Ulduz” jurnalının yeni sayı oxuculara təqdim olunub

 

Jurnalın bu sayının poeziya guşəsində Gəray Göyyurdun, Əli Şirin Şükürlünün, Əlizadə Nurinin, Nuranə Nurun, Əsəbəli Osmanlının, Afaq Vəliyevanın, Günay Türkəmin, Rizvan Nəsiboğlunun, Sevinc Arzulunun, Kənan Soyalpın,Vahid Hacıyevin şeirləri, rus şairi Yuri Kuznetsovun yaradıcılığından tərcümələr öz əksini tapıb. Nostalji” bölməsində Fərqanə Mehdiyevanın ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru Qəzənfər Paşayevlə söhbəti verilib. Müsahibədə Q.Paşayev həyatının maraqlı məqamlarından, ilk sevgisindən danışıb. Jurnalın digər səhifələrində publisit Xeyrəddin Qocanın satirik məqalələri dərc olunub. Oqtay Qorçunun atası, mərhum alimşair Ağa Laçınlının 70 illiyi münasibəti ilə qələmə aldığı “Gülən adam necə ölür?” başlıqlı yazısında müəllif atalı günlərinin xatirələrindən bəhs edib. Səhifəyə həmçinin Ağa Laçınlının bir neçə şeiridaxildir. Firuz Kazımoğlu “Vaxtında çıxan kitab haqqında gecikmiş yazı” məqaləsində mərhum şair Hüseyn KürdoğlununYurduma qurbandır sözüm” adlı şeirlər kitabı haqqındakı təəssuratlarını qələmə alıb. Müəllif şairin “İstiqlalımız”, “Yenilməyən bir bayrağa döğndünüz”, “Eyvanıma lələk saldı durnalar”, “Od-ocağım dağılmış”, “Qisasımı al” şeirlərindən bəndləri də yazıya daxil edib. Topluda Böyükxan Bağırlının “Tələ”, Aydın Tağıyevin “Səssiz film”, “Albomdakı köhnə şəkil”, “Püşk” hekayələri və Məmməd Məmmədlinin “Axırıncı yolpovesti yer alıb. İslam SadiqŞumerTürk dillərinin oxşarlıqları” başlıqlı məqaləsində Şumer mədəniyyətindən, şumer yazılarından və bu dilin türk dilləri ilə bənzərlikləri barədə maraqlı məqamlardan söz açıb. “Ulduzun digər bir səhifəsində 2010-cu ilin Nobel mükafatçısı 74 yaşlı perulu yazıçı Mariyo Varqas Lyosa haqqında “Cənubi Amerika ədəbiyyatının növbəti triumfu” başlıqlı yazı dərc edilib. Hicran Hüseynovanın “Belə bir peşə vardı” yazısı da maraq doğurur. Nəşrin sonunda Rəşad Məcidin “10 sentyabr”, Rafiq Həsəninin “Sevgi qapısı” və Fəridə Əlibəylinin “Sular bulananda” kitabları barədə xülasə verilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 14 noyabr.- S.17.