Görkəmli bəstəkar Tofiq Quliyev anılıb

 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda xalq artisti, bəstəkar Tofiq Quliyevin anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin mənalı ömür yolundan danışıb. F.Əlizadə mərhum bəstəkarın həyat və yaradıcılığından bəhs edərək onun ömrünün uzun illərini Bəstəkarlar İttifaqında keçirdiyini qeyd edib: “Tofiq Quliyev dirijor, bəstəkar, estrada, caz musiqisinin banisi, Bəstəkarlar İttifaqının rəhbəri kimi çalışıb. Musiqi mədəniyyətimizdə dərin və dəyərli izlər qoyub. Onun musiqiləri sevilir, dinlənilir, hər zaman da belə olacaq. Tofiq Quliyev Azərbaycan bəstəkarlıq məktəbində özünəməxsus rolu olan bəstəkarlardandır”. Tədbirdə çıxış edən bəstəkarın oğlu, kinorejissor Eldar Quliyev Tofiq Quliyev atasının dəqiq doğum tarixinin noyabrın 5-i olduğunu bildirib: “Hamı elə bilir ki, atamın doğum günü noyabrın 7-dədir. Ancaq nənəm danışırdı ki, o, noyabrın 5-də doğulub. Sadəcə hansısa səbəblərə görə, bu tarix sənəddə noyabrın 7-si kimi qeyd olunub”. Çıxışlardan sonra Eldar Quliyevin Tofiq Quliyev haqqında çəkdiyi “Nəğməli ömür” sənədli filminümayiş olunub. Film 35 dəqiqədən ibarət film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Lukoil xeyriyyə fondunun iştirakı və “Debüt” studiyasının istehsalı ilə çəkilib. Qeyd edək ki, tədbir “Müasirlərlə dialoq” layihəsi çərçivəsində baş tutub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.17.