NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi:

 

Şirməmməd Hüseynov

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

İştə ölkənin sülh və müsaliməti üçün ümdə iki tədbir görmək lazımdır: provokatorları qovub sürmək və caniləri layiqincə tənbeh etmək. Qətiyyən demək olar ki, bu erməni-müsəlman ixtişaşı başından indiyə kibi nə bir provokatora və nə də bir caniyə arzu olunan surətdə cəza və tənbeh olunmuyubdur. Provokatorlar öz yerlərindədirlər və ya bu yerdən o biri yerə dəgişilibdirlər. Əsil müqəssir və canilər isə cəza üçün hökumət əlinə verilmiyibdirlər.

Zatən provokatoru və caniləri məhkəmə əlilə tənbeh və tövbix etmək bizim bu “sülh və səlah” komisyonlarının vəzifələrindəndir. Lakin nə etməli ki, bu komisyonlar öz təqsirlərinə görə bu işdə gücsüz və qüdrətsizdirlər... Halbuki, indi yalqız bu gunə tədbirlər ilə ölkənin sükunət və rahətligini, – əhali əqlə və huşə gəlincə, – saxlamaq mümkündür. Məlum olduğu üzrə hökumət bu tədbiri heç bir vaxt layiqincə ittixaz və tətbiq etməz. Hər halda bu tədbirlər cəmaətin öz əli ilə işə qoyulmalıdır və bu tədbirlərin əncamə yetməsinə cəmaət özü göz yetirməlidir. Çünki, provokatorun da və caninin də kim olduqlarını cəmaət özü yaxşı bilib tanıyır və bunlara tənbeh və cəza olunması cana doymuş cəmaətin şiddətli arzusudur. Söz yoxdur ki, cəmaətin bu işə müdaxiləsi ancaq öz vəkillərinin vasitəsilə ola bilər. Binaənileyh cəmaət bu işdə olsun deyən genə komisyon və komitə qurmaq lızımdır. Əlbəttə, bu komisyon və komitələrin indiki “sülh və səlah” komisyonlarına çox az müşahibəti olmalıdır. Əvvəla bu indiki komisyonların vəkilləri cəmaət tərəfindən baqaidə seçilmiş həqiqi vəkil degildirlər. Bunlar Tiflisdə əlaltında olan adamlardır ki, tutub hökumətin səlahdidilə vəkil təyin edilibdirlər. Sair məhəllə komisyonların vəkilləri isə həmçinin “xudsər” vəkildirlər. Və saniyən bu “vəkil”lərin qərəz və tərəfgirlikdən bəri və uzaq olmalarına heç bir kəs göz yetirmiyor. Onların tərəfgirlikləri isə indi hamıya məlumdur. Və salisən bu “vəkil”lər iş görməkdə bir o qədər ixtiyar sahibi degildirlər. Odur ki, hər nə “səlah” bilib təklif ediblərsə də, hökumət tərəfindən əməl olunmuyubdur. Bundan aşkardır ki, həqiqi və işə yarar komisyon təyin etmək üçün lazımdır ki: əvvəla, baş komisyonun vəkilləri bilavasitə cəmaət tərəfindən seçilsinlər. Cəmaət özü öz dərdbilənlərini və yara tanıyanlarını özü yaxşıca bilib də tanıyor. Hökumət vəkil seçmək işinə müdaxilə etməsin.

Saniyən baş komisyonda hər iki tərəfin cəmaəti vəkillərindən savayı tərəfi-cəmaətdən də vəkillər olsun. Bu bitərəf vəkillərin hüzuri vacibdir ki, bunların diqqət və nəzəri bitərəfanə və biqərəzanəsi sayəsində haman komisyonda (indiki komisyonda aşkar olunan) tərəfgirlik və qərəzin iyi və tozu da olmasın. Bitərəf vəkillər məlumdur ki, gürcü cəmaətindən olmalıdır, çünki, bu nəcib taifə bu qardaş qanı tökən ixtişaşa qarşı həqiqi ələm və kədərini izhar edib, həmişə səy ediyordu ki, adilanə və münsifanə təriq ilə bu biməni ixtişaş və şurişə bir intiha çəksin və ya çəkilsin. Adil və münsif gürcülərin gözündən heç bir provokator, heç bir cani yayınmaz. Gürcü vəkillərini gürcü cəmaəti özü seçsin.

Salisən, bu gunə təşkil olunmuş komisyona provokator və caniləri tutub sud və məhkəmə ilə cəzasına yetirməkdə külli-ixtiyar verilsin və onların hər bir qərardadları bilatəxir təsdiq və icra olunsun.

Rabiən, komisyonun əzaları hökumət ianə və maaşı ilə dolansınlar ki, onsuz da mali-mülki dağılıb tükənmiş cəmaətə zərər dəgməsin.

Məhəlli komisyonlar isə haman seçgi qərarı ilə qurulmalıdır. Lakin burada bitərəf vəkillərin hüzuru artıqdır. Bu komisyonlar isə baş komisyona tabe olmalıdırlar. Bu komisyonların əmal və rəftarından baş komisyona şikayət etməgə cəmaət muxtardır.

Məlumdur ki, baş komisyon ilə məhəlli komisyonlar ümdə diqqətini provokatorların və canilərin cəza və tövbixinə cəlb edib də bu iki taifənin genə ülfət və üns tutmalarına da vasitələri ilə səy və qeyrət etməlidirlər.

Böylə bir həqiqi sülh və müsalimət komisyonlarının vücudu ilə bərabər erməni sosial-demokratları və müsəlman ictimaiyyun-amiyyunları ittifaq və ittihad edib iki cəmaəti felən dərrakə və qanacaq məqamına gətirtməgə himmət etsələr, ümid olunur ki, həqiqi sülh bir tez zamanda bərqərar və paydar olub ətrafdan soxulmuş düşmənçilik bilmərrə puç və məhv olar. Və bu qədim dostlar əl-ələ verib ümumvətən üçün xidmətə şüru edərlər. Dəxi ermənilər görərlər ki, elmsiz qonşuları indi iri-iri qədəmlər ilə irəliyə hərəkət etməkdədirlər. Kəsbi-hürriyyət və azadi işində onlara məmaniə degil, müavin olarlar.

Ü. Hacıbəyov

Bədəttəhrir. Ümidvarız ki, bu məsələyə dair sairlər dəxi öz təsəvvüratlarını izhar etməklə, ölkənin sülh və müsaliməti xatirəsi üçün ciddi tədbirlərin bir tez zamanda tətbiq və icrasına yardım edərlər.

“İrşad”, 12, 13, 14 və 15 iyun 1906, ¹ 137, 138, 139, 140.

“İrşad”ın dörd nömrəsində dərc olunmuş məqalənin demək olar ki, hər bir bölümündən müəyyən vacib hissələr ixtisar edilmişdir. Bu ixtisarlar mətndə mötərizəyə alınmışdır ??. Mətnlərdə bəzən sözlər çıxarılmış və düzəlişlər də edilmişdir. Məsələn, “hüsn-nəticələr” – (yaxşı nəticələr)-də “hüsn” sözü buraxılmışdır. Yaxud, “xəbər veririz” – “xəbər verirlər” kimi getmişdir və s. (bax. 3-cü c. 1968, səh. 93-98; 2-ci c. 2005, səh. 231 – 236). Məqalə qəzet mətnindən olduğu kimi çap olunur.

illət-xəstəlik

namücməl-xülasəsiz

cəsi-iri, böyük

ərzəl-ən rəzil, alçaq

müsamihə-səhlənkarlıq

müşahib-bənzər, oxşar

xudsər-özbaşına

bədəttəhrir-yazdıqdan sonra

ORDAN-BURDAN

Budur neçə vaxtdır ki, qulağıma iki cürə səs gəlməkdədir.

Biri: İşlərimiz xarabdır. Bu gün, sabah qış gəlir. Əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır ...

O biri: Əcəb işlərim düz gətirməkdədir, ha! Bu gün sabah Mariya Qriqoryevna da gəlir. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur ...

Biri: Su da kəsilibdir. Alış veriş yox. Dükançılar hamısı əli qoynunda qalıblar: taxılı dolu dögüb, qalanını çəyirtgə yeyib, qış üçün bir buğda da qalmayıbdır... nə tövr olacaq?

O biri: Filan düşmənim öldürülüb, arada söz, hekayət də yox, mən ilə çəkişən adamların hamısı burunlarını sallayıbdırlar. Qabağımda bir adam da qalmıyıbdır... Necədir, məgər?

Biri: Görünür ki, bizim axırımız yetibdir vallah! Heç bir işimiz düz gətirmiyor. Barışıq üçün komisyə qurduq-vəkillərimiz dönüb erməni oldular. . İdareyi-ruhaniyyəmizi düzəltmək üçün məclis qurduq, birisi məclisi qovub dağıtdı ki, əşi, nə məclisbazlıqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışsınlar, gedib, orada yıxılıb yatdılar. Görəsən bizi kim qarğayıbdır?

O biri: Görünür ki, indi dövran mənimkidir, sən öl! İşçilərimin hamısı mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum-dönüb bir-birinə düşmən oldular. Mariya Qriqoryevnanı özümə mayil etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh olub, dedilər ki, ta biz pəs, hər nə bilirsən elə. Biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da kələkləyib, başımdan elədim ... Pəs mənim bəxtim oyanıbdır!

Biri: Ey gələcəgi yada salmayanlar! Axırki pəşimançılıq fayda verməz ha!... Qabağınız uçrumdur. İndidən özünüzə bir özgə yol axtarınız. Yoxsa bir az keçməz ki, məhv və nabud olarsınız. Dünyada adınız da qalmaz! Neçə ildir ki, xabi-qəflətdə yatıb, dünyadan bixəbəridiniz. Gələcəyin qayğısını çəkmiyordunuz, barı, heç olmazsa bu əlinizdə olan 5 gündən nəfibərdar olunuz ki, axırınız bir şeyə çıxsın!...

 

Doğru deyib Sədi ki:

Ey ki, pəncah rəftə dərxabi

Məgər in pənc ruze dəryabi?!*

 

O biri: Ey dünya qayğısında olanlar! Vallah axırda peşiman olacaqsınız ki, əbəs yerə bu nə qayğu idi ki, çəkirdim!... Qabağınız ölümdür, indidən kefinizi çəkin, ləzzət aparın, yoxsa, bir az keçməz ki, ölüm yetişər, dünyadan kamsız gedərsiniz. Neçə ildir ki, baş-diş ağrısı ilə əlləşib vuruşursunuz. Barı heç olmasa, bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın!...

 

Doğru deyib Sədi ki:

Ey ki, pəncah rəftə dərxabi!

Məgər in pənc ruze dəryabi?

...Vallah, nə yabi!!

 

Filankəs

“İrşad”, 8 iyul 1906, ¹ 159

 

Felyetondan “Barışıq üçün komisiyə qurduq-vəkillərimiz dönüb erməni oldular...” cümləsi çıxarılmışdır. Bundan əlavə mətnə xeyli əl gəzdirilib, bəzi sözlər ixtisar edilib, düzgün oxunmuyub. Məsələn, “məhv və nabud” əvəzinə “məhv”, “kələkləyib” əvəzinə “güllələyib”, “görəsən bizi kim qarğayıbdır?” əvəzinə “görəsən kim qarğıyıbdır?” və s. (bax. 3-cü c. 1968, səh. 112-113; 2-ci c. 2005, səh. 244 – 245)

Ey ki, 50 il ömründən keçib və yatıbsan

Qalx! Bəlkə bu gündə bir şey əldə edə biləsən.

 

ORDAN-BURDAN

 

Uyma dünyaya ey dili-qafil

Nə olur bu əcuzədən hasil!

 

Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.

Bu hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-küsubun qeydinə qalmaq, xalqı maarifləndirmək-hamısı, dünyaya uyub qafil olmaqdır.

Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavüt yoxdur, odur ki:

Uyma dünyaya ey dili-qafil!

Yəni, ay camaat, hürriyyət-filan istəməyin, qoyun hakimlər, filanlar sizi həmişəki kimi soysunlar!

Amma bir tərəfə baxsan, bizim içimizdə olan bəzi “yalançı pəhlivanlara” – “Uyma dünyaya, ey dili – qafil”, demək çox yerində olar.

Bu yalançı pəhləvanlar yalançı pəhləvanlığı nədən ötrü eləyirlər? Bundan ötrü ki, camaat içində ad-san qazansınlar.

Amma bu binavalar doğrudan da ad-san qazanmağın yolunu heç bilməyirlər. Ad-san qazanmaq üçün camaat işinə qatışıb böyük bir məsələni qalxızmaq və o məsələ yerindən qalxıb fil boyda olanda qorxudan siçana dönüb deşiyə girmək lazım degildir. Bu tövr ilə ad-san qazanmaq olmaz. Biabır olmaq olar. Ad-san qazanmağın yolu bax budur:

Çıxırsan bazara, görürsən ki, Məşədi Mahmud gəlir, yanına gedib salam verirsən və deyirsən ki: Məşədi Mahmud, qəribə sən yaxşı adamsan, üzündən gözündən tamam nur yağır, adam sifətinə baxanda lap valeh olur, buyur papiros çək.

Ondan görürsən ki, Kərbəlayı Bədəl gəlir.

Onun da yanına gedib deyirsən ki, Kərbəlayı Bədəl, nədəndirsə, səni görəndə elə bil ki, lap əziz adamımı görürəm, Allahın altında hamı müsəlmanlar sənin kimi xoşxasiyyət, xoştəbiət, xoşsifət, xoşsöhbət, xoşrəftar, xoşgöftar, xoşxülq, xoşdil, xoşzəban və xoşbəyan ola idilər.

Buyur, gedək bir stəkan çay içək.

Ondan görürsən ki, Şərbət bəy gəlir, özü də uduzubdur.

Haman saat yanına yüyürüb, qulağına pıçıldayırsan ki: Şərbət bəy, yaxşı pulum var ... (ta dalısını demək lazım deyil, Şərbət özü arifdir).

Ondan sonra görürsən ki, bir molla gəlir.

Həmin saat cibindən təsbehi çıxardıb, öz başına dualar oxuyursan və mollaya da kəmali-təzim ilə baş endirirsən.

Ondan sonra görürsən ki, bir dövlətli adam gəlir. Nə qayıracaqsan? İkiqat olub qalxırsan.

Və bu minvalla baxıb görürsən ki, səni hər yerdə tərif edirlər və özün də əməlli-başlı ad-san çıxardıbsan, ta bundan yaxşı nə var?

 [Ondan yaxşı heç bir şey yoxdur. Amma bundan da pis heç bir zad yoxdur ki, bu çinovniklər bizi lap ələ salıbdır. İndiyə kimi nə qayırıbsalar qayırıbdırlar. İndi də məsələn, Tiflis müsəlmanlarını tutubdurlar ki, gərək bazar günü dükanlarınızı bağlayıb, cümə günü açasınız. Hələ bu heç. Bir dəfə bizi tutmuşdular ki, gərək ana dilinizi yadınızdan bilmərrə çıxardıb tək bir urus dili danışasınız. Hələ bu da heç. İndi də genə tutubdurlar ki, gərək sizin əlifba kitabınızı dəgişib əvəzində sizin üçün urus həriflərindən çərəkə qayıraq. Hələ bunu da demək heç. Rusiyada bütün müsəlman mollalarına diyor ki, gərək gedib soldat olasınız.

Demək bu da heç. Amma qorxuram sabah gəlib bunu da desin ki, gərək badımcan dolmasının əvəzinə qırxayaq şorbası içəsiniz-onda bilmiyorum nə tövr olacaqdır!]

Filankəs

“İrşad”, 15 fevral 1907, ¹ 26

Felyetonda axırıncı bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 139-140; 2-ci c., 2005, səh. 264 – 265).

əcuzə-fani dünya

 

ORDAN-BURDAN

 

Tazə xəbərlər

 

Bakıda-işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat.

Müsəlman oğruları müsəlman kişilərindən əl çəkib, indi də müsəlman arvadlarını soymağı, bir iki gündən bəridir ki, qaydaya qoyubdurlar.

Ayın igirmisinə igirmi gün qaldığına görə hələ məlum degildir ki, görək şəhərin upravasının kassasında pul var, yoxsa yoxdur.

Partapart əsnasında yaylım güllələrin hamısı, həmişəki kimi, genə İran əhlinə dəgir.

Bakı polisəsi oğruları və qatilləri tutmaq üçün, elə bir ucdan tədbirlər ittixaz eyliyor.

Deyirlər ki, məhərrəm ayı qurtarandan sonra şəhərin müsəlmanları genə qayda üzrə gündüzlər qoç dögüşdürüb və it boğuşdurub, gecələr də fişəng atmağa başlayacaqdırlar.

Qafqazda müsəlman pişrovları aclıq məsələsilə köç məsələsinin həllini saxlıyıbdırlar. Çəritgə məsələsi çatana kimi diyorlar ki, bunların hərəsinə ayrı-ayrı diqqət sərf eləməkdənsə üçünü də bir gündə qurtarmaq məsləhətdir.

Gəncə quberniyasının oğruları sözbir olubdurlar ki, bundan sonra ittihad və ittifaq ilə iş görüb, bütün Gəncə quberniyasını bir gündə soyub qurtarsınlar.

Pristavlar çox ədalətlə iş görməgə başlayıbdırlar: Əvvəla, kənd kişilərini dögdürməgə aparanda arvadlarını da apardırlar ki, kişiləri qəriblik çəkməsin və bir də cəmi strajniklərə bərk tapşırıbdırlar ki, ta bir də oğrulara qoşulmayıb, özlərini yaxşı aparsınlar.

Hökumət Allahdan istiyor ki, Qarabağda, filanda genə bir urus öldürsünlər ki, “ekzekusiya” qoymağa bəhanə olsun, çünki, heç bilirsinizmi ki, bu cürə “ekzekusiya”ların xəzinəyə nə qədər nəfi var?!

Rusiyada:- Bir də diyorlar ki, Dövlət dumasını bağlayacaqdırlar, bir də diyorlar ki yox, bağlamayacaqdırlar. Adam bilmir ki, hansına inansın.-”Əsil urus adamları” diyorlar ki, əgər bu səfər də Dövlət duması hökumətin sözünə qulaq asmasa, yəqin bilin ki, cəmi təqsir yəhudi tayfasındadır.

Əcnəbi qəzetləri yazırlar ki, payız fəsli Rusiyada bir o qədər qarpız yox idi, nə qədər ki, indi bomba vardır.

Əcnəbi vilayətlərdə-ingilis, firəng və sair böyük hökumətlər çox bərk fikir eliyorlar ki, görək genə bir müsəlman padşahı varmı ki, üstünə tökülüb payi-püşk eləsinlər. Hələ fikirlərinə bir yer gəlmir.

Osmanlı hökuməti bu fikirdədir ki, hərgah Osmanlıda da, İranda olan kimi şuriş-filan olsa, məmləkəti əcnəbilərə satıb canın qurtarsın.-

İngilis hökuməti İran hökumətinə ürək və dirək verib diyor ki, qorxma, cəmaət çox oyan-buyan eləsə, lələşin burda durubdur!-

Fas soltanı Yevropa padşahlarının hücumundan sonra neçə vaxtdır ki, ta bir də kamança çaldırmıyıb və cəngi oynatmıyor.

Filankəs

“İrşad”, 2 mart 1907, ¹ 37

Felyetonda əvvəlki bölmədən sonra gələn ikinci bölmədə ilk abzas və sonuncu bölmə ixtisar edilmişdi. Mətndə həmçinin çox xətalı və mənanı təhrif edən bir düzəliş edilmişdir. Üzeyirbəy yazırdı ki: “Hökumət Allahdan istiyor ki, Qarabağda filanda genə bir urus öldürsünlər... “ Bu cümlədə “urus öldürülsə”ni “adam öldürülsə” kimi düzəlmişdilər” (bax. 3-cü c. 1968, səh. 163-164; 2-ci c. 2005, səh. 281-282).

 

ORDAN-BURDAN

 

Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər Birinci Dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikincini yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq?! Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...

Ta fələyin o biri sözlərini hələ eşitmək mümkün degil; çünki burada “hürriyyəti-mətbuat”ın axır-uxurudur.

 

lll

 

Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü.

Bəli, İtaliya münəccimlərinin deməginə görə beş-altı gündən sonra qiyamət bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmaq lazım degil. Çünki bizim ölümdən qorxmağımız o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məhəmmədcəfər yaşasın.

Amma qiyamət bərpa olsa, ta Məhəmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə ölərik. O ki qaldı bizim iş-gücümüzə, nə var: onları o dünyada da görmək olar. Çünki bizim işlərimizə baxılsa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur.

Ələlxüsus hökumət üçün o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqda, kəsdirməkdə, aramaqda, axtarmaqdadır.

Məsələn, srağa gün Bakı hökumətinin könlünə adam axtarmaq həvəsi düşmüşdü. Bilmirdi ki, hara getsin və kimi axtarsın.

Fikir elədi, elədi, elədi, axırda alnına vurub dedi: Hə, bildim! Və yola düşüb getdi və gəlib “İslamiyyə” mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən də orada idim, məni də axtardı və xalqa çox əziyyət verdi və axtarmamış yer qoymadı və xalqın yorğan-döşəyini eşələyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxartsın və heç zad tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl-bıçaqlarını aparsın. Amma çəngəl-bıçaq ilə xörək yeyildiyinə görə və xörək yeməkdə də xilafi-hökumət bir şey olmadığına görə əliboş getməkdən savayı bir əlac tapmadılar.

İndi bilmirəm, Bakıda “İslamiyyə” mehmanxanasını axtarmaqda hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, “İslamiyyə” panislamizm sözündən çıxıbdır.

Mehmanxana dedim, yadıma Peterburqun “Yevropa” mehmanxanəsi düşdü. Dünən teleqraf böylə xəbər gətirdi ki, orada bir rus əfsəri gürcü knyazı ilə dalaşıb onun qulağını kəsibdir. Gürcü knyazı da qulaqsız qaldığına görə haman əfsərə iki danə patron vurub öldürübdür.

Osmanlıda Trabzon şəhərində dəxi bir əfsər öz paşasını vurub güllə ilə öldürübdür.

Böylə rəvayət eliyirlər ki, haman paşa da rus əfsəri kibi öz Osmanlı əfsərinin “qulağını kəsib” məvacibini vermiyor imiş.

Bunların hamısından belə məlum olur ki, bundan sonra qulaq kəsmək çox xətadır.

Filankəs

“İrşad”, 8 mart 1907, ¹ 41

Felyetondan axırıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 174-175, 2-ci c. 2005, səh. 290-291).

 

ORDAN-BURDAN

 

Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır.

Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verir ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı degil. Yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.

İndi hökumət and içir ki, Rusiyada aclıq-maclıq yoxdur və heç bir kəs də qızılı satıb, çörəyə vermir. Qəzetələr dəxi hökumətin doğruluğunu bilmək üçün deyirlər ki, yalançı belə-belə olsun. Amma hökumət bu “belə-belə”yə razı olmur və bu sözə bərk acığı tutub qəzetələri sudxanaya çəkir.

Qoy, hökumət elə bir ucdan adamları sudxanaya çəkməkdə olsun, biz də baxaq, görək dünyanın axırı hara çəkir.

O səfər, əzoncümlə, mən özüm də yazmışdım. İtaliya münəccimlərinin diməginə görə, beş-altı gündən sonra dünyanın axırıdır. Görünür ki, bu xəbər çox adamlara bərk əsər eləyibdir. Ona görə yamanca əl-ayağa düşübdürlər. Firəngistanın “Maten” qəzetəsi camaatın bu cürə əl-ayağa düşməgini görüb İtaliya münəccimlərindən xəbər alıbdır ki, doğrudurmu, siz deyirsiniz ki, bir neçə gündən sonra dünyanın axırıdır?

İtaliya münəccimlərindən cavab gəlibdir ki, “hansı palas...”

Yəni bu söz yalandır və bu səs-küyü salan da yalançıdır.

İndi ki, yalan diməgə qaldı, qoyun, bir yalan da mən diyim:

Belə rəvayət eliyorlar ki, Qarabağda Yevlax stansiyası ilə Şuşa şəhərinin arasında ki, cəmisi bir qarıc yoldur, bu yaxınlarda dəmiryol çəkəcəkdirlər.

Əslinə baxsan, bu xəbər doğrudur. Amma bu xəbər bildir, inişil, keçən il və hətta on il bundan irəli də diyilməginə görə, mən hələ güman eliyoram ki, yalandır.

İndi də bir söz deyim ki, doğru olsun:

Erməni “Mşaq” qəzetəsinin əhli-insaf olan bir yazıçısı var idi. Bu binəvanı bu günlərdə öldürübdürlər.

İndi “daşnaqsütun” firqəsi diyor ki, ey cəmaət, o kişini biz öldürməmişik.

İdarədən: Soğan yeməmisən, için niyə göyniyor!

Hökumətin Peterburq teleqraf agentstvası Naxçıvan uyezdindən şeytan dilində bir xəbər yazıbdır:

“Fevralın 23-ndə bir dəstə müsəlman qulduru dörd nəfər gəlin aparan ermənilərin üstə tökülüb onları öldürübdürlər. Və gəlini də bihörmət edib öldürübdürlər. Ermənilər bu əhvalatdan bərk həyəcana gəlibdirlər. ...”.

Bu xəbəri şeytan dilindən adam dilinə tərcümə edəndə mənası böylə çıxır:

“Ay ermənilər, siz nə bişüur taifəsiniz ki, müsəlmanları qırmıyorsınız. Neçün qırğın salmıyorsınız? Neçün farağat oturubsunuz? Ay bir tez qırğın salın ki, hökumətin işi pisdir. Bəlkə bir az dincələ!!”

Filankəs

“İrşad”, 13 mart 1907, ¹ 43

Felyetonda axırıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c., 1968, səh. 180-181, 2-ci c., 2005, səh. 292-293)

 

(Ardı var)

 

Üzeyir HACIBƏYLİ

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.20-21.