Bakıda Beynəlxalq Teatr
Konfransına start verilib
BEYNƏLXALQ TƏDBİRƏ DÜNYANIN 30 ÖLKƏSİNDƏN
70-ə QƏDƏR NÜMAYƏNDƏ QATILIB
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında “Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər” mövzusunda
beynəlxalq elmi-praktik
teatr konfransının
açılış mərasimi
keçirilib. Mərasimi
giriş sözü ilə açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev konfransın keçirilmə
zərurətlərini dilə
gətirib: “Dünyanın
böyük teatr ustalarının bir araya gələrək XXI əsrin teatr proseslərini araşdırması
hamımız üçün
olduqca əhəmiyyətlidir.
Belə mühüm bir tədbirin Azərbaycanda keçirilməsi bizdə
qürur hissi doğurur. Xatırladım
ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə
Dövlət Proqramı”
çərçivəsində Bakıda ilk dəfə keçirilir. Bu konfransda dünyanın 30 ölkəsindən
70-dək qonaq iştirak
edir”.
Ə.Qarayev Azərbaycan
teatr sənətinin köklərinin daha qədim olduğunu və bu sənətin
xalq oyun tamaşalarından qaynaqlandığını
bildirib: “Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti
ilə bağlı oyunlar və rəqslər, mövsüm-mərasim
bayramları, “Qaravəlli”
tipli müxtəlif tamaşa növləri çağdaş teatr sənətinin təməli
olub. XIX əsrin ikinci yarısından başlayaraq
ölkəmizdə cərəyan
edən ictimai-siyasi hadisələr maarifçilik
hərəkatının inkişafına
güclü təkan verib. Həmin dövr Azərbaycan
teatrı üçün
də əlamətdar
olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundov tərəfindən
ədəbiyyatımıza dram janrının gətirilməsi
xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
əhəmiyyətli addım
olub. Böyük
maarifçi Həsən
bəy Zərdabi və görkəmli yazıçı Nəcəf
bəy Vəzirovun təşəbbüsü ilə
1873-cü ildə Bakıda
M.F.Axundovun “Lənkəran
xanının vəziri”
və “Hacı Qara” komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə
də bütün müsəlman Şərqində
dünyəvi, peşəkar
teatrın təməli
qoyulub”. Nazir ölkə prezidentinin teatr sənətinə göstərdiyi böyük
qayğı və diqqətin ulu öndər Heydər Əliyevin siyasətinin məntiqi davamı olduğunu bildirib: “Elə buna görə
də son illər Azərbaycanda teatr sənətinin inkişafı
ilə bağlı bir sıra əsaslı
qərarlar qəbul edilib. Hazırda Azərbaycanda 27 dövlət
teatrı fəaliyyət
göstərir. Son 5 ildə bu teatrlarda
433 yeni tamaşa hazırlanıb. Onlardan
68-i nazirliyin sifarişi
ilə səhnələşdirilib”.
Ə.Qarayev ötən
illərdə respublika
teatrlarının dünyanın
20-dən çox ölkəsində
Azərbaycanı layiqincə
təmsil etməsindən,
xarici dövlətlərin
tanınmış sənətkarlarının
tamaşa hazırlamaq
üçün teatrlarımıza
dəvət olunmasından,
noyabrın 12-dən 30-dək Bakıda keçiriləcək
A.P.Çexov adına
Beynəlxalq teatr festivalının “İpək
yolu” adlı mərhələsi haqqında
da məlumat verərək keçirilən
beynəlxalq teatr konfransında müasir dövrün teatr problemləri və onların həlli yollarının müzakirə
olunacağını diqqətə
çatdırıb. Tədbirdə
Litva mədəniyyət
nazirinin müavini Deyvidas Staponkus, YUNESKO-nun nəzdində Beynəlxalq
Teatr İnstitutunun İngiltərə nümayəndəliyinin
rəhbəri Nevil Şulman, Çinin Teatr Elmi Tədqiqatlar
İnstitutunun rəhbəri,
“Teatr jurnalı”nın
baş redaktoru Lin Şen, Kanadanın Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının
baş katibi Mişel Vais, ABŞ-ın “Azərbaycan interneşnl” jurnalının
baş redaktoru xanım Betti Bleyer, Rusiyanın “5 axşam” Beynəlxalq teatr festivalının bədii rəhbəri
Marina Dmitrevskaya, Səudiyyə
Ərəbistanı Krallığının
Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə
əlaqələndiricisi İbrahim
Assiri və ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun nümayəndəsi Peter Qoldfard
çıxış edərək,
konfransın əhəmiyyətindən
danışmış və
onun işinə uğurlar arzulanıb. Konfrans bölmə iclası ilə davam edib. İclasda Böyük Britaniya,
Qırğızıstan, Azərbaycan,
Ukrayna, Gürcüstan
və digər ölkələri təmsil
edən tanınmış
teatrşünaslar müxtəlif
mövzularda çıxış
ediblər. Qeyd edək
ki, konfrans noyabrın 12-də işini
yekunlaşdıracaq.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.-
2010.- 11 noyabr.- S.7.