Azərbaycanda Türkmənistan Mədəniyyəti
Günləri keçirilir
Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olub. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından bəhs edib. Azərbaycanda gerçəkləşən Türkmənistan Mədəniyyət Günlərinin proqramının rəngarəng olduğunu bildirən F.Əliyeva bu mərasimin ölkə ictimaiyyətinin yaddaşından uzun müddət silinməyəcəyinə əminliyini vurğulayıb. Mədəniyyət günlərini iki ölkə arasında səmimi dostluğun nümunəsi kimi qiymətləndirən F.Əliyeva mədəniyyət günlərinin ölkəmizdə böyük uğur qazanacağına, xalqlarımızın və mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyini bildirib. Nümayəndə heyətinin rəhbəri, Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru Tuvakbibi Durdiyeva xalqlarımızın səmimi dostluğunun başqa xalqlar üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsini çıxışında önə çəkib. Ölkəmizdə Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini əlamətdar hal hesab edən T.Durdiyeva bu cür tədbirlərin tez-tez keçirilməsinin, iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini dilə gətirib. Nümayəndə heyətinin rəhbəri mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verərək onların azərbaycanlı tamaşaçıları tərəfindən rəğbət qazanacağını bildirib. Sonda Türkmənistanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Mərasimdə əsasən Türkmənistanın folklor-etnoqrafik qrupu “Dokmaçılar”ın müşaiyəti ilə xalq və əməkdar artistləri ifa ediblər. Xalq artistlərindən Camal Saparova, Akmurad Çariyev, Saimamed Recepbayev, Suxanberdi Orazberdiyev, əməkdar artistlərdən Lalə Beqnazarova, Cahan Tağıyeva, Gözəl Ovezova və başqaları ifa etdikləri mahnılarla tədbir iştirakçılarına xoş anlar yaşadıblar. Açılışda həmçinin Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç iştirak edib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 6 noyabr.- S.17.