Əkrəm Əylisli üçün ön söz

 

Bu şənbə Əkrəm Əylisli gəlmişdi universitetimizə. Onun müdrik, ağır addımları bizim şıltaq tələbə addımlarımızla düz iki saat yol getdi. Yol getdi deyəndə mən zamanı nəzərdə tuturam. Həm də “yol getmək” bir qədər yumşaq səslənir. Qoy belə deyim, hesabat verməyə gəldi.

Əkrəm Əylisliylə görüş, məncə, elə Bakı Dövlət Universitetinin qarşısından başlandı. Gördüm ki, əlini cibinə qoyub, o tərəf, bu tərəfə var-gəl edir. Sözün düzü, özünün də xəbəri olmadan kənardan Əkrəm müəllimi xeyli seyr elədim. Seyr elədim deyəndə ki, fürsətdən istifadə edib bir az Əkrəm oxudum. Təsəvvürümdə o qədər böyük olan yazıçının boyunu bu qədər balaca görəndə istər-istəməz duruxdum. Mən əvvəllər Ramiz Rövşəni də arıq, cansız bir adam kimi təsəvvür edirdim. Fikirləşirdim ki, bu cür şeirləri yazan adam, yəqin ki, arıq olar. Ancaq sonra Ramizi görəndə yanıldığımı anladım.

Bilmirəm niyə, Əkrəmdən danışanda yadıma Ramiz düşür. Bizim evdə Ramiz Rövşənin ilk şeirlər kitabı var. Mən Əkrəm Əylisli imzasını həmin kitabdan, Ramiz Rövşənin “Bir yağışlı nəğmə” kitabına yazdığı ön sözdən tanımışam. Bəlkə də buna görədir.

Nədənsə, mən ilk kitabları daha çox sevirəm. Ələkbər Salahzadənin “Beş yarpaq”, İsa İsmayılzadənin “Ulduzların ad günü”, Vaqif Bayatlı Odərin “Tənha ulduz altında” və Ramiz Rövşənin elə bu kitabını da çox sevirəm. Çünki şair, yazıçı nə qədər böyük əsərlər yaratsa da, hərlənib-fırlanıb yenə öz ilkinliyinə, ilk kitabına qayıdır. Necə ki, məşhur yazıçılar öləndə onu basdırmaq üçün öz doğulduğu kəndinə qaytarırlar.

Əkrəm müəllimi bu soyuq havada bir az gözlətdim. Özünün dediyi kimi, nə yaxşı ki, havanın xoş üzünə aldanıb əynini nazik geyinməyibmiş. Gördüm, Əkrəm müəllim gah əlini cibinə qoyur, gah çıxarır. Gah da arada əlini yuxarı qaldıran kimi eləyir, sonra aşağı salırdı. Nə bilim, daha nələr... Düşündüm ki, bəlkə də onun əlini yuxarı qaldırması ədəbiyyat, sonra aşağı salması iqtisadiyyat deməkdi.

Beləliklə, bir qədər Əkrəm Əylisli oxuyandan sonra vərəqin ucunu qatlayıb, Əkrəm müəllimə yaxınlaşdım:

Xoş gördük, Əkrəm müəllim!

Ooo, Böyükçöldedi.

Bir qədər söhbətdən sonra üz tutduq üçüncü mərtəbəyə – “Səməd Vurğun Poeziya” ocağına. Bildiyimiz kimiMetafora” ədəbiyyat dərnəyi hörmətli rektorumuz, akademik Abel Məhərrəmov və fakültə dekanı, professor Elbrus Əzizovun xeyir-duası ilə artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir. Görüşlərimiz televiziya ekranları və mətbuat səhifələrində geniş şəkildə işıqlandırılır. Hətta dərnəyimizin hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaratdığına görə xalq yazıçısı Anar Abel Məhərrəmova və Elbrus Əzizova təşəkkür məktubu da ünvanlayıb.

Keçirdiyimiz digər görüşlər kimi, bildiyim qədəri ilə, Əkrəm Əylisliylə də görüşümüz tələbələrin ürəyincə oldu. Tədbiri mən açdım. Belə: “Ədəbiyyat o zaman ölür ki, yazıçı ilə oxucu arasında səhnə olur. Biz isə bu gün buraya ilk növbədə o səhnəni öldürmək üçün yığışmışıq. Səhnə ölsün ki, ədəbiyyat yaşasın”.

Tədbirimiz üçün heç bir xüsusi forma fikirləşməmişdim. İstəyirdim ki, hər şey təbii olsun. Necə ki, toya iki həftə qabaqcadan hazırlaşan, xüsusi bər-bəzəkdən istifadə edən bir qız toy günü heç elə də gözəl görsənmir, ancaq hazırlaşmayan, heç bir bəzək-düzəkdən istifadə etməyən, sadəcə saçlarına bir bant bağlayıb toya gedən qızın üzərində mənə elə gəlir ki, daha çox göz olur və fikirləşirəm ki, bizim də tədbirimiz bax, saçlarına bant bağlayan o qız kimi gözəl, şirinyaddaqalan oldu.

Əkrəm müəllimin görüşdə səsləndirdiyi ilk fikir belə oldu: “Yazdığım hər əsərimdə ürəyimin qan ləkəsi var”.

Hazırlaşırdım ki, bir sual da məndən gəlsin Əkrəm Əylisliyə. Ancaq tələbələrin arasından bir qız əlinin kəpənək kimi havada yelləndiyini görəndə sual elə ordaca yadımdan çıxdı. Bu da qızın sualı: “Əkrəm müəllim, sizAdamlarağaclar” trilogiyanızda geniş döyüş meydanı göstərməsəniz də, kiçik bir kəndi müharibə illərində təsvir etməklə müharibənin dəhşətlərini oxucuya çatdıra bilmisiniz. Məncə, siz müharibədən yazan ən böyük yazıçılarımızdansınız. Maraqlıdır ki, dağlar və kənd vurğunu olan Əkrəm Əylisli niyə əsərinin adını məhz “Adamlarağaclarqoyub?” Cavab: “İstər əsərin, istərsə də əsərimdəki obrazların adlarını seçən zaman çox düşünürəm. Çalışıram ki, seçdiyim ad həm sadə, həm də maraqlı olsun. Təbiidir ki, bu adın yazdığım mövzuyla çox bağlılığı var”.

Tədbirimizin əsas iştirakçıları tələbələr olsa da, aramızda fakültəmizin professor və müəllimlərindən də var idi. Professorlar Tofiq Hacıyev, Tofiq Hüseynoğlu, Məti Osmanoğlu və fakültə dekanımız Elbrus Əzizov Əkrəm Əylisli ilə görüşümüzdən çox məmnun görünürdülər. Lap çoxdan bilirdim ki, Əkrəm Əylisli Elbrus müəllimin ruhuna yaxın olan bir yazıçıdır. Odur ki, çox keçmədən sözü Elbrus müəllimə verdim: “Mən çox sevinirəm ki, Əkrəm Əylisli bizimlə görüşə gəlib. Bu qədər tələbənin onun görüşünə yığışması isə həm Əkrəm Əylisliyə, həm də ədəbiyyatımıza sevgidən irəli gəlir. Əkrəm Əylisli yaradıcılığında dil faktı çox güclüdür. Dilin sadəliyi, axıcılığı, rəvanlığı əsas verir ki, onu nəsirimizin şairi adlandırmaqda yanılmamışıq. Əkrəmin əsərlərində xalq ruhu, milli kolorit, şifahi xalq ədəbiyyatına möhkəm şəkildə bağlılıq var”. Bu sözləri Elbrus müəllim dedi. Daha sonra Əkrəm Əylisli yaradıcılığının dil, üslub kefiyyətlərindən hərtərəfli danışan Elbrus Əzizov əsl tətqiqatçı kimi çıxış etdi.

Əkrəm Əylisli Ramiz Rövşənin kitabına yazdığı ön sözdə belə deyir: “Mənə elə gəlir ki, dünyaya yeni bir şair gəlib”. Bilirəm, deyəcəksiniz ki, yenə Ramizdən danışdı. Demək istədiyim isə odur ki, Əkrəm müəllim bu fikirdə yanılmadı. Ancaq təəssüflər olsun, sonrakı illərdə bu cür ilk kitablar az oldu və Əkrəm müəllim kimi belə gözəl ön söz yazanlar da heç olmadı. Bəli, olmadı.

Ancaq bu ön sözdən sonra düşünürəm ki, Əkrəm Əylisli daha böyük şəkildə özündən sonrakı Azərbaycan ədəbiyyatına ön söz yazdı. Onun “Azərbaycan” jurnalının redaktoru olduğu illər və bu illərdə jurnalın tarixində gorünməmiş şəkildə etdiyi yeniliklər bütövlükdə ədəbi prosesə, müasir ədəbiyyatımıza yazdığı ön söz idi.

Əkrəm müəllimin redaktoru olduğu “Azərbaycan” jurnalının bütün sayları bizim evdə var. Bu jurnalın üz qabığı sarı rəngdə olsa da, içi tamamilə yaşıl idi, bahar idi. Belə fikirləşirəm ki, Azərbaycanda milli azadlıq hərəkatının ilk rüşeymləri də elə buradan, bu jurnaldan başlamışdı. O dövrdə neçə-neçə qələm sahibləri ədəbiyyata bu qayğı ilə gəldilər.

Əkrəm Əylisli o dövrdə kifi, nəmişliyi ədəbiyyatımızdan təmizləməyə nail oldubu nəmişlikdən əmələ gələn qəlb revmatizmini müalicə edib, sağaltdı.

Bayaqdan sözümü tələbələrdən birinin sualına və Əkrəm müəllimin həmin suala cavabdan sonra əlavə etdiyi fikrinə yönəltmək istəyirdim. Sual: “Gənclərdən kimləri oxuyur, kimləri bəyənirsiniz?” Cavab: “Rəşad Məcidin “Gənc Ədiblər Məktəbi”ndə çox istedadlı gənclər var. Onların kitablarını oxuyurçox sevinirəm. Pərvizin “Yad dildə” romanı mənim ruhuma yaxındır. Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı istedadla yazılmış əsərdir”

Özüylə cavanlar arasındakı yaş fərqini hiss etməyən, əksinə, hətta bəzən özünü gənclərdən daha çevik hissiyyata, biliyə, təfəkkürə malik olduğunu düşünən 73 yaşlı yazıçı tələbənin sualına cavabdan sonra belə əlavə etdi: “Ancaq mən təəssüf edirəm ki, o vaxt əllərindən tutub, köməklik göstərdiyim istedadlı qələm sahibləri özlərindən sonrakı ədəbi gəncliyə əl tutmadılar.”

Ürəyimdə fikirləşdim ki, bir dəli şeytan deyir, tədbiri yenidən başlayım. Elə bu cüretdim. Dedim, əziz dostlar, hiss edirəm ki, görüşümüz quru keçir. Ona görə də gəlin təzədən başlayaq tədbirimizi.

Əslində, görüşün lap başdan bəri maraqlı keçdiyini bilirdim. “Gəlin tədbirimizi yenidən başlayaq” – deməyimdə isə ayrı bir məqsəd var idi. Mən istəyirdim ki, tədbirimizi sevimli müəllimim Tofiq Hacıyev açsın. Bu cüroldu. Tədbirimiz təzədən başlandı. Tofiq müəllimə söz verdim. O Tofiq Hacıyev ki, Füzulidən Ramiz Rövşənə qədər bütün Azərbaycan poeziyasından saatlarla birnəfəsə danışar, dinləməkdən doymazsan. Əlbəttə, Tofiq müəllimlə Əkrəm Əylislini hansı keçmiş bağladığını da unutmuş deyildim. Öncə gənc yaradıcı mühitdən söhbət açan Tofiq müəllim daha sonra Əkrəm Əylisli haqqında çıxışına bu cür başladı: “Deyirlər, yaxşı kişinin çox düşməni olar, ancaq Əkrəmin düşməni lap çoxdur”. Zalda gülüş səsləri alov kimi göyə qalxdı. El bil hər kəs bir ağızla dedi ki, demək, Əkrəm müəllim lap yaxşı kişidir.

Tofiq müəllim sözünü bitirmişdi ki, dedim, canım üçün, fürsət düşüb, qoy bir az da danışım Əkrəm müəllim haqqında. Sözü verdim özümə, başladım təzədən çıxış eləməyə. Bu cür: “Əkrəm Əylislinin 60-cı illərin əvvəllərində yeni kitabları çıxdı. Mən bilmirəm bu kitablara ön söz yazan olub, ya yox – hələ ön sözdən əl çəkməmişəm – bir onu bilirəm ki, Əkrəm müəllimin bütün kitablarının bir ön söz yazanı var, o da müasirlikdir. Əkrəm, Anar, İsa Muğanna, Sabir Əhmədli, Əli Kərim və başqa şair və yazıçılarımız 60-cı illərdə ədəbiyyatımızın istiqamətini sovet realizm metodundan ayırdılar. Ədəbiyyatı insan elminə, insan beyninə, dünyaya, dünyadakı ədəbi prosesə yaxınlaşdırdılar. Bu dəyişmədə Əkrəm Əylislinin rolu böyükdür. Bu, məncə, Əkrəmin yaradıcılığında birinci dəyişmə təkanıdır. İkinci dəyişmə təkanı “Azərbaycan” jurnalını tamamilə yeniləşdirməsi oldu. Üçüncü təkan isə onun Azərbaycan tərcümə ədəbiyyatındakı uğurudur. Əkrəm Əylislinin etdiyi tərcümələr ədəbiyyatımızın qızıl fondudur, desəm, səhv etmərəm.”

Görüşümüzdə maraqlı məqamlar çox oldu. Məti OsmanoğluTofiq Hüseynoğlunun çıxışları, tələbələrin yağış kimi yağan sualları və Əkrəm müəllimin orijinal cavabları tədbirimizi rəngarəng etdi. Ancaq hələ də yadıma düşmədi ki, mən Əkrəm müəllimə hansı sualı verəcəkdim.

Məclis düz iki saata qədər çəkdi. Bu iki saat ərzində isə mənə elə gəlir ki, Əkrəm Əylisli necə yazıçı olduğunu deyə bilmədi. Bu, təbiidir. Ancaq, məncə, o, böyük yazıçıdır.

Bir dəfə yazmışdım ki, dünya dərdinin, insan qəminin adı Vaqif Bayatlı Odərdir. İndi isə deyirəm: Əkrəm Əylisli bizim Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Anar, İsa Muğanna ilə bir yerdə dünyanın hər yerinə çatan səsimizdi.

 

 

Kəramət BÖYÜKÇÖL

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.28.