Şeir kişi sirri kimi
Əbülfət Mədətoğlunun şeirləri haqqında
Çay öz axarını, öz qollarını seçən kimi, sözlər də şeirin sınırlarını,
təhkiyə istiqamətini
elə seçir. Əbülfət Mədətoğlunun “Ürəyimdəki
sənsən” kitabi bu fikri təsdiq
edir.
Poetik sistem poetik jestlərin
sabit sistemidir. Poetik sistem insanın tikib yaşadığı
ev kimidir
– öz evinə elə öyrəşir ki, başqa yerdə qala bilmir, darıxır.
Poetik sistem də belədir – öyrəşirsən
– dəbdə olan, tez-tez dəyişən cərəyanlara, üslublara
fikir versən də, yenə də öz “evinə” – öz sisteminə qayıdırsan. Bu, şair şəxsiyyətinin
bütövlüyünü göstərir. Ə.Mədətoğlu öz sistemini qurmuş və mənimsəmiş şairlərimizdəndir.
Ə.Mədətoğlunun “Məni” o qədər zərifdir və güclüdür ki, süni, psevopatriotik “biz” yoxdur. Hər yerdə yalnız
özüdür, yalnız
“mən” –dir. Şairin
təbiəti elədir
ki, sözləri qətiyyən incitmir.
Sanki hər söz, hər qafiyə şeirdə öz yerini tanıyır, bilir Əbülfət sözlərlə çox
utancaq, çox incə davranır:
üzülmüşəm içimdən
kirpikdən qopan yaştək.
Əbülfət şeirləri sanki dilinin ucunda pıçıltıyla səsləndirir. Kişi sirlərinin
bədii etirafları kimi.
yuxunun şah damarı
üzülür, çiliklənir.
yanınca həsrət
gəzir
kölgəmdə günlüklənir.
qısqanıram.
Onun ömür fəlsəfəsi
sevginin, yaşın və qocalığın gətirdiyi anlamlardan ibarətdir. O, qadın yaddaşında unudulmaqdan
qorxur. Əbülfət
Mədətoğlu Şəhrizad
kimidir: ölümün
varlığını unutmaq
üçün xatirələrini
danışır, bəlkə
də yaşam ümidini, sevgi bir az da artırmaq üçün bu şeirləri yazır.
gözlərimin
işığı
düşür gözünə
–
səni yuxudan oyadıram.
Şair (adresantın)
sözünün bir ünvanı (adresatı) var: içindəki qızın “Sənidir”, çünki bilir ki, “Mən – sən” olanda sevgidən danışmaq olur.
Onun poetik yaddaşı emosional portret yaratmaq gücündədir. Jest-mimika detalları duyğulu, səmimi təqdim olunur.
gözlərin dolubdu qan çanağı tək
məni ağlayırsan
– üzümə ağla
yaxud:
taleh güzəşt
eləmir,
boynunu buranlara...
sən də sil gözlərini
namaza duranlara-
qoşul, ağlama
məni...
Sözün obrazını öncə
emosiya yaradır, sözün dəyəri emosiyanın azadlığı
qədərdir. Şeirlərin ritmi, mənası,
fəlsəfəsi emosiyanın
məntiqindən və
fəlsəfəsindən asılıdır.
Əbülfət Mədətoğlu deyəcəyi
sözün intonasiyasını,
havasını dürüst
kökləyir. Bu, mühüm
məsələdir, deyimlə
ovqat bir “bətində” olur.
təkcə bir sevgi bəslədim,
o da xəzələ bükülər.
Hətta erotik folklor obrazın da bir işıqlı
kişi ehtirası sezilir. Kişi ehtirası qətiyyən həddini aşmır, çünki obraz yaşantısı halal kədər ilə qarışıqdır.
dar bir köynək geymisən,
nar sıxılır
sinəndə
nəsə tilsim etmisən
bar sıxılır
sinəndə
Ə.Mədətoğlunun söyləməsi saxta pafosla – bəlağətlə
yüklənmir – buna sadəcə lirika imkan vermir. Çünki öz pıçıltılarını
özü eşidə
bilir. Öz ürəyinə çox inanır. Bu vacib şərtdir.
Şeirlərin və duyğuların
səmimiliyini və təbiiliyini təmin edəndə məhz bu inanc hissidir.
dilim yanında
lalsa –
tapşır məni
fələyə,
– deyən şairin poeziyasında qəribə
bir nəzakət var. Amma bu nəzakətin
arxasında güclü
poetik iradə dayanır – əks halda şeirlər yazılmazdı və söylənməzdi.
Ömür eposu duyumlardan, lirik ehtiraslardan, kövrək xatirələrdən
düzülüb qoşulur. Bu ömür eposunun sujetini görüş və ayrılıq zamanı təşkil edir.
Əbülfət Mədətoğlunun
şeirləri sanki “epik bayatı”nın
qırıntılarıdır. Misralar, deyimlər, arasında bayatı rüzgarı dolaşır. Diqqət
yetirək:
dirdimin başı
batsın
başdan çıxartdı
məni
dörd tərəfim
daş idi,
daşdan çıxartdı
məni.
yaxud
nahaq könlüm
dolandı
gözündə su bulandı
Qarabağın söz landşaftında
epos həmişə lirika
üçün, şikəstə,
bayatı üçün
darıxır (Bunu milli nəsrimizin klassikləri Ə.Haqverdiyevin
və İ.Əfəndiyevin
nəsrində də görmək mümkündür. Onların nəsrini
“nəsrdə bayatı”
adlandırardım), etnik
mifologiyada, etnik tarixdə (məsələn
“Qarabağnamə”lər də)
lirik başlanğıc
həmişə güclü
olur. Qarabağ insanının faciəsi
şikəstədən doğulur.
Əbülfət Mədətoğlunun şeirləri
şüşə könlün
sirləridir, gizlinləridir. Sirr isə
məna dünyası
ilə vəhdətdə
olur.
Rüstəm Kamal
525-ci qəzet.- 2010.-
14 noyabr.- S.23.