... Yaxşı tanı, sonra yer ver
içində
Kamal Abdullanın
60 illiyinə
– Hara yağırsan,
ay yağış?
– Üzüyuxarı.
– Hara yağırsan,
ay dəvə?
– Yerə
– üzüyuxarı.
“Bu dünya”da
(Kamal Abdullanın dünyasında) insanlar Yerin üzərində yox, yer insanların
ayaqları altındadır.
Buludlar insanların başı üzərində
deyil, insanlar buludların üzərindədir.
Dağlar Yerdən asılıb.
“Bu dünya”nın
insanlarını da tanıyırıq, güllərinin
ətrini də, suyunun dadını da bilirik. Amma
yüksəklərdə uçan
quşun belini görə bilmədiyimiz kimi... ...
Hər kəsin
işıq istədiyi,
nağıl qəhrəmanımızın
işıq gələn
tərəfə getdiyi,
ardınca da bizləri sehrləyib apardığı bir zamanda “bu dünya”nın
sahibi
“Məndən
bezin – mənə qaranlıq verin,
Əlinizi üzün
– mənə qaranlıq
verin,
İşıq sizin – mənə qaranlıq verin,
Baxım görüm
neynirəm”
deyir.
“Bu dünya”da
mənim tanıdığım
Dədə Qorqud, Bamsı Beyrək, Qazan xan heç
özlərinə oxşamırlar,
özlərinə təzə
geyimlər alıblar,
mən tanıyan vaxt dillərinə gətirmədiklər sözləri
indi az qala
qopuz götürüb
oxuyurlar. Qorqud qopuz çalmaqdan, ad verməkdən, söz söyləyib-boy boylamaqdan
əlavə qələm
götürüb yazı
da yazır. Pisi pis, yaxşını
yaxşı, hətta
canına qorxu düşəndə pisi yaxşı, yaxşını
pis də yazır. Beyrək nə işlərlə məşğul olur “bu dünya”da, İlahi! (Əsərin bu yerini ilk dəfə
oxuyanda, kitabı masanın üstünə
tullayıb “bu lap ağ oldu” demişdim.
Amma bir-iki gün sonra “Beyrək də bizim kimi bir
adamdır” qənaəti
ilə oxumağa davam etmişdim).
Polifem Təpəgözlə,
Beyrək Odisseylə,
Penelopa Banuçiçəklə
“tale qohumu”dur, onda bəlkə, Homer də Prometeyi zəncirləməyə
gələn Hefestin dəstəsinə qoşulub
gedən Qorqudun bir qardaşıdır?! Niyə də olmasın “bu dünya”da.
“Bu dünya”
gözlənilməzliklərlə doludur. Xəyalına gəlməyən bir hadisə qarşına çıxanda heç təəccüblənmə. Burada
Paris öz seçimini
sənin bildiyin kimi yox, öz
bildiyi kimi etdi (... Paris məni seçmiş olsan, o zaman mən Hera səni bütün Asiyaya hökmran edərəm), “O bir daha gəlməyəcək...”
deyən Zərdüşt
göylərdən insanların
arasına endi, “Xaron ilk dəfə öz vəzifəsini sonadək yerinə” yetirmədi, dəvə yağdı, şir də yağdı amma sonuncu dəfə.
İlişi gözləməkdən
canlarına xəstəlik
düşdü, İliş
ruh olub doldu “bu dünya”nın
insanlarının içinə,
“Qibleyi-aləmin sevimli
cəlladı” Məmmədqulunun
qərarı ulduzları
əridib yerə tökdü, Çəngəldə
açan can çiçəkləri
qan qoxudu “bu dünya”da.
1, 2, 3, ... 299, 300 Azərbaycanlı doğuldu,
böyüdü “bu dünya”da. Azərbaycan ədəbiyyatına, tarixinə,
bu gününə, gələcəyinə lazım
olan “300 Azərbaycanlı”.
Hər biri bir senturion. Prizmadan keçən ağ işıq tək rəngbərəng
olan bu qəhrəmanlar
“üç canavar qalınlığı qaftanlığı
olan” qızdan, Gülhanə parkındakı
cevizdən, gün işığını çiyinlərinə
alanlardan, öz idealı olan şübhələnənlərdən, gül-çiçəklə qarşılayanlardan, süngüyə
keçirilənlərdən, darvazasını fələk
vuranlardan, şaxta öpüşlərin dadını
bilənlərdən, hər
şeyin özəyinə
yetişmək istəyənlərdən,
həqiqəti xalqından
çox sevənlərdən,
qara işıq görənlərdən, sevirəm
deyib hiyləgərliyin
daşını atanlardan,
arıya bənzərlərdən
və daha kimlərdən, kimlərdən
görüb götürüblər.
Və 300 Azərbaycanlıya
– “300 əqidə və
düşüncə burulğanı...
300 duyğu və fikir rəmzi”nə çevriliblər.
“Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən
çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox”
“bu dünya”da. Qəribə dünyadı, Vallah. Yeri də var,
göyü də var, enişi, yoxuşu da var. Amma xatırlamağa, unutmağa kimsəsi yoxdur. Demək bu dünyanın Xaronunda mərhəmət
deyilən şey heç olmayıb.
“Mənə
deyən gərək nə olub axı,
Nə çabalayırsan,
söylə, nə xəbər.
Sən çətin
tapasan axtardığını,
Sən axtardığını
itirməyiblər”
“bu dünya”da. Elə bil yuxudur, top arzusuyla yaşayan uşaq yuxusu. O, yuxuda çəmənliyə
düşmüş öz
rəngli topuna ayaqları ilə toxunmaq istəyir, amma...
“Bu dünya”
daha sürətlə
fırlanır. Səma
rəqsi edən “rəqqas”lar kimi. Gecəsi də, gündüzü də tez gəlib, tez gedir. Nə
zaman sən bildiyindi, nə də məkan. “Təkcənəlik vaxtı”
bilirsənmi nədir?
Heç sən ruhunla bir yerdə
qaranlıq bir məkanda var-gəl etmisənmi? Yaxud ruhun sənin əlindən tutub səmaya qaldırıbmı,
günəşin şüasından
tutub ordan yerə enmisənmi?
“Bu dünya”
belə dünyadır.
Sehrli dərələrin,
sirli dağların, zaman içində zamansızlığın, məkan
içində laməkanlığın
qərarlaşdığı dünyadır “bu dünya”. Gedimli yox, gəlimli dünyadır. Hər kəsin canında ölüm həvəsi, hər kəsin canında yaşamaq qorxusu var.
Qan və qorxu üstə qəqar tutsa da, işıqlıdır,
nurludur, sabahlıdır
“bu dünya”. “Bu dünya”nı görmək,
yaşamaq və tanımaq gərəkdir.
“Bu dünya”nı gözlərimizə
yığmaq, ona içimizdə yer vermək lazımdır. Görə bilmədiklərimizi
görmək üçün.
“Bu dünya”nın
tanışından 60 baharın
təravətini, 60 qışın
qar qoxusunu canına hopdurmuş “bu dünya”nın sahibinə – Kamal Abdullaya ən xoş arzularla!
61 yaşa
qədəminiz mübarək
olsun, Kamal müəllim!
Balaxan Sərrat
525-ci qəzet.- 2010.- 14 noyabr.- S.17.