Yeddi qardaşdan birinin faciəsi
XX əsrdə
repressiyaya məruz qalmış insanlar haqqında uzun müddət
silsilə məqalələr yazsam da, xeyli vaxt idi ki, bu
mövzudan yazmırdım. Bu da səbəbsiz
deyildi. Çünki bu haqda yazanda
özümdən ixtiyarsız əsəblərim gərilir,
keçirdiyim həyəcan uzun müddət məndən
ayrı “dura” bilmir. Bu mövzunu davam etdirmək
üçün müxtəlif təbəqənin nümayəndələri
müraciət etsələr də, bu barədə
düşünməməyə
çalışırdım.Yalnız dostumun 1937-ci illərdə
bir ailədə olan 9 övladın repressiyaya məruz qalmasından
ürək ağrısı ilə danışması
qeyri-ixtiyarı olaraq məni yenidən bu mövzuya
qayıtmağa məcbur etdi.
Repressiya
dövründə bir ailənin başına gələn faciəni
işıqlandırmaqdan ötrü ilk növbədə
doğma bildiyim Milli Təhlükəsizlik Nazirliyinin arxivinə
yenidən üz tutmalı oldum. Təəssüf ki,
Nazirlik yeni qanuna uyğun olaraq şəxsi sənədləri
tədqiqatçılara istifadəyə verməyə
qadağa qoyub. Burada artıq müəyyən sənədlərlə
tanış olmağa icazə verilir. Məhz bu qadağanın nəticəsidir ki, bu arxivdən
istifadə etmək artıq mənə müəssər
olmadı. Mənə təqdim edilən sənədlərin
surətlərini də özümlə aparmağa icazə
verilmədi, yalnız yerindəcə qeydlər etməyi məsləhət
bildilər. Mən də nazirliyin daxili qanunlarına
hörmət əlaməti olaraq həmin sənədlərin yalnız
bir qismi üzərində qeydlərimi edib, oranı tərk
etməli oldum...
Budur qarşımda olan həmin
sənədlərin surətləri arasında bığ yeri
yenicə tərləmiş iyirmi beş
yaşlı gənc haqqındakı məlumatlarla
tanış oluram. Bu gənc
Haxçıvanın Şahbuz rayon, Buzlaq kəndinin sakini
olmuş Heydər kişinin doqquz övladından biri,
1913-cü ildə anadan olmuş Məmməd Ələkbərovdur.
Sakit, az
danışan, böyük-kiçik yeri bilən, kəndin
seçmə gənclərindən olan Məmmədin qəflətən
həbsi nəinki evdəkiləri, hətta
qonum-qonşuları da heyrətə gətirmişdi. Həmin illərdə qanunsuzluğun hökm
sürdüyü bir məmləkətdə haqqı deyənin
başını kəsirdilər. Başlarını
bıçağın tiyəsinə keçirməmək
üçün heç kəs cürət edib haqqı deməyə
cürət etmirdi. Bu məmləkətdə hər
şey yalan, şər, böhtan üstə bərqərar
olmuşdı...
Həmin sənədləri
vərəqləyirəm. M.Ələkbərovun həbsi ilə
bağlı Azərbaycan SSRİ Naxçıvan Xalq Daxili
İşlər Komissariatı İdarəsinin təhlükəsizlik
kapitanı Qranski tərəfindən tərtib edilmiş
arayışdan çıxarışı nəzərdən
keçirirəm:
“Azərbaycan SSRİ vətəndaşı,
subay, 60 yaşlı anası Bənövşə,
qardaşı 12 yaşlı Əli, bacısı 8
yaşlı Səkinə, 1 yaşlı ögəy
bacısı onun öhdəsindədir.
Atası
Qızıl Ordu ilə silahlı döyüşdə quldur
kimi öldürülüb. İki ögəy və
bir doğma qardaşı sürgündədir.
Məmməd
Heydər oğlu Ələkbərov uzun müddətdir ki,
kolxozçular arasında nəinki əks kəşfiyyat
işi aparır, o həmçinin Stalin konstitusiyasına
qarşı da böhtanlı təbliğat aparır. Məmməd
Heydər oğlu Ələkbərov Sovet hökumətinə,
onun quruluşuna qarşı da əksinqilabı fikirlər deməkdən
çəkinmir. O, qadınların kolxoz quruluşundan
ayrılması üçün müxtəlif yalanlara əl
atmaqdan çəkinmir”.
Azərbaycan xalqının
qanına susamış, bu milləti bir gecədə məhv
etməyə hazır olan zatı məlum olmayanlar “sapı
özümüzdən olan baltalalar”ın hesabına neçə-neçə
evlərin qapılarını bağlı, gəlinlərini
dul, uşaqlarını yetim, analarını isə
gözüyaşlı qoyublar. Bolşeviklərin “parçala
və hökm sür” siyasətinin nəticəsi idi ki, Ələkbərov
Məmməd Heydər oğlunun həbs olunması
üçün Naxçıvan Xalq Daxili İşlər
Komissarlığı İdarəsi Rəhmanovun imzası ilə
12 fevral 1938-ci ildə ona 12 saylı order yazılır. Həmin gün də Məmməd Ələkbərovun
evində axtarış aparılır.
İttihamnamə
Qrinskinin təsdiqi və təhlükəsizlik
serjantı L.A.Luqanskinin təqdimatı ilə 15065 saylı Azərbaycan
SSRİ Şahbuz rayonu Buzqov kəndinin sakini, keçmişdə
quldur oğlu, həmçinin özü də quldur, səsdən
məhrum edilmiş, subay, savadsız, əvvəllər məhkum
olunmamış, hal-hazırda kolxozşu olan Ələkbərov
Məmməd Heydər oğlu A/V 1937-ci ilin yayında Sovet
hökumətinə və rəhbərlərinə
qarşı şər, böhtançılıq mövqeyində
durmuşdu.
B/V 1937-ci ildə
Stalin kostitusiyaya qarşı kolxozçuların
yığıncağında böhtanlar demiş, Ali Sovetə
seçkilərdə əks fikirlər söyləmişdi.
V/V 1937-ci ilin
sentyabr ayında bir qrup kolxozçuların arasında Sovet
hökumətinə qarşı fitnələr yaymış və
qadınların seçkilərdə iştirak etməsinin əleyhinə
çıxmış və onlara qarşı xüsusi
güc tətbiq etməyə səy göstərmişdir. Günahı
təsdiq olunmasına baxmayaraq, lakin o özünü göstərilən
ittihamlarda təqsirli bilməmişdi.
Bunu nəzərə
alaraq müttəhim Ələkbərov Məmməd Heydər
oğlu 15065 saylı istintaq işilə əlaqədar olaraq
günahkar bilinir.
Şahbuz rayon
XDİK. 12
fevral 1938-ci il.
Təsdiq edir: Şahbuz rayon
XDİK-in təhlükəsizlik serjantı Luqanskiy.
Fevral ayının 13-i 1938-ci
ildə artıq Şahbuz rayonu Buzqov kəndinin 25 yaşlı
sakini Ələkbərov Məmməd Heydər oğlu
Naxçıvan Xalq Daxili İşlər
Komissarlığı İdarəsi tərəfindən həbs
edilir və həmin yerdə də saxlanılır.
Ağır, məşəqqətli
işgəncələrə mətanətlə davam gətirən
M.Ələkbərov müstəntiqin iddiaları ilə
razılaşmır, günahkar olmadığını dəlillərlə
sübut etməyə çalışsa da istədiyinə
nail ola bilmir.
Dörd aylıq dindirilmədən
sonra Məmməd Heydər oğlunun günahı sübuta
yetmədiyinə baxmayaraq o, 21 iyun 1938-ci ildə SSRİ
XDİK-nın tərəfindən 8 il
müddətində azadlıqdan məhrum edilir.
Təqvimlə
sürgün həyatı sürən Məmməd Ələkbərova
aşağıdakı şəkildə arayışı
verilir. Bu, onun əmək islah-əmək düşərgəsində
sonuncu arayışı olur.
Arayış ¹305302
Karaqanda
İslah Əmək Düşərgəsi.
URÇ
12 fevral 1946-cı il.
¹18761/305302
Məmməd Heydər
oğlu Ələkbərova 1954-cü ilin oktyabr ayında forma
“A” arayışı verilir. Bu
arayış;
Yaşayış yerini
göstərməyə xidmət etmir
İtirilən sonra da bərpa
edilmir
1913-cü ildə
Şahbuz rayonu, Buzqov kəndində anadan olmuş Azərbaycan
vətəndaşına (SSRİ vətəndaşı, azərbaycanlı,
21 iyun 1938-ci ildə XDİK SSRİ tərəfindən 8 il
müddətində azadlıqdan məhrum edilmiş, İslah-Əmək
Düşərgəsində 12 fevral 1938-ci ildən 12 fevral
1946-cı ilə qədər olduğu üçün
hüquqlarından məhrum edilmiş) arayış
veriılir.
Karaqanda XDİK idarəsinin
rəisi
Karaqanda XDİK şöbəsinin
rəisi
Düzdür: Azərbaycan
SSR təhlükəsizlik baş leytenantı Qubanov
Oktyabr 1954-cü il.
Bu arayış Məmməd
Ələkbərov ağır, işgəncəli
sürgününü başa vurandan 8 il
sonra yazılıb.
Məmməd
Heydər oğlu Ələkbərov sürgündən
qayıtdıqdan sonra da onu sakit buraxmırlar. Uzun illər
görmədiyi doğmaları ilə görüşmək
ona qadağan edilir. 1950-ci illərin
ortalarında ona verilmış anketdə həyatının
qısa tarixçəsi belə göstərilir.
Anket
Ələkbərov
Məmməd Heydər oğlu 1913-cü ildə Azərbaycan
SSR Şahbuz rayonu Buzqov kəndində anadan olmuşdur. 1938–ci ilin
fevral ayının 12-də Daxili İşlər Nazirliyinin
Şahbuz rayon şöbəsinin rəisi tərəfindən
saxlanılıb. 1938-ci ilin 21 iyul tarixində
Bakı şəhəri DİN-nin “Üçlüyü”
hüququnu saxlamaq şərtilə Azərbaycan cinayət məcəlləsinin
39-cu maddəsi ilə azadlıqdan məhrum edilib.
Karaqanda
İslah-Əmək
Düşərgəsi
12.06. 1946. ¹305302.
Məmməd Ələkbərovu
həbs müddəti bitdikdən sonra bir ilə yaxın o,
Çubarqastratda fəhlə kimi işlədilir. Sənədlərdən
məlum olur ki onu sürgündən azad etmək niyyətləri
olmayıb. Azad etməməkdə məqsəd
o olub ki, guya müharibə yenicə bitib, belə bir vəziyyətdə
cinayətkarlar arzuolunmaz hərəkətlərə yol verə
bilərlər. Başqa bir tərəfdən
isə bu gənc Azərbaycan üçün guya təhlükəli,
qatı bir cinayətkar idi.
Lakin uzun,
cansıxıcı günlər artıq arxada
qalmışdı. M.Ələkbərov ağır, işgəncəli
sürgün həyatını başa vurub, vətənə
qayıdırdı. Onu irəlidə nələr
gözlədiyini bilmirdi. M.Ələkbərova
məlum deyildi ki, illərlə həsrətində olduğu,
doğulub boya-başa çatdığı yurdunda ona
yaşamaq qadağan olacaq, anasının, qardaş və
bacılarının üzünə həsrət qalacaq,
doğulub boya-başa çatdığı torpağdan
yüzlərlə kilometr uzaqda dünyasını dəyişəcək.
Bu, qanasusamış bolşeviklərin Azərbaycan
xalqının başına gətirdiyi sayı məlum olmayan
faciələrdən biri idi.
Aşağıda
göstərdiyimiz anket də Məmməd Ələkbərovun
həyatının son günlərinin
ağrılı-acılı anlarından xəbər verir.
1.06.08.1946 – 01.05.1947 Çubarqastratda fəhlə
2.1947 – 1950 Şahbuz rayonu, Buzqov kəndində
sıravi kolxozçu
3.07.02. – 1950 – 23.09.1952
Qarabağ atçılıq zavodunda fəhlə
4.18.10.1952 – 02.10 .1953 Qarabağ
atçılıq zavodunda fəhlə
5. 17.12.1953 – 14.06.1954 Yevlaxda fəhlə
Həmin anketdən məlum
olur ki, 1947-ci ilin may ayında Azərbaycan SSR Şahbuz rayonunun
Buzqov kəndindəki kolxozda işləsə də, 1950-ci ildə
DİN-in idarəsi Ələkbərov Məmməd Heydər
oğlunun “cinayətkar” olduğunu nəzərə alıb, sərhəd
rayonlarda yaşamasının yolverilməz olduğu qənaətinə
gəlmiş, nəticədə ona doğma
torpağını tərk etməyi məsləhət
bilmişdi.
“Yağışdan
çıxıb, yağmura düşən” M.Ələkbərov
məcburi şəkildə Yevlax şəhərinə
köçməli olur. Bununla da Məmməd ömrünün
sonuna qədər anasından, bacı və
qardaşlarından, ən nəhayət körpə
oğlundan ayrılmalı olur.
Aslan KƏNAN
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.30.