İradə Tuncay: “Təkcə mətbuatın
yox, ümumiyyətlə, bəşəriyyətin siması
kişi simasıdır”
“QADINLAR, TƏBİƏTƏN, DAHA MƏSULİYYƏTLİ
OLDUQLARI ÜÇÜN ÖNƏMLİ VƏZİFƏ
TUTMAQ ONLARA İKİQAT ÇƏTİNLİK YARADIR”
Gender anlayışına
ictimai münasibət ilk növbədə və daha qabarıq
formada məhz mətbuatda, media orqanlarında öz əksini
tapır. Media aləminin fəal nümayəndələri,
üstün mövqe sahibləri sırasında xanımlar da
az deyil və onların gender məsələsinə şəxsi
baxışları xüsusi maraq doğurur. Odur ki, layihəmiz
çərçivəsində bu mövzuya ayrıca diqqət
yetirməyi qərara aldıq. Niyyətimiz mətbuatımızın,
media qurumlarımızın sayılıb-seçilən, rəhbər
vəzifəli xanım təmsilçilərinin gender məsələsi,
ümumiyyətlə cəmiyyətdə qadın-kişi
münasibətləri barədə fikirlərini öyrənib
oxuculara çatdırmaqdır. Bu silsilədən ilk
müsahib kimi “Ədalət” qəzetinin baş redaktoru,
tanınmış publisist İradə Tuncayı
seçmişik. İradə xanım tələbəlik illərindən
başlayaraq, media sahəsində fəaliyyət göstərir.
Jurnalist kimi fəaliyyətə televiziyadan başlasa da,
hazırda qəzetçilik sahəsində rəhbər
mövqedə çalışır. Onunla özünün mətbuata
gəlişi, media sahəsində keçdiyi yol, bu sahədə
qadınların mövqeyi barədə fikirlərini öyrənmək
üçün söhbətləşdik.
– 1976-cı ildə orta məktəbi
bitirib, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
qəbul olundum. O zaman qayda belə idi ki, mütləq
jurnalistika fakültəsinə daxil olarkən qabiliyyət
imtahanı verməli idin. Oxuduğumuz müddətdə də
müxtəlif mətbu orqanlarla əməkdaşlıq edir, təcrübə
keçirdik. Təbii ki, mən o vaxt jurnalist fəaliyyətinə
başlayan kimi İradə Tuncay olmamışdım. 3-cü
kursdan fakültədə ixtisaslara ayrılma başladı. Tərcümə,
radio-televiziya və qəzet qrupları var idi. Mən əvvəlcə
tərcümə qrupunu seçdim. Amma gördüm ki, bu sahə
necə ağır və məşəqqətlidir. Eyni
zamanda tərcümə işi məni cəlb etmədi.
Universiteti bitirəndən sonra iş tapa bilmirdim. O zaman,
bilirsiniz ki, bir televiziya vardı, qəzetlər də az idi. Mən
təxminən 5 il, ştatdankənar olmaqla, Azərbaycan
Dövlət Televiziyasında işlədim. Amma tələbə
vaxtından da televiziya və radio ilə əməkdaşlıq
edirdim. Həm radio, həm televiziya üçün xırda
süjetlər hazırlayırdım. 1987-ci ildə artıq məni
tam ştata götürdülər. O vaxt televiziyada çox
populyar olan və tamaşaçılarda da maraq doğuran
“Dalğa” proqramında işləməyə başladım.
Fikirləşirəm ki, mənim elə jurnalist kimi
özümü təsdiq etməyə başlamağım da
o proqramla gerçəkləşdi. Yəni hər halda bu
proqram seçilirdi, fərqlənirdi. Sonra işimdə
müxtəlif fasilələr oldu. 1991-ci ildə məni bir dəfə
işdən çıxardılar, sonra televiziyada rəhbərlik
dəyişəndə yenidən işə
çağırdılar. 1994-cü ildə yenə də
işdən çıxarıldım, həmin ildən 2001-ci
ilə qədər mən işləmədim. O vaxt həm də,
demək olar, hamıdan incik idim, hamıdan
küsmüşdüm. 2001-ci ildə, nəhayət yenidən
işləməyə qərar verdim, “Space” kanalındakı
“Səhər” proqramında fəaliyyətə
başladım. Onda proqramın kollektivi yeni-yeni
yığışırdı. Şöbə müdiri
işləyir və paralel olaraq da filmlər
hazırlayırdım, 6 filmim oldu. 2001-2006-cı illərdə,
5 il ərzində çox intensiv işləmişəm. Həftədə
hardasa 2-3 süjet hazırlanırdı. Televiziya işini bilənlərə
məlumdur ki, 3-4 dəqiqəlik süjetin hazırlanmasına
nə qədər vaxt, zəhmət lazımdır. Onun
çəkilişi, montajı, mətnin yazılması... Yəni
televiziya işi həm ağır işdir, həm də uzun
prosesdir. Filmlər də xüsusilə çətindir. Bir
filmin araya-ərsəyə gəlməsinə 4-5 ay vaxt
lazım gəlir. Mən belə işləyirdim.
Başqalarının iş prinsipini deyə bilmirəm.
2006-cı ildə bu kanalda da rəhbərlik dəyişdi və
mən işdən getdim. Onda “Ədalət” qəzetində
durum yaxşı deyildi, ona görə bura gəldim. Baş
redaktor Aqil Abbas da artıq o vaxt Milli Məclisə
seçilmişdi və qəzetlə məşğul
olmağa vaxtı da yox idi. Mən gəldim “Ədalət”ə
və düşünürəm, yaxşı ki, gəlmişəm.
Deyərdim ki, bununla “Ədalət”in tarixində, həyatında
yeni bir dönəm başladı.
– Siz sıravi jurnalistlikdən
qəzet redaktorluğuna qədər yüksəlmisiniz.
Jurnalistika sahəsində sırf qadın olaraq sıravi
işçi kimi çalışmaq çətindir, yoxsa rəhbər?
– Rəhbər olmaq, əlbəttə
ki, çətindir. Çünki bütün işin məsuliyyəti
sənin üzərində olur. Nəyin necə olacağını,
işçi seçimini, hansı materialın gedib-getməməsini
sən həll edirsən. Ümumiyyətlə, qadınlarda məsuliyyət
hissi güclüdür. Bu, görünür, qadınların
həm də ana olmalarından irəli gəlir. Mən həmişə
narahatam, çalışıram, hər şey
doğru-düzgün, yerində olsun. Sıravi işçi
yazını hazırlayır və təhvil verib, gedir. Qalan
bütün işin məsuliyyəti rəhbərin üzərindədir.
Ona görə, məncə, qadın və ya kişi
olmağın fərqi yoxdur, rəhbərlik etmək çətindir.
Sadəcə, qadınlar, təbiətən, daha məsuliyyətli
olduqları üçün vəzifə tutmaq onlara ikiqat
çətinlik yaradır.
– İşçi
seçimini qeyd etdiniz. Siz işçi seçərkən
daha çox nəyə üstünlük verirsiniz?
– Mənim üçün
yeganə prinsip onun iş qabiliyyəti, peşəkarlığı,
nizam-intizamı və istedadıdır. Ayrı bir meyar yoxdur.
İstər qadın, istər kişi olsun, mənim prinsipim,
yanaşmam belədir. Ümumiyyətlə, belə qənaətdəyəm
ki, mən düşüncədə olan insanlara kifayət qədər
yüksək vəzifələr tapşırılsa, ölkədə
və cəmiyyətdə vəziyyət xeyli düzələr.
– Məsələn, nə
düzələr?
– Misal üçün,
kişilərdə auksion prinsipi var. Kişilər deyirlər
ki, məsələn, filankəs xoşuma gəlir. Daha onun nə
yazdığını, hansı qabiliyyətə malik
olduğunu fikirləşmirlər. Amma mən belə
düşünmürəm. Lap tutalım, əks cinsin
nümayəndəsi olsun, mənim üçün heç
bir əhəmiyyəti yoxdur. Mən həmişə bu
prinsipi qoruyuram. Birinci meyar işçinin istedadıdır,
sonra onun işə yanaşma prinsipiallığıdır,
nizam-intizamıdır.
– Siz sırf iş
baxımından işçilərə yanaşmadan
danışdınız. Bəs insani münasibətlər necə
qurulub? Xanımlara hansısa fərqli yanaşma sərgiləyirsinizmi?
– Mənim xoşuma gəlməyən
adam mənimlə işləmir, vəssalam. Qeyri-səmimi,
işinə pis yanaşan insanları sevmirəm. Çörək
yediyi qaba tüpürənləri, yalan danışanları
da sevmirəm. Mənim üçün belə şərtlər
var. Yəni o insan ki, mənim tezliyimlə uyğun gəlmir, o
artıq mənim yanımda işləmir.
– “Ədalət”in kollektivində
qadınlar, yoxsa kişilər üstünlük təşkil
edir?
– Daha çox kişilərdir.
Ümumiyyətlə, bir söz deyim, mətbuat aləmində
qadının baş çıxarması çox çətindir.
Yəni bu gün xeyli “reket qəzetlər” var və qadınlar
orada əksəriyyət təşkil edirlər. Belələri
artıq jurnalist deyil. Amma əlində vəsiqəsi var. Ona
görə gedir ayrı işlərlə məşğul
olur. Mən də işə götürəndə o prinsipi
gözləyirəm ki, daha çox oğlan olsun.
Çünki oğlanı hər yerə göndərə
biləcəm, ona girişən olmayacaq. Həm də
qadınların, qızların elə bil lazımi qədər
geniş zehniyyəti, yüksək təfəkkürü
yoxdur. Fikirləşirlər ki, güzgü
qarşısında durub bəzənsinlər. Mən buna pis
baxmıram e, bəzənsinlər. Mən də bəzənməyi
çox xoşlayıram. Amma bu, onların işinə mane
olmalı və işi ikinci plana keçirməli deyil.
– Bəlkə sizin bəxtinizə
bəzənməyi xoşlayan işçilər
çıxır? Adətən, jurnalist xanımlarımız
qaçhaqaçda olduqlarından heç güzgüyə
baxmağa belə vaxt tapmırlar...
– Vallah, mənə qədər
burda elələri işləyib ki... Heç birinin bircə
cümləsi də yadımda deyil ki, deyim, bax, bunun bu xasiyyəti
var, amma eybi yox, keçmək olar, çünki gözəl
jurnalistdir. Yoxdur axı, olsun, mən də onu qəbul edim.
– Hazırda kollektivdə
kişilərin, yoxsa qadınların işi sizi razı
salır?
– Əlbəttə, kişilərin.
Mən yenə deyirəm və qadınların xətrinə
dəyməsin, kişilərin beyni daha yaxşı işləyir.
Görünür, bu, təbiətin hökmüdü.
– İşçiləriniz
necə, sizdən razıdırlarmı? Nəzərə alsaq
ki, kollektivdə kişilər üstünlük təşkil
edir...
– Zənnimcə, onlar mənimlə
çox rahat işləyirlər. İnanmıram ki, məndən
narazı olsunlar. Həm də mənimlə işləmək
Aqil Abbasla işləməkdən daha asandır.
– Bəs iş məsələsində
Aqil müəllimlə necə yola gedirsiniz?
– Aqil Abbasla işləmək
çox çətindir. Çünki o, həmişə bu
günün işin sabaha qoymağı sevir. Konkret bir şeyi
onunla həll etmək olmur. Gərək nə boyda konflikt
yarana ki, sonra sən onunla nədəsə yola gəlib, həll
variantını tapasan. Ona görə deyirəm ki, Aqil Abbasla
işləmək çox çətindir.
– Sizə, konkret olaraq,
işinizə görə iradlar bildirir?
– O özü mənim işə
münasibətimi bilir. Ona görə iradı da ola bilməz.
– Bayaq dediniz ki, qadınlar
daha məsuliyyətli olurlar. Mən bu fikri digər sahələrdə
rəhbər vəzifə tutan qadınlardan da eşitmişəm.
Sizcə, bu məsuliyyət hissi həm də qadının daxilən
özünə inamsızlığından, qorxu hissindən
irəli gəlmir ki?
– Görünür, bu
kompleks də var. Qadın düşünür ki, birdən mən
nəyisə düz eləmədim, deyərlər, arvaddı
da bacarmadı.
– Bu gün mətbuatda rəhbər
vəzifə tutan qadınlar barmaqla sayılacaq qədərdir.
Siz ümumən media sahəsindəki rəhbər həmkarlarınızın
işini necə qiymətləndirirsiniz?
– Nümunə
üçün deyim ki, Vüsalə Mahirqızının
işini əla qiymətləndirirəm. Çox gözəl
işləyir, alqışlayıram onun fəaliyyətini.
– Bəs sizcə, mətbuatda
qadın rəhbərlər niyə azdır? Belə demək
mümkünsə, niyə burda kişilər hökmranlıq
edirlər?
– Bilirsiniz, bunu zorla eləmək
olmaz, axı, gərək qabiliyyətli adam olsun ki, gətirib
onu hardasa oturtsunlar. Elə buna görə Vüsalənin
adını çəkdim.
– Sizin Azərbaycanda gender bərabərliyi
məsələsilə bağlı da fikirlərinizi bilmək
maraqlı olardı...
– Düşünürəm
ki, buna proqramla, qanunla, kvota ilə nail olmaq mümkün deyil.
Hər cəmiyyətin, hər toplumun özünün mental dəyərləri,
yaddaşı var. O necə qəbul olunursa, elə də gedəcək.
Qadının özünü cəmiyyətdə təsdiq
etməsi daha çətindir. Amma əgər qadın
özünü cəmiyyətdə təsdiqləyirsə,
hamı da bunu qəbul edirsə, həmin qadınları daha
çox vəzifələrə irəli çəkmək
lazımdır. Qoy bizim xanımlar təhsilli, bilikli olsunlar,
böyük vəzifələrdə
çalışsınlar, daha cəmiyyətin
aşağı qatlarına doğru üz tutmasınlar. Bu
gün, təəssüf ki, tendensiya bu cürdü, elə
bil xarici ölkələr də maraqlıdırlar ki, bizim
qızlar məktəbə getməsinlər, savadları
olmasın və onları yaxşı istismar etmək olsun.
Günah ümumən cəmiyyətimizdə, həm də
kişilərdədir. Ona görə bu məsələlərə
diqqət etmək lazımdır. Parlamentdə də
qadınlar sayca azdır. Bu o demək deyil ki, zorla, kvota xatirinə
kimisə deputat etmək lazımdır. Qadın o yerə
layiqdirsə, qoy gedib otursun.
– Yeri gəlmişkən,
usta bir publisist kimi, publisistika sahəsindəki digər
xanımların işini necə dəyərləndirirsiniz?
– “525-ci qəzet”də,
“Azadlıq” qəzetində davamlı oxuduğum xanım
publisistlər var. Demirəm, onların sayı çoxdur. Amma
mənə elə gəlir ki, publisistikada qadınlar
xüsusilə seçilirlər: cəmiyyətə
baxışları, bəşəri problemlərə
yanaşma tərzilə. Bu baxımdan Aysel Əlizadənin,
İradə İsaqın, Gülnarə Rəfiqin
yazılarını çox maraqla oxuyuram. Yazılarına
maraq göstərdiyim başqa xanım yazarlarımız da
var.
– Mətbuatımızın
gender cəhətdən mənzərəsinə, görkəminə
baxışınız necədir?
– Təkcə mətbuatın
yox, ümumiyyətlə, bəşəriyyətin siması
kişi simasıdır, məncə. Bütün cəmiyyətləri
kişilər idarə edir, amma arxa planda iplər
qadınların əlindədir. Bu gün mətbuatımızın
da siması kişi simasıdır.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2010.- 9 noyabr.- S.4.