Xaqanidən Buninə, yaxud
“Görünməz xeyir-dua”
“Allaha gedən yol asan olmamalı!” – Vida edərkən
Peyğəmbərin dediklərindən
Payız səhərinin alatoranında telefonuma gələn qısa mesaj birdən-birəcə ruhumu qanadlandırdı. İki həftə əvvəl, gərək ki, “Literaturnaya qazeta”da Bunin adına mükafata təqdim olunan namizədlər arasında onun adını görəndə sevinmiş, hətta dualar da etmişdim. Çünki dostum bu mükafatı almaq üçün Rusiyanın çox güclü yazıçı və tərcüməçiləri ilə yarışmalı idi. Amma mən bu yarışda onun qalib gəlməsini istəyirdim. Çünkisi də budur ki, ona veriləcək mükafat hardasa Azərbaycan ədəbiyyatına veriləcək mükafat idi. Həm də bu, bizimçün nə yoğurdum, nə yapdım hazırca kökə tapdım mükafatı olacaqdı. Amma bu barədə bir az sonra. İstəmişdim özünə telefon edim, düşər-düşməzi olar deyə, etməmişdim.
Elə bil içimdən keçənləri öncə gözəgörünməz şans tanrısı, sonra da dostumun özü eşitmişdi, yoxsa arzum müstəcəb olub səhərin alatoranında telefonumun dəmir zəngini gözəl xəbərlər gətirməzdi ki: “Doroqoy Mamed, seqodnya naqrajdyon premiey Bunina za Xakani. Kak tı? Obnimayu. Mişa!”
Bu, əzmin zəfəri idi! Mixail Sinelnikovun böyük sevincini ilk öncə mənimlə bölüşməsinin səbəbi kimə aydın olmasa da, mənə aydındı. Birincisi, Mişa ilə məni az qala 40 ilə yaxın davam edən bir dostluq əlaqələri bağlayır. Və boynuma alım ki, bu dostluq mənim yox, daha çox Mişanın qeyrətləri ilə bu günə qədər davam etdi. (1990-cı illərdə başımıza gətirilən olaylarda Moskvadan da, orda yaşayan və bu hadisələrdə heç bir günahı olmayan sənət dostlarımdan da sidqim elə sıyrılmışdı ki, onların hamısı ilə bütün əlaqələri kəsməyə qərar vermişdim. Amma iki böyük şair – rəhmətlik Yuri Kuznetsov və Mişa Sinelnikov bu əlaqələrimizin qırılmasına imkan vermədilər. Xüsusilə Mişa Sinelnikov vaxt-bivaxt telefon zəngləri, göndərdiyi məktubları, teleqramları, kitabları, etdiyi tərcümələriylə əlaqələrimizin dimdik ayaqda qalmasına çalışdı.) İkincisi, Mişa öz əsərlərinə görə yox, Azərbaycan, eləcə də dünya ədəbiyyatının klassiki Xaqani divanının tərcüməsinə görə bu mükafatı almışdı. Həm də Xaqaninin əsərlərini çevirməyin nə qədər çətin olduğunu bilə-bilə (Çətin olmasaydı, indiyə qədər Xaqani əsərlərini tərcümə etməyə işbaz tərcüməçilərdən kimsə tapılardı.) bu işə 1990-cı illərdə cani könüldən girişməsinin və o zamankı nəşriyyat rəhbərlərimizin çapına qol qoymamalarının şahidi idim. Bir çox qapını birlikdə döymüşdük. Layiq oldu-olmadı, ata-anası olan ata-anasını (hətta xalasını, qaynanasını), əmi-dayısı olan əmi-dayısını, yerlisi olan yerlisini gözə soxmağa çalışdığı bir məmləkətdə səkkiz yüz il bundan əvvəlin dahi klassikinə Mixail Sinelnikov kimi əsl sənət fədaisindən başqa kim dəyər verəcəkdi ki? Xaqaninin kimi vardı ki, irsinə də kim sahib çıxaydı. Xaqani də doğulmağa yer tapmışdı. Bəlkə də dahi şairin şanssızlığı indi “qaç, atım ayaqladı” deyən bölgələrdə yox, Şamaxıda doğulmağında idi. Var olmaqla deyil ki, gərək varis də olsun: Amma nə yazıq ki, varis, bizdən yox, əsl sənətkara dəyər verilən Rusiyadan boy göstərdi. Xaqaninin vətənində üzünə soyuq su səpilib “yox” cavabları alsa da M. Sinelnikov bu məsələyə tale və şərəf işi kimi baxdı. İynə ilə gor qazmağa bərabər olan bu işə irəlidə Azərbaycanda dəyər verilməyəcəyini bilə-bilə Xaqani divanını çevirməyə davam etdi və istəyinə də nail oldu. Bütün bunları Mişa, Şərq qarşısında borcu kimi görürdü.
Jukovski deyirdi ki, nəsrin tərcüməçisi çevirdiyi yazıçının qulu, şeirinki isə rəqibidir. Şairi tərcümə etmək nə deməkdir?Bu sualı bir dəfə mənimlə söhbətində Mixail Sinelnikov belə cavablandırmışdı: “Tərcüməçi çevirdiyi əsəri beynindən və ürəyindən keçirməyi bacarmalıdır. Mən Xaqaninin əsərləri üzərində uzun gündüzlər və gecələr keçirdim və xoşbəxtəm ki, bu böyük şairin sənət dünyasına daxil ola və onunla doğmalaşa bildim”.
Moskva qəzetlərindən birinə verdiyi müsahibədə dediyi fikirlər işin bir başqa sübutudur: “Xaqani mübahisəsiz böyük şairdir. Onun sıyrılmış qılınc kimi qəsidələrində, hərarətli və incə qəzəllərində, qitə və rubailərində uca və azadlıqsevər, ehtiraslı və güclü bir xarakter gözə çarpır, bir xarakter ki, dünya poeziyasında bənzərinə rastlamaq mümkün deyil”.
Yeri gəlmişkən onu da deyək ki, Xaqaninin divanı rus dilində ilk dəfə Mixail Sinelnikovun tərcüməsində çap olunub. Və işin maraqlı yanı odur ki, Mişanın bu zəhməti başqa bir mükafata yox, məhz Bunin mükafatına layiq görülmüşdür. Rus ədəbiyyatında Quran, İslam dini və Türk dünyası ilə bağlı ən gözəl əsərləri məhz Nobel mükafatı laueratı Bunin yazmışdır. (Çox təəssüf ki, bu dəyərbiçilməz əsərlər hələ dilimizə layiqincə çevrilməmişdir.) Belə deyirlər ki, Şərq ellərini qarış-qarış gəzən İvan Bunin qutsal kitabımız Quranı yanından heç zaman əskik etməmişdir. Mişa Sinelnikovun Xaqani divanının tərcüməsinə görə başqa bir mükafata yox, Bunin mükafatına layiq görülməsinin də rəmzi mənası var. Çünki cəsarətlə deyə bilərəm ki, Mişa, İslam və Türk dünyasına Bunindən az xidmət etməmişdir. Mişanı İslam dininə, Şərqə və Türk dünyasına çəkən hansı qüvvədir, o hansı qüvvədir ki, onu Moskvanın göbəyində bizim səfirimizə çevirdi?! Bu sualın cavabını öyrənmək üçün, gəlin, Mişanın özünü eşidək: “Leninqradda doğulsam da, uşaqlığım Qırğızıstanın cənubunda, Fərqanə vadisində keçdi. Böyüdüyüm, havasını udub, suyunu içdiyim yerlərin landşaftı ilə İslam dini arasındakı sehirli, sirli əlaqə o zamanlar İslama, ümumilikdə götürdükdə Şərqə, xüsusiylə də İslam şərqinə məndə böyük maraq və sevgi oyandırdı. Quranın Rusca tərcüməsi evimizdə her zaman vardı. Məktəb illərində çox böyük bir maraqla onun səhifələrini vərəqləyirdim. Quranı anlamağa başladığımda isə sanki yeni bir dünyanın qapılarını açdım. Əbu Hamid əl-Qəzalinin dediyi kimi, “Allaha gedən pilləkənlər saysız-hesabsızdır”. Və hər sənətkar da bu pilləkənlərin birindən yola çıxar. Bəlkə buna görədir ki, ilham anlarında M.Lermontov və Bunin həqiqi müsəlman kimi davranmışlar. Quran hər zaman mənə xəzinə kimi gəlmiş və dünyada heç bir güc məni bu xəzinədən uzaqlaşdıra bilməz. Əlbəttə, Rusiya hər şeydən öncə Pravoslav ölkəsidir. Pravoslavlıq rus kültürünün əsasını təşkil edir. Xarici təsir güclərinə gəldikdə isə İslam bu güclərin ən əhəmiyyətlisidir“.
Onda şairliyin dışında nəsə qeyri-adi bir keyfiyyət də vardır. Hərdən söhbətlərimizdə adaşı Mixail Lermontovun göydən gəldiyinə bir uşaq səmimiyyəti ilə inandığını etiraf etdiyini də gördüm. Təkrar olsa da deyim ki, hərdən bu deyimin elə Mişanın özünə də aid olduğunu düşünürəm. Y.Kuznetsovun dışında onun kimi bir bu qədər tale oxuyan ikinci bir şair görmədim. İlk tanış olduğumuz vaxtdan bu yazı yazılana qədər 40 ilə yaxın bir vaxt keçir. Və dostluğumuz əvvəlcə də vurğuladığım kimi yalnız onun sabidqədəmliyi sayəsində qırılmadan davam edir. Gizləmirəm, əvvəllər onun mənə münasibətinin sabidqədəmliyini Azərbaycanda vəzifə pillələri ilə ucalmağımda (Bu vəzifə pillələrinin ona bir qara qəpikli faydası olmasa da...) görürdüm. Halbuki hər şeyin arxada qaldığı, vətəndən cüda düşdüyüm son onilliklərdə onun dost qayğısını daha artıq gördüm. Məni Moskva mətbuatında davamlı xatırlatdığı bir yana, canımın sıxıldığını görüb hətta arada Türkiyəyə-Çanaqqalaya gəldiyi də oldu... Sovet dönəmində Azərbaycan ədəbiyyatına zərrə qədər xidməti keçməyən neçələrinin əl əli yuyar əl də dönüb üzü iyrənc misalı Bakıda kitabları yayınlatdırıldı, bir tək Mişa Sinelnikovdan başqa. Amma həyat göstərdi ki, onun bizə yox, bizim ona ehtiyacımız varmış...
Mixail Sinelnikovun indiyə qədər 20-dən çox kitabı yayınlanmışdır. Xüsusilə 2004-də Moskvada çap olunan “Seçilmiş əsərlər”i ününə ün qatdı. Əsərləri bir çox dünya xalqlarının dilinə çevrilən Mixail Sinelnikovun Rumıniya və Serbistanda da ayrıca şeir kitabları yayınlanıb, əsərləri XX Yüzil Rus Ədəbiyatı antologiyasına daxil edilib. Mixail Sinelnikovun axtarış sahələri çox genişdir. Hələ gənc yaşlarında ədəbiyyat çevrələrində adı duyulmağa başlayan şair, zamanının çox hissəsini müxtəlif dinlərin Rus kültür və ədəbiyyatına təsirini tədqiq etməyə ayırmış, ona qədər araşdırılmamış Rus ədəbiyyatında İslam mövzusunu eninə-boyuna incələmiş, istər Qərb, istərsə də Şərq ədəbiyyatlarının çox sayda şairindən ruscaya tərcümələr etmişdir. Aida Sobolevanın sözləri ilə desək, Mixail Sinelnikov möcüzəvi bir şəkildə günümüzdə yaşamağa məhkum olan Rus ədəbiyyatının gümüş çağının şairidir. Onun dəyərbiçilməz şeirlərinin qəhrəmanları çağımıza hər yönü ilə bağlı olmaqla bərabər tarixin keçib gəldiyi bütün zamanların insanlarıdır. Eyni genişliyi onun əsərlərinin əhatə etdiyi coğrafiyaya da aid edə bilərik.
“Söyləməkdən yoruldum ki, mən yalnızca rus deyiləm!” Bəlkə də bu cümləni işlətməyə hər kəsdən çox onun haqqı var. Dostoyevskinin təbiri ilə desək, o, “bəşəri açıqürəkliliyə” sahib bir sənətkardır. Və bu “bəşəri açıqürəkliliyinin” yardımı ilə də dünyanın (əsasən Şərqdən olan) 500-dən çox şairinin şeirlərini yüksək sənətkarlıqla rus oxucularına çatdıra bildi. Rudəki, Ömər Xəyyam, Sənai, Ənvəri, Əttar, Hafiz, Xaqani və digər farsdilli şairlərlə yanaşı sovet dönəmində tacik, qazax, gürcü, osetin, habelə monqol, macar, serb, xorvat, rumın, vyetnam, alman, çex, ivrit və s. dünya dillərindən də tərcümələr etdi. Azərbaycan, Qırğız, Tatar ədəbiyyatlarından tərcümələri Rusiyada ayrıca kitab halında işıq üzü gördü. Amma Xaqani divanının tərcüməsi heç şübhəsiz gördüyü işlərin zirvəsi sayıla bilər. Puşkin deyirdi ki, Dantenin “İlahi komediyası”nın planı belə, dahi uzaqgörənliyi ilə tutulmuşdur. (Görəsən Dante Xaqaninin “Mədain xarabələri” əsərini oxumuşdumu? Sarbon universitəsində təhsil alarkən bəlkə də oxumuşdu.) Mixail Sinelnikov “Mədain xarabələri”nin planının da eyni ilə belə bir dahiyanə cəsarətlə tutulduğunu qeyd edir: “Bir fərqlə: Xaqani Şərqin, Dante Qərbin mənəvi sərhədlərindən kənara çıxmamışdır. Onlar aşağı-yuxarı eyni dönəmdə yaşamış ənginlik qonşularıdır. Amma Şərq Şərqdir, Qərb də Qərb!”
Mişa, mükəmməl tərcümələrə və ədəbiyyata gətirdiyi yeniliklərə görə bir çox beynəxalq mükafatlara laiq görülmüşdür. Rumıniyada “Paul Polidor”, Gürcüstanda “Georgi Lomidze” mükafatları ilə birlikdə “Novıy Mir”, “Drujba Narodov” jurnallarının şeir üzrə illik ödüllərini də almışdır. Eyni zamanda Rumıniya və Rusiya elimlər akademiyalarının üzvüdür. Hamıdan çox bizim ədəbiyyatımıza xidmət göstərən belə bir sənətkarı nə yazıq ki, biz yetərincə (“heç” demək daha doğru olar) dəyərləndirmədik.
Xaqaninin divanını böyük bir sevgi ilə çevirdiyinə görə bu gün Rusiyanın ən mötəbər mükafatlarından birini alan şair, uzun gözləmələrdən sonra çap etdirə bildiyi bu mükəmməl əsəri yaymaqda da çətinlik çəkir. Onsuz da darısqal olan Moskvadakı evini Xaqaninin divanı bir az da darısqal etmişdi. “Satılmağı bir yana qalsın, bunları kimə paylayacağımı da bilmirəm ki, ev boşalsın”, – deyirdi. Halbuki yalnızca Moskvada milyondan artıq soydaşımızın yaşadığı söylənilir. Bakıda bir çox qapıları döyüb Xaqani divanının satışına kömək edilməsini istəsəm də, səsimi yalnız iki adam eşitdi, Siyavuş Məmmədzadə və Azər Mustafazadə! Onların köməyi ilə hardasa bu dəyərbiçilməz kitabın 100 nüsxəsi satıla bildi. Bəs yerdə qalanlar?
Həyət hovuzunda delfin, bağçasında ayı saxlamağa, nə bilim nəyə milyon dollar xərcləyənlərin, xeyirsevərlikdə bir tək H.Z.Tağıyevin əlinə su tökməyə yaramayan, mayası haramla tutulan “var” və səlahiyyət sahiblərinin Xaqani kimi bir dahinin kitabının nəşrinə və yayılmasına qayğı göstərəcəklərini düşünmək ağılsızlıq olardı. Başqa ölkələrdə varlı, imkanlı adamlar vergi rekordçusu olmaq üçün yarışa girəndə, bizimkilərdən (Nə bizimkilər, canım! Belə də bizimki olar?) vergi rekordçusu olan varmı? Varsa, kimlərdir? Rokfeller deyirdi ki, varımın ilk milyonunu necə qazandığımı məndən soruşmayın, yerdə qalan milyardlarımı necə qazanmışam, quruşuna qədər hesabını verim. Varın ilk milyonu haram-qara para olanda belə deyirlər. Bəs bizimkilərin (Yenə bizimkilər! Lənət şeytana!) milyardlarının hesabatı hansı dövlət idarəsinə məlumdur? Vergilər Nazirliyindən soruşan varmı, nə işlə məşğuldur? Bəs bu əllə tutulub, gözlə görünən cah-cəlalların əsl sahibinin kim olduğunu xalq nə zaman biləcək? Xaqani bir yana, (yuxarıda söylədiyimiz kimi, onun bizlərin qayğısına ehtiyacı yoxdur.)
Xaqani divanının satışı bir yana qalsın, ədəbi çevrələrdə də eyni bəla davam edir... Bu ilin yaz aylarında “Lit. qazeta”nın əlavəsində Telman Cəfərov adlı bir elmlər doktorunun Azərbaycan şeirinin rus dilinə tərcüməsi ilə bağlı məqaləsini oxudum və gözlərimə inanmadım. Bu elmlər doktoru hətta Bakıda yaşayıb üç-beş şeiri alababat çevirmiş tərcüməçinin adını çəkməyə ərinməmiş, amma Xaqani, R. Rza, B. Vahabzadə və digər önəmli şairlərimizi çox yüksək səviyyədə rus oxucularına təqdim edən M.Sinelnikovun, eləcə də Yuri Kuznetsovun, Aleksandr Kuşnerin adlarını xatırlamağı belə lazım bilməmişdir. Bunu necə başa düşməli?
Mixail Sinelnikovun İslam dininə, Türk dünyasına, bütünlükdə götürdükdə Şərq aləminə xidməti yalnızca xatırlatdıqlarımızla məhdudlaşmır. Hazırladığı müxtəlif antologiyalar material zənginliyi ilə ayrıca bir yerə sahibdir. Xususilə “Görünməz xeyir-dua” adıyla yayınlanan, rus şairlərinin İslam motivlərinə həsr olunmuş şeirlərindən ibarət bu haqqında ayrıca danışmağa dəyən zəngin antologiya uzun və inadlı bir axtarışın məhsuludur. M. Sinelnikovun səbrli axtarışlarının bəhrəsi olan “Görünməz xeyir-dua” (Rus şeirində İslam motivləri) kitabı Hüsain Faizxanov adına Nijeqorod İslam İnstitutu tərəfindən “Mədinə” nəşriyyatında 2008-ci ildə nəfis bir şəkildə çap olunub. 422 səhifəlik kitabda 132 şairin, 344 əsəri yer almışdır. Onların arasında Rus ədəbiyyatına yön vermiş sənətkarlardan Derjavin, Jukovski, A. Puşkin, Tütçev, Lermontov, Fet, Bunin, Blok, Axmatova, Pasternak və başqaları var. Bu əsərlərin ən önəmli özəlliyi İslam dininə, Şərqə, Türk dünyasına sevgi və ehtiram motivləri ilə dolu olmasıdır. Kitabın ön sözündə deyildiyi kimi: “Bu kitab Rus ədəbiyatı antologiyası tarixində Müsəlman Şərqə dərin marağın, Rus kültürünün Avrasiya xarakterini, yəni etnik baxımdan Slavyan və Türk, mənəvi baxımdan isə Pravoslav və İslam dinlərinin sintezi olduğunu parlaq bir şəkildə isbatlayacaq önəmli bir mənbə olacaqdır. Antologiya ünlü rus şairi və tərcüməçisi Mixail Sinelnikovun 20 illik zəhmətinin bəhrəsidir. Kitaba ad olaraq “Görünməz xeyir-dua” misrası da təsadüfi seçilməmişdir. Misra, Pravoslav xristian olan, amma heç zaman “tatar nənəsini də” unutmayan Anna Axmatovaın Daşkənd şeirlərindən alınmışdır... Rus şairləri yüz illər boyu qonşumuz Müsəlman dünyasından qiymətli xatirələri şeirə çəkmiş, Rus ədəbiyyatında ayrıca bir cığır açmışlar. Həm də İslam dünyası bizim üçün heç zaman sərhədlərdən uzaq olmadı. Əksinə, əlaqələrimiz qonşumuz tatarın oymaqlarından, Qafqaz qayalarından, Başqırd yurtlarından başladı... ”
Ön sözündə Husain Fazixanov adına Nijeqorod İslam İnstitutu başkanı Damirhazram Muhəmədinov belə yazır: “Əlinizə aldığınız kitab həqiqətən də nadir bir əsərdir. Kitab dünyaca ünlü rus şairi və tərcüməçisi M.Sinelnikovun 20 illik əməyinin bəhrəsi kimi ortaya çıxmışdır... ”
M.Sinelnikov
müsahibələrinin birində “Görünməz
xeyir-dua”antologiyası haqqında belə deyirdi: “Antologiyaya
sözün həqiqi mənasında dahi şairlərin
dahiyanə əsərləri daxil edilib. Puşkin, Lermontov! Mən
təsdiq edə bilərəm ki, Lermontov böyük
ölçüdə müsəlman idi. Bunu ona görə
deyirəm ki, fatalizm Lermontov
dünyagörüşünün əsasını təşkil
edir. Bəlkə xristianlıqda da taleyə inam vardır, amma
Lermontovda fatalizm Qafqazdakı müsəlman dünyasıyla
tanışlıqdan sonra başlamışdı. Bir də
“Rusiyada türk soyadlar”ı kitabını vərəqləsəniz,
rus kültürünün şanlı və qutsal təmsilçiləri
Aksakov, Turgenev, Raxmaninov, Karamzin, Çaadayev kimi soyadların
olduğunu görərsiniz. Bu siyahını istənilən qədər
uzatmaq olar. Bütün bunlar Qızıl Ordadan Moskvaya
köç edən türk zənginlərinin nəvə-nəticələridir,
dinlərini dəyişsələr də “dədə hafizəsini”
unutmadılar. İslamın rus şairləri üzərində
təsirini bilmək üçün M.Lermontovun
aşağıdakı misralarının oxunması yetərli
olacaqdır:
“Yaşasam ömrümü
Türk-tatar kimi,
Olsun, taleyimə minnətdaram mən.
Allahdan xoşbəxtlik ummağım da yox,
Əski günahımı çəkim yenidən.
Müqəddəs göyləri bəlkə də Şərqin
Haqq yola, peyğəmbər öyüdlərinə
Alıb
aparacaq məni də bir gün... ”
Eyni nəşriyyat Mixail Sinelnikovun İslam motivləri əsasında yazdığı şeirlərdən ibarət “Lazurit” kitabını da nəşr etdi. Kitabın ön sözündə şair belə yazır: “İslam həqiqəti rus şerinə uca minarələrin ağılalmaz göyqurşağı rəngləri ilə birlikdə gəldi... Məhəmməd peyğəmbərin kimsə ilə muqayisə edilməz həyatını öyrənənlər İslamın nə olduğunu dərindən dərinə biləcəklər. Kim ruhunun dərinliklərində Peyğəmbərin böyüklüyü önündə heyrətlər içində qalmaz, kim İslam əfsanələrinə biganədir, o, ümumiyyətlə şerin nə olduğunu bilməyəndir... ”
Və... son
olaraq, Xaqaninin rus nəşrinə ön söz yazan M.
N.Osmanovun yazdığı kimi faciəvi taleyi olan Xaqani dahi ilə
iqtidar arasındakı konfliktin
ağırlığını öz taleyində
yaşamışdır. Yaşadığına görə də
aşağıdakı beytləri yazmışdır. (Beytləri
bilərəkdən rusca verdim ki, dəyərli oxucum Mixail
Sinelnikov tərcüməsinin ruhunu azacıq da olsa hiss etsin):
S tex por kak suşestvuet mir,
ne bılo na svete vernosti,
Ne bılo na svete vernosti
ni v klyatve, ni v drujbe.
Po-vidimomu, net vernosti i
v naşey strane,
İli, bıt mojet, nikoqda ne
bılo
vo vsem mire...
Yaşadığı zamanla
müxalifətdə olmaq, görünür, böyük
şairlərin qədəridir, bu tale Xaqanidən, axtarsan, elə
onun böyük tərcüməçisi M. Sinelnikovdan da yan
keçməmişdir. Gecə nə qədər qaranlıq
olsa, ulduzlar bir o qədər parlaq görünər...
Yaşadığı toplum mükəmməl olmadıqca fərdin
mükəmməlliyi mümkün deyil. Əsl insan kimsənin
əlində alət olmaz, o ki qalsın, sənətkar ola!
İnsan böyük yol aça bilər, amma insanı
böyük edən yol deyil. Və şam ağacının
möhkəmliyi soyuqlar düşəndə bilinər...
Bütün bu deyilənlər Xaqani duhasına, elə axtarsaq
Mixail Sinelnikova da aiddir.
Konfutsinin dediyi kimi, Müdrik
İnsan sözü ilə bütün kosmosu hərəkətə
gətirə bilər... Xaqani taleyi buna vazkeçilməz bir
örnəkdi! Təki belə də olsun!
Telefonda, internetdə təbrik
etmişdim... Bu dəfə də Xaqanisevərlər
adından Şərq dünyasının, İslam dininin, Azərbaycan
şerinin Şimaldakı böyük dostu və təbliğçisi
Mixail Sinelnikovu, ana südü kimi halalı olan, aldığı
bu mükafat münasibətilə təbrik edirəm! Daha
böyük uğurlar, başarılar diləyirəm, əziz
və sadiq dost!
25-28 oktyabr, 2010.
Çanaqqala, Türkiyə
Məmməd İSMAYIL
525-ci qəzet.- 2010.- 11 noyabr.- S.7.