Bir saat
Yorulmuşdu. Hər şeydən.
Yaşamaqdan yorulmuşdu. Saata tez-tez baxırdı.
Saata baxmamaq mümkün
deyildi. Hər yerdə saat. Maşını işə salan
kimi gözünün qabağına elektron saat gəlirdi.
Mobil telefonla hər dəfə danışanda istər-istəməz
aparatın sferblatında saat. İş otağının hər
birinin divarında saat. Baxmamaq, görməmək olmur. Hər
yerdə, hər addımda saat. Kompüteri qoşub hansısa
səhifəni açırdı hamısında saat.
İşıqforda icazə-qadağan
rənglərinin dəyişməsini tənzimləyən
saniyəölçən saat. Nə isə, zamanın tərəzisi,
adamlara nəyisə anlatmağa çalışan ahəngdar
ritmli dördkünc, yumru iki düz xətt.
... “Həə... bəsdi”. –
Səsli düşündü və saata baxdı. 22:40 –
düşünməyinə davam elədi. – “Getdik evə...”
Arvadına zəng elədi:
– Alo, evə gəlirəm,
ver dəstəyi Zəhraya... Qızım, ürəyin nə
istəyir, sənə nə alım?
– Ata, mənim üzüklərim
var ey.
– Nə yaxşı.
– Anam alıb.
– Nə qəşəng, a
qızım.
– Həə...
– Zəhra, ata evə gəlir,
nəsə alım sənə?
– Dünən almısan
daa...
– İndi nə alım?
– Yoqurt al. İki dənə.
– Yaxşı.
– Üç dənə.
– Yaxşı, qızım.
– Dörd dənə, beş
dənə, altı dənə. Bir də saqqız al.
– Alıb gəlirəm.
Başqa nəsə istəyirsən?
– Ata, mən bağçaya
getmirəm.
– Yaxşı, qızım,
getmə.
– Ana deyir ki, aparacam.
– Ürəyin necə istəyir,
elə də elə, qızım, haçan istəsən gedərsən.
– Getməyəcəm.
– Hə yaxşı. Hələlik.
Gələrəm, danışarıq.
22:44
“Ya Allah” deyib kompüteri
bağladı. Adəti üzrə stolun üstünə
göz gəzdirdi. “Hər şey yerində”. Əlini ürəyinin
üstünə qoyub “vicdan da yerində” deyib
öz-özünə qımışdı,
işığı söndürüb otaqdan
çıxdı.
İri, möhtəşəm,
Stalin dövrünün binasından
çıxa-çıxa, “bir kərpic də
düşdü ömrümün sarayından” –
öz-özüylə danışa-danışa
maşına yaxınlaşdı.
Açarı çevirdi –
maqnitofonun ekranında o dəqiqə yaşıl rəngli
dörd rəqəm parıldamağa başladı – 22:48.
Radionu qoşdu. Nə fikirləşdisə,
o dəqiqə də söndürdü.
... Maşını “24 saat”
supermarketinin qabağında saxladı. “Gül kimi dükan
sözümüz var. Supermarket nədi?!” – hər gün
beynindən keçən bu düşüncəylə
dükana girdi...
Çıxıb
maşına yaxınlaşanda yolun ortasında can verən,
maşın vurmuş pişiyi gördü. Tez əlindəki
torbanı maşına atıb yaxınlaşdı yazıq
heyvana.
Canın
tapşırmışdı. Ağzından qan
qarışıq içalatı pırtlayırdı.
Quyruğundan yapışıb ehmalca yolun kənarına, səkiyə
sürüdü. Bu vaxt 50-55 yaşlarında bir kişi deyinə-deyinə
yaxınlaşdı:
– Nə vicdansız
adamlardı ə, bunlar. Köpək oğlu vurdu, ötüb
keçdi.
Yazıq heyvan.
Yaxınlıqda
dayanmış, pişiyi maşın vurduğunu
görmüş taksi sürücüsü durmadan deyinirdi.
Elə bu zaman iki pişik –
bir böyük pişik, bir də balaca bala pişiyin cəsədinə
yaxınlaşdılar. Böyük pişik başladı cəsədi
başdan-ayağa yalamağa. Balaca isə bilmirdi neyləsin.
Gah böyük pişik kimi onu yalamağa
çalışır, gah da bacarmayıb ətrafına
fırlanırdı...
O quruyub qalmışdı.
Bilmirdi neyləsin. Əlini cibinə saldı. Pul
çıxardı.
– Qardaş, siz deyəsən
taksi sürücüsüsünüz. Alın bu pulu, sizdən
xahiş edirəm. Bunu bir qutuya qoyub basdırın.
Özü isə təzədən
dükana girdi. İri bir sellofan torba aldı. Üzünü
sürücüyə tutub:
– O balacanı qoy bu torbaya,
aparacam evə. Deyəsən ölən onun anasıdır, o
biri pişik isə ata. Amma bir şey var ki, görəsən
mən düz edirəm onu aparmaqla, böyük pişikdən
aralamaqla?! Allaha ağır getməz ki?! Bəlkə o birisi
pişik bunun atasıdır?
– Əşi, yox e.
Götür apar. Onu da maşın vurub öldürəcək.
Böyüyə nə var. Həyətin varsa, balacanı
götür apar. – belə deyə-deyə taksi
sürücüsü balaca pişiyi torbaya qoydu, hava girən
yer saxlayıb torbanın ağzını bağladı. Bala
pişik torbadan sivişib başını
çıxartdı. İstəmirdi onu ora salsınlar.
O, sürücüyə:
– Qulaq as, gəl buraxaq, mən
qərar verə bilmirəm. Birdən yaxşılıq eləmək
istəyə-istəyə pislik eləyərəm. Qoy bir az
gözləyək. Birdən səhv eləyərəm.
Böyük pişik yenə
də cəsədin ətrafında vurnuxur, onu yalayır,
bir-iki metr kənara qaçır, yenə qayıdıb onu
qoxlayırdı. Balaca da cəsədə
üz-gözünü sürtür, onun başına
fırlanırdı...
Sürücü hardansa bir
karton qutu tapıb gətirdi, cəsədi onun içinə
qoydu və ona:
– Qardaş, al bu pulu,
lazım deyil. Aparıb basdıracam – dedi.
– Yox, qardaşım. O sizin
halalınızdır. Bilirəm, basdıracaqsınız.
Amma burda
dayanmısınız da. Müştəri gözləyirsiniz.
Halal xoşunuz.
Böyük pişik qutunun
başına hərlənib aralandı. Balaca isə
çöməldi kartonun qırağında...
Onlar ikisi də
dayanmışdılar. O, siqaret çəkir,
sürücü isə deyinirdi:
– Götür bu balacanı
apar. O böyük bu gün-sabah yenə öz işində
olacaq.
– Yaxşı, qoyun onu
torbaya. O mənim qızım Zəhraya oxşayır.
Aparım onunla dostluq eləsinlər.
– Bura bax, sənin millətin
nədir?!
– Bayaqdan hansı dildə
danışırıq, dədə balası?
Oturdu maşına.
İri torbadan balaca pişik
başını deşikdən çıxarıb salona
baxırdı. Hərdən miyoldayırdı. Amma o hiss edirdi
ki, balaca çox etiraz eləmir. Maşının hərəkəti,
küçənin, avtomobillərin hərdən salonda
sayrışan işıqları onun marağına səbəb
olmuşdu. İndiyədək yaşamadığı yeni bir
təəssürat idi onun üçün.
– Hə, balaca, nə qəribə
taleyin varmış sənin, ay allahın heyvanı.
Sən mənim
qızıma, Zəhraya oxşayırsan, ay kisya, gözəl
bala.
Kisya isə artıq sakitləşmişdi.
Maşının gedişi, əyləcin hərəkəti
ona yelləncəyi xatırladırdı.
Gəlib evlərinə
çatdı. Maşını darvazadan içəri
saldı. Yoldaşı və qızı həyətdəydilər.
Zəhra:
– Ata, mənə yoqurt
aldın?
– Hə, qızım,
almışam.
– Neçə dənə?
– Altı dənə.
– I-hı. Sonra nə
almısan?
– Sənə balaca pişik
almışam, Zəhra.
– Nə? Pişik? Ata, o
adamı dişləmir?
– Yox, qızım. O səni
çox istəyir.
– Həə. Bəs ona əl
vurmaq olar?
– Əlbəttə,
qızım. O sənin dostundur.
– I-hı. Ata, pişik qəşəngdii?
– Hə, qızım.
– Mən onun quyruğunu
dartmayım ki?
– Yox, qızım, sən onu
sığalla. O da səni çox istəyəcək.
– Ata, mən ondan qorxuram.
– Qorxma, Zəhra. O çox
yaxşıdır. Sən bilsən o bir saatın içində
nələr yaşayıb...
Mehdiabad,
23-24 oktyabr, 2010.
P. S. saat 03-00
Naçalo formı
Koneü formı
Rafiq HƏŞİMOV
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.30.