ORALARDA KİMLƏR VAR :
MODİLYANİ-2
ÖMRÜN SON AKKORDLARI
Amedeo Modilyani kimdir : 1884-cü il iyulun 12-də İtaliyanın Livorna şəhərində gələcəkdə hamını heyrətə gətirəcək rəssam dünyaya gəlir. 1906-cı ildə Parisə köçən rəssam Pablo Pikasso ilə tanış olur, sonrakı yaradıcılığında bu dahi sənətkarın yaradıcılığından təsirlənir.Rəssam 1920-ci ildə, 36 yaşında Parisdə dünyasını dəyişir.Parisin ən yaraşıqlı,ən gözəl, ən poetik, ən ürəkağrıdan guşələrindən biri də Per-Laşez qəbiristanlığıdır.İllah da ki,yay aylarında...Yaşıllıqlar içindən keçirsən, darısqal cığırlar səni ardınca çəkir, körpə budaqların məzarlar arasına düşən kölgəsiylə addımlayırsan, hansısa başdaşının,büstün qarşısında bu isti yay günündə üşüyürsən, üşüyürsən. Bu soyuqluq məzarlarda yatan neçə-neçə insanın xatirəsinin soyuqluğudur.Ötən əsrlərin klassizmindən, romantizmindən nə qədər qiymətli əl yazıları,işləmələr,fiqurlar var burda. Bu məzar daşlarında həkk olunmuş dahi yazıçıların, filosofların, artistlərin, rəssamların, alimlərin adları önündə baş əyirsən.
Canlanır hər
şey: xətlər,cizgilər. Burada diqqəti çəkən
yeni,orijinal,gözlənilməz simvolik memarlıq detalları
dipdiridir elə bil. Fransanın şöhrəti, Fransız
dahiləri...uyuyur burada...Və bu dahilərin ömür salnaməsi
...Mərmər və qranit daşlar üzərində.
Bu illərin məktublarından
“Əzizim ana! Məlhəm
sözlərin üçün minnətdaram. Körpə
sağlamdır. Mən heç də təəccüblənmirəm
ki, şəxsən sənin kimi bir ana rəsmi kağız
olmasada,özünü nənə adlandırır.Foto
göndərirəm. Ünvan dəyişib: Nitsa, ryü de
Frans 13-ə yazmaq lazımdır”.
“Hörmətlə Zbom! Lap zəncilər
kimi işləyirəm... Qızım da əla hiss eləyir
özünü. O,yaman tez boy atır. O mənim təsəllimdir,
o məni işə həvəsləndirir. Gələcəyi
daha yaxşı işləyəcəyəm...”
“Mən sahibkar da deyiləm,
fəhlə də deyiləm. Heç azad da deyiləm. Mən
İtaliyadan ötrü ölürəm, orada yaşamaq istəyirəm.
Olsun lap Florensiya,olsun Livorno-mənim doğma şəhərim.Ancaq
rəssamlığım istəyimi üstələyir. O mənə
deyir ki, Parisdə qal. Parisin mühiti mənə ilham verir. Mən
Parisdə bədbəxtəm, ancaq neynəyim ki,yalnız burda
işləyə bilərəm”.
“Sərxoşluq bizi bu
dünyadan ayırır, içimizə çəkilirik,
içimizi duyuruq və bura ətraf dünyamızın
duyumlarını əlavə edirik”.
“Əgər mənim
başqaları kimi emalatxanam olsaydı ... Ancaq bu sərgərdan
həyatın da öz üstünlükləri var”.
“Heykəltaraşlıq
çətin sənətdi. Rəssamlığa başlamaq
lazımdır”.
“Mənim İtaliyam! Livornoya
qayıtmaq istəyirəm. Mənən yenidən
doğulmağa! Evimizi istəyirəm... Anamı istəyirəm...Mən
əqrəb nişanı altında doğulmuşam. Mən
öz içimi yeyirəm. İçən kimi bu fikir məni
dəli eləyir. İçimi ovur”.
Yenidən Parisdə
31 may 1919-cu ildə Modilyani
Parisə qayıdır. Jozef Bar küçəsində
Zborovskigildə yaşayır. Bu vaxtlar Janna qızı ilə
hələ də Nitsadadır, gözləyir ki,əri ev
tapacaq.
Üç həftədən
sonra Jannadan teleqram alır: “Gəlməyə pulum yoxdur. 170
frank yol üçün, 30 frank dayəyə vermək
üçün teleqrafla pul göndər. Şənbə
günü gəlirəm”.
Janna gələnəcən
heç bir otaq zad tapılmır. İkinci uşağa hamilə
olan Janna və Modilyani lya Qrand Şomyer küçəsindəki
köhnə emalatxanaya yığışmalı olurlar.
İlk çağlarda balaca Jannanı saxlamaq
üçün Zborovskinin ailəsi əl tutur. Bu ailənin
dostu Lyuniya Çekovska uşağa baxmalı olur. Emalatxanada
qalmaq heç cürə mümkün deyil.
Modilyani qızını
görmək üçün tez-tez ora gəlir. Çox vaxt
da sərxoş.Gecədən keçmiş. Onu içəri
buraxmırlar.O inad eləyir, bəzən səhərə qədər
pilləkanda gecələyir. Yalvarır, ona öz
uşağını göstərmirlər.
Həmin o Lyuniya Çekovska
öz xatirələrində yazır: “Parisə gələndə
o dəli kimi işləyirdi”.
Yeddisi iyulda Amedeo anasına
yazırdı: “Əzizim, ana! Fotomuzu göndərirəm. Təəssüf
eləyirəm ki,qızımın şəkli yoxdur.O, kənddə,
dayənin yanındadır. Fikirləşirəm ki,bəlkə
payızda İtaliyaya gəldim. Mən orda bütöv “bir
dövr” yaşamaq istəyirəm. Ancaq hardandı məndə
o bəxt?”
İyulun on ikisində onun 35
yaşı tamam olur.
Bir yandan da qış gəlir.
Onun xəstəliyi daha da güclənir. Və müalicə
olunmaqdan tamamilə imtina eləyir. Daha çox içməyə
başlayır. Lap başını itirənə qədər.
Onun başqa yolu yox idi, ona görə ki, artıq işləyə
də bilmirdi. Yanına heç kəsi buraxmır, tək-tənha
çıxır gəzməyə və deyir ki, məni elə
bu hava sağaldacaq.
Noyabrın birindən
dekabrın on ikisinə kimi “Payız salonu”nda sərgidə
Modilyaninin dörd işini göstərirlər, onlardan birini də
alan olmur və mətbuatda heç adını da çəkmirlər.
Xəstəlik günbəgün,
saatbasaat onu üstələyir. O indi özünü apara
bilmir, əsəbləşir,qışqırır və hətta
Jannanın özünü belə incidir.
O dövrün
yazıçılarından biri olan Salmon deyir ki, bir dəfə
Modilyani Lüksemburq bağında Jannanın üstünə
vəhşi kimi cumub onu döyməyə başladı.
Başqaları isə deyir
ki,Modilyani ilə Jannanı bir skamyada mehriban oturmuş
görürlər. Modilyani heç nə demədən
gözlərini harasa uzaqlara dikib səssiz-səmirsiz
baxırmış, Janna da kədər dolu gözlərini ona
zilləyib heç nə demədən, hətta ona kömək
eləməyi belə artıq bilən bir adam kimi
yazıq-yazıq ona baxırdı.
Buna adamın daha çox
inanmağı gəlir.
Ən dəhşətlisi bu
idi, o balaca qızcığaz, heç kəslə bir kəlmə
də danışmayan Janna gecənin bir aləmində
“Rotonda”nın, “Klozri”nin qapılarında fırlanır, gəlib
keçəndən yazıq-yazıq soruşurdu: “Modilyanini
görməmisiniz ki...?”
Janna öz xatirələrində
yazır: “Modilyani öz ölümünü hiss eləyirdi.Bir
dəfə o Monmartrda Syüzanna Valadon adlı bir
qadının yanına qalxdı, sanki ondan öz
anasının qoxusunu alırmış kimi başını
sinəsinə qoyub,nə isə içmək
üçün bir şey istəyir və yenə də
görənlərin dediyinə görə yəhudicə nəsə
oxumağa başlayır və ağlayır. Mənə elə
gəlir ki, bu ancaq “Kadiş” mahnısı idi, dua kimi bir
mahnıdır, dinə inanmayan Modilyaninin ailəsində bircə
bunu bilirdilər”.
Artıq yeni il
yaxınlaşırdı. 27-si dekabrda Modilyani Florensiyadan belə
bir otkrıtka alır: “Çox ümid eləyirəm ki, mənim
Dedom, yeni ilin lap səhərisi sən qoca ananın
öpüşünü əvəz eləyən bu
teleqramı alacaqsan və əgər telepatiya deyilən bir
şey varsa inanacaqsan ki, mən sənə öz ən
böyük arzularımı və dualarımı göndərirəm,
inanacaqsan ki, mən səninləyəm, sənin körpən
və sənin qadınınlayam. Min dəfələrlə səni
öpürəm.
Anan”
Bu otkrıtka da əvvəllər
göndərilən iki otkrıtka kimi cavabsız qalır.
Modilyaninin
bacısının dediyinə görə, rəssam həmişə
hiss eləyib ki,ailə ona pul göndərməklə çətinlik
qarşısında qalırdı və buna görə də
son dəfə göndərilən pulu qəpiyinə qədər
geri qaytarır.
Sona doğru.
Bu gözəl rəssamın
və gözəl insanın Paris küçələrində,
Parisdə son gecəsi ağır-ağır
yaxınlaşırdı. Bu barədə Laskano Teqinin xatirələrinə
istinad eləyək: “O gecə Modilyani həddindən artıq
səs-küy qoparmışdı və ümumiyyətlə,
çox qorxulu idi. O, öz ətrafında olan rəssam
dostlarına tüpürürdü və onlara deyirdi ki, rədd
olun. Modilyani artıq onlar üçün yük idi. Buna
baxmayaraq onlar Modilyanini dilə tuturdular ki, getsin yatsın.Ancaq
o heç nəyə məhəl qoymadan, bu adamların
heç birini saya salmadan onların ardınca gedirdi, onlardan
bir-iki addım geri qalsa da, qışqırırdı, ancaq
yenə də onların ardınca gedirdi. Hava dəhşətli
soyuq idi.Tufan vardı havada. Soyuq külək onun əynindəki
göy kurtkanı az qalırdı çiynindən alsın, o
paltosunu arxasında tutub yeriyirdi. Qarşıdan gələnlər
ondan qorxurdular, qorxurdular ona görə ki, o qarşıdan gələnin
düz üstünə yeriyir və onları yolundan eləyirdi.
...Modilyani ilə birlikdə
gələnlər istəyirdilər ki, rəssam Benitonun
yanına onsuz getsinlər. Modilyani isə onlardan əl çəkmirdi.
Ta ki qapıyadək onlarla birgə gəldi və bu inadı
görəndən sonra onlar qərara gəldilər ki,
Modilyanini də özləri ilə aparsınlar. O, birdən
etiraz etdi və yolun qırağında gözləməyə
başladı. O yenə də qışqırırdı.
Hay-küyü eşidən polislər yaxınlaşıb onu
aparmaq istəyəndə, yoldaşları gəlib polisləri
dilə tutdular ki, heç nə olmaz, sakitləşib gedəcək.
Polislər onu tutub məntəqəyə aparmaq istəyirdilər.
Dostlarının köməyinə qəti etiraz eləyən
Modilyani tələb eləyirdi ki, onlar da onunla birlikdə
skamyada otursunlar. Ona elə gəlirdi ki, bura dünyanın ən
isti yeridir. Dözə bilməyən yoldaşları onu tək-tənha
qoyub uzaqlaşdılar. Bu vaxt Modilyani iztirablı bir səslə
onların ardınca qışqırdı: “Yoxdu mənim
dostlarım! Yoxdu mənim dostlarım!”
Onlar yenə də Modilyanini
dilə tutmağa başladılar ki, bu buz bağlamış
skamyada oturmaq olmaz. O yenə də inad elədi. Və onlar
Modilyanini həmin buzlu skamyada tənha qoyub uzaqlaşdılar.
Bura Monruj kilsəsinin
qabağı idi.
Səhərisi o
özünü dəhşətli pis hiss eləyir və
yatağa düşür.
Yanvarın 22-də onu
“kasıblar və evsizlər” xəstəxanası olan
“Şarite”yə gətirirlər.
Xəstəxana acısı...
O artıq heç nəyi
hiss eləmirdi. Deyirlər ki, o xəstəxanada gözlərini
açanda əvvəlcə qorxub ki, burada nə çox xəstə
var. Sonra başlayıb sakitcə-sakitcə sayıqlamağa;
deyirlər, guya şeir oxuyurmuş. Ancaq bütün bu
danışdıqlarından aşağıdakı sözlər
aydın eşidilirmiş: “Əziz İtaliya...! Əziz, əziz
İtaliya!”
Yanvar ayının iyirmi
dördündə saat 8.50 dəqiqədə o keçinir.
Sonra nələr olur...
Bu vaxt Janna Ebyutern Zborovskinin
himayəsində yaşayırdı. Yanvarın 24-dən 25-nə
keçən gecə Zborovskilər onu tək buraxmamaq
üçün tanışları Poletta Jurdenə
tapşırırlar. Onun dediyinə görə səhər
tezdən otağı təmizləyən xidmətçi
Jannanın balışının altından kiçik xəncər
tapır.
Janna xəstəxanaya
atası ilə birgə gedir. Bir kəlmə də olsun
danışmır : nə atasıyla, nə də onlarla birgə
gedən dost-tanışla.
Orda onları Kislinq
qarşılayır. Amedeonun cənazəsinə Janna tək
yanaşır və ona uzun-uzadı baxır...baxır...
baxır...Dostlarının tələsik açdıqları
qapıdan çıxır.
Xəstəxanadan o
Zborovskigilə getməyi qərara alır. Atası inad eləyir
evə getsin.
Poletta Jurdenin dediyinə
görə o atasının əllərini əlinə
alıb sakitcə deyib: “Məni tək qoyma”.-deyir
Atasının sözünə
baxır, evə gəlir, evdə ağlamır və dinməz-söyləməz
oturur.
Və sonra daha dəhşətli
şey olur...
Axşam düşür,
adamlar dağılışır. Sübh çağı, o,
heç kəsin xəbəri olmadan özünü
altıncı mərtəbədən atır.
Ola bilər gözləyirdilər
bu hadisəni, ola bilər yox, ancaq bu böyük həqiqətdir
ki, Jannanın qardaşları (özü də onu çox
istəyirdilər) dəfələrlə onun otağına
daxil olur, onu hər dəfə pəncərənin
önündə görəndə həyəcanlanırlar.
Hələ Jannanın
başındakı faciədən xəbərsiz olan Kislinq və
Salmon, rəssamın yoldaşları, ədəbiyyatçılar
və ümumiyyətlə, sənətə dəxli olmayan dəstə-dəstə
adamlar Modilyanini Per-Laşez məzarlığına yola
salırdılar.
Həmin günün səhərisi
başqa bir məzarlıqda, atası, anası,
qardaşları Jannanı torpağa
tapşırırdılar. Onların xahişinə görə
mərasim qeyri-adi bir vaxta – səhər saat səkkizə təyin
olunmuşdu. Jannanın tabutunun arxasınca iki taksi gedirdi:
birində Ebyüternlər ailəsi və Jannanın iki rəfiqəsi,
o birində Amedeonun dostları. Amedeonun dostlarını məzarlığa
buraxmadılar.
Amedeo ilə Jannanın məzarları,
bir il sonra Modilyaninin ailəsinin təkidiylə birləşdirilir.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.27.