“Qadınlara qarşı
zorakılığa “YOX”!
“İCTİMAİ VƏKİL-İNSAN HÜQUQLARININ
MÜDAFİƏSİ MƏRKƏZİ” İCTİMAİ
BİRLİYİNİN YENİCƏ BAŞLATDIĞI
KAMPANİYA BELƏ ADLANIR
Azərbaycanın bütün rayonlarını əhatə etməsi nəzərdə tutulan kampaniyanı təşkil edən qurumun sədri Aynurə İmranovanın verdiyi məlumata görə, bu çərçivədə tədbirlər düz 1 il ərzində gerçəkləşdiriləcək və gələn il noyabrın əvvəllərində yekunlaşdırılacaq.
“Qadınlara qarşı zorakılığa “YOX” deyək!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində əyalətdə və paytaxtda qadınların hüquqlarının öyrənilməsi üçün seminarlar, onların problemlərinin işıqlandırılması, lider-qadınların seçilməsi və yetişdirilməsi istiqmətində zəruri işlərin görülməsi, reklam və elanlar şəklində proqramın dəstəklənməsi və başqa işlər nəzərdə tutulub. Eyni zamanda, tanınmış şəxslərin, ictimai xadimlərin, mədəniyyət və incəsənət ustalarının bu kampaniya çərçivəsində qadınların hüquqları ilə bağlı tədbirlərdə iştirakıyla yanaşı, onların bu problemlə bağlı maarifləndirici çıxışları, müsahibələri mətbuatda dərc olunacaq: “Bu gün insan hüquqları mövzusu Azərbaycanda çox mürəkkəb bir sahədir. Cəmiyyətimiz hüquqların müdafiəsinin təşkilindən çox hüquqi maarifləndirməyə ehtiyacın olduğu bir dönəmdə yaşayır. Məişət zorakılığı, qadınların hüquqlarının pozulması, gender bərabərsizliyi kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Bazar iqtisadiyyatının formalaşması, sovet sistemindən uzaqlaşma cəmiyyətdə ailədaxili münasibətləri daha da mürəkkəbləşdirdi, gender bərabərsizliyini artırdı. Qadınlara qarşı, ümumiyyətlə, ailədaxili hər cür zorakılıq bu gün bütün dünyada mövcuddur. Bütün zamanlarda qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz qalıblar. Dünyada təxminən 60 milyon qız uşağının hələ doğulmadan məhv edilməsinin özü də qadınların hüquqlarının pozulmasının göstəricisi deyilmi? Amma qadınlara qarşı zorakılıq hallarının əsasən ailədə baş verməsi faktı daha qorxuducudur. Statistikaya görə, bütün dünyada qadınların 60 faizi öz ailələrində zorakılığa məruz qalırlar. Amma, yəqin ki, Azərbaycanda heç bir zaman ailədə zorakılığın real miqyası tam aydın olmayacaq. Oxumaqdan məhrum edilən qızlar, əri tərəfindən döyülən, zorlanan qadınlar, “milli mentalitetimizə uyğun olaraq”, statistik göstəricilərdə tam əks etdirilməyəcək. Tədqiqatlar göstərir ki, ailədaxili zorakılıqların 22 faizi valideyn-övlad arasında baş verir. Məsələn, bir valideynin qız övladını oxumağa buraxmaması da öz növbəsində zorakılığın bir forması kimi fərdin hüquqlarının pozulmasıdır”.
Təşkilat rəhbəri əldə olan statistikaya istinad edərək bildirib ki, hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyalarını dəyişir: “Azərbaycanda bu cür həlak olan qadınların 73 faizi ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, hər gün 1000-ə yaxın qadın fiziki zərbələrə tuş gəlir. Qadınların 28 faizi ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40 faizində isə ər heç olmasa bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52 faizi hesab edir ki, “qadın döyülürsə, deməli, buna layiq nəsə edib”. Qadınların 24 faizi də bu qorxunc düşüncəni paylaşır. Yeniyetmə qızların 17 faizi mütəmadi depressiyalara mübtəla olur. Həmin qızların 3 faizi nə zamansa intihar edə biləcəyini istisna saymayıb. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45 faizi ərinin “hücum”larına məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Qadınların 90 faizi ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan “ailə haqq-hesab”larının şahidi olublar. Azərbaycanlı qadınların 36 faizi onlara nə zamansa əl qaldırmış ərlərinə bu və digər formada haqq qazandırırlar. KİV-dən toplanan informasiyaları tədqiq edərkən belə qənaətə gəlmək olar ki, məişət zəminində baş verən münaqişələrin 36,5 faizi (31 fakt) sosial problemlərin təsirindəndir. Məişət zəminində baş verən cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5 faizi zorakılığın hökm sürdüyü ailələrdə böyümüşlər. Fiziki zorakılıqla üzləşən qadınların 20 faizi ümumiyyətlə bu barədə heç bir zaman heç kəsə danışmır, məlumat vermir. Aldıqları xəsarətlərin nəticələrinə baxmayaraq, qadınların çox az bir qismi rəsmi surətdə səhiyyə, polis orqanlarına və ya fərdi şəkildə səlahiyyətli şəxslərə, dostlarına və ailə üzvlərinə yardım üçün müraciət edirlər. Burada diqqəti bir məqama da yönəltmək istərdik. İstər KİV-dən, istərsə də başqa vasitələrlə aldığımız məlumatlara əsasən, ildən-ilə boşanma saylarında da artım müşahidə olunur. Bizim bu fikrimizi elə rəsmi qurumların verdiyi məlumatlar da təsdiqləyir”.
A.İmranova deyib ki, bütün bu reallıqlar yetərincə nəzərə alındıqda Azərbaycanda bu sahədə hüquq maarifçiliyinə, pozulan haqların müdafiəsinə, insanların konstitusion haqlarının təbliğinə ciddi zərurət olduğu aşkar görünür: “Bu iş sistemli formada təşkil olunmalıdır. Nəzər alsaq ki, baş verən cinayətlərin 20 faizi qısqanclıq zəminində olub, onda bu işə psixoloqların cəlb edilməsi də vacib şərtdir. Qəzetlərin bir illik monitorinqi nəticəsində aydın olur ki, ailədaxili münaqişələr zamanı zorakılığa dair 85 fakt aşkarlanıb. Ailədaxili zorakılıq dedikdə qadına öz əri (məşuqu da ola bilər), valideyni, qardaş-bacısı, övladları, yaxın qohumları, məsələn, qaynı, baldızı tərəfindən edilən hücumlar nəzərdə tutulur. Qısqanclıq və məişət zəminində ortaya çıxan bu növ zorakılıq hallarında hücumçu tərəf kimi daha çox ərlər (məşuqlar) və ailə üzvləri fərqlənirlər. Qohumların və övladların qadınlara qarşı zorakılığı əvvəlkilərə nisbətən azlıq təşkil edir. Qeyd edilən faktlar Azərbaycan ailəsində törədilən zorakılıq hallarının cəmiyyətdə baş verən zorakılıq hallarından heç də az təhlükəli olmadığını sübut edir. Bunlar arasında 2 fakt qadınların sahibkarlıqla məşğul olmaq istəyinin onların ailələri tərəfindən qəbul edilməməsilə bağlı olub. Nəticədə qadınlardan biri öz əri ilə boşanmaq məcburiyyətində qalıb, digəri isə ailəsinin təziqləri nəticəsində artıq uğur qazanmağa başlamış biznesini digər bir adama (kişiyə) satıb”.
Qurum rəhbərinin sözlərinə görə, qadınların öz hüquqlarını bilməmələri onlara bu yöndə müxtəlif maneələr yaradır: “Məsələn ailədəki kişilər, ağsaqqallar qadının müstəqil surətdə bizneslə məşğul ola bilməsini bir də ona görə qəbul edə bilmirlər ki, qadınlara hüquq-mühafizə orqanları və ya digər dairələr tərəfindən təzyiqlər olanda qadınlar özləri və onların ailə üzvləri arzuolunmaz, hətta çıxılmaz vəziyyətə düşürlər. Burada digər bir səbəb isə qanunlardakı mövcud boşluqlar, qadınlara sahibkarlıqla bağlı yaradılan şəraitin hələ də deklarativ olaraq qalmasıdır. Qadınlara qarşı süni maneələrin çoxluğu onlara bir sıra problemlər yaradır. Bir çox hallarda onların ailələri qadınları ətraf mühitdən və zorakılıqlardan qorumaq üçün müstəqil surətdə bizneslə məşğul olmalarına icazə vermirlər. Bu isə qadınlara qarşı başqa bir zorakılıq meylinin başlanğıcıdır”.
Qurum sədri vurğulayıb ki, sözügedən kampaniya müddətində açılacaq “Qaynar xətt” zorakılığa məruz qalmış qadınların şikayətlərinin konkret ünvana yönəldilməsinə hesablanıb. İmkansız qadınların tibbi müayinədən keçirilməsi, işsizlərə iş tapılması üçün mövcud imkanlardan istifadə etmək də nəzərdə tutulan tədbirlərdəndir. Kampaniya sonunda keçirilən tədbir və seminarları, görülən işləri əks etdirən, hesabat xarakterli kitab nəşr olunacaq, ilboyu tədbirlərdə fəal iştirak edənlərə xüsusi diplomlar veriləcək.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2010.- 13 noyabr.- S.6.