“X nöqtəsi...”ndə sərgilənənlər

Muzey Mərkəzində Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi gerçəkləşəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş olunacaq.

Adları qeyd edilən rəssamlar yaradıcılıqlarında yeniliklər etməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə sərgi “X nöqtəsi...” adlandırılır. Bu ad Anar Hüseynzadənin eyniadlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır.

 Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. Sərgi noyabr ayının 8-dən 14-dək davam edəcək.

 

HÜSNİYYƏ

525-ci qəzet,- 2010.- 9 noyabr.- S.7.