Görkəmli şair Fikrət Sadıqın 80 illik yubileyi qeyd olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli poeziyamızın görkəmli nümayəndələrindən biri olan şair Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı gerçəkləşən mərasimi giriş sözü ilə AYB-nin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid açıb. R.Məcid Fikrət Sadıqın şair və şəxsiyyət kimi daşıdığı məziyyətlərdən, onun yüksək insani keyfiyyətlərindən söz açıb, yubilyarın poeziyasının müasir ədəbi nəsil üçün örnək sayılacaq nümunələrdən ibarət olduğunu vurğulayıb. Mərasimdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar Fikrət Sadıqın doğum gününü ədəbiyyat aləminin bayramı kimi dəyərləndirib: Bu gün biz Fikrət Sadıq yaradıcılığının işığına yığışmışıq. Ədəbiyyat aləminə yeni nəfəs, yeni səs gətirən şairlərdən biri olan Fikrət Sadıqın üslub fərdiliyi onun yaradıcılığının mövzujanr özünəməxsusluğu, poetikasının rəngarəngliyilə müəyyən olunur. Onun üslubunun ən mühüm göstəricilərindən biri kimi şairin dilə münasibətini göstərmək olar. Şair nəinki öz poetik məni, ümumiyyətlə xalqının keçdiyi keşməkeşli yollar haqqında söhbət açarkən poeziyanın imkanlarından məharətlə istifadə edir”. Xalq şairi Zəlimxan Yaqub yubilyarı təbrik edərək, onu “İşıq şairi” adlandırıb: “Əgər mənə Fikrət Sadıqı bir sözlə ifadə etmək təklif olunsaydı, mən onu İşıq şairi adlandırardım. Ona təriflərin, sözlərin ən gözəli yaraşır. Mən onu buna görə işıq şairi kimi sevmişəm. Xalq ruhunda yazdığı şeirlərinə görə onu Xəstə Qasım kimi sevmişəm. Yaradıcılığına bələd olduğum gündən onu Sabir kimi, Hadi kimi sevmişəm. Onu sevməmək qeyri-mümkündür. O, sözlə oynayandı, sözü oynadandı. Fikrət Sadıqın ustadı nağıllar, əfsanələr, əsatirlərdir. Fikrət Sadıq yaradıcılığında forma, vəzn, məzmun bir-birini tamamlayır. Ona görə də Azərbaycan xalqı yaşadıqca o da var olacaq”. Xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyev F.Sadıqın şeirlərində Azərbaycan dilinin ən incə çalarlarının ustalıqla işləndiyini diqqətə çatdırıb. O, F.Sadıqın insan kimi yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu bildirib. Mərasimdə söz alan digər qonaqlar da yubilyarı təbrik edərək, onunla bağlı fikirlərini dilə gətirib, şairə yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramovun ifasında yubilyarın şeirləri dinlənilib. Sonda təşkilatçılara tədbirdə iştirak edənlərə minnətdarlığını bildirən Fikrət Sadıq bundan sonra da poeziyamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 12 noyabr.- S.7.