“Kıbrıslılar Azərbaycana
ən yaxın türk xalqlarındandır”
FƏXRƏDDİN MƏMMƏDOV: “DÜNYADA NƏ QƏDƏR
ÇOX OLSAQ, O QƏDƏR QÜVVƏTLİ OLARIQ”
Quzey Kıprıs Türk
Cümhuriyyətinin Yaxın Doğu Universitetinin prorektoru,
mühəndislik fakültəsinin dekanı, professor Fəxrəddin
Məmmədov bu günlərdə “525-ci qəzet”in
qonağı olub. Qeyd edək ki, 15 ildən artıqdır
sözügedən universitetdə çalışan F.Məmmədov
həm də Kıbrısda Azərbaycan diasporuna rəhbərlik
edir.
– Fəxrəddin müəllim, artıq xeyli müddətdir ki, siz Kıbrısda çalışırsınız. İşləmək üçün buranı seçməyiniz nə ilə bağlıdır?
– Mən 1970-ci ildə
Bakıda Neft Kimya İnstitutunu bitirmişəm. 1988-ci ildən
1995-ci ilə kimi Əlcəzairdə və Mərakeşdə
universitetlərdə çalışmışam. 1994-cü
ildə Bakıya dönüb, bir il sonra isə
Kıbrısın məşhur Yaxın Doğu Universitetində
çalışmağa başladım. Əvvəlcə bu
universitetdə elektronik və xəbərləşmə
kafedrasının müdiri kimi çalışdım.
Beş il sonra, yəni 2000-ci ildən isə mühəndislik
fakültəsinin dekanıyam. 2001-ci ildən bu yana isə bu
fakültənin dekanı olmaqla paralel həm də universitetin
elmi işlər üzrə prorektoruyam. Eyni zamanda
Kıbrısda Azərbaycan diasporasının rəhbəri,
Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin
sədriyəm.
Mənim çalışmaq
üçün Kıbrısı seçməyimin çox
səbəbi var. Birinci səbəbi budur ki,
kıbrıslılar da türkdürlər. Kıbrıs
türklərinin Azərbaycan türklərinə çox
yaxınlığı var. Bu həm danışıqda, həm
də demək olar bir millət olmağımız da
özünü göstərir. Digər tərəfdən
kıbrıslılar da azərbaycanlılar kimi bir çox
tarixi hadisələrə səhnə olublar. Bilirsiniz ki,
Kıbrıs xalqı tarix boyu bir çox imperatorluqlar dönəmindən
keçmiş xalqdır. Deyərdim ki,
KIBRISLILAR AZƏRBAYCANA ƏN YAXIN TÜRK XALQLARINDANDIR
Orda azərbaycanlılar
üçün gözəl bir ortam var. Sadəcə, bizim
universitetdə 180 nəfər azərbaycanlı təhsil
alır.
–Bildiyimə görə, bu
universitetdə başqa xarici ölkələrdən də tələbələr
təhsil alırlar. Yəqin bu həm də təhsilin səviyyəsi
ilə bağlıdır...
–Bizim universitetdə 55 xarici
ölkədən tələbə təhsil alır.
Bunların içində həm Avropa, həm Asiya ölkələri
var. 65 kafedra fəaliyyət göstərir. Dünyada
mövcud olan bütün fakültələr Yaxın Doğu
Universitetində var. Bu universitet bir neçə dünya
akkredisiyon qurumları tərəfindən akkreditə
olunmuş təhsil ocağıdır. Buna nümunə kimi
Avropa Birliyi, YUNESKO, İslam Konfransı Təşkilatını
göstərmək olar. Çünki bu universitetdə hər
şey şəffafdır, oxumaq ancaq biliyə əsaslanır.
Universitet özəldir, amma orda təhsil alan
AZƏRBAYCANLILARA BAŞQA ÖLKƏLƏRDƏN FƏRQLİ
GÜZƏŞTLƏR TƏTBİQ OLUNUR
Əsas
güzəşt bundan ibarətdir ki, kim Azərbaycanda Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının təşkil
etdiyi imtahanlardan 500 və ya artıq bal yığırsa, o
zaman Yaxın Doğu Universitetində təhsil haqqı və
yataqxana pulu ödəmir. Yəni tam universitet hasabına oxuyur. Əvvəl bal 450
idi, amma bu ildən 500-ə qalxdı. Digər bir güzəşt
isə bundan ibarətdir ki, Azərbaycandan gələn tələbələrə
bir paket proqramı tətbiq olunur. Proqramın mahiyyəti ondan
ibarətdir ki, azərbaycanlı tələbə oxumaq,
yataqxanada qalmaq və yemək üçün il ərzində
4 min manat ödəyir. Başqa ölkələr
üçün bu məbləğ artıqdır. Məsələn,
Türkiyədən gələn tələbələr
üçün buna görə 6 min avro nəzərdə
tutulub. Elə ölkələr var ki, onlar sadəcə oxumaq
üçün 3500 avro ödəyirlər.
–Bu güzəştləri nəzərə
alsaq, Yaxın Doğu Universitetində oxuyan azərbaycanlıların
sayının az olmasını demək olarmı?
–Əgər desəm ki, 180 nəfər
çox azdır, bu, doğru olmaz. Eyni zamanda böyük rəqəm
də deyil. Yəni orta bir göstəricidir. Amma daha çox
tələbənin gəlməsində fayda var. Xüsusilə,
bizim universitetdə böyük reputasiyası olan stomatalogiya,
farmokologiya, müalicə işinin profilaktikası kimi
fakültələr var ki, onlar dünyada sayılan fakültələrdən
hesab olunur. Tibb fakültəsinin xəstəxanası
dünyada tanınan və akkreditə olunan tibb
ocağıdır. Belə fakültələrdə nə qədər
çox azərbaycanlı təhsil alsa, bu bir o qədər
fayadalıdır. Çünki dediyim kimi bu fakültələrdə
təhsilin səviyyəsi çox yüksəkdir.
–Bəs azərbaycanlı tələbələr
ən çox hansı ixtisaslara üstünlük verirlər?
–Beynəlxalq əlaqələr
və biznes ixtisasına maraq daha böyükdür. Elə
qruplar var ki, orda bütün tələbələr azərbaycanlılardır.
Son illər bank maliyyə ixtisasına, turizm otelçiliyə
də maraq artıb. Biomedikal mühəndisliyi fakültəsində
oxuyanlar da çoxdur. Amma bu ildən tibb fakültələrinə
də gələnlər artıb.
–Yaxın Doğu Universitetində
55 ölkədən tələbələrin təhsil
aldığını bildirdiniz. Kıbrısın dünyada
tanınmamasını nəzərə alsaq, diplomların
tanınmasında hər hansı problem yoxdur ki?
–Baxmayaraq ki, siyasi cəhətdən
Kıbrıs tanınmayıb, amma diplom məsələsində
sərhəd yoxdur. Əvvəldə vurğuladım,
Yaxın Doğu Universiteti Dünya Universitetləri Birliyi,
YUNESKO, Avropa Biliyi universitetləri tərəfindən
tanınır. Diplomda həmin qurumların da möhürü
olur. Universitetin diplomlarının tanınmasında heç
bir problem yoxdur. Ümumiyyətlə,
YAXIN DOĞU TƏKCƏ KIBRISDA YOX, HƏM DƏ
TÜRKİYƏDƏ ƏN BÖYÜK ÖZƏL
UNİVERSİTETDİR
Burada 18 min tələbə
təhsil alır. İki min nəfər isə kollecdə
oxuyur. Digər tərəfdən Kıbrısda ancaq
stomatologiya, müalicə işinin proflaktikası, bir də
farmokologiya fakültələri ancaq bizim universitetdə var.
Üçüncüsü, bu təhsil ocağı bayaq
sadaladığım beynəlxalq qurumlar tərəfindən
tanınır və ən böyük universitet
sayılır. Burada super kompüterlər var. Hansıki
dünyanın sadəcə 28 universitetində belə
kompüterlər mövcuddur. Biz kompüterlərin
gücünə görə, 28 ölkə arasında
13-cü yerdəyik. Super kompüter deyəndə, bu 1500
kompüterin birləşməsidir. Onun içində elə
bir birləşmə var və bütün dünyaya
açılır. Bir sıra xəstəliklərin, o
cümlədən xərçəng xəstəliklərinin,
iqlim dəyişikliklərinin analizində istifadə olunur.
Dünyanın bilim adamları, alimləri bundan istifadə
edirlər və deməli, bu texnika həm də azərbaycanlı
alimlərə də açılır. Yaxın Doğunu fərqləndirən
cəhətlərdən biri də budur. Yaxın Doğu
Universitetinin dənizçilik fakültəsi var, gəmisi
var, otel-turizm faküləsi var, oteli var, xəstəxanası,
ambulans təyyarəsi var. Universitet 1988-ci idə qurulub,
90-cı ildə fəaliyyətə başlayıb və 20
ildə çox böyük inkişaf yolu keçib.
Dünyada çox az kitabxana var ki, 24 saat ərzində, həftənin
7 günü işləsin. Yaxın Doğunun belə bir
kitabxanası var.
–Bəs azərbaycanlı tələbələrin
təhsil səviyyəsi barədə nə deyə bilərsiniz?
–Mən tələbələrimizdən
çox razıyam. Düzdür, orta səviyyəli tələbələr
də var. Amma xüsusilə, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının keçirdiyi
imtahanlar zamanı yüksək bal yığan tələbələrin
bilik səviyyələri daha yüksəkdir. Bu universitetdə
TƏLƏBƏDƏN
YALNIZ OXUMAQ TƏLƏB
OLUNUR
və onlar da üzərlərinə
düşən bu işi yerinə yetirirlər.
–Siz həm də
Kıbrısda Azərbaycan diasporasının rəhbərisiniz.
Bu istiqamətdə fəaliyyətiniz əsasən nədən
ibarətdir?
– Kıbrısda artıq yetərincə
azərbaycanlı var və bəzən onların müəyyən
problemləri yaranır. Ona görə mən
düşündüm ki, bir mərkəzin yaradılmasına
ehtiyac var. Biz beş il əvvəl, 2005-ci ildə
Kıbrısın Daxili İşlər Nazirliyinə
müraciət etdik və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət
Mərkəzini yaratdıq. Kıbrısda hazırda 250 nəfərə
yaxın azərbaycanlı yaşayır. Onların 30 nəfəri
ali məktəblərdə müəllim kimi
çalışırlar. 15-20 nəfər həmyerlimiz isə
bizneslə məşğul olur. Yəni onlar ailələri,
övladları qarışıq 250 nəfərə
yaxındırlar. Biz Kıbrısla Azərbaycan arasında mədəni
əlaqələrin inkişafı üçün də bir
sıra layihələr gerçəkləşdirmişik.
Eyni zamanda Azərbaycan üçün önəmli olan
günləri, həm də ağrılı günlərimizi
Kıbrısda bir araya gələrək geniş qeyd edirik.
Simpoziumlar da təşkil edirik. Biz Yaxın Doğu
Universitetində Füzuli, Dədə Qorqud simpoziumları
keçirmişik. Həmin tədbirlərə Azərbaycandan
da alim və ziyalıları, musiqiçiləri dəvət
edirik. Siyasətçilər, millət vəkilləri də
tez-tez Kıbrısa gəlirlər. Yaxın Doğuda on nəfər
azərbaycanlı professor çalışır. Mən bir məqamı
da vurğulayım ki, bu ildən Diasporla İş üzrə
Dövlət Komitəsinin xətti ilə Gürcüstanda
yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlılar
burda pulsuz oxuması təmin olunub. Bəlkə də Yaxın
Doğu Universiteti dünyada yeganə təhsil
ocağıdır ki, bu cür layihə gerçəkləşdirilib.
Bu, müqavilə əsasında həyata keçirilib.
–Tələbələr
hansı əsaslarla seçilir?
–Biz özümüz gedib bu
tələbələri seçirik.
Şərtə görə,
birinci tələbə Gürcüstan vətəndaşı
olmalıdır. Bu ölkənin tələbə qəbulu
üzrə imtahanlarına qatılmalı, orda müəyyən
bal yığmalıdır. Sonra Azərbaycan
Kıbrısdakı mədəniyyət mərkəzi, Diaspora
Komitəsi, Yaxın Doğu Universiteti o tələbələrin
sənədlərini dəyərlədirir və onlar təhsil
almağa başlayırlar. Bu 3 illik bir müqavilədir. Gələcəkdə
ehtiyac olsa, bunu artırmaq olar. Onlar əsasən, biznes, otel-
turizim, bank-maliyyə ixtisasları üzrə təhsil
alırlar. Bu sahələr Azərbaycanda o qədər də
yayılmayıb. Otel-turizm xaricdə daha çox inkişaf
edib, nəinki Azərbaycanda. Bütün təhsil ingilis dilində
aparılır. Şərtə görə də
gürcüstanlı tələbələr təhsillərini
başa vurub Gürcüstana qayıtmalıdırlar.
– Azərbaycanlı tələbələrdən
təhsili başa vurduqdan sonra Kıbrısda qalıb işləyənlər
varmı?
– Bəli, beş nəfər
azərbaycanlı tələbə universiteti bitirdikdən
sonra orda qalıb və biznes sahəsində
çalışırlar. Kıbrısda azərbaycanlılara
hər zaman hörmətlə yanaşırlar. – Beş il əvvəl
Kıbrısla Azərbaycan arasında birbaşa uçuş
həyata keçirildi və rəsmilərin görüşləri
oldu. O zaman Azərbaycanın Kıbrısı
tanıyacağı barədə fikirlər də səslənirdi.
Ümumiyyətlə, indi Kıbrısda bu məsələyə
yanaşma necədir?
– O uçuşların
gerçəkləşməsində mənim də əməyim
olub. Kıbrısın tanımasına gəlincə, bilirsiniz
ki, ortada Qarabağ problemi var. Ona görə də bu Azərbaycan
üçün çətinlik yaradır. Kıbrısda
hökumət dəyişikliyi oldu və indi problemin
çözülməsi də çox sürətlənib.
Bu məsələ bu və ya başqa formada həllini
tapıb çözüləcək. Kıbrısda da bunu
bilirlər və Azərbaycanın tanımama səbəbini də
anlayırlar. Bir zamanlar bu səbəbi bilmirdilər. Amma indi
KIBRIS TÜRKÜ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ YAXŞI BİLİR
– Diasporla iş üzrə
Dövlət Komitəsi ilə əməkdaşlığınız
hansı səviyyədədir? Sizə nə kimi dəstək
verilir?
– Mənəvi, sosial
baxımdan bu komitənin bizə yardımları olur. Məsələn,
hansısa musiqi qrupunun gəlişi, müxtəlif vəsaitlərlə
yardımlar və s. Amma tədbirlərin maliyyə tərəfi
öz hesabımıza həyata keçirilir. Mənim
universitetin rektor yardımçısı olmağımdan
dolayı, imkanlarım maliyyə işini çözməyə
yetir.
–Demək olar, xeyli müddətdir
Azərbaycandan kənarda çalışırsınız.
Bakıya qayıtmaq istəyirsinizmi?
–İndi texnologiya çox
inkişaf edib. Mən on il bundan əvvəl bir ölkədən
başqasına zəng edəndə çox çətinliklər
çəkirdim. İndi bir dəqiqəyə bütün
dünya cibində olur. İstədiyin adamla
görüşürsən, yazışırsan. İnternet,
digər texniki imkanlar insanları bir-birinə o qədər
yaxılaşdırıb ki, ofisdə olmadan belə onu idarə
edə bilirsən. Mən burda oturub orda nə gərəkirsə,
onu görürəm. Digər tərəfdən bu gün
harda olmağın önəmli deyil. Önəmlisi budur ki,
DÜNYANIN HARASINDA OLURSAN-OL, AZƏRBAYCANLI OLDUĞUNU
UNUTMAMALISAN
Milli mənəvi dəyərlərini
qorumalısan. İkicisi, çalışmalısan ki, hər
zaman vətənini ləyaqətlə təmsil edə biləsən.
Əlbəttə, vətən daha yaxşıdır. Lakin azərbaycanlıların
istənilən ölkədə olmasında, orda
çalışıb dövləti, vətəni təbliğ
etməsində fayda vardır. Xüsusilə, xaricdə vəzifədə
olan, ali məktəblərdə çalışan ziyalı
təbəqənin olması bizə çox lazımdır.
Dünyada nə qədər sayımız çox olsa, o qədər
yaxşıdır. Bir şərtlə ki, vətənlə
ipləri qoparmayasan hər zaman əlaqəni saxlayasan. Mən
bir ilin 3 ayını Azərbaycanda keçirirəm. Mənim
Amerikada, Avropa ölkələrində yaşayan azərbaycanlılarla
əlaqələrim var. Bir həqiqət var ki, dünyada nə
qədər çox olsaq, səsimiz ucadan gəlsə o qədər
qüvvətli olarıq. Təbii əsas məkanımız vətənimiz
Azərbaycandır. Amma indiki vaxt dünyada olmağımız
daha vacibdir. Bakıya bu dəfə Qurban bayramı münasibətilə
yaxınlarıma baş çəkmək üçün gəlmişəm.
İki gündə başqa təmaslarda da oldum, universitetlər
arasında iş birliyini müzakirə etdik. Diaspora Komitəsində
də oldum. Bir neçə gündən sonra Almaniyada gənclər
konqresi olacaq, Yaxın Doğu Universiteti və mən də ora
dəvətliyik. Bu məsələ ətrafında da təmaslarımız
oldu. Bir həqiqət var ki, əgər xaricdə hər
hansı işdə çalışan azərbaycanlı
paralel olaraq həm də diaspor sahəsində fəaliyyət
göstərsə, ölkəni təbliğ etsə, onda biz
daha güclü, qüvvətli olarıq.
P.SULTANOVA
525-ci qəzet.- 2010.- 20 noyabr.- S.9.