir. Bu tülkünün paqonu-filanı olduğundan, paqondan ürkən müsəlmanlar ona kəmali-inqiyad ilə itaət edib balalarının yem və xörəgini onun doymaq bilmiyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmiyorlar. Tülkü də “əlindən gələni beşqaba çəkir” ... Çəksin ... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır-, kimin nə borcuna qalıbdır ona desin ki: nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən!

 

lll

 

Tülküyə bəg dedim:- “Tifliski listok” qəzetəsi yadıma düşdü. “Tifliski listok” qəzetəsi müsəlmanların içində bu qədər bəg olduğundan inciyib diyor ki: bu nədir, hanki müsəlman çıxır- bəgdir, hanki müsəlman yazıçısı çıxır-xandır! Nə bəglik, xanlıqbazlıqdır, hardan müsəlmanlar bəg-xan oldular? Nahaq yerə müsəlmanlar özlərin aldadırlar. Onların heç biri bəg degil! ... Görəsən müsəlman özünə bəg deməsə ermənilərin işi düzələrmi? Yoxsa “Tifliski listok” müsəlmanlara bəylik, xanlıq yaraşmıyor- demək istiyor? Mənim muradım müsəlman bəglərini müdafiə etmək degil, ancaq yaraşığa qalırsa “Cəfərbəg”, “Səmədbəg”- “Mıkırtıcbəg”, “Xaçaturbəg” dən çox yaraşıqlıdır-zənn ediyorum. Halbuki, imdi Qarabağda Arzuman kirvəyə bəg deməsən üzünə baxmaz.

 

lll

 

“Baku”nun yuxusu

 

“Baku” qəzetəsi yatıb yuxusunda görübdür ki, “İrşad” qəzetəsində yazılıbdır: Ay müsəlmanlar! Görünüz ermənilər nə qayırırlar. Lağım atıb əsləhə ambarını soymaq istiyorlar, tez olunuz, bu əhvalı hökumətə bildiriniz!

Bu yuxu “Baku” qəzetəsinə öylə bir təsir edibdir ki, ayıldıqdan sonra da bu əhvalın yuxu olduğunu yadından çıxarıb, haman saət yazıbdır: Görünüz ay hürriyyətpərəstlər, müsəlman qəzetəsi casusluq ediyor və müsəlmanları nahaq yerə qızışdırır ...

Hər bir kəs bu fəqərəni eşidib “Baku”ya diyordu ki: “Soğan yemiyibsən, bəs neçün için göynüyor”. Amma mən öylə demək istəmiyoram, mən ancaq “Baku” qəzetəsinə tövsiyə ediyoram ki, yatmaqdan qabaq bir neçə dua oxumağı özünə adət eləsin ki, bir də öylə qorxulu yuxular görməsin!

Filankəs

“İrşad”, 11 aprel 1906, ¹ 87

Felyetonda “Tifliski listok” və “Baku” qəzetlərini ifşa edən 2 və 3-cü bölmələr ixtisar edilmişdir. (bax. 3-cü c. 1968, səh. 56, 2-ci c. 2005, səh. 200)

 

 

ORDAN-BURDAN

 

Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin bu gunə rəftara bietina və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və ğəlyanə gətirdi: Arvad, kişi, uşaq ayrı dad haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu, Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər.

Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfibəg ilə bərabər Cavanşir kəndlərində icra etdigi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf dedilər, çox pis iş olubdur, gərək öylə olmayaydı!- söylədilər və ... bu faciəni nisyan bucağına atıb işlərinin dalınca vardılar ... Şayələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir, nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə ...

 

lll

 

Qəzetələrdə göründü ki, Fas konfransı qurtardıqdan sonra İtaliya, Trablisi-Ğərb konfransı qurmaq niyyətindədir. Bu konfrans da qurtardıqdan sonra növbət İrana çatar, sonra Dövləti-Aliyə “Osmaniyə”də konfrans olduğunu eşidib baxıb görərik ki, daha özbaşına dolanan bir islam hökuməti qalmadı ... Müsəlmanların-harada olursa-olsun-böylə bir öldürücü qeydsizliyindən hər cürə bəla və müsibət törəyə bilər.

 

lll

 

“Rus” qəzetəsində yazılmışdı ki, Peterburğ şəhər hakimi müsəlman axundunu hüzuruna çağırıb deyibdir ki: dövlətin müsəlman taifəsinə artıq hüsni-təvəccöhi vardır (?!)

Binaənileyh müsəlmanlara vacibdir ki, Allaha şükür edib dinc-dinməz dursunlar: yəni heç bir kağıza qol qoymasınlar və heç bir məclisdə işləri olmasın! Müəmmaya bənziyən bu sözlərin tərcüməsi zənnimcə budur: Rusiyada olan hər bir millət öz hüquq və ixtiyarati-milliyyə, diniyyə, mülkiyyə və sairəsini hal-hazırda tələb etməkdədir və tələblərinə əncam almaq üçün çarələr aramaqdadırlar və çarələri tapmaq üçün iş görməkdədirlər. Binaənileyh məclislər də qururlar, kağızlara da qol qoyurlar və hər bir ləvazimatı yerinə yetirirlər. Amma siz müsəlmanlar böylə işlərə qatışmayınız, qoy sair millətlər hüquq və ixtiyarat sahibi olub, səadət və bəxtiyarlığa nail olsunlar, müsəlmanlar isə hər bir insana (insan olduğu üçün) lazım və vacib imtiyazlardan məhrum qalsınlar ...

İştə bu hüsnü-təvəccöhdür! Görəsən Axund cənabları şəhər hakiminə cəvabən bir söz deyibmi, yoxsa mat qalıbdır?

 

lll

 

Ekonomiya (iqtisad)

 

“Veçerni qolos” qəzetəsinə Varşavadan böylə xəbər veribdirlər: general İskalon əmr veribdir ki, müqəssir və caniləri asmaq əvəzinə gülləbaran etsinlər, çünki, asmaq üçün cəllad lazımdır və cəllada da hər dəfə 75 manat pul vermək istər. Halbuki, saldatlar müftəcə gülləbaran ediyorlar ki, bu da onların vəzifəsidir.

Məmurlarımızdan ekonomiya gözləyən yalnız bir İskalon olubdur-desəm, xəta etmərəm-zənnindəyəm.

Filankəs

“İrşad”, 14 aprel 1906, ¹ 89

Felyeton 4 bölmədən ibarətdir. Onlardan cildlərə yalnız 1 və 3-cü bölmələr daxil edilib. Verilmiş hissələrdə də mətnlərə əl gəzdirilib. Məsələn: “ayrı” əvəzinə “iri”, “bu gunə” əvəzinə “belə”, “vardılar” əvəzinə “getdilər”, “binaənileyh” əvəzinə “buna görə də” və s. (bax. 3-cü c. 1968, səh. 57-58, 2-ci c. 2005, səh. 201-202).

 

Üzeyir HACIBƏYLİ

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.20-21.