“Qara qan”la yazılan Qarabağ davası

 

Nəhayət ki, “Qara qan”ın ikinci kitabı da hazır oldu və oxucuların ixtiyarına verildi. “Qara qan” tarixi romanının davamı da əvvəlki hissələri kimi oxundu, sevildi, müəllifinə hörmət və şöhrət gətirdi. Bunu kitabın ümumtəhsil və ali məktəblərdə müzakirəsi gedişində əldə etdiyimiz qənaətlər əsasında deyirik. Müəllimlər, şagirdlər, tələbələr ağız dolusu danışdılar ki, “Qara qan” şahidi olduğumuz, eşitdiyimiz, gördüyümüz hadisələrin bədii xronikasıdır. “Qara qan” Azərbaycan tarixinin yeni və acı səhifələridir. Bu qan yerdə qalmayacaq, haçansa azğınlaşmış düşmən öz hesabını, etdiklərinin cavabını alacaq...

“Qara qan”ın ikinci kitabı 21 fəsildən ibarətdir, onun əvvəlində bu əsərin I kitabı haqqında yazılmış məqalələri verilib: “Siyrilmiş qəzəb”. (Prof. Nizaməddin Şəmsizadə), “Kara kan” (Türkiye Yazarlar Birliyinin Kayseri bölümünün başkanı Hüseyn Türkmen), “Kanla kına yakılmaz” ( Şair Dursun Özden), “Qara qan” romanı: tarixi gerçəkliyin və milli yaddaşın işığında. (F.e.d. İsmayıl Kazımov).

İkinci kitab “Öç”lə başlayıb “Qurtuluş”la sona yetir.

Oxucularla görüşlərin birində qeyd olundu ki, tanınmış mətbuat işçisi, yazıçı, alim Fazil Güney Azərbaycanımızın istedadlı yazarlarındandır. Ələlxüsus da yaralı yerimiz olan Qarabağ problemindən yazmaq ikiqat istedad, zəhmətlə yanaşı Vətənə böyük sevgi, ürək yanğısı tələb edir.

“Qara qan”ın şöhrəti göstərir ki, Fazil müəllim bədii axtarışlarında, bədiiliklə tarixi ictimai-siyasi faktorların əlaqəli verilməsində, dilimizin ifadəlilik imkanlarından maksimum istifadəsi ilə fərqlənən cəsarətli sənətkar mövqeyini nümayiş etdirən ədibdir.

Fazil Güney belə bir istedada malik şəxsiyyətdir ki, üzərinə böyük mənəvi məsuliyyət və səlahiyyət götürmüş, obyektiv təfəkkür işığında önəm daşıyan, aktual və gərəkli bir mövzuda – Qarabağ mövzusunda “Qara qan” tarixi romanını yazmış və elə birinci kitabı ilə ürəklərə yol tapmışdır.

“Roman ədəbiyyatın daha çətin, quruluşca ən mürəkkəb, əhatəli və vüsətli janrı sayılır. Ona təsadüfi olaraq nəsrin “artilleriyası” deyilmir. Təbii ki, yazıçını bu sahəyə adicə istək yox, daxili tələbat, zəruri ehtiyac, fərdi meyil və sənət stixiyası çəkib gətirir, istiqamətləndirir” (Yaqub İsmayılov. “İsi Məlikzadə- Söz sərrafı, nəsr ustası”.

Fazil Güneyi də bu epopeyanı qələmə almağa təkcə həmin amillər deyil, doğulduğu torpağa sonsuz sevgi, istək yönləndirmişdir.

Elə hadisələr var ki, yazıçı onu həll etməyə çalışır, amma o hadisənin heç bir dəyəri olmur. Amma Qarabağ kimi hadisənin böyük ictimai-siyasi önəmi var. Bu roman həmin kontekstdə baş vermiş hadisələrin, faktların geniş dairəsini əhatə etdiyi üçün daha aktualdır. “Qara qan”ın bədii təbiəti də orasındadır. Əlbəttə, hadisələr müasir dövrümüzdə baş verən olaylardan götürülsə də, “Qara qan” tarixi romandır, çağdaş tariximizin aynasıdır. Romanın problematikası da işğala məruz qalmış vətənimizin bir parçası Qarabağ haqqında, orada baş verən qanlı hadisələr, dinc aborigen sakinlərə qarşı edilmiş zorakılıq, etnik təmizləmə barədə həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda da tam təsəvvür yaratmaqdan ibarətdir.

“Qara qan” təhkiyə ahəngi, mövzunun dolğunluğu, hadisələrin miqyası, təsvirin xarakteri, dialoqun gedişi və s. kimi qavranıla bilər.

Biz bu tarixi romanın məzmununu nağıl etmək fikrinə deyilik. Amma bu əsər zamanın problemini (Qarabağ problemi) yalnız bədii gerçəkliyə çevirməklə yadda qalmır, həmçinin də əsər problematika zənginliyi və vacibliyi ilə bədii təhlil predmetinə çevrilir. Necə olursa- olsun problemin həllinə bədii söz öz təsirini göstərməlidir. Ona görə də bu romanı bədii kəşf də saymaq mümkündür. Bu mənada ki, mövzu təzə, obraz və personajlar aləmi təzə, düşüncə təzə, poetik vasitələr təzə, üslub təzə.

Roman – içində yaşadığımız cəmiyyətin olmazın müsibətlərə (insanların haqsız, günahsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi, düşmənə əsir düşməsi, namusun tapdalanması və s.) düçar olması ideyasının təqdimindən ibarətdir. Yazıçı müharibənin doğurduğu mühiti, bu mühitdə əsirlik əzabı çəkən insanların hərəkətlərini, düşüncə tərzini, dözdükləri işgəncələri, zülmə mərdliklə sinə gərdiklərini, habelə neofaşizmlə müqayisə edilə biləcək ermənizmin insanlığa böyük təhlükə olduğunu və s. açıb göstərə bilir.

Amal deyilən bir anlayış var. Onun bir mənası da məqsəd, məqsədə çatmaq deməkdir. Fikrimcə, yüksək amal yazıçı Fazil Güneydə güclü assosiasiya yaradır. Bu assosiasiya həyatla, hadisələrlə özü arasında yaranır. Bədii yaradıcılığın prioritet qanunauyğunluqlarından olan bu əlamət də “Qara qan” üçün xaraktkerikdir. Bu mənada “Qara qan” yeni keyfiyyətli nəsr nümunəsidir. Qarabağ probleminin bədii həlli isə hər şeydən yüksəkdə duran ideyadır.

Romanın ikinci kitabı “Öc” adlanan fəsillə başlanır. Ölkəmizin 1993-cü ilin son günlərindəki siyasi, hərbi, iqtisadi, mənəvi durumu ustalıqla yığcam, bədii dillə təsvir edilən bu fəsildə ali baş komandan, prezident Heydər Əliyev Azərbaycan generalları ilə bir araya gəlmişdir. Hücum əməliyyatının işlənib hazırlanmasına şəxsən rəhbərlık edən baş komandan generalların düşüncələri, təklifləri ilə tanış olur, yeni qurulmuş ordunun durumunu, döyüş qabiliyyətini, işğal altındakı torpaqları azad etmək üçün hücuma hazırlıq məsələlərini müzakirə edirlər. Bu fəsildən aydın olur ki, ali baş komandan, prezident orduya da, ölkənin siyası durumuna da tam nəzarət edir. Müəllifin bu fəslin adını “Öc” goyması təsadüfi deyildir. “Dədə Qorqud” dilində işlədilmiş “Öç” – dilimizə ərəbcədən gəlmiş intiqam deməkdir. İntiqamını, qisasını almayan xalqdan xalq olmaz, namusu itə atıblar, it də yeməyib. Coşan xalq, inşallah qisasını alar və alacaqdır. Kitabın ikinci hissəsinin “Öc” sərlövhəsi ilə başlaması da təsadüfi deyil. Tələsmək və öc almaq bu sərlövhəni bədii cəhətdən elə ümumiləşdirmişdir ki, cümlə və fikirləri təkrar-təkrar oxumaq istəyi oxucuda baş qaldırır. Mən deyərdim ki, bu sətirləri oxuyan aciz, tənbəl insanın da qanı coşar, belə bir tarixi dönəmdə bardaş qurub oturmaz, düşməndən öc almaq üçün əlindən gələni edər. Bəli, havadarları olan böyük güclərin biləvasitə yardımı ilə torpaqları işğal etmiş qəsbkarlardan öc – intiqam almaq əzmi ilə hamı alışıb yanır. Qaçqın-köçkün anaların naləsi, girov götürülərək qul kimi sürülən qardaş-bacılarımızın, ata-analarımızın fəryadı, şəhidlərin ruhları öc almaq üçün əsgərlərimizi döyüşə səsləyir. Baş komandansa soyuq başla, isti urəklə düşmən üzərinə genişmiqyaslı hücum hazırlayır.

Romandakı hadisələr ən çox surətlərin düşüncə və həyəcanları ilə öz ifadəsini tapır. Aysunun daxili dinamikası, çevikliyi birinci kitabdan başlayaraq sona kimi davam edir.

Hadisələrin iştirakçısı olan hərbi və mülki əsirlər hər cür işgəncələrə məruz galır, alçaldılıır. Yazıçının bu barədəki təəssüratları inandırıcıdır, qənaətləndiricidir. O, eşitdiklərini, gördüklərini bir həqiqət kimi bədii şəklə salır və təqdim edə bilir.

Əsərin hər sətrində işğal altında inləyən torpaqların, əsirlərin hayqırtısı eşidilir. Əsirlər hayqırır, öc almaq gününü gözləyirlər, onlar işgəncənin, ölümün qarşısında əyilmirlər, “Qarabağ Azərbaycanındır” nidasını ölüm ayağında, hər çətin vəziyyətdə də işlədirlər. Onlar qorxmurlar, dəhşətlərə tap gətirirlər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü kim düşmən əsirliyindən xilas ola bilmiş əsir və girovların izahatları, söhbətləri ilə tanış olmuş yazıçı Azərbaycan xalqının hərbiçisinin, əsirinin igidliyini, qorxmazlığını hərtərəfli canlandıra bilir.

Romanın qəhrəmanlarından Toğrul (Aysunun nişanlısı) böyük arzularla yaşayır. General Dəmirçioğlunun ona verdiyi tapşırıqları böyük ruh yüksəkliyi ilə qarşılayır. Toğrul kəşfiyyat komandiridir. Öz dəstəsi ilə düşmənin arxasına, işğal altındaki ərazilərə keçir. Onun özü və silahdaşları əmindirlər ki, torpaqlarımız yadllardan təmizləncək, Aysunu tapacaq. Toğrul bu yerlərin oğlu olduğu üçün kəşfiyyatda strateji önəmli yüksəklikləri yaxından tanıyır. Qurduğu planlar düzgündür, əlverişlidir, onu həyata keçirəndə də səhv addım atılmır. Onlar plan üzrə hərəkət edirlər, lazımi kəşfiyyat məlumatlarını toplayırlar və s.

Əsir götürülmüş erməni ilə Toğrulun dialoqunda maraqlı məsələlər üzə çıxır. Məlum olur ki, erməni əsirin yaxın qohumu Bakıda yüksək vəzifədə çalışır; yiyəsiz qalmış bu yerlərə İrandan, Əfqanıstandan narokotik maddələr gətirilir, həm ermənilər, həm də iranlılar tərəfindən evlər sökülür, dağıdılır.

Romanda adı çəkilən coğrafi adlar bizim üçün tanışdır: Papı-Çərəkən yolu, Quycaq, Şəybək, Mərcanlı, Hadrut, Füzuli-Cəbrayıl yolu, Balyat dağları, Daşkəsən təpəsi, Araz vadisi, Bakı-Mincivan trassı, Haramı çölü, Gəyən düzü və s. Bu yerlərdə neçə illərdir həyat yoxdur, yaşayış yoxdur, Vətən torpağı düşmən tapdağı altında inləyir.

İkinci kitabın əvvəlində yazıçının 30-50-ci illərdə Stalin represiyasını bir ailənin – general Dəmirçioğlugilin ailəsinin timsalında verməsi təsadüfi deyil. Yazıçı demək istəyir ki, bir çox türk xalqları (krım tatarları, axısqalılar və b.) kimi azərbaycanlılar da XX yüzillikdə represiyalara, deportasiyalara haqsız yerə məruz qalmışlar. Onlar günahsız yerə Qazaxıstanın, Özbəkistanın yayda ilan mələyən isti, qışda sibir küləkləri əsən soyuq çöllərinə sürgün edilmiş, bir aydan cox vaqonlarda yol gedən qocalar, körpə uşaqlar tələf olmuşlar.

Roman real faktlar və məlumatlar əsasında yazılıb. İkinci kitab 1994-cü ildən sonrakı hadisələri əhatə edir. 93-çu il tariximizdə ən çox qanlı-qadalı ayların, şəhidlərin sayına görə seçilir. Dərd daha ağırdır, hər cəhətdən, o yükü çəkmək heç də asan deyil. Amma bununla belə Azərbaycan xalqı öz dözümü, gücü ilə ayağa qalxıb azğın düşməndən öcünü almalı idi. Söz – qılıncdan itidir, bu məqamda... Söz ordudan da güclüdür, bu məqamda... Söz – Fazil Güneyin fikirlə almaq istədiyi intiqam “Böyük hücüm” idi.

Fazil Güneyin üslubu sözügedən romanın ideya-bədii özünəməxsusluğu ilə bağlıdır. Burada mövzu, ideya, xarakterlər, süjetlər, bədii dil elementləri elə qurulub ki, onları bir-birindən ayırmaq çətindir. Fazil Güneyin yazıçı üslubunun müəyyən edilməsində bu vasitələr aparıcıdır. Romandakı üslub Qarabağ mövzusunun bədii həllindəki diferensiasiyanın ən incə məqamlarını da nəzərə almağı tələb edir.

“Qara qan” bənzətmələrlə, lövhə və mənzərələrlə, ricət və haşiyələrlə dolu bir əsərdir. Yazıçı romanın dilinin obrazlılığına, bədiiliyinə, təsvirlərin əlvanlığına, fikrin emosional ifadəsinə xüsusi qayğı göstərib. Buna görə də əsərin bədii fikir tutumu ağırdır, oxucu təsvir olunan hadisələrdən çətin ayrıla bilir. Fazil Güney romanı hadisələrin naməlum nöqtəsindən başlayıb, oxucunu intizarda qoyur, yalnız müəyyən mətn parçası verəndən sonra həmin hadisəni retrospektiv təsvirlə təqdim etməyi xoşlayır.

İvan, Aysu, Aksana, əsirlər yenə də əsərin 2-ci kitabının qəhrəmanları olaraq qalırlar. Aysu bu kitabda da daim narahat günlər keçirən, hər an həyəcanlanan, əkiz uşaqlarına qayğı göstərən, azad fikirli, dərin müşahidə qabiliyyətli bir qız kimi təsvir olunur. O, Şuşanı yaxşı tanıyır, mədəniyyət abidələrinə bələddir. O, İvanı, Aksananı şəhərlə tanış edir, Şuşanın bünövrəsinin qoyulması, ərazisinin coğrafiyası, əhalisi, təbiəti, kəndlərdə əhalinin məşğuliyyəti, toy-düyünləri, muğamlarımız, və s. haqqında dolğun məlumatlar verir. Xüsusən, Şuşaya su kəmərinin çəkilişi, “Cıdır düzü” ilə bağlı onun bilgiləri oxucuya xoş təəssürat bağışlayır. Gəzinti vaxtı uşaqlıq illərində atasının əlindən tutub bu yerləri gəzdiyi yadına düşür. Qızğın təbiətə malik Aysu hər an namusunu qorumağa hazırdır. O, yüz yaşlı şəhid nənəsinin vaxtilə ona bağışladığı, neçə-neçə vətən qızının namus-ismətini qorumuş yaraşıqlı qını, saplağı olan qəməni daim özü ilə gəzdirir. Bu, çox simvolik bir detaldır.

Yazıçı əsas məsələlər içərisində toponim və etnonimlərlə bağlı bir sıra problematik məsələlərə toxunur, onların mənasını göstərir. Hikmətli ifadələrdən romanın dilində çox istifadə olunub.

Romanın başlıqları geniş ifadə gücünə malikdir. Qarabağ xanlarının tikdirdiyi məşhur həbsxana həyatı, orada həm erməni dustaqlarının, həm də Azərbaycanlı əsirlərin saxlandığı səhnələr nə qədər acınacaqlı, ağrılıdır. Burda əsirlik həyatı cəhənnəm əzabıdır. Xüsusilə ətraf rayonların – Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Beyləqan, İmişli və ölkəmizin digər bölgələrinin əsir və girov götürülmüs övladları bu həbsxanada saxlanılır. Əsirlər, ağlasığmaz işgəncəyə məruz qalırlar. Hələ dünyanın ən məşhur həbsxanalarında ermənilərin etdiyi, onların özünəməxsus işgəncə və zülmləri tətbiq olunmur. Şuşa həbsxanasında ermənilər elə cəza üsulları işlədirlər ki, bu, heç faşistlərin yuxusuna girməz, ağıllarına da gəlməzdi. Pyerin – Qırmızı Xaçın nümayəndəsinin “sizə hansı cəzaları verirlər” sualına əsirlərdən biri deyir: “Sözlə deyiləsi deyil, cənab... Gərək bütün bunları gözünlə görəsən...” Verilən işgəncələr quldarlıq dövründə qulların başına açılan oyunlardan qat-qat dəhşətlidir...

Ermənilərin əsirlərdən tələbi bu idi: Əgər can-başla işləməsəniz, bizim böyük millət olmağımızı, Qarabağın bizə məxsusluğunu, Qara dənizdən Xəzərədək Böyük Ermənistan dövlətinin yaradılmasını tanımasanız, beləcə gəbərəcəksiniz, meyitinizi tülkü-çaqqal yeyəcək.

Lakin bu vəhşiliklər əsirlərin iradəsini qıra bilmir, əksinə, düşmənə qarşı nifrətlərini birə beş artırırdı. Onlar şərəfsiz yaşamaqdansa dostlarla birgə ölməyi şərəfli sayırdılar.

Yazıçı əsirlərin ağır vəziyyətini, döyülmüş, alçaldılmış, təhqir edilmiş durumunu olduğu kimi çatdırır, onların qorxmazlığını, dözümünü göstərir, eləcə də bəzilərinin baxışlarındakı qorxaqlığı, yaltaqlığı, ümidsizliyi də təbii sayır. Müəllifin əsir və girovlara həsr etdiyi fəsillərdəki insan adları, təsvir etdiyi işgəncələr sadəcə yazıçı fantaziyasının məhsulu deyil. O, bu real faktları əsir və itkin düşmüş, girov dötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının arxivində saxlanan cəhənnəm əzabından qurtularaq Vətənə qayıda bilmiş keçmiş əsirlərin izahatlarından götürüb. Əsir yalvarışı yox, haykırtısı Azərbaycan oğullarını bizə sevdirir. Təsəvvür edin, verilən işgəncələrdən Vətən oğullarının haykırtısı hələlik heç bir bəstəkarın nota salmadığı, yazmadığı əsərlə tutuşdurulur:

“ – Qarabağ kimindi?

– Bi...zim!..

Cəllad məngənəni daha bərk sıxdı. Bayaqdan dəhsətli ağrılara dözərək səsini içinə çəkmiş Fərhad daha özünü saxlaya bilmədi, həm ağrıdan, həm də kişilərin ikinci ürəyi sayılan bədən üzvünü itirməsinə görə elə haykırdı ki, otaqdakılar diksindilər, bəzisisə oturduğu yerdən dik atıldı...”

Aysunu əsirlikdəki zəncirlənmiş təhqir edilmiş qızların taleyi düşündürür, azad olub Bakıya döndükdə yayılacaq şayiələr barəsində təzadlı, qəribə fikirlər onu məngənə kimi sıxır. Yol ayrıcında, seçim qarşısında qalmış Aysu bir-birini inkar edən fikirlər içində çırpınır... Hadisələrə özünəməxsus rakursla baxır.

Yazıçı bir məsələni də xatırladır ki, az da olsa ermənilərin içərisində yaxşıları da olur. Bunu bədii şəkildə belə ifadə edir: “İblislər arasında mələklər də olurmuş...İblisdən mələklər də doğulurmuş”. Vaxtilə Bakıda yaşamış Borya məhlə uşağı olmuş əsirə yemək verir, hətta onun qaçmasına şərait yaradır...

Fazil Güney romanda bu acı həqiqətləri – erməni vəhşiliyini daha inandırıcı göstərmək üçün ayrı-ayrı əsirlərin dilindən – onların öz əlləri ilə yazdıqlar izahatlarından istifadə edərək maraqlı hekayətlər şəklində verib. Bu hekayətləri oxuyursan və düşünürsən: İlahi, görəsən yer üzündə erməni adı altında gizlənmiş hayklardan qəddar, rəzil, vəhşi ikinci bir millət tapmaq olarmı? Onlar cəhənnəmi əsirlərə bu dünyada göstərirlər. Əsirlərdən Teymurun, Kəlbəcərli Zabil Kamranoğlunun, qaçaq Süleymanın nəvəsinin, Mürvətin, İmişlili Ağarəzi Ağakərimoğlunun, qaçaq Qədirin, Aydın Əzizoğlunun hekayətləri əsirlik həyatının ağır və dözülməz epizodlarındandır.

Roman dəqiq faktlar əsasında yazıldığı üçün daha əhəmiyyətlidir. Burada övladlarını itirmiş valideynlər üçün əsirlikdəki vəziyyət barədə dəqiq məlumatlar var. Öz doğmalarını axtaranlardan bir çoxları bu əsərdə gərəkli məlumatları da ala bilərlər.

Romanın dili obrazlılığı, cümlə tipləpinin rəngarəngliyi ilə seçilir. Adlıq cümləni yazıçılar nadir hallarda işlədə bilirlər. Fazil Güney isə çox uğurla belə cümlələrin silsiləsini yarada bilib: “Axşamdan yağmış qarın tam örtə bilmədiyi daş döşənmiş qədim küçə. Tağvari pəncərəli, üstü taxtapuşlu evlər...Gövhərağa məscidinin qoşa minarəsi... Xanqızı sarayının sonuncu mərtəbəsi...Qala divarları...Sonra əzəmətli dağlar...Bunlar görünürdü pəncərədən...Yanpörtü dayanıb baxdığı evlər, binalar ölü sükuta qərq olmuşdu. Onlardan nə bir tüstü qalxır, nə hənirti gəlirdi... İns-cins gözə dəymirdi. Hər yer ağappaq qar idi. Başqa vaxt olsaydı, Aysu Şuşanı nazlı gözələ, nazik qar təbəqəsini isə bu gözəlin üzərinə salınmış ağ tül örpəyə bənzədərdi. Heyhat! Bu nazənin gözəlin saçları qəfil xəzandan, sinəsinə çəkilən qara dağdan ağarmışdı. Onun üstündəki isə tül örpək yox, ağ kəfən idi...”

2-ci kitabın bir-birindən maraqlı “Böyük atak”, “Paz əməliyyətı”, “Torpaq – uğrunda ölən varsa, vətəndir” (Füzuli uğrunda döyüşlərdən bəhs edir), “Kabuslar dolasan Şuşada aslanlar doğuldu”, “Bu dünya, deyəşən, dəli olur”, “Allah xristian tövbəsini də qəbul edir”, “Hər qacqın köksündə mina gəzdirir, uşaqlarsa sinəsi minalı doğulur” kimi fəsillərin hər biri əsas süjet xətti ətrafında birləşsə də, ayrı-ayrılıqda bitkin bir əsər təsiri bağışlayır.

İkinci kitab Aysunun qucağında ekiz oğlanları ilə Moskvaya gəlişi ilə sona çatır. Bakıya-evlərinə zəng etsə də, sözü yarımçıq qalır. Onun sonrakı taleyi ilə növbəti kitabda tanış ola biləcəyik.

3-cü kitab yəqin ki, torpaqlarımız azğın düşməndən azad edildikdən sonra işıq üzü görəcək. Bu günə deyəsən az qalır.

 

 

İsmayıl KAZIMOV,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2010.- 13 noyabr.- S.7.