Daşları yığmaq
vaxtıdı
Hər birimiz dünya adlı bu Evə qonaq kimi gəlib, burdan yerli kimi gedirik. Ömür dediyimiz o illər içində bu Evin əyri-üyrüsünü düzəltmək, ayıbını abıra salmaq üçün dəridən-qabıqdan çıxırıq. İstəyirik, bizdən sonra ardımızca gələcək qonaqlar-qanı-qanımızdan olanlar və olmayanlar deməsinlər ki, bu Evi necə var, eləcə qoyub gediblər. Bu missiyanı hərə bir cür daşıyır: bənna hörgüsüylə, alim ixtirasıyla və s. Beləcə, bəşər övladı bu evə ayağını qoyduğu gündən min illərdi bu ilahi nizam bir dəfə də pozulmayıb. Amma bu ümumi Evimizdə bir sənət sahibləri də var ki, onların vəzifələri tamam fərqlidi. Onlar bu dünyaya paralel olan bir dünyanı, öz dünyalarını yaradırlar. Və onların təxəyyülünün yaratdığı o Ev-Dünya bəzən hətta bizim real Evimizdən də real görünür. O paralel dünyanın adı ədəbiyyatdı. Bir təsəvvür edin, bu Evə qonaq gəlib buranı Nizamisiz, Füzulisiz, Şekspirsiz, Tolstoysuz... görsəydik, dünya adlı bu Ev necə də yoxsul və miskin görünərdi. Amma Tanrının yaratdığı real məkandan fərqli olaraq, yazıçı təxəyyülünün yaratdığı məkan bizə çölümüzü yox, içimizi göstərir. Biz o ruhsal məkanı bəzən sevir, bəzən ona nifrət edir, bəzən ona sığınır, bəzən ondan qaçır, ondan qorxuruq. “Yox, biz belə deyilik, sən rəngləri çox qatılaşdırırsan!” Yaxud, “İlahi, bu yazıçı elə bil mənim özümü, mənim taleyimi yazıb!” Oxucu nidaları eşidilir. Hansı birimiz hansısa əsəri oxuyarkən daxilən müəlliflə mükalimə aparmırıq? Bədii mətnin ovsunu nə qədər bizi özünə çəksə belə, beynimizin ayıq bir nöqtəsində yazıçıyla razılaşıb-razılaşmadığımız məqamlar da az olmur. Çünki oxucu yazıçıdan istəyir ki, onu olduğu kimi yox, arzuladığı kimi təsvir etsin. Çünki insan təbiətən öz qüsurlarını, nöqsanlarını boynuna almayan, onu eşitməkdən və görməkdən yayınan, qaçan bir məxluqdu. Yazıçı isə məhz o qüsurları bizlərə göstərmək, ondan xilas yollarını bizlərə başa salmaqdan ötrü xəlq olub. Və beləcə, oxucunun “Yox, biz belə deyilik, bəlkə sən bizi kiminləsə səhv salmısan?” sualına əsrlərin o başından gələn yazıçı cavabını eşidirəm: “Əgər sən belə omlasaydın, mən doğulmazdım”.
lll
... Onda hələ Şəfiqə ana sağ idi, komada olsa da nəfəsi gedib gəlirdi. Və Əli İldırımoğlu üçün ömür-gün yoldaşının o bircə nəfəsi bütün dünyaya dəyərdi. Yazıçının ad günü ərəfəsində onunla qəzet üçün söhbətləşməyə gedəndə mən bu ilahi eşqi onun nurani çöhrəsinin həzin qırışlarında sönməkdə olan baxışlarının ifadəsində gördüm. O, sanki bilərəkdən bu gündən sabaha açılan bütün qapıları bağlayıb ancaq dünənlə, ötənlərlə, keçmişlə baş-başa qalmaq istəyirdi. O dünəndə nələr yox idi, ilahi! Yazıçı danışdıqca keçmişdən boylanan o hadisələr, insan taleləri elə bil oturduğumuz otağın havasına da bir qəribə qədimlik gətirmişdi. Bəlkə də havanın tutqun, çiskin olmasına görəydi, bilmirəm, hər halda, həmin gün yazıçı danışdıqca mən xiffətin nə olduğunu nəinki apaydın dərk edirdim, hətta dipdiri görürdüm.
Yazıçı o vaxt, dəqiq desək, yarım əsr bundan qabaq taleyinə yazılmış xanımla ailə həyatı qurmaq barədə düşünərkən divardan asılmış radioda Sultan Hacıbəyovun “Gülşən” baletinin musiqisi səslənirmiş...
İndi
Şəfiqə ana komada olduğu bir vaxtda Əli müəllim
illərin o başından tapıb gətirdiyi həmin musiqiylə
özünü ovundururdu, təsəlli tapırdı. Elə o arada da dedi ki, yeni
roman üzərində işləyir. Və mən başa
düşdüm ki, yazıçı aman vermədən tələsən,
qaçan zamanı tutub saxlamaq istəyir. Bəlkə
yazıçı ömür-gün yoldaşının hələ
də gedib-gələn nəfəsini dağ çayı kimi
dəlicəsinə aşıb-daşan Zaman adlı o təlatümlərdən
qorumaq istəyirdi? Amma min illərdi bizləri bir-bir bizlərə
ötürə-ötürə gedən Zamana gücmü
çatar? Şəfiqə ana dünyasını dəyişdi.
Yeri behişt olsun. Və mən o hüznlü günlərdə
Əli müəllimlə görüşəndə onun nə
qədər övlad-uşaq diqqəti, qayğısı əhatəsində
olsa belə tənhalığını sezdim. Doğrudan da
yazıçı tənhalığı necə dəhşətli
olurmuş, ilahi! Yəqin ki, insan təkcə valideynini itirəndə
yox, həyatın məşəqqətlərindən birgə
keçdiyi həyat yoldaşını itirəndə də
hardasa yetimləşir. Ahıl yaşda yetim qalmaq isə daha
ağırdı. Görəsən, yazıçını
bu üzücü tənhalıqdan nə xilas eləyə bilərdi?
Dərhal həmin o roman ağlıma gəldi. Amma o
hüznlü günlərdə o romanın davamını
yazıb-yazmadığını Əli müəllimdən
soruşmağa ürək eləmədim. Və nəhayət
bir gün özümdən xəbərsiz bəlkə də
hər gün gözlədiyim o zəng səsi gəldi. Əli
müəllim idi:
– Gəl görüşək,
– dedi, – romanı bitirmişəm.
Yenə həmin mənzildə
həmin otaqda əyləşib söhbətləşirik. Bu
dəfə həmin otaq gözümə nəsə başqa
cür görünür. Elə bil otağın da eyni bir qədər
açılıb, qələmin sətirlər yoxuşunda
çəkdiyi əzab, yaslı divarlara
çökmüş ağır kədərə çətin
sezilən təsəlli işığı salıb. Və mən
belə bir qənaətə gəlirəm ki, bu romanın
yazıçını üzücü əzabdan müəyyən
qədər xilas etməyə gücü çatıb.
Xudahafizləşib qapıdan çıxanda Əli müəllim
fikirli-fikirli qovluğu mənə uzadıb:
– Bu romanı həm dost, həm
də düşmən gözüylə oxu, – deyir.
lll
İndi həmin o gün
dünənə, həmin anlar tarixə çevrilib. Bəli,
mən o romanı oxudum. Əli müəllim istədiyi kimi –
həm dost, həm düşmən gözüylə. Və dərddən,
nisgildən, ağrıdan doğulan bu əsər mənə
çox mətləbləri anlatdı. Biz kimik? Hardan gəlmişik?
Hara gedirik? Savabımızmı çoxdu,
günahımızmı?.. Bir kəndin, bir ailənin və nəhayət,
bir gəncin yaşantılarının faciəsi fonunda mən
yüzlərlə suala cavab aldım.
Əziz oxucu!
Görkəmli
yazıçının təxminən bir il əvvəl mənə
oxumağa verdiyi bu romanı indi ön söz müəllifi
kimi böyük məsuliyyətlə sizlərin mütaliəsinə
təqdim edirəm. İnanıram ki, bu roman hər bir oxucuyla
dil tapıb danışmaq qüdrətində olan, əvvəldən-axıradək
oxucunu öz cazibəsində saxlamağı bacaran bir əsərdi.
Əziz oxucu!
Sən bu romanın ilk
cümlələrini oxuduqdan sonra daha ondan ayrıla bilməyəcəksən.
Bu romandakı obrazlar, hadisələr yaddaşına həmişəlik
həkk olacaq. Çünki bu roman bir millət kimi bizi
özümüzə tanıdır – təbii ki, səhvlərimizlə,
qüsurlarımızla birlikdə. Ən əsası isə
odur ki, “Daş yağan gün” bir bədii əsər, roman
kimi bizim düşüncələrimizi qidalandırmağa,
qan yaddaşımızı oyatmağa xidmət edir. Amma bir
şərtlə ki, oxucu bu ağır mənəvi
yükü daşımağa gərək hazır olsun.
Çünki əziz oxucu, indi mütaliəsinə
başlayacağın bu əsər sənin vaxtını
almaqdan yox, vaxtını yaşatmaqdan ötrü
yazılıb. Beləliklə...
lll
Niyə məhz “Daş
yağan gün”? Bəzi romançılar öz əsərlərinə
məzmundan, mövzudan kənar adlar verirlər. Məsələn,
Mixail Şoloxovun məzmunca kazakların keşməkeşli,
faciəvi həyatından bəhs edən romanı və bu əsərin
fonunda nikbin bir ad – “Sakit Don”. Yaxud Uilyam Folknerin damarlarından
“qara qan” axan Kristmasının bədbəxt taleyindən bəhs
edən romanı və bu əsərin fonunda sözün hər
mənasında işıqlı bir ad – “Avqustda işıq”. Əli
İldırımoğlu isə daha çox necə deyərlər,
məzmunun canından çıxan adlara üstünlük
verir. “Zorən jurnalist”, “Həmin adam”, “Mənim rəncbər
atam”, “Aqibət”, indi də “Daş yağan gün”. Bu ad məzmunu
birbaşa deməklə yanaşı, həm rəmzi məna
kəsb edir, həm də romana açar funksiyasını
yerinə yetirir.
Əli
İldırımoğlu tale yazıçısıdı. Yəni,
o, təbii ki, yazıçı təxəyyülündən
istifadə etməklə yalnız özünü, öz
yaşantılarını, gördüklərini və
eşitdiklərini qələmə alır. Yəqin elə bu
səbəbdəndi ki, onun əsərlərindəki hadisələr
və əhvalatlar belə inandırıcıdı.
Yazıçını son
romanında da hər şey sözün həm birbaşa, həm
də məcazi anlamında “Daş yağan gün”dən
başlayır. Yəqin ki, yazıçının doğulub
boya-başa çatdığı elin Həsənli adlı kəndinin
uca-uca dağlarının, yaylaqlarının başına erməni
daşı yağmasaydı, heç bu roman da yaranmazdı.
Yazıçının uşaqlıq yaddaşından
boylanan o müdhiş hadisə uzun illərdən sonra öz bədii
həllini məhz bu romanda tapdı. Müəllifin romana
öz uşaqlıq illərinin təsviriylə
başlaması, sonra hadisələri öz təbii axarına
buraxaraq qeyb olması və bir də sonda artıq
yaşının ahıl çağında yenidən əsərə
qayıdaraq, onu yekunlaşdırması Azərbaycan
romançılığında müasir yanaşma olmaqla bərabər,
həm də həyatla ədəbiyyat arasında olan sərhədlərin
götürülməsinə xidmət edir. Oxucu
yazıçıya inanır və təxəyyülün təqdim
etdiyi bu əsəri həm də tarixi sənəd kimi
qavrayır, duyur, dərk edir.
Romanda baş verən hadisələr
Nəcəf adlı bir yeniyetmənin ətrafında cərəyan
edir. Nəcəf kimdi? Hələ qundaqda olarkən erməni
qaniçənləri tərəfindən kəndi viran
qoyulan, ata-anası, qardaş bacıları amansızlıqla
öldürülən bir obraz. O vaxt hələ körpə
olan Nəcəfi ölümün pəncəsindən əmisi
xilas edib. Doğrudanmı, xilas edib? Romanı oxuduqca
görürük ki, xeyr, bu xilas o xilasdan deyil, Nəcəf
heç vaxt taleyinin əsirliyindən azad ola bilməyəcək.
O, bu dünyada həmişəlik “dustaq ömrü”
yaşamağa məhkumdu. Amma doğmanın,
qanı-qanından, canı-canından olan birisinin- əminin
dustağı olmaqdansa, yadın, düşmənin, hətta
erməninin qurbanı olmaq daha yaxşıdı. Nəcəf
bütün ömrünü əmisinin diqtəsilə
yaşamalı, nəinki cavanlığını, hətta
qocalığını da ona qurban eləməlidi.
Çünki Nəcəf yalnız əmisinin nişan verdiyi,
məsləhət bildiyi birisiylə ailə qurmalıdı. O
birisi yaşca ondan böyük, ədəb-əxlaqca
qüsurlu olsa belə. Romanda deyildiyi kimi, Nəcəf tək
bir nökəri olan bu evə bir qulluqçu da lazımdı.
Deməli, əmisi Nəcəfin canını erməninin
caynağından xilas etsə də ömrünü alıb. Əmisinin
arvadı, uşaqları da Nəcəfə eyni münasibəti
bəsləyirlər. Doğmalar arasında yada çevrilən
Nəcəf üçün bu dünyada yeganə təsəlli
yeri özündən balaca bir uşaqdı. Bu tarixçəni
yaddaşında saxlayaraq uzun illərdən sonra yazıya
köçürən, romana çevirən həmin o
uşaq. O uşaq öz məsumluğu və səmimiyyəti
ilə Nəcəfə dünyanın heç də
yalnız zülmət qaranlıqdan ibarət
olmadığını anladır. Ona yazıb-oxumağı
öyrədir. Ömrü-günü əmisinin
qoyunlarını otarmaqla, sürüyə çobanlıq eləməklə
keçən Nəcəf o uşağın gətirdiyi
kitabları oxuya-oxuya dəyişir, başqalaşır. O, həyatda
görmədiyi işığı, intuisiyası ilə
axtardıqlarını kitablarda tapır. O kitablar Nəcəfi
görmədiyi, tanımadığı naməlum yerlərə
aparır, qəribə, güclü, zəif insanlarla
tanış edir, onun dünyagörüşünu
qidalandırır, həyatın bu iztirablarını və məşəqqətlərini
aşıb keçməkdə ona ən yaxın dost kimi yol
yoldaşlığı edir. O uşaq sanki Nəcəfin
ağrılarını ovutmaq, dərdini dağıtmaq
üçün göydən yerə enmiş bir mələkdi.
Nəcəf yalnız onun yanında özünü insan kimi
hiss edir. Əslində, heç o uşaq da xoşbəxt
talelilərdən deyil. Ana yurdu ermənilər tərəfindən
yerlə-yeksan edilən, daşı daş üstə qalmayan,
bütün camaatı uşaqlı-böyüklü qətlə
yetirilən bu yetim uşaq da indi o kənddən təkcə
adı qalan Yeni Həsənlidə babasıyla,
dayısının himayəsində yaşamaq məcburiyyətində
qalıb. Yəqin onları birləşdirən də elə
dərdin, ağrının doğmalığıdı. O,
uşaq bir dəfə də görmədiyi, yalnız
böyüklərin söhbətlərindən eşitdiyi
köhnə Həsənlini nəinki təsəvvüründə
yenidən dirildib, hətta o kəndə cismani ömür də
verib. O öz balaca əlləriylə daşdan, gildən
qurub-yaratdığı o balaca “kəndə” hamının
gözündən uzaqda, dağların, qayalıqların
arasında sığınacaq verib. Çünki o uşaq
qorxur, qorxur ki, erməni cəlladlarının o murdar əli
onun min cür əziyyətlə ərsəyə gətirdiyi,
qurub-yaratdığı balaca, amma əslində o böyük
ürəyini qoyduğu bu “kəndə”, onun kəndinə də
gəlib çatar. Əsərdə dolğun təsvirlərlə,
dəqiq detallarla verilən bu hissə həm də rəmzi məna
kəsb edir. İnsanı, hətta bütöv bir kəndi
cismən məhv etmək olar, amma ruh əbədidi. Əgər
camaatı qırılmış, ev-eşikləri viran
qalmış hansısa bir kənd, hansısa bir
uşağın yaddaşında diridisə, deməli, o kənd
ölümsüzdü və həmin o uşaqla birlikdə
qisas gününü gözləyir. Nəcəf isə o vaxt
bələkdə də olsa bu uşağın görmədiyi
o kəndi görən insandı. Və bəlkə də o
uşaq həmin kəndin hələ də Nəcəfin
canında qalan qoxusunu almaq üçün onunla
görüşməyə, söhbətləşməyə
belə can atır.
Bəs, bu iki uşağı
əbədi xiffətə və nifrətə mübtəla
edən bu fəlakət harda, necə, nə vaxt
başladı?
lll
“İlıq yaz
axşamı... Bağlı-bağatlı kənd alma, gilənar,
gilas... çiçəklərinə
bürünmüşdü. Naxır örüşdən təzəcə
qayıdırdı. Adamlar mal-qarasını yerbəyer edirdi.
Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə
ilə bulaq başına tələsirdi. Məscidlərin
minarələrindən azan səsi gəlirdi. Möminlər
axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki
həyətlərin birində toy məclisi qurulmuşdu.
Çal-çağır səsi kəndi başına
götürmüşdü. Aşıqların
sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir
neçə saatdan sonra, gəlin atlanıb təntənə
ilə bəy evinə yola salınmalıydı. Bu əsnada,
ara vermədən atılan top mərmilərinin
qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi.
Təpədən dırnağa qədər silahlanmış
ermənilər, dörd bir tərəfdən qara
qarışqa kimi kəndi mühasirəyə aldı... Toy
yasa döndü. Top mərmiləri evlərin
külünü göyə sovurdu. Güllü-çiçəkli
bağ-bağçaların xoş rayihəsi yayılan həyət-bacaları
barıt qoxusu bürüdü. Məscidlər, mədrəsələr
yerlə-yeksan edildi. Qadınların məşum naləsi,
uşaqların tük ürpəşdirici
çığırtısı, mal-heyvanın mələrtisi,
itlərin ulartısı ərşə qalxdı. Minlərlə
insan bir gecənin içində, evli-eşikli odlara
qalandı. Kəsilən toy qoyunlarının qanı, insan
qanına qarışıb, balaca-balaca yumru daşları
diyirlədirdi”.
Əli
İldırımoğlu yaradıcılığına xas
olan xüsusiyyətlərdən biri də elə ilk cümlələrdən
əsərin məğzini üzə çıxarması, mətləbi
hadisələrin gedişatının ixtiyarına buraxmayaraq,
dərhal oxucuya təqdim etməsidi. Yəni, müəllif
uzun-uzadı epiloqa, kənar təsvirlərə ehtiyac görmədən
oxucunu dərhal baş verəcək hadisələrin
iştirakçısına çevirir. Başqa cür desək,
oxucu artıq ilk cümlədən məsuliyyətini dərk
etməli, mütaliəyə hazır olmalıdı.
Bu yanaşma Əli
İldırımoğlunun hətta oçerklərindən,
felyetonlarından başlayaraq, hekayə, povest və
romanlarınacan demək olar ki, bütün
yaradıcılığında təzahür edir. İndi
iqtibas gətirdiyimiz bu abzasdan məlum olur ki, “Daş yağan
gün”heç də istisnalıq təşkil etmir.
Uilyam Folknerin Yoknapatofu,
Qabriel Qarsia Markesin Makondosu, Fazil İsgəndərin
Çegemi... Ədəbiyyatda belə coğrafi ərazilərin
sayı az deyil. Bu yazıçılar kimi konkret ad verməsə
də Əli İldırımoğlu da öz xəyali kəndini
yaradır. Yazıçının xəyali
dünyasının məhsulu olan “Mənim rəncbər
atam”, “Qarlı gecələr”, “Aqibət” və hələlik
sonuncu olan “Daş yağan gün” özündə müxtəlif
romanları ehtiva etsə də, əslində, bir kitabdı.
Çünki Əli İldırımoğlu bir kəndin
tarixçəsini yazır. Bu kənd onun doğulub
boya-başa çatdığı, həm zaman, həm də
məkan etibarilə nə qədər uzaqlara getsə də həmişə
xəyalən qayıtdığı doğma kəndidi. O, bu
kəndin nəinki təbiətini-dağlarını,
çaylarını, meşələrini, insanlarını da
obrazlı desək qarış-qarış tanıyır.
Obrazlar bir əsərdən o birinə adlayır, bir əsərdə
epizodik təsvir olunan hadisə o birində daha ətraflı təqdim
olunaraq yekun həllini tapır. Müəllifin dəqiq
müşahidələri, xalqın içindən qaynaqlanan
dili, özünəməxsus təhkiyəsi və ən əsası
yazıçı səmimiyyəti, yaratdığı
obrazlara inamı oxucunu da olanlara inandırır.
Əli
İldırımoğlunun digər əsərlərində
olduğu kimi “Daş yağan gün” romanında da hadisələr
müxtəlif zamanları və məkanları əhatə
edir. Müəllif dinamik, hərəkətli nəsrə
üstünlük verir. Əslində insan ömründən
tutmuş, bu dünyada olan və olmayan hər şeyin əvvəli
və axırı yoldu. Yol əbədiyyət, sonsuzluq deməkdi.
Əli İldırımoğlunun isə yola özünəməxsus
yanaşması var. Yol onun bütün romanlarından bir xətt
kimi keçir. Bu xətt müxtəlif rənglər,
çalarlar alır, gah ağ, gah qara olur, gah
qırmızıya, gah yaşıla çalır. Məkanları
əvəzləyə-əvəzləyə, dəyişə-dəyişə
getdikcə, bu yol insanları da dəyişir. “Daş yağan
gün” də olduğu kimi. Hətta digər romanlarından fərqli
olaraq bilərəkdənmi, ya təsadüfdənmi Əli
İdırımoğlunun bu son romanının adı da yola,
hərəkətə işarə edir. Daş yağan
gün.
lll
Əsərdə bir neçə
erməni obrazı var. Azərbaycan ədəbiyyatında erməni
obrazları az olmayıb. Digər qonşularımız olan
gürcülər bizim ədiblərin qələminə necə
deyərlər “bayramdan bayrama” tuş gəldikləri halda, ermənilər
həmişə ədəbiyyat adlı “süfrəmizin”
başında oturublar. Dünən də belə olub, bu
gün də belədi. Amma Sovet kinosu və ədəbiyyatı
“nemesi” necə təqdim edirdisə, bizim yazarların da erməni
obrazlarına münasibəti belə olub. Sadəcə olaraq,
dünən ədiblərimizin qardaş gözündə
gördüyü ermənini bu gün onların xələfləri
düşmən gözündə görür. Yəni, həmin
formallıq, həmin şablonçuluq, həmin qəliblər...
Münasibət dəyişsə də mahiyyət dəyişməyib.
Məncə, Əli İldırımoğlu bu çərçivələrdən
çıxmağı ustalıqla bacarıb. Qeyd etdiyim kimi,
“Daş yağan gün”də bir neçə erməni
obrazı olsa da, onların hərəsi bir cür ermənidi. Əli
İldırımoğlu bu obrazların xarakterlərini
açmaqla, özü hökm vermədən məhz
onların öz dilləriylə və hərəkətləriylə
erməniçilik kompleksini mahiyyətini ortaya qoyur. Müəllif
onları müxtəlif situasiyalara salmaqla iç üzlərini
açıb göstərməyə müvəffəq olur.
Sonda yazıçı da, oxucu da, bu qənaətə gəlir
ki, canavar xislətli erməni millətçilərini
haqqın yoluna gətirmək mümkün olmadığı
kimi onları humanist məxluq eləmək də
müşkül məsəlidi. Əslində, erməninin
içinin türkə qarşı məkr, nifrət hissiylə
dolu olması, türkə qənim kəsilməsi
türkün yox, erməninin faciəsidi. Yazıçı
romanda bu iki xalqın tarixi keçmişini
üçüncü tərəfin – bir gürcü alimin
dilindən verməklə oxucunu bu qənaətə gətirir
ki, keçmişindən qurtulmayınca, erməninin gələcəyi
olmayacaq.
lll
Əgər hansısa bir əsərin
yüz, yaxud min oxucusu varsa, deməli, əsər özü də
o say qədərindədi. Çünki eyni
yazıçı olmadığı kimi, eyni oxucu da yoxdu. Əsərin
hansısa məqamı hansısa bir oxucunu dəhşətli
dərəcədə təsirləndirə bildiyi halda, digər
oxucu həmin yerin üstündən ötəri keçib gedə
bilər. Yazıçı bir cür yazır, oxucu başqa
cür oxuyur. Oxucu özü üçün hətta
yazıçının ağlına gəlmədiyi mətləbləri
əxz edə bilər. Necə deyərlər,
yazıçının işi yazmaq, oxucunun işi
oxumaqdı. Deməli, hər ikisi işdi.
Təəssüf ki, bu
gün əksər tənqidçilər mətnin təhliliylə
deyil, onun şəklinin surətini çıxarmaqla məşğuldu.
Məncə şairin, yaxud nasirin bədii mətnindən
uzun-uzadı iqtibaslar gətirib deyiləni, bir də təzədən
izah etmək oxucuya mane olmaqdan savayı bir şey deyil. Qoy oxucu
yazıçıyla baş-başa qalsın, onların
arasına girməyək.
Odur ki, mən bilərəkdən
bu yazımda romandan bircə əvvəlindəki abzası
çıxmaq şərtilə iqtibaslar gətirib nəinki
yazıçı deyəni bir də təzədən izah etməyə
lüzum görmədim, hətta Nəcəfdən başqa
bir obrazın da adını çəkmədim. Nəcəf
demişkən, bəs onun aqibəti necə olacaq? Qoy bu da
oxucu üçün sirr qalsın.
Bu yanaşmanın isə bir
səbəbi var. Bəzi oxucular əvvəlcə romanı,
sonra roman haqqında yazılanı, bəziləri isə əksinə
oxuyur. Odur ki, mən əsasən romanın görünməyən
tərəfini yazmaqla, ikincilərin mütaliəsinə bəri
başdan təsir etmək istəmədim. Və sonda...
lll
Bibliyada belə bir kəlam
var: “Daşları atmaq vaxtı, daşları yığmaq
vaxtı”. Geniş anlam kəsb edən bu ifadə həm də
bir çağırışdı – insanları günahlardan
təmizlənməyə, tövbəyə
çağırış. Görkəmli yazıçı Əli
İldırımoğlunun hələlik sonuncu “Daş
yağan gün” romanı da məhz bu ali məqsədə
xidmət edir. Bəli, bu roman da insanın insanlıqdan
çıxmamasına, başı üstündə Allahı
görməsinə bir çağırışdı. Bu
roman bəşər övladının qanının
tökülməsinə, yurd-yuvaların xarabazara çevrilməsinə
qarşı bir üsyandı. O daşlar göydən yerə
min illərdi yağır. Səmavi kitabda, indi
oxuyacağınız kitabda deyildiyi kimi, daha yetər,
daşları yığmaq vaxtıdı.
Sonra gec olacaq!
“Daşları yığmaq
vaxtıdı” Əli İldırımoğlunun bu günlərdə
işıq üzü görəcək “Daş yığan
gün” kitabında ön söz kimi təqdim olunur.
YAŞAR
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.18-19.