Muğam axşamı:
Üçbucağın sirri
Söhbət Azərbaycan
Respublikasının Xalq
Artisti Mənsum İbrahimovun 50 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunmasından gedəcək.
Çox gözəl inşa edilmiş Muğam Mərkəzinin muğam sevərlərlə dolu zalı forma və məzmununa görə möhtəşəm muğam axşamının olacağından xəbər verirdi. Mən axşamın necə keçməsi barədə ətraflı danışmayacağam. Lakin qeyd etmək istəyirəm ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük məmnuniyyət hissi ilə Mənsum İbrahimova “Şöhrət” ordenini təqdim edərək, onu bütün Mədəniyyət və Turizm Nazirliyinin kollektivi adından təbrik etdi və ölkəmizin sənət adamlarına daimi diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Düşünürəm ki, muğam janrını sevənlər və dəyərləndirənlər həmin axşam baş verənləri televizor ekranlarında izləmək imkanı əldə edəcəklər.
Bu axşamın dolğunluğuna dair öz fikrimi, nöqteyi-nəzərimi bildirmək istərdim. İlk növbədə, təxminən üç saat ərzində dinləyici və tamaşaçıları, obrazlı dildə desək, təbii çəkisizlik, niyyətlərin paklığı və gündəlik həyatımızı bədbinləşdirən problemlərdən, fikir və əməllərdən uzaq vəziyyətdə saxlayan sehrkar ifaçıları qeyd etməliyəm.
Adətən, muğam üçlüyü barədə danışarkən xanəndənin özünü, bizim halda isə Mənsumu və onun iki müşayiətçisini – Elçini (tar) və Elnuru (kamança) nəzərdə tuturlar. Son zamanlar bu ifaçılar haqqında çox təriflər, ürəkaçan sözlər deyilib və yazılıb.
Mən isə başqa bir “üçlüyü” qeyd etmək istəyirəm: aparıcı – hamımızın çox yaxşı tanıdığı akademik Vasim Məmmədəliyev, məlahətli və xüsusi tembrli səs sahibi, xanəndə – Mənsum İbrahimov və səsə münasib virtuoz musiqi müşayiəti. Zənnimcə, həmin unudulmaz muğam və heyrətamiz söz ustalığı axşamının qızıl üçbucağı məhz elə bu üçlük idi. İlk dəqiqədən zalda əyləşənlər könüllü olaraq bu xüsusi təsir gücünə malik olan “üçlüyə” təslim oldular və hiss olunurdu ki, buna görə olduqca sevinclidirlər. Üç xüsusi güclü müsbət enerji mənbəyinin birlikdə səhnədə olduğu məqamlara nadir hallarda rast gəlinir. Lakin həmin axşam sanki ulduzlar bayram məqsədi ilə göydən yerə enərək, oxuyur, şənlənir və ətrafa işıq saçırdılar. Bu işığın şüaları bizə də gəlib çatırdı.
Düşünürəm ki, hər biriniz təsdiqləyə bilər ki, bu cür möhtəşəm üçlüyün üzvlərindən yalnız birinin iştirakı belə, yubiley gecəsinin müsbət emosiyalarla, xoş mühit, ab-hava ilə zəngin olması üçün kifayət edərdi.
Ümumiyyətlə, musiqi, muğam, musiqimizin keçmiş tarixi və onun müasir vəziyyəti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində muğamın yenidən həyata qaytarılması və respublikanın siyasi rəhbərliyi tərəfindən Mənsum İbrahimovun ustalığının qiymətləndirilməsi – onun “Şöhrət” ordeni ilə təltif edilməsinə dair çox danışılan bu gözəl axşamın xırdalıqlarına varmaq istəmirəm.
Deyəsən, biz artıq nəinki bütövlükdə incəsənət və mədəniyyət adamlarının əməyini ədalətli şəkildə qiymətləndirən, eləcə də sözün əsl mənasında kömək, qayğı və diqqətə ehtiyacı olan hər kəsə obyektiv və praktiki olaraq himayəçilik edən dövlətimizin rəhbərliyinin bu cür işlərinə vərdiş edirik. Xoşbəxtlikdən, bu artıq istisna deyil, qaydaya çevrilib. Bu, doğrudan da çox sevindirici məqamdır.
Aşağıdakıları
xüsusilə qeyd etmək istərdim:
1. Vasim müəllim (biz hər zaman ona məhz belə – müəllim deyə müraciət edirik) ensiklopedik – geniş bilikli alim kimi özünün din, ədəbiyyat, musiqi haqqındakı söhbətləri ilə toplaşanların əhval-ruhiyyəsini yüksəldə və bir neçə saat ərzində onları bu vəziyyətdə saxlaya bilərdi. Bu, natiqlik sənəti, dərin biliklərin, gözəl yaddaşın və olduqca yüksək intellekt sahiblərinin nəbzini tutmaq bacarığının nümayiş edildiyi unudulmaz axşam ola bilərdi;
2. Mənsum İbrahimova gəlincə, heç kim şübhə etmir ki, o öz valehedici səsi – ürəyinin səsi ilə daxili saflığını bizlərə təqdim edərək, vücud, ürək və ağlın harmoniyası ilə səhnədə təkbaşına da bütün tamaşaçıları özü ilə uzaqlara apara bilərdi. Onun istedadı bizi sevinc zirvəsinə yüksəltmək, bu səs və yüksək səhnə mədəniyyətli müğənninin, həm Azərbaycanda, həm də dövlətimizin hüdudlarından kənarda yaşayan milyonlarla həmvətənimizin sevimlisinin məlahətli səsinin kiçik bir titrəyişindən hərəkətə gələn yumşaq gül ləçəyinə çevirmək iqtidarında idi;
3. Musiqiçilər – tar və kamança ifaçıları bizi ovsunlayaraq, ritmlərin əsirinə çevirər, göyün ənginliklərinə qaldırar və yavaş-yavaş yerə endirərək, bu uçuş və enişləri yüz, minlərlə dəfə təkrarlaya bilərdilər. Elçin və Elnur nəinki tar və kamançada ifa edir, həmçinin bu alətləri səadət, sevinc, qəm və kədər haqqında möcüzələrlə dolu nağıllar danışmağa vadar edirlər. Bu cür musiqinin əsirinə çevrilməmək, demək olar ki, mümkünsüzdür. Yəqin ki, bu, dinləyici və tamaşaçıların könüllü olaraq, böyük məmnuniyyətlə qəbul etdikləri yeganə əsarət formasıdır.
Yuxarıda deyildiyi kimi, Muğam Mərkəzinin münasibətə uyğun zalında olan bizlərin bəxti çox gətirdi. Bu qızıl üçlük – elm, səs və musiqi bir yerdə toplaşaraq, bizə həqiqi zövq verə bildi.
Akademik Vasim Məmmədəliyev özünəməxsus yumor hissi ilə bizi xoş gərginlik vəziyyətində saxlayır, ağlımıza hakimlik edir, necə deyərlər, beynimizi silkələyirdi.
Mənsum İbrahimov bizim ürəklərimizi ələ alır, tamaşaçılara yüksək emosional enerji payı göndərərək, bizi hər bir nüansla, özünün təkrarsız səsi və mələyə bənzər siması (baxmayaraq ki, biz heç vaxt mələyin üzünü görməmişik, onların üz cizgiləri olmur) ilə valeh edirdi. Düşünürəm ki, biz xəyalən mələyin insanabənzər vücuduna Mənsum İbrahimovun başını əlavə etsək, cəsarətlə demək olar ki, mələklərin üzü məhz elə bu cür ola bilər.
Virtuoz musiqiçilər ürəklərimizi mərhəmət hissi ilə dolduraraq, bütün vücudumuzu, ruhumuzu ələ aldı və biz nəhayətsiz, sərhədləri olmayan musiqi aləminə qərq olduq.
Həqiqətən də belə oldu, mübaliğə etmirəm. Bu səbəbdən də həmin axşam, demək olar ki, biz özümüzə, özümüzün ağlına tabe olmayaraq səs, söz, musiqi dünyasına səyahət etdik və üç saat yarım bir an kimi ötüb keçdi. Qızıl üçbucaq sayəsində böyük sənətə – incəlik, nəciblik sənətinə yaxınlaşdığımız sehrli bir axşam!
Bir mühüm faktı xüsusi olaraq qeyd etmək istərdim ki,
bizim nəslin bəxti çox
gətirib. Biz Azərbaycanın həqiqi
korifeyləri, klassikləri, görkəmli oğulları ilə
yanbayan yaşayırıq. O axşam Muğam Mərkəzinin
olduqca gözəl binasında bu cür qeyri-adi
şəxsiyyətlər az deyildi. Bunlar tanınmış ədəbiyyatçı, akademik Bəkir Nəbiyev, xalq
artistləri, gözəl muğam
ifaçıları, professor Arif Babayev, Əlibala Məmmədov,
Canəli Əkbərov, milli və dünya musiqisinin biliciləri,
Musiqi Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəyli və
Milli Konservatoriyanın rektoru,
professor Siyavuş Kərimli,
teatr sənətinin yüz minlərlə pərəstişkarının
sevimlisi, xalq artisti Yaşar Nuri, gözəl danışıq qabiliyyəti
olan Qədim Roma natiqlərinin
həsəd apara biləcəkləri xalq şairi Zəlimxan Yaqub və ölkəmizin elmi-mədəni
elitasının bir çox
digər nümayəndələridir. Mən
çox istərdim ki,
hazırkı nəsil xalqımızın sonsuz
əzəməti, öz istedadı və
yaradıcılığı ilə tariximizi
yaradanlar, əcdadlarımızdan miras qalmış tarixi-mədəni irsi zənginləşdirənlər
haqqındakı həqiqəti gələcək nəsillərə
ötürmək üçün, ən
azından, canlı klassiklərdən, musiqi
və elm patriarxlarından örnək
alsın. Mübaliğə etmədən söyləmək olar ki, onlarsız bizim xalqımız mənən kasadlaşar. Dünya azərbaycanlılarının
gücü və birliyi
məhz bu cür
insanların sayəsində yaşayır, inkişaf
edir və möhkəmlənir. Onları
birləşdirən amillərdən biri
də sənət və musiqidir. Hamımız şahidik ki, dünyanın qlobal musiqi şəbəkəsində
muğamımızın yeri getdikcə daha aydın seçilir.
İncəsənətin birləşdirici rolu
Vətənimizin nisbətən qısa vaxt
ərzində yaradıcılıq zirvəsinə çatan Mənsum İbrahimov
kimi oğulları sayəsində daha da mətinləşir.
Mənsum İbrahimov üçünsə
çox az bir məsafə qalıb – bütün
mümkün zirvələrin yalnız Yer üzündəki kiçik
təpəciklər kimi görünəcəyi
yüksəkliyi fəth etmək.
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2010.- 13 noyabr.- S.7.