Hər ömür bir kitabdır

 

Hər ömrün bir kitab olması fikri çoxdan başımda fırlanırdı. Bu fikir, bəlkə də, kitabxanaçı olmağımdan, kitablara sonsuz məhəbbətimdən, kitablarda oxuduğumu insanlarda axtarmağımdan irəli gəlmişdi. Başımda dolanan bu fikrin qəlbimə keçməsinə, təsdiqini tapmasına bu günlərdə çox böyük hörmət və ehtiram bəslədiyim yazıçı qardaşım Mustafa Çəmənlinin kitabxanamıza təqdim etdiyi “Məcnunun Məcnunu” kitabı səbəb oldu.

Öncə bir kitab mütəxəssisi kimi ilk təəssüratımı bildirmək istəyirəm. Bu bir həqiqətdir ki, oxucuda ilk təəssüratı, marağı, mütaliəyə həvəsi kitabın zahiri görünüşü, yəni tərtibatı yaradır. Nəfis, zövqlə tərtib olunmuş kitablar oxucunu istər-istəməz cəlb ediroxumağa maraq oyadır. Bu mənada “Təhsil” nəşriyyatında nəşr olunmuş “Məcnunun Məcnunu” kitabının tərtibatı çox gözəldir və məzmunla forma bir-birini tamamlayır. Əlbəttə, bu tamamlamada adın da əhəmiyyətli rolu var. Kitabın adı uğurun başlanğıcıdır. Bir oxucu kimi “Məcnunun Məcnunu” kitabını əlimə alıb, adını oxuyan kimi ürəyim tel-tel oldu, məhəbbətlə və həm də ehtiyatla vərəqləməyə başladım. Sanki zərif, incə çiçəklərlə dolu bir çəmənlikdəydim və hansısa bir bənövşəni, nərgizi əzməkdən, incitməkdən qorxurdum. Kitabı birnəfəsə oxudumçox böyük zövq aldım. Bir muğam dəsgahına qulaq asandan sonra hansı hissləri yaşayıramsa, kitabı oxuyandan sonra da eyni hissləri yaşadım. Bir səbəb də müəllifə və qəhrəmana olan doğma münasibətdir desəm daha doğru olar.

Mən yenə əvvəlki fikrimə qayıdıram ki, insan ömrü bir kitabdır və insan həyatı kitab həyatı kimi müxtəlifdir. Ömür var cild-cild kitab bağlamaq olar, ömürvar bir kitablıq da deyil. İnsan həyatı var ki, minlərin, milyonların diqqət mərkəzindədir, vərəq-vərəq oxunur, təqdir olunur, sevilir, maraqlı kitablar kimi. Rəflərdə yatıb qalan, müəllifindən başqa kimsənin oxumadığı kitablar da var. Öz evindən, ailəsindən kənarda tanınmayan, sevilməyən, boş keçən bəsit həyatlar kimi. Oxucularla daim ünsiyyətdə olan maraqlarını bilən bir insan kimi deyə bilərəm ki, Mustafa Çəmənli xoşbəxt yazıçıdır, çünki oxunur. Kitabı hələ fonda daxil olmamış əl-əl gəzir, əməkdaşlar növbə ilə oxuyub bir-birinə ötürür. Mənə bağışlanan kitab isə uzun müddət tanış-biliş arasında “gəzir”, çox vaxtyoxa çıxır”, “oğurlanır”. Mən Mustafa Çəmənlinin bu uğuruna çox sevinirəm.

Yazıçının bir missiyası da tarix yaratmaqdır. Yazıçı öz dövrünün tarixini yaradır. Xalqının mənəviyyatının, mədəniyyətinin tarixini yarada bilən yazıçı tarixə yazılır, tarixdə qalır. Mustafa ÇəmənliXallı gürzəromanı ilə özündən əvvəlki dövrün tarixini yazdı, “Səs qərib olmur”, “Ruhların üsyanı”, “Fred Asif”, “Mübariz”, “Burdan bir atlı keçdikimi bir-birindən dəyərli əsərlərini qələmə aldı, mədəniyyət incəsənət korifeylərinin həyatından yazdığı silsilə kitablarla mədəniyyətimizin bugünkü sabahkı tarixinin qızıl səhifələrini yaratdı. OnunLeyli Məcnun” – 100 il səhnədəkitabı isə mədəniyyətimizə ucaldılan möhtəşəm bir abidədir. Bu abidənin dəyəri illər ötdükcə artacaq yeri daha da möhkəmlənəcək.

Oxucuda belə bir sual yarana bilər ki, niyə Mustafa Çəmənli daha çox musiqi, muğam korifeylərindən yazır, ustadların həyatına işıq salır? Bu təkcə sevgidən irəli gəlmir, musiqini hamı sevir. Bu musiqini, muğamı dərindən duymaqdan, incəliklərinə qədər bilməkdən irəli gəlir. Mustafa Çəmənlinin bünövrəsi musiqiylə, muğamla yoğrulub. İnanıram ki, o, ürəyində həmişə oxuyur. Ona görə də yazdığı kitabları oxuyanda sanki musiqi dinləyirsən, muğam dəsgahına qulaq asırsan. Bu gün bu səpkidə kitab yazanlar çoxdur, lakin Mustafa müəllimin yazdıqları qəlbə yaxın, diləyatan, gözoxşayan, könül ovudandır. Cəsarətlə deyərdim ki, onun yazdıqları bədii publisistikadan daha çox sənədli nəsr nümunəsidir. Çünki yazıçı qələmindən çıxıb. Yazıçı həyat və yaradıcılığından söz açdığı sənətkarın sənətinə dərindən bələd olur, onun səsinə dönə-dönə qulaq asır, qəlbində əks-səda verən duyğuları ürəyinin yağını əridə-əridə vərəqlərə köçürür. Bu vərəqlərdən qəhrəmanının obrazı ilə yanaşı, yazıçının ürəyi də görünür, döyüntüsüeşidilir. Sənətdən, sənətkardan bu cür istedadla, zövqlə, peşəkarlıqla yazılanlar ancaq sənət əsəri ola bilər.

Mustafa Çəmənlinin son sənət əsəri hamının sevimlisi, səhnəmizin təkrarsız Məcnunu, gözəl muğam ustası, xalq artisti Mənsum İbrahimova həsr olunub. Kitabda Mənsumun anadan olduğu gündən bu günə kimi həyatı bədii dillə, obrazlı şəkildə elə əks olunub ki, sanki müəllif bu həyat yollarında Mənsumla birgə addımlayıb. Sultanbud təpəsinə birgə çıxıblar, Sultanbud meşəsində birgə bənövşə axtarıblar, əsrarəngiz təbiətin qoynunda birgə zəngulə vurub, mahnı oxuyublar. Kitabı oxuduqca Mənsum İbrahimovun şirin, yanıqlı səsini eşidirsən, Məcnunun fəryadından qəlbinə od düşür.

Mənsum İbrahimov haqqında nə yazılsa, nə deyilsə, halalıdır. Əlli yaş bir insan ömrü üçün az deyil. Belə vaxtda deyirlər ki, yarı yaşını adladı. İndiki zamanda yarıdan da çoxdu. Amma sənətkar ömrü üçün qazanılmış uğurlar baxımından çox da deyil. Çoxları bu uğurlara təəccüb də edir. Məncə təəccüblü heçyoxdur. 70-dən, 80-dən sonra belə uğurlar sənətkar üçün 50 yaşda doğurduğu təəssüratları doğura bilməz. Hər zamanın öz tələbləri var. Mənsum İbrahimova bu adı, şöhrəti, el sevgisini qızıl məcməyidə hədiyyə etməyiblər. O, bunları böyük zəhmətlə, dişiylə-dırnağıyla özü qazanıb. Nə yaxşı ki, Mustafa müəllim bu kitabı yazıb və verilən əməyi, çəkilən zəhməti sətir-sətir işıqlandırıb.

Sadə, zəhmətkeş bir ailədən çıxan Mənsum İbrahimov Allahın ona bəxş etdiyi nemətin (səsin), dəyərini vaxtında anlayıb və içindəki yanğıyla bu neməti zirvələrə qaldırıb. O, səhnəmizdə təkcə Leylinin Məcnunu deyil, həm də musiqinin, muğamın Məcnunudur. Hər bir sənət sahibinə bu Məcnunluq gərəkdir ki, sənətini də, adını da tarixə yazdıra bilsin.

Kitabda fotoşəkillər belə elə yerləşdirilib ki, sanki deyilənləri, yazılanları təsdiqləyir. Qəhrəmanın nurlu çöhrəsi, mehriban baxışları təvazökarlıqla: “Mən vətən, xalq qarşısında öz borcumu yerinə yetirirəm, bundan sonra da bacardığımı əsirgəməyəcəyəm” deyir. Daxili mədəniyyəti, yüksək əxlaqı, geniş dünyagörüşü sənətinə layiqdir Mənsumun. Şəxsiyyətlə sənətin qovuşması onu hamının sevimlisinə çevirib. Mustafa Çəmənli də bu əsərini məhəbbətlə yaradıb. Məhəbbətlə, sevə-sevə yaranan hər şey gözəl olur. Bu gözəllikdən hamıya pay düşürbu paya görə müəllifə də, onun qəhrəmanına da minnətdarıq. Mən Mustafa Çəmənlinin və Mənsum İbrahimovun yaradıcılığını saf-çürük edib söz demək iqtidarında olmasam da, bir oxucu sözü demək istəyimdən də vaz keçə bilmədim.

Bəzən çox sevdiyin insanlar haqqında ürəyin xoş sözlərlə dolu olsa da, ifadə etməkdə çətinlik çəkirsən. Deyə bilmədiklərim dediklərimdən qat-qat çoxdu. Allah rüsxət versə, deyərəm, inşaallah.

 

 

Xuraman İSMAYILOVA,

əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.24.