Azərbaycan televiziyası və radiosu günü xüsusi mərasimlə qeyd edilib

 

Azərbaycan Dövlət OperaBalet Teatrında Azərbaycan Televiziyası və Radiosu gününə həsr olunan ədəbi-bədii gecə keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan radiosunun yaranma tarixindən danışıblar: Düz 84 il öncə 6 noyabrda paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi. Elə həmin andan etibarən mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğatçısına çevrildi. Xalqın səsini dünyaya çatdırdı. Bugün radionun “Qızıl Fondunda” 100 mindən artıq nadir səs qorunur. Görkəmli sənətkarların ifasında muğamlar, bəstəkar mahnıları, operatamaşalardan olan nadir parçalar saxlanılır. Görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin. Yazıçılar Cəfər Cabbarlının, Səməd Vurğunun, xanəndə Cabbar Qaryağdıoğlunun, səhnə ustaları və daha neçə-neçə sənətkarın səsləri qorunur “Qızıl fondun səs xəzinəsində. Azərbaycan televiziyası isə radiodan düz 30 il sonra – 1956-cı ildə fəaliyyətə başladı. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. Beləliklə, Azərbaycan televiziyası və radiosu dövrün ayrılmaz hissəsinə çevrildi”. Mərasimdə çıxış edən xalq artisti Yaşar Nuri uşaq vaxtı televiziya aparıcılarına qibtə hissi ilə baxdığını, 10 yaşında həyatının televiziya ilə sıx bağlandığını bildirdi. Azərbaycan televiziyasında nümayiş olunan verilişlər haqqında danışan xalq artisti həmin verilişlərin yaş fərqindən asılı olmayaraq bütün tamaşaçıların dünya görüşünün inkişafında əhəmiyyətli rolundan danışıb. Tədbirdə söz alanlar televiziyanın 54, radionun isə 84 yaşı münasibətilə münasibətilə burada çalışan bütün əməkdaşları təbrik ediblər. Mərasimdə incəsənət xadimləri, vokal qruplarının maraqlı çıxışları olub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.17.