Dünya duracaq yer deyil...”

 

Nasir kimi imzası yaxşı tanınan Novruz NəcəfoğluDünya duracaq yer deyil...” adlı xatirə-memuar janrında yazdığı publisistik kitabı ilə oxucularla növbəti görüşə gəlib. Bəri başdan deyək ki, səfər təəssüratı ilə bağlı faktlarla zəngin bu maraqlı kitabın elə ilk səhifələrindəcə müəllifin də qeyd etdiyi kimi kökümüzə, milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olsaq da, daha da inkişaf, tərəqqi etmək, dünya birliyində öz layiqli yerimizi möhkəmləndirmək üçün üzümüzü həm də Avropaya, dünyanın inkişaf etmiş ölkələrinə də çevirməli, elmi-texniki yeniliklərdən və müasir texnalogiyalardan qədərincə bəhrələnməli, faydalanmalıyıq.

Dünya duracaq yer deyil...” adlı kitabında müəllif bir qrup həmkarı ilə olduğu Almaniya və İsveçrə görüşlərindən, zəngin səfər təəssüratlarından oxuculara şirin və oxunaqlı publisistik bir dillə söhbət açır.

“Səfər öncəsi güneyli, quzeyli Azərbaycanımızın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın nə vaxtsa oxuduğum bir misrası elə hey qulaqlarımda səslənirdi: ”Bizdən qabaqdadır avropalılar...”. Bu səfərdə qüdrətli sənətkarın avropalılara həmin qibtəsinin səbəbini öyrənməyə çalışacaqdım...” – yazan Novruz Nəcəfoğlu qətiyyətlə demək olar ki, istər İsveçrədə, istərsə də Almaniyada öz iti müşahidəsi, baxıb gördüklərinə həssas sərf-nəzəri, bunlardan yaranan mühakimələri, təcrübəli və bacarıqlı bir dövlət məmuru, həm də səriştəli bir qələm əhli kimi öz istəyinə tam nail olub. Onun qələmə aldığı kitabındakı bir-birindən maraqlı epizodlar, hadisələr, zəngin faktlar, müqayisəli araşdırmalar hər iki ölkə, onların insanları, milli mentalitetləri, istər tarixi keçmişləri, istərsə də bu günü haqqında oxucuda dolğun bir təəssürat yaradır, Avropanın qədim, həm də inkişaf etmiş ölkələrinə bu maraqlı qiyabi səyahətə görə oxucuda dərin razılıq və minnətdarlıq hissi oyadır.

Novruz Nəcəfoğlu ilk öncə bir neçə saatlığa yolüstü dayandıqları, ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı qardaş Türkiyə haqqında ürəklə, səmimiyyətlə qısaca da olsa söz açır. dənizə tamaşa etdikləri məqamın təsviri poetik bir lövhəyə, etüdə bənzəyir: “Xəfifcə sahilə çırpınan göygöz ləpələrə göz dolusu baxdıqca nisgilli şairin, Nazim Hikmətin qubarlı-həsrətli məşhur şeirinin misralarını öz-özümə pıçıldayır və pıçıltımın ürəyimdəki əks-sədasını da aydınca eşidirdim:

 

Dənizə dönmək istəyirəm,

Mavi aynasında suların

Boy verib görünmək istəyirəm,

Dənizə dönmək istəyirəm...”

 

Novruz Nəcəfoğlu istər İsveçrədə, istərsə ondan əvvəl olduğu Almaniyada gördüklərinə öz doğma ölkəsinin, müstəqil respublikasının zəngin keçmişinin, ulu tarixinin bu günkü inkişafının, iqtisadi qüdrətinin, xalqın sosial rifah halının, milli-mənəvi dəyərlərinin, bu günkü yaşam tərzinin müqayisəli aspektində baxır öz ölkəsi, Vətəni ilə haqlı olaraq fəxr edir, qürur duyur.

Qoca Avropanın bu hər iki ölkəsinin uzun yüzilliklərdən sonra əldə etdiyi nailiyyətlərdən öz kitabında ətraflı bəhs edən müəllifin doğma respublikamızın müstəqillik əldə etdikdən sonra qısa zaman kəsiyində qazandığı uğurlardan qürur hissi ilə söz açdığı səhifələrin sevincinə, haqlı fərəhinə oxucu da onunla birgə qoşulur.

Bu maraqlı və oxunaqlı kitabı həm də onun müəllifi Novruz Nəcəfoğlunun doğma respublikası, Vətəni haqqında bir nəğməsi də adlandırmaq olar.

İlin üç-dörd ayında Cenevrənin üstünün dumanla örtüldüyünü eşidən müəllifin yadına elə həmin anda doğulduğu, uzun illər çalışdığı Lerik rayonu, bu torpağın başı çalmalı dağları, ətrafı şiş qayalarla cərgələnmiş, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, yerli sakinlərin çox vaxt “Çənlibel” adlandırdığı Lerik şəhəri düşürdağlar qoynundakı bu şəhərin də üstü, axı, çox vaxt elə dumanlı-çənli olur.

Sankt-Qallendə yerli administrasiyada öz şəhərinin 1300 yaşını qürurla deyən yerli rəhbərliyə müəllif iftixarla bildirir ki, yaşayıb çalışdığı Şabranın isə yaşı 2300 ildən çoxdur. Sonra da müsahiblərinə burasını da xatırladır ki, isveçrəlilərin də yaxşı tanıdıqları məhşur dəniz səyyahı, norveçli alim Tur Heyerdal 1983-cü ildə Şabranda gedən arxeoloji qazıntı ilə tanış olandan sonra bu şəhəri “Şərqin ən nadir incisi” adlandırıb.

Bazel şəhərini iki hissəyə bölən, Reyn çayının sağsol sahillərini birləşdirən ilk körpünün İsveçrədə hələ 1226-cı ildə çəkildiyini qeyd edən Novruz Nəcəfoğlu sonra da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə son illərdə ölkəmizdə, paytaxtımız Bakı şəhərində tikilən çoxsaylı yerli keçidlərdən, körpülərdən, biri elə özünün çalışdığı rayondan keçib gedən betondan tikilmiş yeni, çox genişenli Bakı-Rusiya magistral yolundan, Şabran şəhərində Dəvəçiçayın üstündə tikilmiş, respublikamızda ən böyükuzunluğu 540 metrlik körpü haqqında da iftixarla söz açır.

Novruz Nəcəfoğlunun bu kitabında qələmə alınan səfər təəssüratları bir-birindən maraqlı faktlarla zəngindir, İsveçrə və Almaniya ilə yeni məlumatlarla oxucunu bir daha yaxından tanış edir, rəmzi adı Çiçəklər şəhəri olan Bern, Jan Jak RussonunYeni Eloiza” əsərində romantik paytaxt şəhəri kimi vəcdlə təsvir etdiyi Montre, Lozannada qədim rus zadigan ailələrindən olan Ryuminlərə məxsus saray, öz şəhərinin sakinlərinin haqları uğrunda canını qurban etmiş mayor Jan Daniyel Davel, Bayronun da qələmə aldığı Şilon qəsri, Avropada kitab çapının ilk vətəni olan Mayns şəhəri haqqında peşəkar publisist bir dillə söz açır, oxucuların bu ölkələrlə tanışlıqlarını daha da genişləndirir.

Kitab müəllifin belə bir nikbin qənaəti ilə tamamlanır ki, respublikamızın müstəqillik dövründə qısa zaman kəsiyində əldə etdiyi böyük uğurlar böyük şairimiz Şəhriyarın bir vaxt qibtə etdiyi Avropanın, elə o avropalıların özlərinin də bizlərə həsəd, qibtə edəcəyi gün çox da uzaq deyil...

 

 

 Maarif SOLTAN

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.25.