Qadınlar insan alverinin əsas qurbanı kimi

 

ZƏRİF CİNSİN NÜMAYƏNDƏLƏRİNİ ACINACAQLI AQİBƏTLƏ ÜZLƏŞDİRƏN SƏBƏBLƏR VƏ PROBLEMİN HƏLLİ YOLLARI İLƏ BAĞLI İCTİMAİ FİKİRDƏ ZİDDİYYƏTLƏR VAR

 

“Atamın vəfatından sonra biz anam və beş bacımla birlikdə babamın evində yaşamağa başladıq. Anam təhsilsiz və işsiz olduğundan ailəni babam saxlayırdı. Çörəyimizi, geyimimizi o aldığından ailədə də onun sözü keçirdi. Ailəmizdə babamın sözündən heç kim çıxa bilməzdi. Babamın fikrincə, qız həddi-buluğa çatdısa, ərə getməli idi. O həmişə belə deyirdi: “Kimə versəm, ona da getməlisən”. Anamla demək olar ki, hesablaşan yox idi. Məktəbi qurtarandan sonra bütün gənc qızlar kimi mənim də elçilərim gəlməyə başladı. Ancaq mən ərə getmək yox, təhsil almaq istəyirdim. Amma buna imkan vermədilər... Bir gün babamgil evimizə elçi göndərən və məndən 12 yaş böyük olan birinə “hə”mi verdilər. Elə bundan sonra da mənim qara günlərim başladı”. Bu sözləri bizə qadın alverinin qurbanı olan, çox əzab-əziyyət çəkən, həyatın bütün çətinliklərini görən Sayalı Həşimova (soyad şərtidi) danışıb. Sayalı deyir ki, ərə getməyə razılıq verməsə də, ailəsi onu buna məcbur edib: “Rayonlarda, kəndlərdə yüzlərlə qız mənim kimi ərə verilir, bəzən də öz doğmaları tərəfindən satılır. Nəticədə isə başlarına olmazın müsibətlər gəlir. Heç kimi öz huququnu bilmədiyi üçün lazımi qurumlara da müraciət edə bilmir. Mən də onlardan biriyəm”.

Sayalının dediyinə görə, ərə verildikdən az sonra ərinin narkotik aludəçisi olduğunu bilib: “Həyat yoldaşım hər gün narkotik qəbul edir, sonra da məni döyüb-söyürdü. Vəziyyətim getdikcə daha da pisləşirdi. Sonra qız övladım dünyaya gəldi və güzəranım daha da pisləşməyə başladı. Ərim də, qaynanam da məni qız uşağı dünyaya gətirdiyimə görə danlayıb, təhqir edirdilər. Yoldaşım deyirdi ki, mənə qız övladı lazım deyil. Bir gün isə narkotikin təsiri altında evə gələn həyat yoldaşım üstümə neft tökərək məni yandıracağını dedi. Evdə heç kim yox idi. Onun əlindən qaçıb canımı qurtarmaq istəsəm də, bacarmadım. Ərim neftlə dolu qabı əvvəl mənim, sonra isə qızımın üstünə boşaldıb od vurdu. Alov evi bürümüşdü. Uşaq gözlərimin qarşısında yanırdı. Huşumu itirdim. Bir də gözlərimi açanda özümü xəstəxanada gördüm. Sonradan qonşuların danışdığına görə, səs gələnlər məni xilas edə bilsələr də, uşağıma kömək göstərə bilməyiblər. Bu hadisədən sonra ərimi həbs etdilər. Mən sağalıb xəstəxanadan çıxandan sonra ailəmə üz tutdum. Lakin onlar məni qəbul etmədilər. Dedilər, biz özümüz dolana bilmirik, səni necə saxlayaq. Getməyə yerim yox idi. Bir neçə gün küçələrdə yatdıqdan sonra Bakıya gəlməyi qərara aldım. Fikirləşirdim ki, özümə iş tapıb işləyərəm. Qatarda qadınlardan biri mənimlə maraqlanmağa başladı. Dərdimi ona danışdım. Bir neçə saatlıq yol yoldaşlığından sonra orta yaşlı bu qadın mənə evində sığınacaq verəcəyini bildirdi. O iş tapacağına və qayğıma qalacağına da məni inandıra bildi. Bir həftəyə yaxın onlarda qaldıqdan sonra o məni bir oğlanla tanış etdi. Sonradan bu cür tanışlıqların sayı çoxaldı. Mən buna etiraz etsəm də, qadın buna əhəmiyyət verməyərək öz işində idi. Artıq mən onun əlində alətə çevrilmişdim. Mənimlə istədiyi kimi davranır, mənim vasitəmlə qazandığı pulları kef məclislərinə xərcləyirdi. Bir gün isə o məni özü ilə Türkiyəyə apararaq bir nəfərə satdı. Bu ölkədə sürdüyüm iztirablı həyat artıq dözülməz idi. Ancaq qaçıb canımı qurtarmaq haqda düşünürdüm. Və bir gün belə bir fürsət düşən kimi qaça bildim. Tanımadığım bir ölkədə səfil həyatı sürməyə başladım. Nəhayət orada olan azərbaycanlıların birinin köməkliyi ilə Azərbaycana gəldim. Burada isə yenidən tək və acınacaqlı həyat məni gözləyirdi. Qayıtdıqdan sonra anamın, ailəmin yanına getdim, amma onlar yenə məni qəbul etmədi. İndi körpü və küçələri süpürür, qazandığım pulla kirayədə yaşayıram. Əgər buna yaşamaq demək olarsa. Bütün başıma gələnləri unuda bilmirəm, xüsusən də qadın alverinin qurbanı olduğumu”.

Həkim-psixoloq Xəyalə Məmmədova deyir ki, insan alverinin qurbanı olan, cinsi istismara, zorakılığa məruz qalan qadın özünü alçalmış, təhqir olunmuş hiss edir: “Mən heç kimə lazım deyiləm” düşüncəsi onların psixologiyasına yerləşir. Cəmiyyətin qınaq obyektinə çevrilməkdən qorxan belə insanlar özlərini cəmiyyətdən, insanlardan təcrid edib, tək qalmağa üstünlük verirlər. İnsanlarla ünsiyyətdən qaçır, kimliklərini hər kəsdən gizlətməyə çalışırlar. Çıxılmaz vəziyyətdə olduqlarını düşünüb, bəzən intihara da əl atırlar. Bizim ilkin köməyimiz onların özlərinə inamlarını qaytarmaqdır. Belə insanlar yalnız psixoloqun köməyi ilə normal həyata qayıda bilirlər”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu cür problemlə üzləşən qadınların reabilitasiyaya ciddi ehtiyacının olduğunu deyir: “Bu gün Azərbaycanda insan alverinin qurbanları üçün reabilitasiya mərkəzləri var. Burada onlar üçün kurslar təşkil olunur, işə düzəlmələrinə kömək göstərilir. Bizə çox qadınlar müraciət edirlər. Gəlirlər, problemlərini danışırlar. Biz sadəcə çıxış yolu göstəririk. Amma nə edəcəklərinə dair qərarı öz öhdələrinə qoyuruq. Həmişə son qərarı özləri verirlər. Mübarizəni qadın özü aparır, biz yanında oluruq. Reablitasiya mərkəzləri mütləq lazımdır. Qadın bilməlidir ki, hara müraciət etsin. Bu insanları psixoloji cəhətdən bərpa etmək, onları yenidən həyata qaytarmaq üçün sığınacaqlar var. Paytaxtda 3 belə mərkəz mövcuddur. Onlardan biri təhlükəsiz sığınacaqdı ki, bura təhlükə problemi olan qadınlar yerləşdirilir. Sığınacaqlarda yerləşdirmə könüllü şəkildə həyata keçirilir. Əgər yaşayış yeri yoxdusa, həmin qadını bizim təşkilatın nəzdində olan reinteqrasiya mərkəzinə göndərirlər. Bu sığınacaq ilkin ehtiyacları müəyyən edir. Burada qurbanlar psixoloji, tibbi, hüquqi yardımla yanaşı geyim və digər xidmətlərlə də təmin olunurlar. Amma sığınacaqlar da müəyyən dövrə qədər nəzərdə tutulub. Məsələn, qanunvericiliyə görə, sığınacaqlarda 1 ay qalmaq olar. Lakin təhlükə problemi olduqda qurbanlar burada uzun müddət qala bilirlər. Bundan sonra isə qurbanları yardım mərkəzlərinə gördəririk. Burada onları müəyyən peşə kurslarına yönəldirik, sonra isə onun işlə təmin edilməsi və digər ehtiyacları müəyyən edilir”. M.Əzizova qeyd edib ki, insan alverinin qurbanı olan qadınların əksəriyyəti uğursuz ailələrdən çıxan, savadsız, dünyagörüşü az olanlardır.

Qadın alveri ilə məşğul olan şəxslər onları asılı vəziyyətə salmaq üçün müxtəlif növ üsullardan istifadə edirlər. Aldatma və ya güc tətbiq edərək oğurlama, öz gənc ailə üzvlərini satmaq üçün valideynlərə, qohumlara və himayədarlara sövqedici təkliflər, məsələn, yaxşı işlə təmin olunma, həyat səviyyəsinin yaxşılaşdırılması, inkişaf etmiş ölkələrdə yaşamaq imkanı, nəhayət, dostluq, məhəbbət və ya evlənmə kimi yalançı vədlər bu sıradadır.

Hüquqşünas Natiq Qocayevin dediyinə görə, insan alveri sürətlə artan və dünyada artma səviyyəsinə görə üçüncü beynəlxalq cinayət növüdür. Eyni zamanda insan hüquqlarını ən çox pozan cinayət növüdür. İnsan alveri qlobal cinayət fenomeninə çevrilib və milyonlarla insan bu cinayətin qurbanına çevrilib. BMT-nin nəlumatına görə, bu qurbanların əsas hissəsi qadınlar və uşaqlardır: “Qadın alveri nə deməkdir? Zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri – oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, maddi nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla qadınların istismar məqsədilə cəlb edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi qadın alveri hesab olunur. Qadın alverinin əksər qurbanları cinsi istismara, ev xidmətlərinə, dilənməyə, zavodlarda, şaxtalarda, plantasiyalarda məcburi əməyə məruz qalır. Onlar əksər hallarda cinsi alçaldılmanın hədəfi olur. Adi sağlamlıq şəraiti olmayan və lazımi qida ilə təmin edilməyən təhlükəsizlik qaydalarının gözlənilmədiyi yerlərdə işləməyə məcbur edilən qadınlar ailə və cəmiyyətin dəstəyindən məhrum olurlar. Qadın alverinin bir çox qurbanları QİÇS-ə yoluxur və məcburi narkotika asılılığından əziyyət çəkirlər. Bəzi hallarda insan alverinin qurbanları baş verənləri öz daxilində yaşayır və danışmağa utanır. Milyonlarla qadın, əsasən əyalətlərdən çıxanlar, cinayətkar ünsürlər tərəfindən yaxşı iş vəd olunaraq aldadılırlar. Sonda isə onların taleyi məcburi fahişəliklə bitir. Bir çox gənc qızlar oğurlanaraq xarici ölkələrə aparılır və fahişəxanalarda əsirə çevrilirlər”. Hüquqşünasın dediyinə görə, belə hadisələrin şahidi olan gənc qadın və qızların baş verənlərə adi reaksiyası belədir: “Bu mənim başıma gələ bilməz!”. Buna baxmayaraq MDB ölkələri hazırda qadın alverinin getdikcə genişlənən mənbəyinə çevrilir. Səbəb isə yoxsul regionlarda yaşayan qadınların xarici ölkələrdə iş tapmaqla pul qazanmaq üçün etdiyi ümidsiz cəhdlərdir. Səzügedən alverin qurbanı olan qadınlar əsasən sosial və iqtisadi problemlərin məngənəsində sıxılan və problemlərdən yaxa qurtarmaq istəyən şəxslərdir. Bunlar xüsusilə, məcburi köçkün, ailə dəstəyindən məhrum edilmiş qadınlardır”. N.Qocayev vurğulayıb ki, qadın alveri ilə məşğul olanlar borc köləliyi – maddi öhdəçilik, şəxsi asılılıq şəraitində borc ödənilməsi, cəmiyyətdən təcrid edilmə – kənar şəxslərlə əlaqəni azaltmaq, bütün əlaqələrin səthi və nəzarət altında saxlanılmasına əmin olmaq, ailə üzvlərindən, eyni zamanda, etnik və dini icmalarından ayırmaq vasitəsilə qurbanlarını cəlb edirlər: “Sonra qurbanlarını pasport, viza və şəxsiyyəti təsdiq edən sənəddən məcburən məhrum edir, onlara ailələrinə qarşı zorakılıq törətmək və ya onlara zorakılıq hədəsi ilə qorxu gəlir, öz ailələri qarşısında, cəmiyyətdə ifşa etməklə, dövlət orqanları ilə əlaqə saxladığı təqdirdə immiqrasiya qanunlarını pozduqları üçün həbs olunacaqları ilə hədələyirlər”.

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun açıqlamasına görə, bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 63 fakt qeydə alınıb, 5 cinayətkar qrup zərərsizləşdirilib, 29 cinayətkar ifşa edilib. İnsan alveri ilə bağlı haqqında beynəlxalq axtarış elan edilən şəxslərdən 13 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 43 nəfərin axtarışı davam etdirilir. İnsan alveri qurbanı olan 32 nəfərdən 25-i sığınacaqlara yerləşdirilib və onlara yardım göstərilərək cəmiyyətə inteqrasiyaları təmin olunub. Araşdırmalar göstərib ki, insan alveri qurbanlarının 23-ü Türkiyəyə, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü İrana aparılıb. Onlardan 3-ü orta ixtisas, 3-ü natamam orta, 19-u orta təhsilli, 9-u isə təhsilsizdir.

Miqrasiya Rusurs Mərkəzinin direktoru Azər Allahverənovun sözlərinə görə, Azərbaycanda qadınların insan alverçilərinin toruna düşmələrinin bir sıra səbəbləri var: “Bunlardan ən çox istifadə ediləni qadınların iş adı ilə xaricə çağırılmasıdır. Çox vaxt onlara plantasiyalarda subtrotik meyvələrin yığımı, müxtəlif Avropa ölkələrində dayəlik, model biznesində çalışmaq təklif olunur. Bununla yanaşı, təhsil almaq, nikaha girmək adı ilə də xaricə aparılanlar var. İlk baxışdan qanunauyğun şəkildə qeydiyyata alınıb xaricə göndərilən qadını isə iş əvəzinə gizli bordellər gözləyir. Dil bilməyən, qanun və beynəlxalq hüquq normalarından baş çıxarmayanlar insan alverçilərinin əlində alətə çevrilirlər. Faktlar onu da göstərir ki, qurbana çevrilmiş azərbaycanlı qadınların əksəriyyəti rayonlardandır. Səbəb isə həmin bölgə sakinlərinin məlumatsız olmasıdır. Eyni zamanda insan alverinin qurbanlarına internat həyatı yaşayanlar, sosial problemləri olanlar da çevrilirlər”. A.Allahverənov istismara məruz qalan qadınların bir neçə istiqamət üzrə aparıldıqlarını vurğulayıb: “Bu sırada Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə öncül yerdədir. Adıçəkilən ölkələrdə əxlaqsızlıq üstündə həbs olunanların təxminən 80 faizini MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan qadınlar təşkil edir. Rəsmi rəqəmlər isə hələ də məlum deyil. Onu da deyim ki, əxlaqsızlıq üzündən yaxalanan əcnəbi qadını Dubayda 1 il həbs cəzası gözləyir. Bundan sonra onlar ölkədən deportasiya olunurlar. Bildirim ki, əxlaqsızlığa cəlb edilərkən qadının yaşına xüsusi diqqət yetirilir. Dubayda bu amil çox vacibdir. Bu biznesdə ən yüksək yaş həddi 35-36-dır. 16-25 yaş arasında olan qızlara isə tələbat daha çoxdur. Bu yaş həddinə yüksək qiymət qoyulduğu üçün “ticarətçilər” öz “ov”larını belə qadınlar arasında axtarırlar”. Ekspert Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına istinadən onu da bildirib ki, il ərzində ayrı-ayrı ölkələrdə “bu sahədə çalışan” minlərlə qadın yoxa çıxır: “Onlar ya ölkədən çıxır, ya da fiziki cəhətdən məhv edilirlər. Əksəriyyəti gənc olduğundan həmin qurbanlar bir çox hallarda öldürülərək orqanları transplantasiya üçün istifadə edilir”.

AİDS-lə Mübarizə Mərkəzindən bildirilib ki, bu ticarət növünün geniş yayılmasının ən dəhşətli tərəfi əxlaqsızlığa yuvarlanan qadınların AİDS-ə yoluxma ehtimallarının böyüklüyüdür. Onlar virusun daşıyıcısına çevrildikdən sonra ölkəyə gəlir və qorxulu xəstəliyi yayırlar. Həmin qadınlar tibbi müayinədən keçmədikləri üçün hansının xəstə olduğunu müəyyənləşdirmək mümkün deyil. Daha çox gizli həyat keçirdiklərindən onları aşkarlayıb müayinəyə cəlb etmək də çətin olur.

Qloballaşan dünyada terror ən önəmli təhlükə sayılırsa, insan alveri bu terrorun tərkib hissəsi kimi qəbul edilir. Dünyada silah alverindən sonra ikinci ən geniş yayılmış, ən çox gəlir gətirən sahə insan alveri hesab olunur. Qeyri-rəsmi statistikaya görə, bu sahədə dünyada hər il 40 milyard dollar qanunsuz pul qazanılır. Məhz bu fantastik rəqəmin formalaşmasında milyonlarla insanın əməyindən istifadə olunur. Bura istər qadınlar, istər kişilər, istərsə də uşaqlar daxildir. Ümumilikdə hazırda dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır. İnsan alveri hər bir ölkənin əldə etdiyi uğurları kölgə altına almaq iqtidarında olduğundan bununla bağlı məsələlərdə dünya ölkələri həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edirlər.

Son illərin statistikasına nəzər salanda insan alveri qurbanlarının sayında azalma müşahidə olunsa da, beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanda insan alverinin qurbanları az deyil. İşğal altındakı torpaqlar nəzarətsiz olduğundan sözügedən ərazilərdən tranzit məkan kimi istifadə olunur. Nəticədə bu da Azərbaycanın ayağına yazılır. Ümumilikdə bu yöndə qəbul olunan qanunlar, beynəlxalq öhdəliklərin həyata keçirilmə mexanizmində Azərbaycan keçmiş MDB ölkələrini qabaqlayır.

Millət vəkili Bahar Muradova da hesab edir ki, bu gün Azərbaycanda qadın alverilə mübarizdə dövlət, cəmiyyət və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidir Müxtəlif ölkələrin, eləcə də Azərbaycanın parlamentində qadın alveri məsələsinin mütəmadi müzakirə olunduğunu deyən B.Muradova qadınların bu yola müxtəlif səbəblərdən üz tutduğunu vurğulayıb: “Bəzən qadınların insan alverinin qurbanına çevrilməsi sosial çətinliklərlə əlaqələndirilsə də, maddi cəhətdən kifayət qədər təmin olunmuş ailədən olan qadınlar da bəzən bu aqibəti paylaşır. Mənim fikrimcə, qadınların bu yola üz tutması şüur, təfəkkür, həyat tərzi və eyni zamanda sosial çətinliklərlə əlaqədar ola bilər. Amma bunu da inkar etmək olmaz ki, bəzən qadınlar məsələdən xəbərdar olmadan və istəmədən qadın alverinin hədəfinə çevrilir”. B.Muradova son zamanlar qadın, uşaq və bütövlükdə insan alveri ilə mübarizədə ölkəmizdə bir sıra uğurların əldə olunduğunu da qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin keçmiş rəisi və həmin ölkənin Azərbaycandakı səfirliyinin hüquq məsələləri üzrə müşaviri Peter Ştraser bildirib ki, Azərbaycan hökuməti bu problemlərin aradan qaldırılması istiqamətində səylər göstərir. Qurbanların müəyyən edilməsi və sığınacaqlarda yerləşdirilməsi, bu tip cinayətləri törədən şəxslərə qarşı tədbirlər görülməsi müşahidə olunur.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova deyir ki, insan alverinin qarşısını almaqda beynəlxalq təşkilatlar da maraqlıdır. Bununla bağlı ölkədə bir çox tədbirlər keçirilir. Bu problemlə bağlı ölkənin aidiyyəti qeyri-hökumət təşkilatları da tədbirlər həyata keçirir. Amma bu prosesdə neqativ tərəflər də yox deyil: “Məsələn, insan alverinə qarşı mübarizə ilə bağlı Dövlət Proqramı var. Dövlət Proqramı çərçivəsində dövlət və qeyri-dövlət təşkilatları işlər görür, amma insan alveri azalmaq əvəzinə artmaqdadır. Bu onu göstərir ki, ya görülən tədbirlərin nəticəsi olmur, ya da əvvəldən bu sahədə statistika düzgün aparılmır. Düşünürəm ki, insan alveri qurbanları kimi özünü təqdim edən şəxslər bu addan istifadə edir. Bu proses ciddi yoxlanılmalıdır ki, həmin şəxslər həqiqətən insan alverinin qurbanlarıdır, ya yox. Bu məsələyə də aydınlıq gətirmək lazımdır. Bizim apardığımız araşdırmalara görə, çox vaxt insan alveri qurbanı kimi tanınan şəxs bu addan sui-istifadə edir. Bizim iştirak etdiyimiz məhkəmə proseslərinin birində bu faktı aşkarlamışıq. Məhkəmə prosesində məlum oldu ki, həmin insan alveri qurbanı kimi çıxış edən şəxs üçüncü dəfədir insan alveri qurbanına çevrilir. Bu o deməkdir ki, həmin şəxs artıq “qurban” adından istifadə edərək, prosedur qaydaları yaxşı bildiyi üçün qarşı tərəfdən pul qopartmaq istəyir. İnsan alveri qurbanları sırasında məcburi əməyə cəlb edilən insanların vəziyyəti çox acınacaqlıdır. Bununla bağlı statistika da düzgün aparılmır”. İ.Cavadova qeyd edib ki, insan alverçisi tutulanda sadəcə həbs edilir. Amma qanunvericilikdə dəyişiklik edilməli və bu cəza sərtləşdirilməlidir. Yəni insan alverçisi tutulanda həbs cəzası ilə yanaşı onun əmlakı da müsadirə edilməlidir. Belə olan halda bu işə girişən şəxslərin sayı azalar. Qanunvericilikdə dəyişiklik olsa, insan alverçisi bu hərəkətlərdən əl çəkər: “Yəni, həmin şəxs bilər ki, insan alverində tutulacağı halda onun əmlakı müsadirə ediləcək, hər şeydən məhrum olacaq, ona himayədarlıq edən şəxs aşkarlanacaq. Bizdə isə belə bir maddə yoxdur. Buna görə də insan alverçisi olan qadın həbs edilir, 2-3 il həbs cəzası verilir və qadın olduğu üçün də güzəştlər olunur, əmlakı əlindən alınmır. İnsan alverinə şərait yaradan amillərdən biri də bu məsələdir”.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə planı qəbul ediləndə bu sahədə təcrübə yox idi: “İctimaiyyət yetərincə məlumatlı deyildi, insan alveri qurbanlarının çoxu hesab edirdi ki, başlarına gələnlərdə özləri günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu gün cəmiyyətdə tamamilə fərqli tendensiyalar mövcuddur: “Dövlət strukturları və QHT-lər geniş təbliğat işləri aparırlar. İlk dövrlərdə nazirliklər bunun əhəmiyyətini anlamırdılar və yetərincə aktiv deyildilər, amma indi vəziyyət dəyişib və prosesə təkcə Daxili İşlər Nazirliyi deyil, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri aktiv qoşulmağa başlayıb. Onların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb”. M.Zeynalova bu sahədə ardıcıl tədqiqat apardıqlarını və insan alveri qurbanlarının daha çox ailədaxili zorakılığın nəticəsi olaraq artdığını deyir: “Beynəlxalq ictimaiyyətdə belə hesab edirlər ki, insan alverinin miqyasca böyüməsinin əsas səbəbi ayrı-ayrı məmurların və mafioz qrupların himayəsidir. Amma Azərbaycanda belə mafioz qruplar yoxdur. Eyni zamanda, hər hansı dövlət məmurunun bu cür qanunsuzluğa baş qoşması da inandırıcı deyil. Ola bilər ki, hansısa məmur bilmədən kiməsə yardım etsin, amma bunun gəlir götürmək məqsədilə olunduğuna rast gəlməmişəm. Bu sahədə uzun müddət çalışan, qurbanlarla sırf təmasda olan bir adam kimi belə faktların olmadığını deyə bilərəm. Daxili İşlər Nazirliyində analitik mərkəz var, orda bütün bu prosesləri izləyir və səbəbləri müəyyənləşdirirlər”. M.Zeynalova deyir ki, bəzən belə münasibət qurbanı yenidən hansısa səhv addım atmağa sürükləyir. Belə ki, bir çox hallarda davamlı dəstəyin olmaması qurbanın sonrakı həyatında özünü büruzə verir :”Düzdür, istisna hallar da var. Məsələn, insan alverinin qurbanı olan bir qadını valideynləri evə təkrar qəbul ediblər. Bu çox diqqət tələb edən məsələdir. Çünki əksər hallarda həmin qurbana qarşı mənfi münasibət ilk olaraq ailəsində formalaşır, ailəsi onu geri qəbul etmək, ona dəstək vermək istəmir. Qurbanların öz evinə qayıtması, normal şəraitdə öz evində, valideynlərinin himayəsi altında yaşaması mümkün olmur. Bu halda isə valideynlər onu yenidən evlərinə qəbul ediblər. Amma həmin evdə yaşamasına baxmayaraq, qadın davamlı təzyiqlərə məruz qalır. Bu isə onu göstərir ki, övladını qəbul edən valideynlər onun günahkar olduğunu fikirləşir, ona məhz günahkar prizmasından yanaşırlar. Bu isə qurbanın psixi, mənəvi durumuna çox mənfi təsir göstərir”. M.Zeynalovanın fikrincə, hamı insan alverindən zərər çəkənlərin günahkar, cinayətkar deyil, sadəcə, qurban olduqlarını anlamalıdır. Əks halda, stereotip dəyişməyincə insan alveri qurbanlarının təkrar qurbana çevrilmək təhlükəsi də ola bilər, uzun müddət qurban kimi yaşadıqdan sonra insan alverçisinə çevrilib bu sahədə fəaliyyət göstərmək məsələləri də. Ona görə də ekspert hesab edir ki, bu stereotiplərin dəyişməsinə çalışmaq lazımdır. Ancaq hələlik bu istiqamətdə Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyil: “Qurban hərtərəfli zərər görmüş şəxsdir, onun həm tibbi, həm psixoloji problemləri ola bilər. Qurbanların hansı şəraitdə çalışdıqlarını, hansı təzyiqlərlə qarşılaşıb nələrə dözməli olduqlarını, xaricə təhsil, iş, nikah dalınca getdikləri bir halda əxlaqsız həyat tərzinə sürüklənmək kimi faktın peyda olduğunu düşündükdə bunun nə qədər çətin olduğunu anlamaq mümkündür. Gənc qadın bəzən məlumatsızlığı ucbatından qarşıda onu nələrin gözləyə biləcəyini təxmin belə etmir. Bura insan alverçisinin peşəkarlığını, öz qurbanlarını yoldan çıxarmaq üçün istifadə etdiyi fəndləri də əlavə etsək, təcrübəsiz, çarəsiz qadının düşə biləcəyi vəziyyəti təsəvvür etmək olar. O qurbana çevrilir və daha sonra özünə qarşı münasibətin qurbana qarşı olan münasibət kimi yox, fahişəyə olan münasibətdən heç nə ilə fərqlənmədiyini görür. Təbii ki, bu həmin qurbanda daha böyük psixoloji problemlər yarada bilər”. Onun sözlərinə görə, insan alverinin qurbanlarına yardım göstərmək hər kəsin vətəndaşlıq borcudur. Bu sahədə QHT-lərin, dövlət qurumlarının davamlı və birgə fəaliyyətinə ehtiyac var.

Qeyd edək ki, Azərbaycan insan alverinin qarşısının alınması sahəsində BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokola. “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinə, Köləlik haqqında Konvensiyaya dəyişikliklər edilməsi haqqında protokala, Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında Əlavə Konvensiya, İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiya aşağıdakı beynəlxalq sənədlərə qoşulub. İnsan alverinin qarşısının alınması sahəsində 2004-cü ildə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib, 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edilib. Bu Qanun Azərbaycanda insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” 2005-ci ildə 1020-IIQD nömrəli qanun ilə Cinayət Məcəlləsinə yeni 144.1-ci maddə əlavə olunub və bu maddədə insan alverinə görə məsuliyyət müəyyən edilib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2010.- 11 noyabr.- S.6.