Adam olduğumuzu yadımıza salan adam

 

RƏHİM ƏLİYEVİN 60 YAŞINA

 

Keçən yüzilliyin 90-cı illərinin ortalarında bizim ədəbi orqanların birində müəllifini xatırlamadığım (kim bilir, bəlkə də elə özüm olduğum) bu adda bir yazı çıxmışdı: “60-cılar 60 yaşa doldular”. İndi 60 yaşı tamam olan bir dostum, həmkarım və çağdaşım haqqında yazı yazmağa başlayanda həmin məqalənin adı yadıma düşdü... Demək biz də 60 yaşa dolarmışıq, demək biz də qocalarmışıq. Ay gidi dünya...

Dünya binnət olandan (yəni bünyad olandan, bünövrəsi qoyulandan) bəri insanlar liriklərə və praktiklərə bölünüblər. Liriklərin xəyalı yernən-göynən, ərşnən-gürşnən əlləşəndə praktiklər də sabahkı gün üçün mal-dövlət yığıblar, dünya dolanacağını simü zərlə aşırmağa çalışıblar. Elə olub ki, başı nəğmə oxumağa və şeir yazmağa qarışan liriklərə də acından ölməmək üçün əl tutublar... Hərçəndi naşükür liriklər bu cür yaxşılıqları tez yaddan çıxarıblar və qarınları tox, əyinləri isti olanda hətta praktik qardaşlarını “əhli-dünya” adlandıraraq “şiddətli tənqid atəşinə” tutmağı da unutmayıblar. Necə ki, 500 il bundan əqdəm Füzuli babamız deyirdi:

 

Sərfi-nəqdi-ömr edib mən

                        kəsbi-irfan etmişəm,

Əhli-dünya həm kəmali-cəhl ilə

                        təhsili-mal.

Dəhr bir bazardır, hər kim mətain

                        ərz edər:

Əhli-dünya – simü zər,

            əhli-hünər – fəzlü kəmal.

 

Göründüyü kimi, əziz babamız “təhsili-mal” etməyi, yəni mal-dövlət yığmağı cahillik sayıb və bu cür adamlara acı-acı gülüb. Nə eybi – elə mal-dövlət yığanlar da tarix boyu “əhli-irfana” gülüblər. Ancaq elə əhli-irfanlar da olub ki, təhsili-mal etməkdən də utanmayıblar və Mirzə Cəlil demişkən, “əsas odur ki, utanmayıblar”. Çoxlarının yaxşı tanıdığı Onore de Balzak adlı bir fransız “əhli-hünəri” olub ki, var-dövlət qazanmaqdan ötrü əl atmadığı biznes qalmayıb. Əlbəttə, o başqa məsələdir ki, istəyinə nail olub, ya yox. Hər halda ədəbiyyat tarixində belə bir presedentin varlığını yaddan çıxarmayaq gərək.

Çağdaş Azərbaycan “əhli-hünər”ləri arasında mənim tanıdığım biri var ki, o da “kəsbi-irfanla” “təhsili-mal” prosesini qoşa qanad kimi üzvi vəhdətə gətirməyə çalışıb. Təbii ki, buna nail olmayıb, ancaq hər halda sübut edib ki, ədəbiyyatşünaslıq elmimizi zənginləşdirən araşdırmalar, nəsrimizi varlandıran hekayə, povest və romanlarla yanaşı, C.Cabbarlı fondunu da yarada bilər... Hələ bunlarda sözüm yox; hələ bu işlərin hamısı səhldi və bu mətləblərə baş vursaq, gərək əsas məqsədimizdən bilmərrə sərf-nəzər edək.

Əsas məqsədimiz isə odur ki, bu əhli-hünər qardaşımızın, yəni filologiya elmləri doktoru Rəhim Əliyevin 60 illik ömür yoluna bir nəzər salıb onun çoxyönlü yaradıcılığından aldığımız bir örnək əsasında göstərdiyi hünərin məhz nədən ibarət olduğu barəsində öz fikirlərimizi sayqıdəyər oxucularla bölüşək.

Bu mənasız dünyamızda görəsən bədii ədəbiyyatın mənası və önəmi, funksiyası və missiyası nədədir? Yəqin, hər şeydən öncə, bizim – yəni bioloji terminlə homo sapiens (düşünən insan) adlanan, əslində isə homo ludens (oynayan insan) olan biz adəmoğullarının unutqanlığını aradan qaldırmaqda, hər dəfə insan olduğumuzu yadımıza salmaqda.

Min illərdən bəri ən yaxşı beyinlərin və ən yaxşı ürəklərin məhsulu olan ən yaxşı əsərlər bu problemin çözülməsinə həsr olunur; ən gözəl, unikal istedadlar bu məsələnin həlli yolunda xərclənir. Hər dəfə də adama elə gəlir ki, növbəti sənət dühasının ərsəyə gətirdiyi şah əsərdən sonra artıq hər şey qaydasına düşəcək, İnsan İnsan olduğunu, Adəm övladı olduğunu dərk edib, bilmərrə yaddan çıxarmayacaq. Ancaq sən saydığını say, gör fələk nə sayır; yaxud dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır, deiblər. Əlbəttə, çax-çax da ağrıyan başlar üçün nəzərdə tutulmayıb, ağıryana, ağayana başlar üçün nəzərdə tutulub; ancaq müruri-zəman ilə deyəsən birincilərlə ikincilər arasındakı fərqlər də silinməyə doğru üz qoyub... Neynək, qismət ilahidəndir.

Bir də bəzi ürəklərdə bir ehtiyac olur – boşalmaq ehtiyacı. Özü də bu, təbii ki, dolu ürəklərdə olur; boş onsuz da boşdur və boş boşala bilməz. (Mən ölüm, fəlsəfənin dərinliyinə fikir ver!) Boşalmaqdan, yüngülləşməkdən duyulan mənəvi (elə həm də fizioloji) həzzdir ki, bir çoxlarını əlinə qələm alıb, yuxunu, dincəlməyi, yeyib-içməyi özünə haram edib, yüzlərlə səhifəni doldurmağa vadar edir. Ürək boşalır, səhifə dolur və başqa sözlə buna yaradıcılıq prosesi deyirlər. Elə insanı öz yaxın qohumundan və əcdadından ayıran da, deyəsən budur. Necə ki, Xaqani Şirvani deyirdi:

 

Yeməyi, yatmağı bu dünyada sən

Eşşək, öküzdə də görə bilərsən.

 

Bəli, çoxlarımızın bəyənmədiyimiz və həqir baxdığımız nəcib bir heyvan olan eşşək də eynilə insan kimi doğulur, insan kimi (ondan da yaxşı) yeyir, insan kimi (ondan bir az pis) yatır, insan kimi (ondan qat-qat yaxşı) reproduktiv fəaliyyətlə məşğul olur, nəsil artırır, anqırır və s. Ancaq hələ dünya xəlq olunandan bu günə qədər bir eşşək də bircə cümlə bədii nəsr, yaxud bircə misra şeir yazmayıb. Doğrudur, eşşək cənabları özləri buna etiraz edə bilərlər ki, istəməmişəm, yazmamışam və əgər istəsəydim, yazardım... Ancaq fakt odur ki, hələ yazmayıb və bəlkə bundan belə yaza...

Söz də elə bir yaradıcılıq növüdür ki, başqa növlərdən uzunömürlüyü, bəlkə də bəşər xronologiyası kontekstində əbədiliyi ilə fərqlənir. Firdovsi yazırdı ki, sözdən başqa insan yaradıcılığının bütün növləri zamanın təsiri ilə dağılır, məhv olur. Sözə isə nə küləklər, tufanlar, nə yağış, qar, nə zəlzələ, nə yanğın, nə sunami, nə epidemiyalar, hətta nə də pandemiyalar təsir göstərir.

Və əmma söz var, söz var. Söz var, dağa çıxardar, söz var dağ çəkər. Söz də var, oxucuya adam olduğunu bir daha (neçənci dəfə?!) xatırladar. Yazıçı-alim-publisist, xalq filosofu Rəhim Əliyevin “Bütövlənməyən borc” romanındakı sözlər də belə sözlərdəndir. Gərək ki, Füzuli belə deyirdi:

 

Can sözdür, əgər bilirsə insan –

Sözdür ki, deyərlər, özgədir can.

 

Rəhim Əliyevin sözü də birinci misradakı sözdəndir, ikinci misradakı sözdən deyil. Can sözdür, yəni söz – candır, canlıdır, yaşayır və yaşadır.

Romanın adından bizə tanış olan simvolik borc niyə bütövlənmir, niyə Yaşar müəllim (hərçəndi romanın qəhrəmanı heç Yaşar müəllim deyil), eləcə də başqa qəhrəmanlar çiyinlərində olan bu ağır yükdən – borcdan xilas ola bilmirlər? Bəlkə ona görə ki, insan ömrünün, insan həyatının, dünyadakı maddi və mənəvi nemətlərin özü bir borcdur, birovuzdur? Bəlkə filosof-yazıçı elə bu həqiqəti çatdırmaq istəyir oxucusuna? Bəlkə oxucusunun yaxasından yapışıb silkələyə-silkələyə ayıltmaq istəyir – dünyaya uymamağı, baqiliyini faniliyə dəyişməməyi məsləhət görür? Ancaq heyhat!

 

Xoftera xofte key konəd bidar?!

Yatmışı yatmış haçan oyadar?!

 

Əlinə zoğal ağacı alıb yorğa eşşəklə tozlu yollarda şütüyən arxalıqlı-çuxalı, təskülahlı-papaqlı babalarımızla “Mersedes” və “Cip” sükanı fırladan bizlər arasında görəsən nə fərq var? Cavab sıfıra bərabərdir.

Keçən yüzilliyin əvvəlində bir Kəblə Müsəlmandan soruşurlar ki, niyə islam aləmində texniki ixtiralar edilmir? Kəblə öz müdrik təbəssümü ilə deyir ki, nəyə görə biz başımızı yorub ixtira etməliyik? Qoy kafirlərin canı çıxsın, əziyyət çəkib ixtira eləsinlər, biz də can rahatlığı ilə onların ixtiralarından istifadə edib kef çəkək!

Rəhimin qəhrəmanları da öz psixologiyalarına görə bu babamız Kəblə Müsəlmana çox bənzəyirlər. Əsərdəki epizodik obrazlardan biri bunu özünüsəciyyə fonunda çox dəqiq ifadə edir: “Kostyum geyib qalstuk bağlasaq da, beynimiz feodal beynidir, feodal olaraq qalmışıq!”

Və babalarımızdan, atalarımızdan irəli gedə bilməməyimiz, çarx dələsi kimi yerimizdə saymağımız, hətta bir sıra hallarda “irəli” getməyimiz, yəni əslində geriləməyimiz və alçalmağımız Rəhim Əliyevi düşündürür, düşündürür, məyus edir; ancaq nə qədər şablon səslənsə də, ümidsizləşdirmir, ruhdan salmır. Çünki hələ bu problemlər, bu bəşəri kədərlər haqqında düşünənlər, baş sındıranlar var və bu, ümid çırağını sönməyə qoymur.

Əsərdə ümid çırağını sönməyə qoymayan amillərdən biri də onun yazıldığı dövr, daha doğrusu, tarixi geosiyasi şəraitdir. Elə bu babətdəndir ki, biz qəhrəmanların nəfəsində bir azadlıq və müstəqillik mehinin sərinliyini duyuruq, böyük günlərin yaxınlaşdığının sevincini onlarla birgə yaşayırıq. Ancaq o da var ki, əsər bitir və borc bütövlənmir; ən ağrılısı da odur ki, əsərin bitməsindən keçən onillər ərzində də borc bütövlənməyib və bu simvolik borcumuzu bütövləşdirməyə bu gün də dünyanın şər qüvvələri namərdcəsinə mane olmaqdadır.

Bəlkə gözümüzü açandan ağsaçlı bir gənc kimi gördüyümüz Rəhim Əliyevin saçlarını ağardan da elə bu bütövlənməyən borcdur? Bu gün altmış yaşını təvazökar bir sakitliklə qeyd edən Rəhim Əliyev istər elmi, istər bədii sahədə qələmini (artıq klaviaturunu!) dinc qoymur, yazıb-yaradır, öz orijinal fikirlərini, humanist ideyalarını insanlara çatdırmağa tələsir. Kim bilir, bəlkə bununla da xalq qarşısında, Vətən qarşısında hələ bütövlənməmiş borcundan çıxmaq istəyir... Və bir də adam olduğumuzu bir daha yadımıza salmaq, yaddaşımızda naxışlatmaq istəyir.

Bütün istedadlı adamlar kimi doktor Rəhim Əliyev də ədəbiyyatın bir sahəsinə, bir janrına qapılıb qalmayıb; ilhamının atını gah nəsrin güllü-çiçəkli dolaylarında, gah da elmin daşlı-kəsəkli yollarında çapıb. Tənqidin qaratikanlığında da səyirdib öz “köhlənini” – Peqasını! Bu altmış illik ömrünün tam qırx ilini Azərbaycan ədəbiyyatşünaslıq elminin zənginləşməsinə həsr edib. Çağdaş ədəbiyyatın problemlərini araşdıra-araşdıra, cabbarlışünaslıqda hünər göstərə-göstərə bir də görüb ki, bəlli-başlı mediyevistdir, Qazi Bürhanəddin, İmadəddin Nəsimi əsərlərini nəzəri təfəkkürün işığında əməlli-başlı tədqiqat obyektinə çevirib. Ən başlıcası isə, onun üçün təzə olan bu tədqiqat sahəsində özünü diletant kimi yox, əsil professional kimi göstərib. Ancaq hələ bununla da ürəyi soyumayıb, bir “Ədəbiyyat nəzəriyyəsi” kitabı da ərsəyə gətirib elmi ictimaiyyətə təqdim edib.

Bu gün Rəhim Əliyev bütövlükdə Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidimizin sayılıb-seçilən nümayəndələrindən biridir. Və heç şübhəsiz ki, növbəti “60”-lığı xırdalamağa başladığı bu günlərdə onun “ikinci nəfəsi” də açılıb, üstəlik, yeni enerji ilə başladığı işləri davam etdirməyə kifayət qədər qüdrəti, talantı və qeyrəti də (Mirzə Cəlilin sözü olmasın: “qıryəti”) var. Dostlar arasında dediyimiz kimi: “Məşdi Rəhimi” şanlı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və ədəbi fəaliyyətində yeni nailiyyətlər diləyirik.

Ömrün uzun, canın sağlam, zehnin iti, qələmin kəsərli olsun, qardaş!

 

 

Teymur KƏRİMLİ

 

525-ci qəzet.- 2010.- 14 noyabr.- S.16.