Aydəmir: İki Azərbaycanda
iki il
(Əvvəli ötən şənbə
sayımızda)
Qırmızı ordunun Şəkiyə necə daxil olduğunu isə öz gözləri ilə görmüşdü. Bu, 1920-ci il aprelin 30-da olmuşdu. Aydəmir başları üzərində qızılı bayraqlar dalğalanan, əllərində siyirmə qılınc tutmuş kazak alaylarının dördnala çaparaq şəhərə girəcəklərini gözləyirdi. Gələnlər isə daha çox qaraçı köçünü xatırladırdı. “Arıq atların qoşulduğu sınıq-salxaq arabalara qarmaqarışıq şəkildə əşyalar, çadırlar, pulemyotlar yığılmışdı. Atlılarla piyadalar biri-birinə qarışmışdı. Kimin əsgər, kimin zabit, kimin komandan olduğunu təyin etmək mümkün deyildi”.
Nə qədər acınacaqlı da olsa, Azərbaycan Cümhuriyyətinin mövcudluğuna bu başıpozuq güruhun əli ilə son qoyulmuşdu.
İnqilabın yalnız ordusu deyil, özü də əcayib görünürdü. Əyalətlər bir yana qalsın, heç Bakıda da kütlələri coşduran, yerindən oynadan inqilab ab-havası hiss olunmurdu. “Əcəba, bu bir inqilab idimi? – deyə Aydəmir də sual edirdi. – Üsyana qalxan və inqilab edən kimlər idi? Bu inqilab idisə, inqilabçılar harada idilər? Əslinə baxanda Azərbaycanın heç bir yerində qarışıqlıq çıxmamışdı. Kimsə kiminləsə çarpışmamışdı. Heç yerdə üsyan bayrağı qaldırılmamışdı”.
Bunun sadəcə bir işğal olduğunu anlamaq üçün türk gəncinə uzun vaxt lazım gəlməmişdi. Azərbaycanın fəlakəti öz dövlətini qurub möhkəmləndirməyə zaman tapmamasında idi. Başqa fəlakət isə zəngin sərvətləri, ilk növbədə neft idi. Sovet Rusiyasının gələcəyi bu neftə bağlı ikən Azərbaycanın müstəqilliyi imkansızdı.
Hətta əhalinin yeni idarəçiliyə sözsüz tabe olduğu bir şəraitdə günahsız insanlara divan tutulması Aydəmiri sarsıtmışdı. Onun yazdığına görə Şəkidəki bütün cəza tədbirlərinə cəbhədə təsadüfən bolşeviklərə qoşulmuş köhnə Həştərxan balıqçısı rəhbərlik edirdi. Balıqçının sədrliyi altında hərbi tribunal “təmizləmə” əməliyyatı aparırdı. Müəllif iştirakçısı olduğu belə məhkəmə proseslərindən birini xatirələrində təsvir etmişdi. Evində öz halal pulu olan iyirmi ədəd qızıl onluq tapılan bir qadın tribunalın qərarı ilə var-yoxu əlindən alınmaqla gedər-gəlməzə göndərilmişdi. Şəki xanlarının sarayı da daxil olmaqla hər yer talanırdı. Aydəmir “tühaf inqilabın” Azərbaycana gətirdiyi fəlakətlərin canlı şahidi kimi yazırdı:
“Şəhərin irəli gələnləri deyiləcək kimsələr, hətta bəzilərinin qadınları çoxdan “təmizlənmişdi”. Sünnilərin imamı Mir Məhəmməd Əfəndi, şiələrin axundu Fərəculla həbsdə idilər. Ziyalılara hələ əl qoyulmamışdı. Amma o gün də uzaqda deyildi. Bakıda, Gəncədə artıq “böyük təmizlik” işləri tamamlanmışdı. Milliyyətçi liderlər aradan götürülmüşdü. Kəndlər talanırdı. Bütün bu işlər hər gün daha geniş miqyas almaqda idi”.
“Böyük və əbədi Turanın” bir parçası hesab etdiyi torpaqda bütün bu həqarət və özbaşınalıqları görən Aydəmirin bolşeviklərə qarşı mübarizəyə qalxmasa da dönüb tarixi vətəninə getməsini, İstiqlal Savaşına qoşulmasını gözləmək daha təbii olardı. Lakin tamamilə paradoksal hadisə baş verirdi. O, öz-özünü aldadaraq gözü önündə cərəyan edənləri yeni dünyanın doğum ağrıları kimi dəyərləndirməyə başlamışdı. Heç bir inqilabın yeniliyi qansız-qadasız gətirməyəcəyi fikri ilə təsəlli tapmağa çalışmışdı. Şərqi, Asiyanı çoxəsrlik cəhalət yuxusundan ayıltmaq üçün Həştərxan balıqçısı kimi qaba, yonulmamış bolşevik “xadimlərin” qaçılmazlığına özünü inandırdı.
Rusiya inqilabının qüdrətli əli Şərqi silkələyəcəkdi. Zalımların taxtını başlarına uçuracaqdı. Öz müqəddəratı üçün çarpışan Anadolu türkünə yardıma qoşacaqdı. Hətta bəlkə Turan arzusu da yeni şəraitdə gerçəkləşəcəkdi! 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayına nümayəndə seçilmiş Aydəmir Şəkidən Azərbaycan paytaxtına bu düşüncələrdə gedirdi.
Qurultay həmin düşüncələri daha da möhkəmləndirdi. Buxarin, Zinovyev, Radek, Pavloviç, Bela Kun kimi bolşevik liderlərinin alovlu çıxışları Aydəmirin fikirlərini yerindən oynatdı. O, hətta Turan ideyasının özünə də şübhə ilə yanaşmağa başladı. Çünki bolşevik natiqlər “düşüncə imperializmi” adlandırdıqları turançılıq nəzəriyyəsinin alman Baş Qərargahında hazırlandığını, onun mahiyyət etibarı ilə rus şovinizmi və böyükdövlətçilik siyasətindən fərqlənmədiyini iddia edirdilər. Çıxış yolu kimi sinfi mübarizəni şiddətləndirməyi, məzlum Şərq ölkələrində fəhlə və kəndlilərin diktaturasını qurmağı, inqilab bayrağı altında hər şeyi kökündən dəyişməyi məsləhət görürdülər. 23 yaşlı Aydəmirin baxışlarının dəyişməsi üçün bu bir neçə gün yetərli olmuşdu. İnqilab Şərqin yeniləşməsi, burada maarif və tərəqqinin yayılması uğrunda mübarizə apardığı bir təqdirdə o, kənarda qala bilərdimi? “Artıq hər şey anlaşıldı. Artıq həyatımı verəcəyim davanı tapdım” – Şərq Xalqlarının Bakı qurultayının Aydəmirdə yaratdığı əsas qənaət bu idi.
Qurultayda o, Moskvadan gəlmiş bolşevik ideoloqları ilə bir sırada Azərbaycan və Orta Asiya kommunist liderlərini – N.Nərimanovu, F. Xocayevi, A.İkmalovu görmüş, hətta onlarla ötəri tanışlıq imkanı tapmışdı. Türk gənci üçün qurultayın digər yaddaqalan hadisəsi bir zamanlar Osmanlı imperatorluğunun canlı əfsanəsinə çevrilən, indi isə keçmiş şöhrətini itirərək, özünün tənha, çəkingən halı ilə təəssüf və rəhm hissi doğuran Ənvər Paşaya təsadüf etməsi idi. Qurultayın davam etdiyi günlərdə o, Ənvər Paşanın silahdaşlarından olan və Kiçik Tələt kimi tanınan Tələt Muşkaranın Bakıdakı mənzilində keçmiş hərbi nazirlə görüşüb tanış ola bilmişdi. Bu görüşdən düz yarım əsr sonra isə artıq ünlü tarixçi kimi tanınan Şevket Sürəyya Aydəmir XX əsr Türkiyə tarixinin tragik və qanlı şəxsiyyətlərindən saydığı Ənvər Paşa haqqındakı monumental trilogiyasını yazmağa başlamışdı.
Trilogiyada da qeyd olunduğu kimi, görüş zamanı Ənvər Paşa özü haqqında gələcək kitabın müəllifinə Azərbaycanın müstəqillik dönəmi və indiki vəziyyəti haqqında çoxsaylı suallar vermişdi. Eyni zamanda qardaşı Nuru Paşanın yeni, müstəqil türk cümhuriyyəti kimi tarix meydanına qədəm basmış Azərbaycanı Osmanlı imperiyasının əyalətlərindən birinə çevirməklə bağlı 1918-ci ilin iyununda Gəncədə ortaya atdığı və Azərbaycan siyasi elitasında haqlı etirazını doğuran və hökumət böhranı ilə nəticələnən təşəbbüsün zərəri haqqında Aydəmirin tənqidi qeydlərini səbrlə dinləmiş, onlarla razılaşdığını bildirmişdi.
Əvvəldə də qeyd etdiyim kimi, Şərq Xalqlarının I qurultayının ardınca Türkiyə kommunistlərinin Bakıda keçirilən təsis qurultayına qatılsa da, Aydəmir Mustafa Sübhi və silahdaşları ilə birlikdə Anadoluya dönmək fikrinə düşməmişdi. Və bununla da labüd ölümdən qurtarmışdı. Həmvətənlərindən ayrılıb yenidən Şəkiyə, əvvəlki müəllimlik fəaliyyətinə qayıtmışdı.
Aydəmir Anadoluda, Qurtuluş Savaşı iştirakçılarının sırasında olmasa da, təbii ki, qəlbi öz tarixi vətəni ilə döyünürdü. Odur ki, hələ Şəki könüllülərinin Qarabağa yürüşü zamanı Ağdamda görüşdüyü Xəlil Paşanın Sovet Rusiyası ilə yeni Türkiyə arasında müştərək sərhədin zəruriliyi haqqındakı fikirlərini (Azərbaycanın sovetləşməsində mənhus rol oynayan Xəlil Paşa da öz növbəsində Qafqaz cəbhəsinin komandanı Kazım Qarabəkir Paşadan təlimat almışdı – V.Q.) tərəddüdsüz qəbul etmişdi. 1920-ci ilin aprel-noyabr aylarında Azərbaycan və Ermənistanda sovet hakimiyyətinin bərqərar edilməsi nəticəsində bu niyyət həyata keçirilmişdi. Şevket Sürəyya Aydəmirin bolşevik ideyalarına rəğbətinin səbəblərindən birini də Türkiyənin taleyi ilə bağlı olan bu məsələdə axtarmaq mümkündür.
Lakin hətta TKP-nin üzvü olmasına baxmayaraq bolşeviklərin hakimiyyətdə olduğu Azərbaycanda günləri o qədər də asan keçməmişdi. Əksinə, həyatına yaranan təhlükələr daha da artmışdı. Müəllif bu barədə yazırdı: “Şəhərdəki (Şəki nəzərdə tutulur –V.Q.) bir qisim ermənilər mənim əski Osmanlı zabiti olduğumu, milliyyətçi və turançı hərəkətlərimi, üstəlik də bir könüllü dəstənin başında Qarabağa gedib “erməni kəndli və zəhmətkeşlərinə qarşı silahlı təcavüzlərdə” iştirakımı unutmamışdılar. Bunu hər an yeni dostlarının yadına salırdılar. Bu dostların isə sağı, solu, sorğusu-sualı yoxdu. Hər şey gecə yarısından sonra, Şəki qalasındakı əsgər kazarmalarının arxasında həll olunurdu”.
Türkiyə Böyük Millət Məclisi hökumətinin Bakı təmsilçisi olan Məmduh Şövkət TBMM sədrinin müavini Hüseyn Avni Ulaşın xahişi ilə 1921-ci ilin may ayında Aydəmirlə əlaqə yaratmış, istədiyi təqdirdə Anadoluya dönməsinə və hər hansı bir vəzifə almasına yardımçı ola biləcəyini demişdi. Aydəmir dostlarının təklifinə “Əgər Böyük Fransa inqilabı günlərində Parisdə olsaydınız, “Təhlükə var”-deyə Parisi tərk etmək istərdinizmi?”-sualı ilə cavab vermişdi. Başqa sözlə desək, hətta real təhlükələrin mövcudluğuna baxmayaraq Azərbaycanda qalıb başladığı işi davam etdirmək istəyirdi.
Etirafına görə, sovet rejimi şəraitində əhalinin təhsilə cəlb olunması daha geniş vüsət almışdı: “Şəkidə günlərim dolğun keçirdi. Kurslardan, toplantılardan başım açılmırdı. Rejim dəyişikliyinin bir nəticəsi də onda idi ki, həmin vaxta qədər səhnəyə çıxmayan qadınlar, kənd adamları və s. sosial təbəqələrin təmsilçiləri də artıq savad kurslarının məşğələlərinə gəlirdilər”. Ən maraqlısı isə savad kurslarına gələnlər Dağıstandan gətirilən ləzgilər və digər yerli millətlərin nümayəndələri idilər. Aydəmirin xatırladığına görə, əksəriyyəti ailə-uşaq sahibi olan bu adamlar adətləri üzrə dərsə papaqlı, patavalı gəlir, qəmə və xəncərlərini heç vaxt bellərindən açmırdılar.
Bu arada şəhər səhiyyə şöbəsinə rəhbərlik edən azərbaycanlı bir həkim Şevket Sürəyyaya tezliklə həbs ediləcəyi xəbərini gətirmişdi. Mümkün olsa, gizlicə qonşu Gürcüstana keçməsini məsləhət görmüşdü. Aydəmir məsləhətə əməl edib qaçmaq istəsə də, Şəkinin bütün çıxışlarının mühafizə altında olduğunu gördüyündən fikrindən daşınmışdı. Sadəcə oturub qədərin hökmünü gözləməyə başlamışdı.
Bir neçə ay ərzində “Həştərxan balıqçısı” kimi təsadüfi adamların idarəçiliyi altında olan Şəkiyə nəhayət Azərbaycan hökumətinin nümayəndələri də ayaq açmışdılar. Amma mahiyyət etibarı ilə onlar da balıqçıdan çox fərqlənmirdilər: “İlk olaraq Əzimzadə soyadlı biri gəlmişdi. O, nataraz görkəmli, kobud və qaba bir neft fəhləsi idi. Hər toplantıda səhnəyə atılır, həmişə də eyni sözlər deyirdi. Moskvadakı qızıl bayraqlardan, Avropanın bu bayraqlara ağzının suyunu axıdaraq baxmasından, Bakının bütün məzlum millətlərin xilas yeri olmasından danışırdı”.
Amma Əzimzadə deyilən bu şəxs vaxtını sadəcə öz anladığı şəkildə inqilabi təbliğatla keçirmirdi. Şəkiyə gələndən sonra ilk işi Reyhanə adlı 14 yaşlı gözəl bir qızla evlənmək olmuşdu. Az sonra Əzimzadəni geri çağırmışdılar. “Amma qızcığaz da çox yaşamadı. Bir sürü qəribə xəstəliklərdən qısa zaman içərisində ölüb getdi ”- deyə Aydəmir Şəkiyə gəlmiş ilk partiya nümayəndəsinin özü ilə gətirdiyi fəlakətə yanıqlı bir dillə yekun vururdu.
Gələcəyin məşhur türk tarixçisi Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovu da ilk dəfə Şəkidə görmüşdü. Bölgələrə səfərə çıxan hökumət başçısı Şəki məscidində yerli əhali qarşısında nitq söyləmiş, yeni hakimiyyətin məqsəd və vəzifələrini sadə bir dillə anlatmağa çalışmışdı.
Aydəmir şahidi olduğu həmin səfərdən bəhs edərək yazırdı: “Əzimzadəni bir tərəfə buraxsaq, Bakıdan Şəkiyə gələn ilk maraq doğuran şəxsiyyət doktor Nəriman Nərimanov idi.
Doktor Nəriman
Azərbaycanın az saylı ziyalılarından idi. Ciddi, insanda
inam doğuran siması vardı. İnqilab, yaxud
işğal onu Azərbaycan rəhbərliyinə gətirmişdi.
Əskidən bir sosialist və kommunist
olduğunu deyirdilər. Azərbaycanın
nə üçün sovetləşdirildiyini də ilk dəfə
onun dilindən eşitdik”.
Amma Nərimanovun
verdiyi izahatlar da məsələ ilə əlaqədar Aydəmirin
bildiklərinin üzərinə yeni, mühüm faktlar əlavə
edə bilməmişdi. Çünki o da yalnız deyilməsi mümkün olanları
dilə gətirirdi... O da çarizmin xalqlar həbsxanası
olmasından, sovet Rusiyasının məzlum millətlərin
haqqını qorumasından, partiyanın rəhbərliyi,
Lenin və Trotskinin iradəsi ilə qızıl
bayrağın Qərbin bütün paytaxtları üzərində
dalğalanacağından danışırdı.
Eyni zamanda Nərimanov
hələlik taleyini məcburən Sovet Rusiyasına
bağlamış Azərbaycanın istiqlalından da tam
ümidsiz görünmürdü. Hətta sovet şəraitində
də ölkənin öz simasını qoruyub
saxlayacağını, xalqın taleyi ilə bağlı məsələlərdə
güzəştə getməyəcəyini
düşünürdü. Yaxud
insanları tamam ruhdan salmamaq üçün mübariz əhvali-
ruhiyyəyə üstünlük verirdi. Yenə Aydəmirin
xatirələrinə üz tutaq: “Nərimanov toplantılarda
başqa şəkildə danışırdı. “Moskvadan gələn bir yoldaş,-deyirdi,-bizi başa
düşmək istəməsə, çiyinlərindən
basıb yerində oturdarıq. Yaxud çənəsinin
altından belə vurarıq. (Bu sözləri söylərkən
doktor Nəriman Moskvadan gələn yoldaşın çənəsinin
altından necə vuracaqlarını da əli ilə göstərirdi)”
Təbii ki, bu
sözlərin deyilib-deyilmədiyi bizə bəlli deyil. Hətta Nərimanov
belə deyirdisə də, bu niyyətlərinin
mümkünlüyünə inanmaqdan daha çox
aldadılmış xalqa təsəlli vermək məqsədi
güdürdü. Çünki vəziyyətin
faciəviliyini hamıdan yaxşı o bilirdi, Orconikidze,
Mikoyan, Pankratov, Serebrovski, Sərkis kimi “bolşevik rəhbərlərinin”
həqiqi simasını hamıdan yaxşı o
görürdü. Bəlkə də elə
həmin günlərdə Leninə və Stalinə
ünvanlanan, inqilaba rəhbərlik səviyyəsində ilk
etirazlardan biri olan “Partiyanın milli ucqarlarda siyasətinə
dair” məktubu üzərində işləyirdi.
“Doktor Nəriman
həqiqətən dediklərini edə bilərdimi? Yoxsa
öz-özünü aldadırdı? “–
deyə Aydəmir də sual edirdi. Sonra isə
sözünə davam edərək yazırdı: “Bunları
bilmirəm. Amma doktor Nəriman bütün nitqlərində
bir neçə cümlədən bir Leninlə olan şəxsi
dostluğundan, çətinə düşəndə ona
müraciət etdiyindən danışır və Leninə
sadəcə ata adı ilə İliç deyirdi”.
Azərbaycanın gələcək
taleyi isə, Aydəmirin dəqiq müşahidəsinə
görə, yerin altındakı neft çamurunun bu ölkəyə
yazdığı alın yazısı, doktor Nərimanın
Leninlə şəxsi dostluğu və Moskvadan gəlmiş
yoldaşın çiyinlərindən basıb yerində
oturtmaq işlərinin bir arada həyata keçirilməsindən
asılı idi. Əgər bu üç amil
biri-birini tamamlasa bəlkə də müstəqilliyin müəyyən
hissəsini saxlamaq mümkün olacaqdı.
Aydəmir
“işin belə yürüdülməsinin asan görünmədiyini”
təsdiq etməklə yanaşı bir qədər sadəlövhlüyə
vararaq Leninlə Nərimanovun “ard arda ölmələrinin” də
Azərbaycanın müstəqil mövcudluğuna ciddi zərbə
olduğunu yazırdı.
1921-ci ilin may ayında sovet
hakimiyyəti qurulmasının birinci ildönümü
münasibəti ilə Bakıda yığıncaq və
şənliklər keçirilmişdi. Şevket
Sürəyya Aydəmir də həmin tədbirlərdə
Şəkidən, Müəllimlər İttifaqının təmsilçisi
kimi iştirak etmişdi. Bu səfər tərəddüdlər
içərisində olan türk gəncinə artıq
mövcudluğunun birinci ilini arxada buraxmış inqilab və
onun rəhbərləri haqqında daha dolğun qənaət
formalaşdırmağa imkan yaratmışdı. Mənzərənin
qarışıqlığını görmüş,
“ölkə idarəçiliyinin Azərbaycan Mərkəzi
İcraiyyə komitəsi, Qırmızı ordu, Çeka və
Fəhlə birlikləri arasında sərhədləri bilinməyən
şəkildə bölüşdürüldüyünə”
şahid olmuşdu.
Bakıda
qaldığı iki həftə ərzində o, Azərbaycana
rəhbərlik edən müxtəlif siyasətçilərin
çıxışlarını dinləmiş, yaxud ictimai
fikrin onlar barəsindəki fikirlərini eşitmişdi. N.Nərimanov
və Q. Musabəyov istisna olunmaqla digər yerli xadimlər
haqqında Aydəmirin mülahizə və qənaətləri
ümumən mənfi idi. Və tarixin
sonrakı gedişi onun öz fikirlərində əsasən
haqlı olduğunu göstərdi.
“Doktor Nəriman
komissarlar heyətinin başçısı kimi
görünürdü, –deyə Aydəmir yazırdı. –Lakin bir inqilabçıdan
daha çox sol bir sosialist, ziyalı bir siyasətçi təsiri
bağışlayırdı. Sifətində vəzifəsindən
bezmiş, ipləri öz əlində toplaya bilməmiş
kimi görünən bir ifadə vardı. Başladığı bu işdə qüvvət
aldığı yeganə şey bəlkə də istiqballa
bağlı ümidlər idi”.
Q.Musabəyov (1888-1938)
haqqında isə xatirələrdə bu sətirləri
oxuyuruq: “Maliyyə komissarı Musabəyov təmiz,
ağlı başında olan bir adam idi”.
Azərbaycan
hökumətinin bir sıra üzvlərinə verilən səciyyələr
isə kifayət qədər sərtdir. Burada,
çox ehtimal ki, şəxsi müşahidələrlə
bütünlükdə inqilaba münasibət biri-birini
tamamlamışdır. Türk müəllifinin
fikirlərindəki bəzi məqamlarla mübahisə etmək
mümkündür. Lakin həqiqətdən
o qədər də uzaq olmayan həmi mülahizələri
heç bir şərhsiz nəzərdən keçirməyin
özü də maraqlıdır.
“Xalq maarif
komissarı Bünyadzadə kobud, oxuyub-yazma bacarığı
şübhə doğuran biri idi. Kobud küçə
dili danışır və özünün bu halı ilə
öyünürmüş kimi görünürdü”. Bu sətirlər sonralar Azərbaycan SSR Xalq Komissarlar
Sovetinin sədri vəzifəsinə yüksələn
Dadaş Bünyadzadə (1888-1938) haqqındadır.
“Formal olaraq bir
milli müdafiə komissarlığı vardı. Amma
başında Qarayev adlı tipik bir avantürist, xalis bir
küçə uşağı dayanırdı”. Burada isə Nərimanovun əsas opponentlərindən
olan Əliheydər Qarayev (1894-1938) haqda söhbət gedir.
“Müavini
hamıya heybətli görünsün deyə özünə
həm Çingiz, həm də İldırım adını
götürmüşdü. Başına dəyirmi
bir papaq qoyur, belinə iri xəncər bağlayırdı.
Balaca boyu, bayağı sifəti ilə nümayəndələr
arasında bir cambazxana güləşçisi, yaxud operetta
artisti təsiri bağışlayırdı”. Vaxtı ilə ən qorxmaz və alovlu
inqilabçılardan biri kimi təqdim olunan həmin
Çingiz İldırım (1890-1938) bolşeviklərin
ultimatumunu Azərbaycan Parlamentinə təqdim etmişdi.
“Sonralar Sovetlər
Birliyinin öncül şəxsiyyətlərindən birinə
çevrilən və bu gün (1958-ci il nəzərdə
tutulur-V.Q.) həmin dövlətin başqanı olan
Mikoyanın inqilabdan öncə soyuqdan donmamaq
üçün papağının, yaxasını
qaldırdığı pencəyinin və yırtıq
ayaqqabılarının içinə qəzet parçaları
dolduraraq gəzdiyi deyilirdi”. Bu da Vladimir İliç
zamanından Leonid İliç dövrünə kimi hakimiyyətin
ali kürsülərində öz yerini
qoruyub saxlayan Anastas Mikoyanın (1895-1978) halıdır.
O dövrdə Azərbaycanın
siyasi tarixində hələ önəmli yeri olmayan Mir Cəfər
Bağırov (1895-1956) da türk müəllifin diqqətindən
yayınmamışdı. “Bağırov zahiri
görünüşündən müəllimi andıran,
lakin üzünün ifadəsi heç bir şey bəlli etməyən
birisi idi. Nazik, uzun boyu, ucları
vurulmuş bığları vardı. Yaxadan düyməli
və beli kəmərli Qafqaz köynəyi, qalife şalvar və
uzunboğaz çəkmə geyir, daima son dərəcə
vacib, tələsik işi olan adam kimi gəzib-dolanırdı”.
Azərbaycan kommunistlərinin liderinin sonrakı
taleyi də Aydəmirin diqqətindən
yayınmamışdı. O, ilk nəşri
Bağırovun gurultulu mühakimə prosesindən dörd il sonra çıxan kitabında yazırdı:
“Bağırov gözlənilməyən bir xarakter
nümayiş etdirdi. Əvvəla, Azərbaycan
Çekasında başladığı qan tökmə fəaliyyətinə
ömrünün sonuna qədər davam etdi. Azərbaycanı münəvvər və milliyyətçilərdən
bir-bir təmizlədi. Xalqı kütləvi
sürgünlərə göndərdi. İqtidarı
Stalin dövrü boyunca sürdü və Malenkovun gəlməsi
ilə Beriya ilə birlikdə öldürüldü”.
“Ən cana
yaxın insan torpaq işləri komissarı idi, – deyə Aydəmir
Azərbaycan hökumətinin növbəti üzvünü təqdim
edərək yazırdı. –Ağamalıoğlu yaşlı
bir adamdı. Qulluq görməyən, fəqət
sevimli bir üzü vardı. Dəyirmi
siması kiçik, qumral bir saqqalla cevrəli idi. Təvazökar, mehriban, hər zaman üzü
gülən insandı. Bəlkə də
ziyalı deyildi, amma görünüş etibarı ilə əski
rus münəvvərləri içərisində çox
rastlanan tam bir sosialist tipini andırırdı”.
Həqiqətən
də köhnə sosialist olan və Azərbaycan Parlamentində
həmin fraksiyanın fəal üzvlərindən biri kimi
tanınan Səmədağa Ağamalıoğlunun (1867-1930)
təkcə zahiri görkəmi deyil, fikirləri ilə də
digər bolşevik həmkarlarından fərqlənirdi. Təkcə elə
aşağıdakı sətirlər torpaq komissarının
sovet partiya və dövlət xadimi üçün
qeyri-standart düşüncəsini açıqlamağa
kifayətdir: “Ağamalıoğlu “Azərbaycanın alın
yazısını torpağın üstü deyil, altı təyin
edir. – deyirdi. – Bu neft burada qaynadıqca biz
ona deyil, o bizə ağalıq edəcək. Çıxan
neftdən bizim payımız bir idarə lampasını
dolduracaq qədərdir. Amma bütün
Rusiyada həyat bu neftə görə tənzimlənib.
Nə çarə ki, iki məmləkətin taleyini bu qara
çamur bir-birinə yapışdırmışdır! Ona görə də bizim üçün torpaq məsələsi
yoxdur, neft məsələsi var”.
Başında
belə adamların dayandığı bir quruluşla əməkdaşlıq
etməyə dəyərdimi? Azərbaycanın
sovetləşməsinin birinci ildönümü ilə
bağlı təntənələrdən sonra yenidən
Şəkiyə qayıdan Aydəmir ən çox bu sual
üzərində düşünürdü.
Digər bir
sual isə gələcəyi ilə bağlı idi. Müəllim
kurslarını istisna etmək şərti ilə heç bir
əsaslı təhsil almamışdı. Əcnəbi dil bilmirdi. Hətta
Turan sevdasından da öncə biliklərin, mədəniyyətlərin,
fikirlərin dünyasına yol tapmaq lazım idi. Rama
Krişnanın, krişnaitlərin təlimində deyildiyi
kimi, daha dərinlərə varmaq, bulağın gözünə,
təşnəliyi söndürən suya çatmaq lazım
idi.
lll
Və bir də “şerşe
lya fam” – qadın faktoru vardı. Şevket Sürəyya Aydəmirin xatirələrindən
də göründüyü kimi o, Azərbaycanda təkcə
siyasi təcrübə məktəbi keçməmiş, həm
də həyatının ilk və unudulmaz sevgisini
yaşamışdı.
Sitarə Cənubi
Azərbaycandan gəlib Şəkiyə yerləşmiş
bir ailənin qızı idi. Anası ilə birlikdə
yaşayırdı. Aralarındakı tanışlıq
özləri də hiss etmədən sevgiyə
çevrilmişdi: “Sitarə bir sultandı. Könlümün
sultanı. İllərcə yuxuma girən, taleyimin
aradığı dilbər hər halda o idi... Bəlkə
əzəldən bir-birimizə nəsib olmaq üçün
yaranmışdıq. Bəlkə də
nağıllardakı kimi bir dərviş xəbərimiz
olmadan eşq badəsini ikimizə də içirmişdi.
Bəlkə dağları, dənizləri qismətimə
qovuşmaq üçün aşmışdım?”
–üstündən otuz il keçəndən
sonra dəruni bir duyğu ilə yazılan bu sətirlər
Aydəmirin o zamankı hisslərinin ani, ötəri
olmadığını bir daha sübuta yetirir.
Amma ana ilə
balanın adı qarışdığı hansısa mülk
davasından, yaxud borcdan xilas olmaq naminə Sitarəni qətiyyən
istəmədiyi və eyni laqeydlik gördüyü bir adama
nişanlamışdılar. İki yol ayrıcında qalan, həm
gələcəyinə pərvazlanan, həm də sevdiyi qızdan
ayrılmaq istəməyən gənc Aydəmirin əvəzinə
həlledici qərarı azərbaycanlı qız qəbul
etmişdi: “Sitarə “Mən bir zamanlar özümü
göydə yanan ulduz sanmışdım,-dedi. –Halbuki
torpağa bağlı bir köləyəm. Ayaqlarım
zəncirdədir. Əllərindən
yapışsam, səni də bu zəncirə
bağlamış olacağam”.
Hər ikisi
üçün xilas yolu əbədi ayrılıqda, hər
şeyi unutmaqda idi.
“Bizim eşq
hekayəmiz nağıllardakı kimi başlamışdı. Amma sonu elə
olmadı. Nağıllarda Kəloğlanlar
sevgililərini divlər padşahının əlindən
qurtarmaq üçün dağlar yarırlar. Tilsimləri qırıb yerin təkindəki
mağaraların qapılarını açırlar. Nağılların sonu daim quşun qəfəsdən
qurtarması və qırx gün qırx gecə sürən
toyla bitir”.
Aydəmir isə
dağlar yara bilmədi. Sadəcə dağların arxasına
çəkildi. Acı etiraflarından da
göründüyü kimi, “məsum bir qızın
özünü fəda etməsini olmalı hadisə kimi”
qarşıladı. Şəkidən
Tiflisə, oradan da Batuma getdi. Sanki hər
şeyi unutmaq üçün burada tələsik ailə
qurdu. Sonra isə Nazim Hikmət və Vala
Nurəddinlə birlikdə Moskvaya, Kommunist Universitetinə təhsil
almağa yollandı.
Bundan
sonrakı ömür yolunu əvvəldə qısa şəkildə
anlatmışdım.
Hər halda bu
ömür əvvəldən sonadək Türkiyəyə və
türklüyə həsr olunmuşdu.
Soruşula bilər
– bəs böyük və əbədi Turan?
Həyat yoluna iddialarla qədəm
qoyan insanlar çox vaxt gənclik xəyallarını deyil,
dövrün və zamanın macəralarını
yaşamalı olduqlarından Şevket Sürəyya Aydəmir
də sonda öndərini tapa bilməyən Turan
davasının daha çox bir özləm, xəyal və həyəcan
qaynağı olduğu qərarına gəlmişdi. Böyük və əbədi Turanın bir parçası
kimi ömrünün iki ilini keçirdiyi, müstəqilliyi,
tərəqqisi naminə bacardığını etdiyi iki fərqli
Azərbaycanı isə heç zaman unutmamışdı.
Oktyabr, 2010-cu il.
Vilayət QULİYEV
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.24-25.