İgidlik dərsi... Şəhidlik
zirvəsi...
Azərbaycanın Milli Qəhrəmanları
Çingiz Mustafayev, Mübariz İbrahimov... və bütün Vətən şəhidlərinin xatirəsinə
“Vətəni sevmək imandandır“.
Həzrəti Məhəmməd Peyğəmbər
Mən ÇİNGİZ MUSTAFAYEVİ, MÜBARİZ İBRAHİMOVU bir dəfə də olsun görməmişəm. Və heç vaxt da
görməyəcəyəm. Amma ONLARI tanıyıram! Və
ömrümün sonuna qədər də unutmayacağam!..
ONLAR QƏHRƏMANDIR! Amma
filmlərdə gördüyümüz, yaxud haqqında
kitablarda oxuduğumuz o uzaq illərdəki müharibələrin
qəhrəmanlarından deyil. Bizim dövrümüzə təsadüf
edən və ölkəmizin zorla cəlb edildiyi bir savaşda
– buna VƏTƏN SAVAŞI deyərlər – Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda
döyüşə atılan igidlərdir! ONLARIN
adının qarşısında çox şərəfli və
hər kəsin qazana bilməyəcəyi bir təqdimat da var:
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI...
...Şəhidlər
Xiyabanına tez-tez gedirəm. Uşaq vaxtı qardaşımla
məni atam aparardı ora. Əlimizdən tutub bizə ONLARDAN
danışardı, bizə ONLARI tanıdardı. QƏHRƏMANLARI...
İndi böyümüşük – özümüz gedirik...
Çingiz və Mübariz mənim
üçün fərqli qəhrəmanlardır! Qeyrət, cəsarət,
igidlik, məğrurluq simvolu saydığım bu oğullar Azərbaycanın
ən yeni tarixinin QƏHRƏMANLARI sırasındadır.
ONLAR müasirlərimiz olub. Bizim üçün onların qəhrəmanlıq
göstərdiyi “meydan” və zaman çox uzaqda deyil...
...Qarabağ mənim əcdadlarımın,
ulu babalarımın yurdudur. Çingiz Mustafayev Qarabağda
doğulmayıb. Bakıda anadan olub, Bakıda yaşayıb.
Birinci Qarabağ müharibəsi başlayanda paytaxtdakı
ev-eşiyini, iş-gücünü qoyub könüllü cəbhəyə
yollanıb, ən qaynar nöqtələrə üz tutub. Belə
deyək, rahat həyatına “əlvida” deyərək
özünü od-alovun, ən gərgin döyüşlərin
cənginə atıb, həm də bilə-bilə ki, getdiyi
bu yolda ölüm onu hər an yaxalaya bilər. Bu,
sözün əsl mənasında, VƏTƏN SEVGİSİ
idi! O, Vətənin ən çətin günündə
meydana atılıb...
...Çingizin bioqrafiyasını oxuyuram. Ali təhsilli həkim olub. Lakin qaynar təbiəti, fəallığı, novatorluğu ilə bir yerə qapanıb qalmayıb. “Cəngi birliyi” yaradıb, gənclərin liderinə çevrilib. Müharibə başlayanda jurnalistikaya üz tutub, reportyorluq edib, informasiya blokadasında olan Azərbaycanın həqiqətlərini dünyaya çatdırıb. Xocalının günahsız qurbanlarını bütün dünyaya göstərib...
...Xocalı. Bu sözü eşidən kimi göz önünə müharibə, məhv edilmiş şəhər, amansızlıqla qətlə yetirilmiş insanlar gəlir. Göz önünə, həm də Çingiz Mustafayev gəlir. O, əlindəki kamerası ilə ilk dəfə Xocalı qətliamının ən dəhşətli, ən ağrılı görüntülərini çəkib, zaman-zaman tarix qarşısında heç nə ilə gizlədilə bilməyən bir cinayəti, yerə-göyə sığmayan bir xəyanəti, qanlı bir müsibəti hönkürə-hönkürə, göz yaşının dumanında lentin yaddaşına köçürüb, erməni vəhşiliyini, erməni qaniçənliyini bütün dünyaya sübut edib, Vətəninə göz dikən qəddar, hiyləgər düşməni ifşa edib, Ermənistanı xar edib. Budur VƏTƏNPƏRVƏRLİK. Sözdə yox, əməldə...
Yeri gəlmişkən... Xocalı soyqırımı vaxtı biz ailəliklə Ağdamda olmuşuq. Mən uşaq olmuşam – bir yaş yarımlıq. Bu yaşda uşağın həmin hadisələri xatırlaması inandırıcı olmaz. Heç mən də xatırlamıram. Qardaşım isə Xocalı faciəsindən 5 gün sonra anadan olub. Anam deyir ki, o gecə bütün Ağdam ayaq üstə idi. Səhəri günü isə Ağdam məscidi meyitlə dolmuşdu. Məscidin qarşısında iynə atsan, yerə düşməzdi. İnsanlar nə edəcəklərini bilmirdilər: qadınlar ağlaşırdılar, kişilər qəzəbdən, hiddətdən boğulurdular. Həmin vaxt Ağdam özü də aramsız atəşə tutulurdu...
Böyüyəndən sonra, dediyim kimi, valideynlərimdən eşitdim, müəllimlərimdən öyrəndim, kitablarda oxudum, filmlərdə, Çingizin çəkdiyi kadrlarda gördüm Xocalı dəhşətlərini...
Orta məktəbdə oxuyanda hər il fevral ayının 26-da “Xocalı dərsi” keçərdik. Şeirlər söyləyər, səhnəciklər göstərərdik. İndiki kimi yadımdadır, uşaq olsaq da, bu səhnəcikləri oynamaq çox çətin idi. Özümüzü ağlamaqdan güclə saxlayardıq...
Beşinci sinifdə oxuyanda Xocalı haqqında inşa da yazmışdım. İndiki kimi yadımdadır, həmin yazı. Belə bir fikir vardı orada: “Mən Anamı, Atamı, qardaşımı çox sevirəm... Düşünəcəksiniz ki, bunun Xocalıya nə dəxli var? Yox... Xocalı haqqında oxuduqlarımdan, bildiklərimdən məni ən çox ağrıdan, qorxudan bir hadisədir. Xocalıda 8 ailənin bütün üzvlərini öldürüb ermənilər. Bu ailələrdən heç kim qalmayıb... Mən ataları, anaları, qardaş-bacıları öldürən ermənilərə nifrət edirəm...”
Sinif yoldaşlarımızdan biri isə belə yazmışdı: “...Atamın danışdığı bir hadisə heç yadımdan çıxmır. Onun Xocalıda yaşayan dostu həmin dəhşətli gecədə oğlu ilə birgə üzü Ağdama tərəf qaçır. Birdən ermənilər onun oğlunu vururlar. Ata oğlunu kolluqda gizlədir, üstünə də bir dəsmal qoyur ki, ara sakitləşəndə gəlib oğlunun cəsədini götürsün. Aralıq sakitləşəndən sonra geri qayıdır və dəhşətdən yerindəcə donub qalır. Oğlunun meyitinin yerində onun parçalarını görür...”
İndi
bunları xatırlamaq belə adamı üşüdür. Amma bunu yada salmaqda məqsədim
var. Çingiz ona görə QƏHRƏMANDIR ki, həyatını
təhlükəyə ataraq bütün bunları olduğu
kimi lentə alıb, ermənilərin Xocalıda
kökünü kəsdikləri həmin o səkkiz ailənin,
Yer üzündən sildikləri bütöv bir nəslin
eşidilməyən harayını aləmə “yayıb”...
Çingiz
Laçını tərk edən döyüşçüləri
geri qaytarıb, onları Vətənin müdafiəsinə
haraylayıb, hər kəsi özü ilə
döyüşlərə aparmaq istəyib, “Mən də
sizinlə qalıram” deyib, təki murdar düşmənin
ayağı Laçına, Şuşaya... dəyməsin...
...ANS kanalında bu kadrı
tez-tez göstərirlər. Hər dəfə bu kadrlara baxanda
insanın qanı coşur. Fikrimcə, tək bu epizoda
baxıb silaha sarılmaq olar!.. Laçının göz
görə-görə getdiyini görən, bunu əngəlləmək
istəyən Çingiz haray çəkir, yaralı qartal
kimi çırpınır, var gücü ilə
qışqırır, təki nahaqdan təşvişə
düşərək Laçını tərk etmək istəyən
əsgərləri geri qaytarsın! Qarabağ dərdini əyninə
geyinmiş Çingiz hətta onları söyür... Həmişə
bu epizoda həm qürur, həm göz yaşı ilə
baxır, yumruqlarımı düyünləyib
düşünürəm: “Mən mütləq Qarabağa
gedənlərin ön cərgəsində olacağam...” Və
inanıram ki, həmin gün uzaqda deyil...
lll
...O günün uzaqda
olmadığını Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində
Azərbaycanın bir MÜBARİZ oğlu da sübut etdi. Cəsurluğu
ilə öz millətinin, xalqının əzəmətini
bir daha dünyaya nümayiş etdirdi. Ermənilərə
mesaj göndərdi: bu xalqın, bu millətin hər bir
övladı istənilən anda irəli atılmağa,
düşməni enməyə qadirdir! Azərbaycan
oğulları bir çağırışa bənddir!.. Bir
Vətən təəssübkeşinin “Ən böyük
sevgi Vətən sevgisidir, bu məhəbbət fövqəladə
vəziyyətlərdə, ölüm-dirim
çağlarında daha qabarıq aşkara
çıxır” fikrini indi bütün Azərbaycanın
iftixarı olan 22 yaşlı MÜBARİZ AĞAKƏRİM
OĞLU İBRAHİMOV həqiqətə, gerçəyə
çevirdi.
Mübarizin bioqrafiyasına
diqqət edək. O, Qarabağ müharibəsi təzə-təzə
başlayanda anadan olub – 1988-ci ildə. Qarabağdan xeyli uzaqda –
Biləsuvarda. Daxili Qoşunların Xüsusi Təyinatlı
bölüyündə hərbi xidmət keçib,
çavuş rütbəsi alıb. 2009-cu ilin avqustunda öz
arzusu ilə yenidən hərbiyə qayıdıb. Etiraf edək,
o, yenidən cəbhə bölgəsinə qayıtmaya bilərdi,
hərbi xidmətini başa vurmuşdu, axı! Elə isə
onu yenidən ən qaynar cəbhə bölgəsinə
qaytaran nə idi? Əlbəttə, vətənpərvərliyi.
Vətənində at oynatmaq istəyən ermənilərə
keçmək istədiyi İGİDLİK DƏRSİ! Bu məqsədi
valideynlərinə yazdığı məktubda çox
aydın görünür: “VƏTƏNİN DAR GÜNÜNDƏ
ARTIQ ÜRƏYİM DÖZMÜR...”
2010-cu il iyunun 18-dən 19-na
keçən gecə Tərtərin Çaylı istiqamətində
Ermənistan silahlı qüvvələrinin növbəti
hücumu zamanı artıq “ürəyi dözmür”
Mübarizin, ermənilərə ibrət dərsi vermək
vaxtının çatdığını anlayır,
bütün vücudu və ruhu ilə irəli atılır,
təkbaşına mərdliklə vuruşur, bir neçə
erməni əsgərini məhv edir, “Vətən sağ
olsun!” deyə özü də şəhid olur. Ən
böyük arzusu olan ŞƏHİDLİK ZİRVƏSİNƏ
ucalır. Bu isə elə bir zirvədir ki, o zirvəyə hər
kəs yüksələ bilmir...
Mübarizin valideynlərinə
yazdığı son məktubunu təkrar-təkrar oxudum.
“...Canım Atam və Anam. Məndən sarı
darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol
dua edin. Vətənin dar günündə artıq ürəyim
dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından
ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin
üzərinə gedəcəyəm. Şəhid olsam,
ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. ...Allah böyükdür, Vətən sağ
olsun! Haqqınızı halal edin. Oğlunuz Mübariz.” Məncə,
bu məktubun özü elə bizim hər birimiz
üçün İGİDLİK DƏRSİDİR...
Bugünədək onu
heç kim tanımırdı. Ölümü ilə
ölümsüzlüyə ucalan MÜBARİZ Azərbaycan
üçün yenidən doğuldu. İnsan var, yüz il
yaşayır, amma adı heç kimin yadında qalmır.
MÜBARİZ adı isə şəhid olduğu gündən
bütün azərbaycanlılar üçün ən əziz
ada çevrildi, and yerinə çevrildi... İndi o, tək
bir Ata-Ananın, bir elin, bir obanın yox, bütöv Azərbaycanın
oğludur! İyulun 22-də dövlətimizin
başçısı İlham Əliyevin Mübariz
İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı
verilməsi barədə sərəncam imzalaması bunu bir
daha təsdiq etdi. Bu qərar dövlətimizin tək
Mübarizə yox, bütün Vətən şəhidlərinə
ehtiramını ortaya qoydu. Bu qərar Prezidentin həm də
bu QƏHRƏMANLARI yetirən torpağa, valideynlərə
hörmətini təsdiqlədi. Bu qərar dünyanın ən
ağır dərdi ilə üz-üzə qalan bir Ananın
yarasına məlhəm oldu, alışan ürəyinə su
səpdi. Bu qərar bir də onu göstərdi ki, bu Vətən
bu Vətəni sevənləri, qoruyanları heç vaxt
unutmur...
Biləsuvar rayonu Əliabad kəndi.
Qəlbində Azərbaycan sevgisi olan hər kəs indi
Mübarizin doğulduğu bu məkana gəlir, onun
böyüdüyü evi ziyarət edir, valideynləri ilə
görüşür. Mən televizorda Mübarizin valideynlərini
görəndə sinəsi oğul dağı ilə bu
dünyadan köçmüş Xanım nənəmi, Həmdəm
babamı xatırladım. İgid oğul itirən ata-anaların
üzüntüsünü yaxşı başa
düşürəm. Amma Vətən yolunda
ölümüylə ailəsinə başucalığı
gətirib, onlara bu torpaqda məğrur yaşamağa haqq
qazandıran oğullar da çox deyil...
Bütün MÜBARİZLƏRİN
analarına səslənirəm: Başınızı uca
tutun! Sizin oğul itkiniz təkcə kədər, ağı
deyil! Bu dərd, həm də əzəmətdir. Əgər
sizin övladlarınız dünyaya İGİDLİK DƏRSİ
keçiblərsə, bununla ancaq öyünün!...
MÜBARİZ yolu qəhrəmanlıq
yoludur, MÜBARİZƏ yoludur. Nə qədər ki, elan
olunmamış Ermənistan-Azərbaycan müharibəsi bitməyib,
Qarabağ düyünümüz açılmayıb, nə
qədər ki, dədə-baba ocaqlarımıza aparan yollar
üzümüzə bağlıdır, nə qədər
ki, Şuşa, Laçın nisgilimiz, qübarımız
bizimlədir, MÜBARİZ YOLU davam edəcək, bu yoldan
çox igidlər keçəcək...
Mənfur ermənilər
Mübariz İbrahimovun cəsədinin fotolarını
İnternetdə yaymaqla öz riyakarlıqlarını bir daha
nümayiş etdirdilər... Düşmən bununla bizə
göz dağı verdiyini düşünürsə,
yanılır. Əksinə, bu, qanımızı coşdurdu,
qisas hissimizi daha da alovlandırdı, intiqamımızı bir
az da yaxınlaşdırdı. Mən o şəkildə də
qəhrəman Mübarizlə fəxr etdim! Düşmən
onun cansız vücudundan belə qorxur! Belə olmasaydı, əllərini
bağlamazdı!..
Çingizin çəkdiyi
kadrlara baxanda keçirdiyim hisslər bir daha qəlbimi
bürüdü, Viktor Hüqonun bir fikrini xatırladım: “Əgər
sürgündə on fransız qalsa, mən də onların
arasında olacağam. Əgər ikisi qalsa, mən də
onların biri olacağam, əgər biri qalsa, o bir nəfər
də mən olacağam...”
Artıq MÜBARİZ təkcə
ruhuyla yox, mübarək cəsədiylə də öz
torpağındadır, öz Vətənindədir!
Mübarizin cəsədi Vətən torpağına
qovuşdu, ruhu isə Vətən göylərində pərvaz
edir!
Düşmənlərin bu
torpaqdan qovulacağı günə çox az qalıb!
İndi oğullu-qızlı hər birimizin içində bir
MÜBARİZ var. Bu MÜBARİZLƏRİN çəkici
bir zindana vurub irəli atılacağı gün gəlir!
Düşmən o günə hazır olun! Qisas qiyamətə
qalmaz!.. Tarixi hər birimiz üçün şərəfli,
qürur duyulası tarixə çevirən Azərbaycan
övladlarının ruhuna rahatlıq bəxş edəcəyimiz
gün çox yaxındadır!..
Sitarə CABBARLI
525-ci qəzet.- 2010.- 9 noyabr.- S.7.