Əjdər Olun kitabının məmnuniyyətlə
oxunacağına inamım tamdır
Bu günlərdə
Türkiyədə, Ankaranın məşhur “Bengü” nəşriyyatında
tanınmış yazıçı Əjdər Olun
“Komutanın maymunu” (“Hərbi səhra komandirinin meymunu”)
adlı hekayələr kitabı nəşr olunub. 11 hekayənin
daxil olunduğu kitabın tərcüməçisi
tanınmış türk yazıçısı və tərcüməçisi,
son illər müasir Azərbaycan Ədəbiyyatında
davamlı və maraqlı tərcümələr edən
İmdat Avşardır. Nəşriyyatın və kitabın
genel yayın yönətməni Avrasiya Yazarlar Birliyinin sədri
Yaqub Dəliöməroğlu, nəşrin koordinatoru
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru
Səlim Babullaoğludur. Kitabda müəllif haqda müfəssəl
avtobioqrafik məlumatla yanaşı “Tənqid.net”
jurnalının baş redaktoru, doktor Tehran Əlişanoğlunun
Əjdər Ol haqqında yazısından fraqment, habelə
müəllif haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu”
(Türkiyə) kimi ciddi nəşrlərdə yer
almış rəylərdən parçalar yerləşdirilib.
Kitabdakı tərcümələr “Dünya ədəbiyyatı”
jurnalının “Azərbaycan ədəbiyyatını təbliğ
proqramı” çərçivəsində hazırlanıb.
Səlim Babullaoğlunun sözlərinə görə, Əjdər
Olun eyni proqram çərçivəsində başqa ölkələrdə
də kitabları nəşrə hazırlanır və
artıq Polşada “Qrafoman” kitabı çap olunub, rus,
gürcü, çex, ukraynalı naşirlər və tərcüməçilərlə
danışıqlar gedir.
Oxucularımız
üçün maraqlı olacağını
düşünərək, İmdat Avşarın kitaba
giriş yazısını, həmçinin Əjdər Olla
yığcam müsahibəni diqqətinizə
çatdırırıq.
Əlinizdəki kitab Azərbaycan
ədəbiyyatına 1980-ci illərdə daxil olan və o illərdən
bu günə qədər yazdığı şeir və
hekayələrlə, elədiyi tərcümələrlə
diqqətləri öz üzərində cəmləyən Əjdər
Olun Türkiyə türkcəsində nəşr olunan ilk
kitabıdır.
Əjdər Ol 1980-ci illərdə
ömrünü tamamlamağa və tarixin qaranlıq dəhlizlərində
qeyb olmağa başlayan Sovetlər Birliyinin son illəri ilə
müstəqil Azərbaycanın ilk illərinə şahidlik
edən bir sənətçi. Bu səbəblə bəhsə
mövzu olan illər Əjdər Olun hekayələrinin Ana Vətəni
sayıla bilər. O eyni zamanda yaşadığı dövrdəki
ağrılı ictimai hadisələri, köklü siyasi,
iqtisadi, sosial dəyişiklikləri və bu dəyişmə
dalğasının sahilə vurub atdığı
insanları həqiqi sənətkarlara xas bir duyarlıq və
böyük diqqətlə sərf-nəzər edərək
yazan bir yazıçıdı. Onun bu kitabı dövründə
baş verən gerçək hadisələrdən, həmin
hadisələrin şahidi, iştirakçısı olmuş
insanlar haqqında müəllifin vaxtında
yazılmış hekayələrindən ibarətdir. Azərbaycanın
gənc və istedadlı şairi, dostum Səlim
Babullaoğlunun tövsiyə və təqdiri, təşkilatçılığı
nəticəsində Türkiyə türkcəsinə
qazandırdığımız bu kitabda yer alan hekayələr,
son 20 ildə qardaş Azərbaycanda baş verən hadisələri
yaxından izləyən oxucular üçün həm də
tanış, həm də realist mənzərələr təklif
edəcəyinə şübhəm yoxdur.
Qardaş Azərbaycan
xalqının XXI əsrin astanasında yaşadığı
iki böyük sarsıntı var.
Bunlardan birincisi, müstəqilliyə
gedən yolda yaşanan qanlı 20 yanvar hadisələri,
ikincisi isə müstəqillikdən həmən sonra
yaşanan, Azərbaycan xalqını dərindən
sarsıdan və təsiri hələ də davam edən
Qarabağ Savaşı. Bu hadisələrin birincisi zəfərlə,
ikincisi vətən torpaqlarının işğalı, minlərcə
şəhid, yüz minlərlə Qarabağlı
türkün sürgünü və kədərli bir sonla nəticələnmişdir.
Heç şübhəsiz, varlığına yönəlmiş
təhdidlər və ağır məğlubiyyətlər,faciələr,
millətlərin ruhunda, zəfərdən daha
köklü,daha dərin izlər buraxır.
Dastanlarımızın qaynağının millət kimi
yaşadığımız faciələr olmasının
başlıca səbəbi də budur. Bu səbəblə,son
illərdə Azərbaycan ədəbiyyatına yön verən-ən
usta qələmlərdən ən gənc yazarlara qədər
bütün yazıçıların, sənətkarların
əsərlərində ən çox dilə gətirilən
baş mövzu Qarabağ Savaşı, xüsusən bu
savaşın yaratdığı dramatik nəticələr
olmuşdur.
Əjdər Olun realist bir təhkiyə
və naturalist bir müşahidə içindən süjetə
dayalı olmayan, gerçək hadisələri və
insanları anladan hekayələrində bəhs etdiyimiz tarixi
dönəmlərdə və bu dönəmlərdə
yaşanan faciələlərlə dolu ictimai hadisələrin
arxa planına, hakim bir zirvədən və geniş bir pəncərədən
baxmaq mümkündür.Bir tarixi dövrün inşa ettiyi
qaranlıq arxa planin önündəki səhnədə isə
Əjdər Olun bəzən dramatik, bəzən tragedik,
zaman-zaman isə mizahi bir üslubla ələ
aldığı, böyük dəyişiklik
dalğasıyla sərt qayalara çırpılıb sahilə
atılan Azərbaycan insanı, insanları vardır.
Kitabda yer alan “Hərbi səhra
komandirinin meymunu”, “Qəbulda”, “Usta Yusifin kamançası”,
“Namiq Abdullayevin axırı”, “Börüsoy” və “Fa” kimi
hekayələr son illərdə Azərbaycanda yaşanan fəlakətlər
və ictimai dəyişikliyin doğurduğu sosial hadisələrə
ədəbiyyat cəbhəsindən tutulan aynanı
xatırladır. “Hərbi səhra komandirinin meymunu” adlı əsərdə
bir müharibənin arxasını xırdalayan yazar“Qəbulda”
və “Fa” əsərlərində o müharibənin cəmiyyətdə
əks olunuşunu, fərqli insan sifətlərini göz
önünə gətirir. Yazıçı “Usta Yusifin
kamançası” və “Börüsoy” hekayələrində
oxucuya 70 il sonra çökən vərdiş olunmuş bir
sistem yerinə qurulan yeni qaydalara əməl etməyə
çalışan insanların düşdüyü qəribə
mənzərələri göstərir. Bu hekayələr eyni
zamanda Əjdər Olun içində yaşadığı
toplumu,o toplumun insanlarını və problemlərini bir sənətkar
ustalığı və məsuliyyəti ilə ədəbiyyat
aynasından gələcək nəsillərə əks
etdirdiyi, ötürdüyü önəmli miras və əsərlərdir.
Əjdər Ol əsərlərində
real həyatdan aldığı qəhrəmanları fərqli
yönləriylə işləməkdə olduqca
bacarıqlı bir hekayəçi. Yazıçı “Şər
Nizi”, “Qrafoman”, “Qatillə görüş” hekayələrində
işlədiyi tiplər ilə “Namiq Abdullayevin axırı”,
“Ölümlə zarafat” və “Börüsoy” adlı hekayələrində
gerçək adamları, dəyişən ictimai
davranış qəlibləri və insan
psixologiyalarını da çox təsirli bir dil və
üslub ilə təqdim edir. Hekayələrində dil və
üslub baxımından da uğurlu bir mənzərə təklif
etməsi, Azərbaycan ədəbiyyat tənqidçilərinin
də dediyi kimi “ənənəvi qəliblərlə bərabər
çağdaş və dinamik Azərbaycan türkcəsinə
vaqif olmasıyla” bağlıdır.
Onun 2010-cu ilin may ayında
yekunlaşan bir çox məşhur Azərbaycanlı
yazarın da qatıldığı Milli Kitab Müsabiqəsinin
əsas qaliblərindən biri olması da bütün deyilənləri
sübut edir.
Son 20 ildə iqtisadi anlamda
sosializmdən kapitalizmə keçən, siyasi mənada isə
Sovetlər Birliyindən qopub müstəqillik qazanmış
bir ölkə kimi Azərbaycanda ağrılı keçid
dövrünü və bu dövrdəki Qarabağ
Savaşını yaşayan, içində
yaşadığı toplumu və insanları son dərəcə
dəqiq müşahidə edən, əsərlərində
ictimai problemləri uğurlu şəkildə dilə gətirən
Əjdər Olun Türkiyədə nəşr olunan ilk
kitabının məmnuniyyətlə oxunacağına
inamım tamdır.
Bu kitabın
hazırlanmasında və nəşrində əməyi
keçən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu,
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru,
azərbaycanlı dostumuz Səlim Babullaoğlu, “Qardaş Qələmlər”
dərgisi redaksiya heyəti üzvü Ömər
Küçükmehmetoğlu və çevri
çalışmaları sırasında mənə
yardımçı olan oğlum Manas Avşara təşəkkürümü
borc bilirəm.
Əjdər OL: “Üzlərdəki mimikaları oxumaq kitab
oxumaq kimidir”
– Əjdər müəllim,
əvvəllər də xaricdə, müxtəlif jurnallarda və
dillərdə şeir və hekayələriniz çap olunub.
Amma indi təxminən eyni vaxtda – Polşada və Türkiyədə
kitablarınız işıq üzü gördü.
Özü də siz bir neçə il əvvələ qədər
daha çox şair ampulasında təqdim olunurdunuz Azərbaycan
ədəbi mühitində. İndi isə ciddi nasir kimi Avropa
oxucusu ilə təmasa girirsiniz. Təəssüratınızı
və düşüncələrinizi bilmək maraqlı
olardı.
– Bəri başdan onu deyim
ki, yaradıcı olaraq mən həmişə öz ölkəmizdə,
öz dilimizin hüdudlarında daha çox tanınmaq istəmişəm.
Düşünmüşəm ki,
özününkünün işinə yarayan haçansa
başqalarına da lazım ola bilər. Əlbəttə,
başqa dilə çevirilmək, oxucu miqyasını
genişləndirmək hər bir qələm sahibinin arzusudur.
Amma şeirin tərcüməsi getdikcə məni vurur.
Xüsusilə də ciddi ölçüləri – vəzni,
qafiyəsi, milli ruhu olan şeirin. Sərbəstdə, verlibrdə
yazılmış poetik nümunələrin işi
bambaşqadır. Onların çevrilməsi elə
böyük çətinliklər yaratmır.
Şeirlərimə
baxıram, düşünürəm, deyəsən bundan
sonra onların hansısa dilə çevrilməsindən
(türk dilinin qollarından başqa) vaz keçəcəyəm.
Məncə, şairinki öz eli, öz vətənidir. Onu da
deyim ki, haçansa başqa dillərdən şeirin
anlamının nəsr şəklində tərcüməsinin
vacibliyinin zamanı gələcək, görərsiniz. Nəsr
kitablarımın başqa ölkələrdə
çıxması hər harda məni istiləndirir. Görək
tutacaqmı?!
– Son illər sizin portret hekayələriniz
çox ciddi ədəbi mükalimələrə səbəb
oldu. Bu janra müraciətiniz nə ilə bağlı idi?
– Mənim üçün
janr sərhədi yoxdur, bütün janrlarda yazmağı
sevirəm. Hətta janrsız da özümü ifadə edirəm.
Bu hekayələr isə yaddaşımın
yazılarıdır, bir janrlıq deyil. Deyəsən, çox
güclü yaddaşım və müşahidə duyumum var.
Uşaqlıqdan bəri kimi ilk dəfə harda, haçan,
hansı rəngdə, hansı dəbdə olan paltarda
görmüşəmsə, eləcə yadımda qalıb.
Maraqlı bir epizod, əhvalat baş veribsə, müdrik,
duzlu-məzəli deyim səslənibsə, hamısını
yığıb-yığışdırmışam. Mənim
diqqətimdən yayınmaq müşkül məsələdir.
Ona görə də tanıdıqlarımı
köklü-köməcli tanıyıram, bildiklərimi
yaxşı bilməyə çalışıram. Mənim
yanımda deyilən qiymətli söz havaya uçmur. Üzlərdəki
mimikaları oxumaq kitab oxumaq kimidir. Duyduqlarımı bəzəyib-düzəmədən,
heç nə uydurmadan, arıdıb, təmizləyib uc-uca
calayanda bu hekayələr alınır. Əgər həmin
yazılar bizdə xoş qarşılanıbsa, kənarda da
oxunacaq. İnsan elə hər yerdə insandır.
– Milli Kitab Müsabiqəsinin
əsas qaliblərindən biri kimi, ədəbi müsabiqə
və mükafatlar, dəyərləndirmə institutları,
bu mənada bizdə çatışan və
çatışmayan məqamlar haqda düşüncələrinizi
bilmək istərdik.
– “Milli kitab mükafatı” ədəbi
mühiti xeyli silkələdi. Mükafat şirin şeydir,
azlığından-çoxluğundan,
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq qalibi ruhlandırır. Ciddi və layiqli
mükafat ölkənin durumuna, siyasi, iqtisadi, mədəni səviyyəsinə
bağlı məsələdir. Güclü təşkilatlanmış
mədəni qurumlar, ədalətli mükafat
bölgüsü apara bilər. Özbaşınalıqda, “mənəm-mənəm”likdə,
dostbazlıqda münsifin münsifə ehtiyacı olur.
Mükafat həm də çox güclü təbliğat
vasitəsidir. Qiymətləndirmə aksiyaları genişləndikcə
mənəvi yüksəlişimiz artacaq.
2010-cu ildən müstəqil
Azərbaycanın Dövlət mükafatları verilməyə
başladı. Bu ölkəmizdə mükafat institutunun
güclənməsinə, təkmilləşməsinə səbəb
ola bilər.
İmdat AVŞAR
525-ci qəzet.- 2010.- 6 noyabr.- S.16.