NAZIM HİKMƏT HAQQINDA YENİ
ROMAN-TƏDQİQAT
Bu yaxınlarda görkəmli yazıçı Anarın mənə avtoqrafla göndərdiyi məşhur türk şairi Nazım Hikmətin məşəqqətli ömür yolu və zəngin yaradıcılığına həsr olunmuş “Nazım Hikmet “Kerem gibi” adlı romanını, həm də əsərin Azərbaycan variantını maraqla oxudum.
XX əsr dünya poeziyasının ən qüdrətli nümayəndələrindən Nazim Hikmətin şeirləri bütün qabaqcıl ölkələrdə milyon tirajlarla çap olunub oxucuların dərin məhəbbətini qazanıb. Şairin faciəli həyatı və çoxşaxəli yaradıcılığı haqqında müxtəlif illərdə müxtəlif mövqedən çoxlu məqalə və kitab (təxminən 1000 məqalə, 100 kitab) yazılıb.
Şəxsi həyatı da, bütün yaradıcılığı da təkcə öz xalqının deyil, bütün bəşəriyyətin azadlığı, xoşbəxtliyi, firavanlığı uğrunda mübarizə eşqi ilə bağlı olan Nazım Hikmət haqqında roman yazmaq hər bir sənətkar üçün böyük şərəf işidir.
Anar bu möhtəşəm romanın yazılma səbəblərini şərh edərək yazır: “Bu romanı yazmağımın səbəbi yalnız böyük şairlə şəxsi görüşlərdən aldığım təəssüratları, onun yaddaşımda yaşayan sözlərini, təkrarolunmaz məlahətlə oxuduğu şeirlərin hələ də qulaqlarımda səslənən ahəngini canlandırmaq deyil. Nazım Hikmət mənimçün XX yüzilin və bəlkə də bütün gələcək dövrlərin ən böyük şairlərindən biri olmaqdan başqa, həm də keçən əsrin bir çox mühüm problemlərini öz yaradıcılığında və mübarizəsində, dünyagörüşündə və hərəkətlərində, tərəddüdlərində, inadında, səhvlərində, qüsurlarında, yenilməzliyində, əyilməzliyində, dönməzliyində, amma həm də nəyəsə göz yummağında, bir sözlə, mürəkkəb, ziddiyyətli, dramatik, bir çox məqamlarda faciəvi taleyində əks etdirmiş zəngin, dolğun şəxsiyyətdir.
Anar hələ gənc yaşlarından Nazımlə şəxsən görüşməmişdən çox- çox əvvəl onun yaradıcılığı ilə tanış olmuş, evlərində ata- anasının böyük şair haqqında söhbətlərini eşitmiş, N. Hikmət 1951- ci ildə SSRİ- yə gəldikdən sonra Bakıda və Moskvada dəfələrlə onunla görüşmüş, Nazım Bakıda onların ailə qonağı olduğu günlərdə onunla şeir, sənət, ədəbiyyat və s. mövzularda söhbətlər etmiş, bu sıx münasibətlər davam etmişdir.
Bu görüşlər, söhbətlər, müşahidələr, ata, anasının Nazım Hikmət haqqında dedikləri Anarın qüdrətli şairə həsr olunmuş roman yazmasına təkan verən başlıca amillər olub.
Anar Nazım Hikmət haqqında kitab yazmaq üçün böyük şair barədə müxtəlif dillərdə (əsasən rus, türk və Azərbaycan) yazılmış onlarla məqalə, xatirə, kitab və s. ilə tanış olub, onlardan bəhrələnib. Bu mənbələr arasında R. Rza, N. Rəfibəyli, Ə. Məmmədxanlı, Əkbər Babayev, Tofiq Məlikli, şairin arvadı Vera Tulyakova, tərcüməçisi Muza Pavlova, Türkiyə ədiblərindən Əziz Nesin, Vala Nurəddin, Zəkəriyyə Sərtəl və başqalarını qeyd etmək lazımdır.
Anar həmçinin öz fikirlərini əsaslandırmaq məqsədilə Nazım Hikmətin çoxcildli əsərlərindən nümunələr seçmək üçün onları yenidən oxumalı olub.
Anar bir məsələni də qeyd edir ki, Türkiyədə Nazım Hikmətə sol və sağ təmayüllü ziyalıların və oxucuların münasibəti fərqlidir. Lakin o, əsərində Nazım Hikməti qüdrətli milli şair kimi qiymətləndirir.
Anar Nazım Hikmətə həsr etdiyi əsəri “düşüncələr romanı” adlandırıb. Ona görə də romanı ənənəvi kompozisiya və süjet prinsiplərinin şərtləri ilə yazmaq mümkün olmazdı. Müəllif Nazım Hikmətin həyatı və yaradıcılığının bütün mərhələlərini, təfərrüatlarına qədər öyrənib, düşüncələrini, assoasiyalarını öz sənətkar təxəyyülü ilə ayrı- ayrı mövzular üzrə yazıb. Yəni romanda hadisələr xronoloji ardıcıllıqla verilməyib.
Anar ilk öncə şairin xarakterini aydınlaşdırıb, onun məğrur, əyilməz, ideallarına sadiq olduğuna nəzərə çatdırıb.
Anar romanda şairin azadlıq eşqini konkret nümunələrlə qələmə almış, onun üsyankar təbiətə malik olduğunu qabarıqlaşdırıb. “Nazım misilsiz fitri istedadıyla şair, çılğın, barışmaz təbiətiylə əyilməz üsyançı idi”. Şair olduğu üçün onun ilk üsyanı da təbii ki, ədəbi üsyan idi. “Lakin bu üsyan təkcə ədəbi bütləri yıxmaq deyil, yıxdığının yerində yenisini, daha ucasını, daha yüksəyini qurmaq idi”.
Dünyanın ən görkəmli sənətkarları Nazım Hikmət yaradıcılığını yüksək qiymətləndirmişlər. Romanda bir neçə konkret nümunə ilə bu fakt oxuculara çatdırılır.
Ünlü fransız şairi Lui Araqon: “Nazım Hikmət XX əsrin görkəmli aydınlarından biridir: Eyzenşteyn, Brext və Pikasso ilə yan yanadır”- demişdir. Alman yazıçısı Alfred Kurela isə: “Nazım Hikmətə dünyanın ən böyük şairlərindən biri deyirlər. Xeyr, biri deyil, ən böyüyüdür”- deyib.
Məşhur Çili şairi Pablo Neruda deyib ki, Nazımin yanında biz heç şair sayıla bilmərik.
Türkiyədə Ziya Göyalp, Xalid Ziya Uşaqlıgil, Xalidə Ədib Adıvar, Yaqub Qədri Qaraosmanoğlu, Mehmet Akif və başqa ünlü sənətkarlar Nazım yaradıcılığının dünya şöhrətini dəfələrlə qeyd ediblər. Hətta Nazım Hikmətin bir münasibətlə tənqid etdiyi qüdrətli türk ədibi Əbdülhəq Hamid də Nazım Hikmət yaradıcılığını bəyəndiyini deyib.
Türkiyənin görkəmli dövlət xadimləri- Camal paşa, İsmət İnönü, Alparslan Türkeş, Süleyman Dəmirəl də onu böyük şair kimi qiymətləndiriblər.
Tarixən olduğu kimi XX əsrdə də Türkiyə dünyaya bir çox dəyərli insanlar, siyasi xadimlər, hərbçilər, şairlər, yazıçılar, rəssamlar, sənət və elm adamları bəxş etmişdir. Amma XX yüzildə dünyada bu məmləkəti əsasən iki böyük şəxsiyyətlə tanıyırlar- Kamal Atatürklə və Nazım Hikmətlə.
“Atatürk Nazımın şeirlərini bilir və bəyənirmiş. Fatih Rıfqının dediyinə görə Kamal paşa Nazimin öz səsiylə “Bəhri Xəzər” və “Salxım söyüd” yazılmış plakı zaman- zaman dinlər və dalğınlaşarmış” .
Anar Nazım Hikmətin yaradıcılığını əsl milli- şeirin nümunəsi hesab edir.
Romanda Nazım Hikmətin şəxsi həyatına dair çoxlu məlumat da mühüm yer tutur. O, 1902- ci ildə Osmanlı imperiyasının Salonik şəhərində (indi Yunanıstan dövlətinin ərazisindədir) doğulub.
Nazım Hikmətin ana tərəfdən ulu babası Konstantin Borjenski polşalı qraf idi. Bəziləri onun polyak, bəziləri isə qaqauz türkü olduğunu yazır. O, 1848- ci ildə Türkiyəyə qaçıb, islam dinini qəbul etmiş, türkoloq alim olub. O, burada Mustafa Cəlaləddin paşa kimi tanınıb, Ömər paşanın qızı Səffət xanımla evlənib, Ənvər adlı oğlu olub. Borjenski- Mustafa Cəlaləddin paşa 1871- ci ildə Qaradağ döyüşlərində həlak olub. Ənvər paşa ilə rəssam Sara xanımın qızları Cəlilə xanım Nazım Hikmətin anası olub.
Nazım Hikmətin atası Hikmət Nazim bəy (1876- 1932) Cəlilə xanımdan ayrıldıqdan sonra Nazım və bacısı Samiyənin bütün qayğılarını Mehmet Nazım paşa çəkib.
Nazım Hikmət Anadolu kəndlilərinin acınacaqlı həyatını hələ gənc yaşlarından görmüş, sonra “Romantika” (“Yaşamaq gözəl şeydir, qardaşım”) romanında təsvir edib. Anar onu da əlavə etməyi lazım bilir ki, inqilabdan sonra Rusiya kəndlərinin vəziyyəti də bu halda idi. Nazım Hikmətin ilk sərbəst şeiri “Acların göz bəbəkləri” də bu təəssüratın poetik ifadəsi idi.
Anar romanda bir mühüm faktı da qeyd edir ki, Nazım Hikmət İstanbul ingilis və fransızlar tərəfindən işğal edildiyi vaxt “Səsini qeyb etmiş şəhər” və “Qırx həraminin əsiri” şeirlərini yazır. Çox sonralar isə Nazim Hikmət məhbəsdə Qurtuluş savaşına həsr olunmuş ən qüvvətli əsərini “Qüvveyi- milliyə”ni yazır. Anar Türkiyədə olarkən görkəmli ictimai xadim Alparslan Türkeşin Qurtuluş dastanından bir parçanı televiziyada həyəcanla əzbər dediyini xüsusi qeyd edir. Türkeş müxbirin sualına isə belə cavab verdi: Mənimçün Nazım bir kommunist olmadan öncə Qurtuluş savaşımızın dastanını yazmış qüdrətli milli şairdir.
Anar daha sonra onu da əlavə edir ki, 2000- ci ildə dünyanın böyük dövlət başçılarının iştirak etdiyi İstanbul sammitində Baş Bakan Süleyman Dəmirəl sammitin açılışında Mehmet Akifin, qapanışında Nazım Hikmətin şeirlərini əzbərdən oxudu.
Anarın ən böyük xidməti Nazım Hikmətdə kommunizm ideallarının saxta və yalan ideyalar üzərində qurulduğuna inamının tədricən yaranması və getdikcə dərinləşməsi prosesini konkret faktlarla əsaslandırması və bu nəzəriyyənin özünün köklü surətdə yanlış olduğunu izah etməsi və oxucuları buna inandırmasındadır.
Anar burada
çox ciddi bir məsələyə toxunur. Belə aldanışlardan
sonra “indi müstəqil dövlətlər olmuş bu
respublikalarda- birində az, birində
çox demokratik quruluşun rüşeymləri var. Birində
az, birində çox, birində ifrat dərəcədə
eybəcər totalitar sistemlər də hökm sürür.
Bu cəhətdən bir- birindən fərqlənirlər, amma
hamısında (yenə də birində “az”, birində
“çox” tənasübünü nəzərə almaqla) əhalinin
əksəriyyətinin ac- yalavac, dilənçi kökündə,
səfalət içində yaşamasını, eyni zamanda
kiçik varlılar zümrəsinin
harınlığını, pula pul deməməsini
gördükdə insanlarda belə bir fikir oyanır ki,
keçmiş sovet quruluşu – o qədər də pis
deyilmiş- heç olmasa pulsuz müalicə, təhsil,
qocalıqda sosial təminat, təqaüd, sabitlik, işləmək
imkanları baxımından... İnsanlarda o
dövr üçün həsrət, qəribsəmə,
nostalji hissləri də bu səbəbdən baş
qaldırır. Daha təhlükəli məsələ
odur ki, həyat səviyyəsi düşdükcə,
varlılar- kasıblar arasında uçurum dərinləşdikcə,
indiki quruluşun nöqsanları insanlarda əvvəlki
quruluşun nöqsansızlığı təsəvvürü
yaradacaq. “İndi nə qədər pisdirsə,
o vaxt o qədər yaxşıydı” fikri fərdi və
ictimai şüura hakim kəsiləcək. Bu cür ovqatdan isə “möhkəm əl həsrətinə”
və “yeni Stalin” arzusuna bir addım qalır”.
Anar romanda bir
mühüm məsələ barədə də ətraflı
danışır. Azərbaycan poeziyasında da 20- ci illərdə sərbəst
şeir nümunələri yazıldığını, bu
sahədə Mikayıl Rəfili, Süleyman Rüstəm, daha
sonra S. Vurğun, Mikayıl Müşfiq, Rəsul Rzanın
adlarını çəkir və şeirlərindən
nümunələr verir.
Bu məqamda
müəllif Nazım Hikmətin poeziyasında Mayakovskinin təsirini
görənlərin yanıldıqlarını deyir. Nazım Hikmət
özü də bu təsiri qəbul etmirdi.
Romanda Nazım
Hikmətin Rəsul Rza və Nigar Rəfibəyli ilə
yaradıcılıq əlaqələrinə də geniş
yer verilib. R.Rza Nazım haqqında bir neçə məqalə
yazıb, onun yaradıcılığını yüksək
qiymətləndirib.
Nazım Hikmət
“İzvestiya” və “Literaturnaya qazeta”da Rəsul Rza haqqında
3 məqalə çap etdirib, “Rənglər” silsiləsini Azərbaycan
poeziyasında yeni səhifə adlandırıb,
“Aydındır şeirin dili” məqaləsində Rəsul
Rzanın yeni çapdan çıxmış “Qəlbimdə
bahar” kitabından söz açıb.
Anar yazır
ki, Nazım Hikmətlə Rəsul Rzanı
yaxınlaşdıran yalnız ədəbi və estetik
mövqelərinin uyğunluğu deyildi, həm də şəxsiyyət
kimi bir- birlərinə etibarları, inamları idi. Atam
Nazımın Sovet ölkəsində ən məhrəm
dostlarından və ürəyi qızdığı iki-
üç nəfərdən biri idi. Bəlkə də
heç kəslə bölüşmədiyi nisgilini atamla
bölüşmüşdü: “Kardeşim, buranın
hürriyətindənsə, Türkiyənin məhbusxanalarında
yenə on beş il yatmağa hazıram”.
Anar Nazım
Hikmətin Rumıniyadan təyyarə ilə Moskvaya gəlməsi,
təntənə ilə qarşılanması, sonrakı həyatı
haqqında geniş bəhs edir. Nazımə dərhal
mənzil verirlər, maşın təhkim edirlər, şəxsi
həkimi Qalina Kolesnikova onun səhhəti ilə ciddi
maraqlanır.
Nazım Moskvaya gəlişinin
ilk günlərindən 20- ci illər Moskvası ilə indiki-
50- ci illər Moskvası arasında ciddi fərqlər
olduğunu görür. əvvəlki
“utopik bərabərlik” xəyalları yox olur.
Nazım
xüsusən XX qurultaydan sonra (1956) SSRİ- dəki eybəcərlikləri,
Stalinin amansız hərəkətlərini, milyonlarla
günahsız insanın öldürülməsindəki cinayətlərini
oxuyur, eşidir, görür. Onun SSRİ- yə və
Stalinə münasibəti dəyişilir.
Anar 1920- ci illərdə
Nazım Hikmət Moskvada Şərq əməkçilərinin
Kommunist universitetində oxuduğu vaxt Stalinin və Trotskinin
mühazirələrini dinlədiklərinə diqqəti
çəkir və yazır ki, Nazım Stalin tərəfdarı
olsa da, Trotskini daha üstün natiq hesab edirmiş, onu XX əsrin
ən böyük natiqi sayırmış. Nazım
şeirlərinin birində “Trotski atəşdən
yaranmış, Stalin torpaqdan” yazdığına görə hətta
Türkiyə kommunist partiyası onu trofskiçilikdə
günahlandırıb töhmət verib.
Şübhəsiz
ki, Nazımın Stalinə münasibətindəki dəyişikliyi
yuxarılara çatdırırmışlar. Ona görə
də Stalin özü Nazımı qəbul etmir, Malenkovu
görüşə göndərir.
XX qurultaydan
sonra Nazımın Stalinə münasibəti böyük nifrətə
çevrilir.
Anar burada sovet
həbsxanaları ilə Türkiyə həbsxanaları
arasında fərqləri də Nazımın dililə
göstərir. Türkiyədə Nazim həbsxanada tez-
tez qohumları ilə görüşür, qəzet oxuyur,
şeir yazır. Hətta bir rejissor həbsdəykən
kino da çəkib.
Anar
Nazımın ictimai fəaliyyətində olduğu kimi, məhəbbətində
də, sevgisində də, nifrətində də səmimi
olduğunu faktlarla təsdiq edir. Nazım Tiflisdə
olarkən onun şərəfinə verilən ziyafətdə
Stalinin sağlığına badə qaldırıldıqda o
qədəhinə əl vurmur. Məşhur gürcü
aktrisası Medeya Çaparidzenin “o axşam biz sizdən
çox incidik” sözlərinə Nazım belə cavab verir:
Başqa cür davranamazdım. Bağışlayın,
elə işlər var ki, onları görə bilmərəm.
Adətən
Nazım haqqında kitablarda onun yaradıcılığı
diqqət mərkəzində olurdu.
Anar da Nazım
Hikmətin ədəbiyyata, sənətə, poeziyaya
vurğunluğunu, məftunluğunu, məcnunluğunu əsər
boyu konkret faktlarla oxucuya çatdırır.
Anar yazır: “Məncə,
Nazımın şair və insan kimi bütün əzəmətini
duymaq və qavramaq üçün onu yalnız müəyyən
ideolojinin çəpərləri içində görmək
olmaz. Nazım Hikmətin inqilabçıdan daha
artıq üsyançı olması haqqında əvvəllərdə
yazmışam. İndi isə Nazımın həyatını
və ondan da mühüm yaradıcılığını dərk
etmək üçün başqa bir mövzunu da
araşdırmaq istəyirəm: Nazımın eşqlərini,
ömrünün müxtəlif illərində müxtəlif
qadınlarla münasibətini. Şairin həyatında
eşqlərinin, sevdiyi qadınların önəmli yeri
olduğu məlumdur. Türkiyədə hətta
Emin Qaracanın “Nazım Hikmətin eşqləri” adlı
kitabı da nəşr olunub ki, bu nəşrdəki müəyyən
faktiki materialdan mən də yazımda istifadə edirəm”.
Nazım həyatının
son gününədək sevmiş, sevilmiş və sevgi
şeirləri yazmışdır.
Bunlara baxmayaraq
Anar romanda Nazımın 20- ci illərdə Moskvada olarkən
sevgi şeirləri yazmağın əleyhinə olduğunu da
xatırladır.
Anar yazır: “...məndə
bəzən belə təəssürat oyanırdı ki,
Nazımın həyatının bütün olayları, sərgüzəştləri,
vaxtaşırı özünün qurduğu və
yaratdığı problemləri, acıları və kədərləri
ancaq və ancaq gözəl şeirlər yazmaq
üçün səbəb və bəhanəymiş”.
Anar yazır ki, Nazım Hikmət
italiyalı zəngin qadın Coys Lüssi ilə Romada təsadüfən
tanış olur, vəziyyətini ona
danışır. Qadın Nazımdan soruşur
ki, siz istəyirsiniz, Münəvvəri sizinlə
görüşdürüm. Nazım Vera ilə evli
olmasına baxmayaraq “bəli istəyirəm”- deyir.
Coys Lüssi
Nazımı Homerin qəhrəmanı Odisseyə, Münəvvəri
isə illər boyu onun yolunu gözləyən arvadı
Penelopaya bənzədir.
Qadın
varlı bir həmyerlisi vasitəsilə İspaniyadan sürətli
motorlu qayıq alır. İstanbula gəlib Münəvvəri
tapır. O da razılıq verir. Münəvvər
və iki balası motorlu qayıqla xanımla birlikdə
İstanbuldan Afinaya gəlirlər. Oradan Moskvaya,
Nazımın evinə zəng vururlar. Telefon
cavab vermi (Nazım bu vaxt Havanada imiş).
Nazımın
Münnəvərlə görüşü baş tutmur. Bunun bir səbəbi
də Nazımın artıq Vera ilə evli olması idi.
Məhəbbət üçbucağı burada
da özünü göstərir. Anar bütün bu
hadisələri nağıl və ya Hollivud filmləri ilə
müqayisə edir və yazır: “Bu nağıl süjetində
nə Nazımı, nə onun aşiq olduğu və ona
aşiq olan qadınları qınamaq niyyətində deyiləm.
Dəfə-dəfə dediyimi bir də təkrar eim: Həyat
həmişə bütün nağıllardan, dastanlardan daha
təzadlı, daha gözlənilməz və daha faciəvidir”...
Nazımın
ölümündən sonra Vera onun kiçik
çantasından çap olunmamış, güman ki,
heç kəsə oxunmamış bir şeir tapıb. Bu şeir
sonralar Nazımın bütün kitablarına daxil edilib.
Anar yazır ki, bu onun nəzmlə
yazdığı “Avtobioqrafi”sinin son akkordu, ömrünün
yekunu kimi səslənir. Ömrünün
son illərində İstanbulda yaşayan görkəmli bəstəkar
Emin Sabitoğlu bu şeirə gözəl musiqi bəstələmişdi.
Bu şeir bir az da onun öz taleyinin ifadəsidir.
Gəlsənə dedi mənə,
Qalsana dedi mənə,
Gülsənə dedi mənə,
Ölsənə dedi mənə,
Gəldim,
Qaldım.
Güldüm.
Öldüm.
Anar yazır
ki, Nazım Hikmət bu sözlərin hamısına əməl
etdi. Min əngəli dəf edib, dalğaların
ölüm təhlükəsini adlayıb Gəldi.
“Məni burada
qoymayın, bir yerlərə aparın, ölmək istəmirəm”
desə də, Qaldı.
Çox vaxt
gördüklərindən, duyduqlarından, keçirdiklərindən
ağlamaq istəsə də, Güldü.
“Yaşamaq
gözəl şeydir”- desə də, ölmək istəməsə
də, heç istəməsə də, heç, heç istəməsə
də, Öldü.
“Sevdalı
bulud”da- “yaxşı insanlar, yaxşı buludlar qeyb olmur”-
deyilir. Bir də “sevən- ölməz” deyilir. Sözün düzü də elə budur.
Anar rus
şairi Lev Oşaninin Türkiyədən Nazım Hikmətin
məzarına qoymaq üçün torpaq gətirdiyini də
qeyd etməyi lazım bilmiş və əlavə etmişdir
ki, biz ürəyə bənzər bir qab düzəldib,
torpağı həmin qabda Nazımın məzarının
sinəsində basdırdıq.
Romanda Nazım Hikmətin
şəxsiyyətinin əzəməti, həyatının
bütün anları, sevincli və kədərli xatirələri,
ən kiçik təfərrüatlarına işıq
salmış, yaradıcılığının incəlikləri,
onu əhatə edən insanların münasibəti, taleyi,
mövzu ilə bağlı dünya, türk və Azərbaycan
ədəbiyyatının, xüsusən poeziyasının
mühüm uğurları, problemləri ustad
yazıçı və müdrik alim dililə qələmə
alınıb.
Anarın ciddi
tədqiqat nəticəsində ərsəyə gətirdiyi
bu roman Nazım Hikmətə dərin məhəbbət,
sayğı ilə yazılıb.
Anarın “Kerem gibi” kitabı
2009- cu ildə Türkiyədə nəşr olunduqdan sonra
noyabrın 2- də Ankarada Anarın iştirakı ilə təqdimatı
keçirilib, geniş əks- səda doğurub. Türkiyə mətbuatında çoxlu müsbət
yazılar çap olunub. Müəllifin
uğuru yüksək qiymətləndirilib. Həmçinin Nazım Hikmətlə bağlı
Anarla müsahibə aparılıb.
Əli Akbaş: İştə
ideoloji, siyasi qovğalar insanların gözünü kor edir.
Sağımız Nazım Hikməti, solumuz da Nəcib Fazili
görməmək durumuna düşür.
Anar: Türk ədəbiyyatının
içərisində önəmli bir yerə sahib olan və
özündən sonra gələn şairlərə təsir
edən bu adamları ədəbiyyatdan çıxarmaq
mümkünmü? Nazımın ideoloji
şeirləri onun bütün irsinin yüzdə yeddisi, səkkizi,
ən çoxu yüzdə onudur. Qalan
şeirləri məmləkət, həsrət, eşq, dünya
haqqında şeirlərdir.
2010- cu il
fevralın 10- da Amsterdam şəhərində kitabın təqdimatı
olub. Hollandiya, Almaniya mətbuatında da bu tədbir
işıqlandırılmışdır.
Anarın bu əsəri
təkcə maraqlı roman deyil, həm də mükəmməl
tədqiqatdır.
Bütövlükdə
bu roman- tədqiqat müəllifin oxuculara ən qiymətli
töhfəsi, zəmanəmizin qüdrətli şairi,
azadlıq mübarizi Nazım Hikmətin xatirəsinə ən
dəyərli abidədir.
Yavuz AXUNDLU
525-ci qəzet.- 2010.- 6 noyabr.- S.18-19.