NƏŞRLƏRDƏ
İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN
TAM MƏTNİ
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni və lüğətin
tərtibçisi:
(Əvvəli ötən
şənbə saylarımızda)
ORDAN-BURDAN
Bir neçə il bundan iləri erməni güruhi Rusiya ədəbiyyatına şiddətli bir “zərbə vurmuşdu”. Məsələn, mütəvəffa Veliçkonun* “Əfi ilanlar” adlı əsərini içində doğru sözlər olduğuna görə xoşlamıyıb kökündən yox etmək istəmişdilər. Və bu niyyətlə məzkur əsərdən minlərcə cildlər alıb cırırdılar, yandırırdılar, yerə basdırırdılar. “Məlum” yerlərdə tələf edirdilər. Bir kəlmə “doğru söz göz çıxardar” zərbulməsəlinin acı bir həqiqətdən ibarət olduğunu aydın bir surətdə izah və aşkar ediyordular. Lakin bu yaxınlarda, yəni Quriya dağıldıqdan sonra erməni güruhi Rusiya ilə dostlaşdı. Və bu dostluğu möhkəmləndirmək üçün, daimi adətlərinə görə təməllüqçü libasına girib Rusiya üçün neçə-neçə “xidmət”lər göstərdilər. Əzoncümlə keçmiş “zərbə”ni təsviyə etmək qəsdilə rus ədəbiyyatını zənginləndirməyə qeyrət etdilər. Bir neçə kitab yazdılar. Onlardan “məşhur”u- “Cəhad” və “Gəncə qanlı günləri”dir. Əvvəlinci kitabın məzmunu ilə qarelərimizi aşina etmişdik. İkinci kitab isə Gəncədə vaqe olan erməni-müsəlman davasından bəhs ediyor. Lakin bu kitabı yazan erməni Gəncə hadisatını tərsinə nəql edibdir. Yəni müsəlmanlar edən işləri ermənilərə isnad veribdir. Ermənilər edən vəhşilikləri müsəlmanların üstünə yıxıbdır. Və bu bihəyalıqla iktifa etmiyib müsəlmanın pişrovlarını sögübdür. Amma çifayda, mərqum erməninin bu kitabı ruslara xoş gəlmiyibdir. “Malades” əvəzinə rusun bol söyüşlərindən birisini alıbdırlar. Lakin sögüşdən rəncidəxatir olmuyub (çünki imdi yeri degil!) öz kitablarını özləri tərif və tövsifə başlıyıbdırlar. Böylə ki, erməni “daşnaksüyun” firqəsinin vasiteyi-nəşriyyatı (orqan) “Araç” qəzetəsi yazıyor ki, daha bundan gözəl bir kitab tapılmaz: içində yazılanlar doğru, bir sözündə yalan yox və sairə, sairə ... Lakin ... “Araç”a nə var? Arı yeyib, namusu qurşağına bağlıyıbdır. Yalançıya diyor-peyğəmbərsən. Doğruçuya diyor-bizə düşmənsən. Böylə qəzetənin özü nə, sözü nə?
Qəzetə dedim, yadıma rəhmətlik “Şərqi-rus” düşdü... Heç bilirsinizmi bu Bakı, nə Bakıdır. Yazıq “Şərqi-rus”ı batırdı. Əvəzində guya yanıq vermək üçün iki qəzetə çıxartdı! Odur ki, “Şərqi-rus” baş mühərririnin acığı tutub imdi “Şərqi-rus”u diriltmək qəsdilə rus və müsəlman dilində “rəsmi” bir qəzetə vermək istiyor. Özü də diyor ki, müsəlmanların içində pis-pis fikirlər törəməkdədir. O fikirləri dağıtmaq üçün rəsmi qəzetə lazımdır. Və bundan sonra müsəlmanları ruslara bitişdirmək lazımdır ki, bu da rəsmi qəzetə vasitəsilə mümkündür...
Bəd degil: qoy cənab Şaxtaxtinski bizləri ruslara bitişdirsin ki, görək bu təcrübədən nə çıxacaqdır!
Mühüm suallar və əhəmm
cavablar:
Sual: erməni-müsəlman məsələsi nə vəqt qurtaracaqdır?
Cavab: ermənilərin əqli
başlarına gəlib, ürəkləri təmizləndikdən
sonra. Bunun da nə vəqt olacağını mən bilmiyoram,
“daşnaksüyun” firqəsindən xəbər al desin.
Sual: Biz nə
üçün geridə qalmışıq?
Cavab: Çünki bizi irəli
aparanlar cibləri ağırlıq etdiyinə görə
yorulub yolda qalıbdırlar. Ciblərinin də nə səbəbə
ağır olduğunu mən bilmiyoram. “Vısşi kurs”
qurtarmışlarımızdan xəbər al desin.
Sual: İdareyi-ruhaniyyələrimiz
nə vəqt düzələcəkdirlər?
Cavab: İdareyi-ruhaniyyələrimizin
düzəlməsi “Stanislav” və “Anna” nişanlarının
çoxalmasına bağlıdır. Döşümüz
nişanlar ilə təzyin edildikcə idareyi-ruhaniyyələrimiz
də müzəyyən olub düzələcəkdir.
Nişan almağın da yolunu mən bilmiyoram, “Molla Nəsrəddin”in
əvvəlinci səhifəsilə bərabər “Tərcüman”ın
36-cı nömrəsindən xəbər al desin.
Sual: Məktəblərimiz nə
vəqt islah olunacaqdır?
Cavab: Ana dilimizi bilmərrə
unudandan sonra. Ana dilini unutmaq yolunu da mən bilmiyoram. Zaqafqaz
seminariyası müəllimlərindən xəbər al desin.
Sual: Bizə nə
lazımdır?
Cavab: Dinc dinməz oturub
öz hüquq və ixtiyaratını almaq üçün
mübarizə edən millətlərə tamaşa eləmək.
Məşğuliyyət üçün bir-birimizi
öldürmək, qanlılıq salmaq. Amma “heç bir
kağızda qol qoymamaq və heç bir məclisdə
iştirak etməmək”, bunun da hikmətini mən bilmiyoram.
Peterburq şəhər hakimi ilə bərabər Axund
Bayazidovdan xəbər al desin.
Sual: Biz nə vaxt qəflət
yuxusundan oyanacağız?
Cavab: “Mədəniyyət”
sübhi açılıb “mərifət” günəşi
çıxandan sonra. Bunun da nə vəqt olacağını
mən bilmiyorum. Bizi ruslara bitişdirmək istəyən
Şaxtaxtinski kibi müəzzinlərdən xəbər al
desin.
Sual: Biz nə etməliyiz?
Cavab: Sözün doğrusu,
heç nə! Çünki bir işə iqdam etdikdə onu
başa aparmaq lazımdır, biz isə-hər bir işimizi
daim yarımçıq qoyuruz, bunun da səbəbini mən
bilmiyoram, “bütün” adamlarımızdan xəbər al
desin.
Sual: Nə üçün
bizim elmimiz yoxdur?
Cavab: Hanı elm??
Filankəs
“İrşad” qəzeti, 17
aprel 1906, ¹ 91
Felyetonun 1-ci hissəsi ixtisar
olunub, 2-ci hissədə bəzi ifadələrə əl gəzdirilib.
Məsələn: “Bizi ruslara bitişdirmək istəyən
Şaxtaxtinski kibi müəzzinlərdən xəbər al
desin” cümləsi görün necə təhrif olunub: “Bizi
ruslara yetişdirmək istəyən Şaxtaxtinski kimi məzunlardan
xəbər al, desin”. Bir var “bitişdirən”, bir də var
“yetişdirən”.
Müəzzin- azan verən
Məzun-məktəbi
bitirmiş
*Veliçko “Qafqaz” qəzetəsinin
sabiq baş mühərriri olub, rus ədiblərindəndir-
Ü.H.
BİR TƏDBİR LAZIMDIR, YA YOX?
Zaqafqaziyada işlər
xarabdır. İrəvan və Gəncə quberniyalarından
bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər
gəlməkdədir. Quldurluq, qatillik bu zavallı quberniyalarda
adi hadisələr halını çoxdan bəridir ki, kəsb
edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə
soyurlar. Bir tərəfdə əsir edib heç bir təqsiri
olmiyanları min cürə əziyyət və əzaba
giriftar ediyorlar. Qəzetələr böylə hadisələri
öz stunlarında xəbər verib onu dəxi qeyd ediyorlar ki,
filan yerə qoşun göndərilib, filan yerə top
aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin
gün-gündən şiddətlənməsinəmi kömək
ediyor, yaxud əksilməsinəmi? Biz isə bu hadisələrin
əksilməsini görmiyib hər gün yeni hadisələr
vüquini xəbər veririz. Şübhəsizdir ki, əgər
işlər bu tərz ilə davam etsə, yəni vaqe olan
hadisələrə qarşı yalqız bir qoşun və
top göndərməklə tədbirlər görülsə,
bu ölüm, itim, quldurluq, basqınlığa bir intəha
olmaz. Bəlkə bunlar hamısı o qədər şiddətlənər
ki, axırda ümumi bir qırğına mübəddəl
olub ölkəni ağzına alar. Ondan sonra ... “əsaslı”
tədbirlər görülməsinə mübaşirət
edilər, tədbirləri işə buraxmağa, tətbiq etməgə
başlarlar. Lakin üç gün keçməz ki, genə
sahibi-tədbirlər boşalar, tədbirlərin əsəri,
nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaidəsinə
girər. Top və qoşun göndərilər, heç bir
faidəsi olmaz. İşin axırı qırğın və
ixtişaşa müncər olar və habelə ... Bunlar
hamısı təkər kibi fırlanmağa başlar və
bunların hər bir fırlanmasına ölkənin hər dəfə
bir qismi qurban olub gedər...
Lakin bir fikir edəlim, məgər
doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı
tədbirlər görmək lazım degilmi? Məgər
doğrudan da qət edilibdir ki, hər nə olursa-olsun? Məgər
keçən erməni-müsəlman şurasından
hüsni-nəticələr çıxa bilmədigi rəislərimizi,
baş bilənlərimizi daha həvəsdən saldı? Lakin
bu erməni-müsəlman şurasından arzu edilən nəticələr
çıxa bilmədiginə səbəb nə oldu?
Əgər işə diqqət
ilə baxılırsa, məlum olar ki, bu şuranın səmərəsiz
qalmağına və qanlı hadisələrin, hətta
qırğınların davamına və şiddətlənməsinə
yalqız bir o həqiqət səbəb oldu ki, məzkur
şuranın qərarı ilə canişin, qubernator,
naçalnik və pristavlar hüzurunda təşkil olunmuş
sülh və səlah komisyonları öz vəzifələrini
layiqincə yerinə yetirə bilmədilər.
Ən əvvəl bu həqiqəti
yadımıza salalım ki, yuxarıda zikr olunan erməni-müsəlman
şurası qurtarıb canişini-Qafqaz hüzurunda komisyon
qurmağa başlandıqda erməni cəmaatının ifratpərvər
hissəsi öz vəkillərini məzəmmət edib, hətta
onların vəkilligə həqləri olmadığından
danışmağa şüru etdilər. Bu da ondan naşi idi
ki, məzkur şurada müsəlmanlar tərəfindən biməhaba
rast və mərd-mərdanə danışan vəkilləri
bu erməni müsəlman ixtişaşına böyük səbəb
ermənilərin “daşnaksyun” adlanan ixtilalçı firqəsi
olduğunu dəlil və sübutlar ilə hökumət
hüzurunda bəyan etmişdilər? Erməni vəkillər
isə bu aşkara həqiqəti inkar edə bilmiyib iqrar və
etirafə məcbur olmuşdular. Bu isə məlum olduğu
üzrə ermənilərə xoş gəlməmişdi.
Lakin nədən isə
canişin hüzurunda komisyon təşkil olunandan sonra etiraz və
protest edən erməni hissəsinin məzəmmət səsi
kəsildi. Görünür ki, bilaxir aşkara
göründü ki, bunlar ilə öz vəkilləri
arasında itlaf və razılıq hasil olmuş imiş. Lakin
dərd burasıdır ki, bu etilaf və
razılığın yalqız bir qərəz və tərəfgirlikdən
ibarət olduğu müruri-zaman ilə kəmali-təəssüf
ilə göründü. Daha doğrusu komisyon təşkil
olunan gündən etibarən indiyə kibi getdikcə kəsbi-şiddət
edən bu cinayətlər və qanlı hadisələr erməni
vəkillərinin tərəfgirliklərini güzgü kibi
göstərdi. O vəqt ki, erməni qəzetələrinin
müsəlman tərəfindən filan yerdə, filan cinayət
baş verdi-deməklərinə heç bir həqq və səlahiyyətləri
yoxdur. Bizim qəzetələrdə hər gün ermənilər
tərəfindən cinayət olduğu yazılıb şikayət
ediliyordu. Biz ümid ediyorduz ki, “sülh”, “səlah” komisyonu bu
şikayətlərə qulaq verib müsəlmanların
dadına çatmaq degil, gələcək qorxulu hadisələrin
önünü almaq üçün bir tədbir ittixaz edər.
Lakin komisyon tərəfindən heç bir təşəbbüs
görünmiyordu?...
Pəs, o vəqt ki, ölkənin
orasında-burasında müsəlmanlar ölüm, itim və
hücuma giriftar olurdular, canişin hüzurundaki “sülh və
səlah” komisyonu bu cinayətlərə qarşı bir tədbir
görməgi artıq hesab edirdi, o vəqt ki, hökumət
qulluqçuları öz provakatorluqları ilə və fitnəvü
fəsadları ilə aranı
qızışdırırdılar. Və müsəlmanları
erməni bədkərdarlarının ayağına verib, erməniləri
müsəlmanların üstünə
qalxızırdılar, yenə məzkur komisyon kəmali-istirahət
ilə oturub, böylə bir şeytanətkaranə əməllərə
etina etmiyordu və diqqət yetirmiyordu. Demək olmaz ki, bu cinayətlərin
sədası və zülmdidələrin ah-naləsi komisyon
üzvlərinin qulaqlarına yetişmiyordu. Xeyr, onlar bunun
hamısını yaxşı bilirdilər. Lakin bilə-bilə
özlərini bilməməzligə vururdular.İştə
bu əhvalat, erməni vəkillərinin qərəz və tərəfgirliklərini
aşkar etdi. Və erməni vəkillərindən də
Xatisov və Kalantar cənablarının ciblərini pul ilə
doldurub Qazax uyezdinə getmələri və “müsəlmanların
pullarını gətirmişik, müsəlmanlar da bizim pulu
versinlər” –deyib, müsəlmanlardan lap iki qat artıq pul tələb
etmələri onların bu tərəfgirliklərinə
rüşvət qəbul etməgə qabil olmuyan böyük
bir şahid oldu... Komisyonun ancaq “erməniləri incidirlər”
sədası eşidilən tək iş görməgə
şüru etməsi dəxi erməni vəkillərinin tərəfgirliklərini
qəti surətdə bəyan və aşkar etdi!
İştə fikir edəlim:
bir komisyon ki, adı “Sülh və səlah” olub da özü
tərəfgirlik təriqilə iş görə-həqiqi
sülh və səlahın bərqərar olmasına
yardım edə bilərmi? Bir komisyon ki, xüsumət və
düşmənçilikdə bulunan iki tərəfi
barışdırmağı boynuna alıb da bir tərəfə
qərəz və digər tərəfə tərəfçilik
nəzərilə baxa-bu iki tərəfin barışması
oyanda dursun, təkrar vuruşmaya səbəb olmazmı? Bir
komisyon ki, “sülh və səlah” komisyonu adlandığı
yerdə durub əksinə iş görə, sülh və səlah
nəfinə cüzi bir əhəmiyyəti, azca bir nüfuz və
əsəri olarmı?...
Biz qərəz və tərəfgirlikdə
bütün komisyonu behəqq ittiham ediyoruz. Çünki, məzkur
komisyonu adlandırdıqda biz ancaq erməni vəkillərini nəzərdə
tuturuz və xəta da etmiyoruz.
Zira əvvəla həmin
komisyanın əksər üzvləri ermənidirlər və
saniyən orada müsəlman üzvləri dəxi vardırsa
da, onların olmaları olmamalarına bərabərdir. Vaqeən
bir üzv və vəkil ki, müvəqqətən təyin
olunub da öz keyfilə yerində əbədilik otura və
otura-otura da öz millətinin qeydinə qalmiyə, biz müsəlmanlardan
ötrü yox mənziləsindədir.
Və salisən, tutalım
ki, biz müsəlman “vəkil”lərinin məzkur
komisiyasında varlığını iqrar ediyoruz. Lakin dərd
burasıdır ki, bu müsəlman “vəkil”ləri dəxi
bitərəf və biqərəz degildirlər!! Əgər
bu müsəlman “vəkil”lərinin əvəzindəki
gürcü və yaxud ədalətli rus olsaydı, əvvəlcə
ermənilər tərəfindən baş verən cinayətlərə
onlar qeydsiz və etinasızmı baxardılar, zənn
edirsiniz? Xeyr, insaf və vicdanları buna yol verməzdi. Hətta
qeydsiz baxmağa məcbur olsa idilərsə də, “sülh və
səlah komisyonunun üzvü” namini üstlərindən
götürüb özlərinə özgə bir
yaraşıqlı ad qoyardılar. Və yaxud üzvlükdən
əl çəkərdilər! Müsəlman “vəkil”ləri
isə nə onu edirlər, nə də o birini. Və özlərini
də “sülh və səlah komisyonunun üzvləri”
adlandırıb sahibi-qərəz və tərəfgir olan erməni
vəkillərinin düdügünə oyniyorlar, yəni
özləri də tərəfgirlik ediyorlar ...
İştə bir ölkədə
ki, orada iki tərəf düşmənçilik edə və
o iki tərəfin sülh və səlahına məsalimət
və fəlahinə səy edən böylə bir qərəz
və tərəfgirlik ilə iş görən “sülh və
səlah” komisyonu ola, o ölkədə xüsumət və ədavətin
baqi qalması heç bir halda mövcibi-istiğrab və təəccüb
degildir!?
Demək olar ki, əgər
bu sülh və müsaliməti özünə vəzifə
ittixaz etmiş canişin hüzurunda olan bu baş komisyon
öz müqəddəs vəzifəsini layiqincə ifa edə
bilsə idi, yəni qərəz və tərəfgirligi kənarə
qoyub sidqi-dil ilə işə baş qoşsaydı, əbəs
yerə bir bu qədər qan tökülməzdi. Əgər
İrəvan quberniyasında baş vermiş erməni cinayətləri
dürüst istintaq edilib canilər tutulsaydı və layiqincə
tənbih olunsaydı, o cinayətlərin nəticələri
müsəlmanlara bir o qədər təsir etməzdi. Əgər
Gəncə quberniyasında erməni tərəfgiri olub
provakatorluq edən hakimlər komisyonun hökmü ilə
öz vəqtində qulluqdan kənar olunsaydılar, onların
provakatorluğu bu zavallı quberniyada arzu olunmayan hadisələrə
səbəb olmazdı...
İmdi hər iki tərəfdən
biruz edən cinayətlər şiddətlənməkdədir,
“sülh və səlah” komisyonları isə bir tərəfdən
qərəz və tərəfgirlik və digər tərəfdən
ətalət və cəbunluq illətinə giriftar
olduqlarından əlan bu qorxulu hadisələrin
önünü almaqda gücsüzdürlər. İş
komisyonun bu axırki qərardadından necə ki, gözlənirdi
heç bir hüsni-nəticə hasil olmadı... General
Qoloşçapovun Qarabağa təkrar təyin olunub getməsindən
heç bir şey çıxmadı, generalın burnunun
qabağında neçə-neçə cinayətlər
baş verdi. General isə buna qarşı heç bir tədbir
görmədi. Hətta ermənilər ilə rus soldatları
tərəfindən Əskəran denilən səngərin
yanında icra olunan bir cinayətin üstünə özü
çıxıb nöqteyi-etina etməmişdi və
zülmdidələrin şikayətinə və sədai-istimdadlarına
qulaq asıb bir tədbir görəcəgini vəd etmək əvəzində
bunu demiş ki: bu cinayət yoldan kənarda vaqe olubdur, mənim
vəzifəm isə yola baxmaqdır.
Məzkur komisyon tərəfindən
general Qoloşçapovun öhdəsinə həvalə
olunmuş köç məsələsi əlhal namücməl
qalıbdır. Köçün bir yarısı dağda və
bir yarısı arandadır. Dağdakılar ermənilər tərəfindən
cövrü-cəfa görürlər, arandakılar isə adətkərd
olmadıqları istidən zərər və əziyyət
çəkirlər.
Komisyon qərar qoymuşdu
ki, Gəncə quberniyasının provakatorluq edən hakimləri
qulluqdan kənar olunsun. Əlan o provakatorlar öz
başçıları olan Xankəndi pristavı Voskresenski,
Zəngəzur pristavlarından Saxarov ilə bahəm hələ
hökm sürməkdədirlər...
Şayani-diqqət və təəccüb
burasıdır ki, İrəvanda mayın 27-ndə vaqe olan
hadisədən sonra baş “sülh və səlah” komisyonumuz
şiddətli tədbirlər görüb gələcəkdə
möhtəməl hadisəni qabaqlamaq əvəzində
bununla iktifa etdi ki, İrəvan komisyonundan sordu: Sizə
kömək lazım degilmi?
Və bu sualdan sonra hər nə
cavab aldısa, bir iş görmiyib istirahətə məşğul
oldu. Amma iyunun 6-da İrəvanda ixtişaş tazələndi
və indiyə kibi şəhərin ətraf və əknafında
dəvam etməkdədir...
İştə tərəfgirlik,
ətalət və cəbunluğun nəticələri
aşkardır. Ölkəsinin və millətinin qeydinə
qalıb dərd və qəmini çəkən və
yalançı “millətpərəstlik” örtügü
(maskası) altında özünü gizləmiyən və
millətbaz olmayan şəxs bu işlərə və bu əməllərə
diqqət yetirməlidir və gələcək vəxamət
və təhlükələri nəzərdə tutub sual etməlidir
ki, aya, dəvam edib də şiddətlənməkdə olan
bu hadisələrə qarşı cəsi tədbirlər
görmək lazımdır, ya yox?
Tədbir vacibdir və əzəldən
vacib idi. Lakin indiyə kibi görülən “tədbirlər”
necə ki, görürük, heç bir hüsni-nəticə
verə bilmədi. İndi isə ciddi tədbirlər görmək
vacibdir. Hal-hazırda neçə-neçə firqələrin
bu əhvala dair nəzərləri bizə məlumdur. Bu firqələr
dəxi keçən “tədbirlər”in və əzoncümlə
“sülh və səlah” komisyonlarının puç və
bihudə olduqlarını görüb də gələcəyə
dair təsəvvürlərini izhar etməklə bərabər
öz tərəflərindən dəxi əqidələrincə
həqiqi saydıqları tədbirlər təklif ediyorlar. Məsələn:
erməni sosial-demokratiya partiyası, bizim ictimaiyyun-amiyyun firqəsi
ilə bərabər isbat ediyorlar ki, hal-hazırdaki tərzi-idarə
(rejim) in vücudu ilə ölkənin sükut və istirahəti-tamməsi,
yəni bilmərrə sakit və salim olması mümkün
degildir. Bainhəmə bu tərzdə bir tədbir təklif
ediyorlar ki, bu ixtişaşın qəti yalqız bir
Qafqazın zəhmətkeş hissəsinin əlilə
mümkün ola bilər. Binaənileyh haman zəhmətkeşlərdən,
yəni füqərayi-kasibə deyilən fəhlə ilə
kəndçi sinfindən cəmiyyətlər təşkil
edib ixtişaşı qət etmək işini onlara həvalə
etməlidir. Lakin əvvəlcə təşviqat və təhrikat
vasitəsilə bu füqərayi-kasibə firqəsini o məqamə
yetirməlidir ki, onlar işin əslindən xəbərdar
olub öz xeyir və şərlərini qansınlar.
Bu nəzər və bu tədbiri
hər halda təqdir və təhsin etməmək olmaz. Bu
yaxşıdır. Lakin iş buradadır ki, bu tədbirin
işə qoyulması çox uzun çəkər, istər
ermənilərin və istər biz müsəlmanların kəndçi
qismini xeyir və şərr tanımaq məqamına gətirmək
üçün neçə illər sərf etmək
lazımdır. Halbuki, bu böhranlı zamanda iti, əsərli
tədbirlər görmək lazımdır.
Ermənilərin digər bir
firqəsi ki, onun içində hər sinif və silkdən
olanı vardır, bu ixtişaşın hamısını
polisənin üstünə yıxır və ah provakator!-deyə
söylənir. Lakin məəttəəssüf bu firqənin
sözlərinə inanmaq müsəlmanlardan ötrü
çox çətin və çox da qorxuludur.
Çünki, bu iki ilin ərzində biz
qonşularımızın içinə və
çölünə, üzünə və astarına
yaxşıca bələd olub bilaxirə bunu dəxi duyduq ki,
bunlar provakator ismi ilə yalqız o çinovnik və məmurları
adlandırırlar ki, onlar provakatorluqlarında müsəlman
tərəfini gözləyib, erməniləri bizim
ayağımıza verirlər. Amma o polisə sahibləri ki,
erməni tərəfdarı olub fitnə və fəsadlarını
müsəlman başında çatlatmaq istiyorlar. Haman erməni
firqəsinin yanında ən adil və ən insaflı
qulluqçu hesab olunurlar... Odur ki, bunların “Filan məmur
çıxsın, filan məmur təyin olunsun” –deməklərinə
biz bir o qədər etimad və etibar ilə baxa bilmiyoruz degil,
hətta xoşlamiyoruz da. Gah vəqt bunlar öz “xozeyn”ləri
üstünə tökülməgə layiq olan təqsiri
bizim bəgbəstlərimiz, ağalarımız və
xanlarımız üstünə töküb qəti surətdə
diyorlar: bu bəglər və xanlar və ağalar olmasa,
Qafqazda bir damcı da qan tökülməz! Lakin bu sözləri
deyib də onlar öz-özlərini aldadırlar və öz
vicdanlarının sədasına müxalif
danışdıqlarını batinən iqrar ediyorlar,
çünki, bizim bəg, xan və ağalarımızın
kim olub-olmadığını ermənilər özləri
bizdən yaxşı tanıyırlar. Ümumiyyət
etibarı ilə bu firqənin sözü, nəzəri və
təklif etdikləri tədbirlər boş və bimənidir.
Və nəzəri-etibara layiq degildir. İndiyə kibi ölkəmizdə
ixtişaşa qarşı ittixaz olunan “tədbirlər” bu firqənin
səlahdidilə olmuşdu. Fəqət məlum olduğu
üzrə onlardan bir şey çıxmamışdı.?
Biz müsəlmanlar dəxi
rus məmurlarının provakatorluqlarını iqrar və
etiraf edib də, erməni “daşnaksuyun” firqəsinin də bu
ixtişaşın dəvamına səbəb olduğunu
anlıyıb ölkənin sakitlik və rahətligi xatirəsi
üçün tələb ediyoruz ki, provakator olan məmurların
bərkənar olması ilə bərabər onların əlində
kor alət olan “daşnaksutyun” firqəsi dəxi daxılıb
puç olsun. Əlbəttə, bizim bu tələbimizə
tez əncam verilsə, ixtişaş tez bir zamanda sükunət
və rahətligə mübəddəl olar. Bu şübhəsizdir.
Lakin iş buradadır ki, bizim bu haqq-tələblər tez bir
zamanda əncəmpəzir ola bilməz, çünki,
doğrudur erməni cəmaətinin özü bu halda öz
“mühafiz”ləri olan “daşnaksuyun”dan incikdir. Amma bainhəmə
illər ilə təşkil və təqviyə edilmiş bu
firqə bu gün özünü öz cəmaəti
arasında öylə möhkəmləndiribdir ki, tez bir
zamanda puç olması çox məhaldır. Onun terror vahiməsi
hələ cəmaətin canından
çıxmıyıbdır...
Bəs nə etməli?
Məlumdur ki, ixtişaş
və qan tökmək olmamaqdan ötrü lazımdır ki,
provokasiya olmasın. Bu provokasiya həm hökumət tərəfindən
ola bilər və həm də hər iki cəmaətin ərzəl
və dəni şəxsləri tərəfindən. Və
saniyən bir qanlı hadisə vaqe olandan sonra səy etmək
lazımdır ki, bu hadisə təkrar dəvam etməsin və
sair yerlərə yayılmasın. Bu da o zaman
mümkündür ki, qanlı hadisəyə səbəb olan
şəxslər bilatəxir adilanə, lakin şədid cəza
və tövbixə yesinlər, yəni təkrar ediyoruz,
ölkəni bari heç olmasa indiki halına nisbətən
sükunət və rahətlik üzrə saxlamaq
üçün lazımdır ki, ümdə diqqət iki
şeyə cəlb olunsun: provokasiyanın olmamağına və
müqəssirin bilatəxir layiqincə cəzalanmasına, zatən
bu düşmənçilik, bu iki millətin arasına kənar
əlilə soxulmuş bir şeydir, əsası degil. Binaənileyh
kənardan gəlmiş bu düşmənçiligi
yuxarıda zikr olunan tədbirlər ilə rəf etmək
mümkündür. Lakin bu şərtlə ki, o tədbirlərin
tətbiqində heç bir qüsur və müsamihə
olmasın.
Üzeyir HACIBƏYLİ
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.20-21.