Rəsul Rza
poemalarına çağdaşlıq prizmasından bir nəzər
Milli düşüncə tariximizdə elə mütəfəkkir yaradıcı şəxsiyyətlər mövcud olub, onların hər biri bir ömürlük vaxt çərçivəsində elə qüdrətli sənət nümunələri ərsəyə gətiriblər ki, sonralar bir neçə nəsil bu əsərləri tədqiq və təhlil edib. Həmçinin bu prosesdə müxtəlif mülahizə və mübahisələr meydana çıxıb. Ona görə ki, bu şəxsiyyətlərin hər biri təkbaşına bir neçə nəslin bacardığı işləri görüb, mənsub olduğu xalqın mədəni-ictimai inkişafında yeni mərhələ rolunu oynayıb. Məhz elə mərhələ və inkişaf mərtəbəsi ki, o, milli mədəniyyətin təkamülündə yeni bir dövr, epoxa təşkil edə bilsin. Ədəbiyyat tariximizdə və ictimai fikir aləmində belə möhtəşəm simalardan biri, böyük şair Rəsul Rzadır. Onun yaradıcılığı minillik poeziyamız tarixində yeni səhifədir. Bu şair təfəkkürünün yalnız ictimai-fəlsəfi mündəricəsi ilə deyil, həm də böyük bədii-estetik dəyəri, yüksək poetik keyfiyyətləri ilə bağlıdır.
Rəsul Rza poeziyasının ən başlıca məziyyəti onun milli bədii irsə söykənən, ədəbi ənənədən yaradıcı şəkildə bəhrələnən, həmçinin bütövlükdə Azərbaycan poeziya məkanına yeni istiqamət, yeni düşüncə və məxsusi dünyagörüş gətirməsindədir. Bu poeziyanın əsas özəlliyi onun modern düşüncə və çağdaşlıq ruhunu özündə ehtiva etməsindədir. Çünki şair tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın çevrilməmiş səhifələrinə müraciət edəndə də müasirlik aspektindən çıxış edir və aşıladığı fikri, ideyanı müasirliklə bağlayır. Çünki müasir olmayan ədəbiyyat poetik olmadığı kimi, müəllif qayəsinin tərənnümündə yardımçı ola bilməz. Müasirlik ədəbiyyatın xarakterini, məzmun, mündəricəsini müəyyənləşdirən başlıca amillərdən biridir. Müasirlik həm də şairin zamanın aktual problemlərinə həssas münasibət bəsləmək qabiliyyətinin göstəricisidir. Poeziyanın, bütövlükdə ədəbiyyatın müasirliyi deyəndə bunu bəzən yanlış olaraq yalnız yaşadığımız dövrdən, bu günümüzdən və həmin zaman hüdudunda cərəyan edən hadisələrdən bəhs edən əsərlər kimi başa düşənlər də var. Müasirlik kateqoriyasına bu cür baxış birtərəfli və məhdud baxışdır. Müasirlik təkcə bugünkü qayğılarımızdan, problemlərimizdən, yaşayışımızdan söhbət açan, müasir dövrü, zamanı, mühiti göstərən əsərlərə aid deyil, həmçinin yaxın və uzaq keçmişimizi, tariximizi əks etdirən və tarixi keçmişimizin bu gün üçün örnək olası, müasir nəslin bəhrələnə biləcəyi səciyyəvi xüsusiiyyətlərini yüksək poetik təqdimatda təsvir və ifadə edən sənət nümunələrinə aiddir.
Rəsul Rzanın üslubunun müasirliyi təkcə dövrün, zamanın aktual problemlərinə münasibət bildirməkdə, həyatın canlı hadisələrini, adi həqiqətlərini təsvir etməkdə deyil, həyatın həqiqi tipik cizgilərini, insanlığın nailiyyət və çətinliklərini, sevincini və kədərini obrazlı təsvir etməklə yanaşı, tərənnüm və təlqin edilən poetik materialın yüksək bədii həlli ilə səciyyələnir. Belə əsərlərdə müasirlik hər şeydən əvvəl məzmun və mündəricənin dolğun, obrazlı təqdimatında özünü biruzə verir. Çünki müasirliyi ilk növbədə əsərin məzmununda, onun ideya-bədii həllində və mündəricəsində axtarmaq lazımdır.
Rəsul Rza ədəbiyyatda təkcə öz mövzuları ilə deyil, öz üslubu, bədii materiala yanaşma üsulu, ədəbi-estetik meyarlara məxsusi münasibəti, janr-forma axtarışlarındakı yenilikləri, bədii təsvir və ifadə vasitələrinin təravəti, geniş məcazlar şəbəkəsi ilə yaşayır. Onun lirikası öz düşüncə miqyasına, öz istinad ünvanlarına və qaynaqlarına görə milli lirikadır. Bu milliliyin içində böyük bir bəşərilik mövcuddur. Qeyd etmək lazımdır ki, böyük şairin üslubunun ən mühüm göstəricilərindən biri də onun dilə münasibətidir. Bu münasibət yaradıcıdır, sözün konkretliyinə, ehtiraslılığına görə aşılanıb.
Məlumdur ki, poema ədəbiyyat tarixində ən qədim və mütəmadi işlənən ədəbi janrlardan biridir. Mənəvi həyatın qatlarını açan, tarixin ibrət dərslərini, insan məişətinin mənəvi-əxlaqi ahəng və təzadlarını, cəmiyyət və təbiət problemlərini geniş epik təfəkkürlə, lirik bir vüsətlə açıqlayan bir bədii forma kimi poema hər zaman ədəbi prosesin ən maraqlı, vacib janrlarından biri olaraq qalır. Azərbaycan poeziyasında bu janrın inkişafında xüsusi xidməti olan qüdrətli sənətkarlardan biri də Rəsul Rzadır. Böyük sənətkar üslub orjinallığı ilə seçilən, obrazların zənginliyi, insan xarakterlərinin dərin təhlili baxımından, bir-birindən sanballı, ədəbi ictimaiyyətin həmişə diqqətini cəlb edən poemalar yazmışdır. Şairin müxtəlif vaxtlarda qələmə aldığı “Qız qalası”, “Babək”, “Füzuli”, “Hilal”, “Son gecə”, “Lenin”, “Xalq həkimi”, “Qızılgül olmayaydı” və s. poemalarında bədii-fəlsəfi düşüncənin, poetik təfəkkürün zənginliyi, orcinallığı diqqəti cəlb edir. Rəsul Rzanın poemaları yüksək ideya xüsusiyyətlərinə, kolorit gözəlliyinə, daxili dinamika və dramatizminə görə diqqətəlayiqdir. Poema universal janr olduğuna görə şairin yaradıcılığında müşahidə edilən başqa ədəbi növlərə məxsus ən yaxşı keyfiyyətləri, sənətkarlıq komponentlərini özündə cəmləşdirə bilir və onun həm lirik, həm epik, həm də publisist üslubi imkanlarının bir janr daxilində vəhdətini, sintezini ortaya çıxarır.
“Babək” poeması böyük şairin digər poemaları kimi həm mövzusunun əhəmiyyətinə, monumentallığına görə, həm milli mübarizənin xarakterinə görə, həm hissələrin, fikirlərin dramatik və fəciliyinə görə xüsusilə seçilən bir əsərdir.
Əsərin
poetik gücü, bədii-fəlsəfi,
həmçinin ictimai-milli silqəti kifayət
qədər möhtəşəmdir. Sovet
dönəmində yazılmış (1977) və milli düşüncənin, milli
özünüdərkin yüksək poetik
dəst-xətlə ehtivası, həmçinin misralarda milli
düşüncənin poetik dildə
“üsyanı” heyrət doğurur.
“Babək bir anlıq huşa gəldi.
Qan qurumuş dodaqlarından
qopdu qaynar kəlmələr,
Gəlmələr!
İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı
babəkçilər
– igidlər.
Bu misralar xalq qəhrəmanı
Babəkin qəsbkarlara,
doğma vətənini
işğal edənlərə
qarşı nifrətini
əks etdirir. Daha
sonra milli
düşüncənin yığcam və konkret
poetik harayını eşidirik.
Qulaqlarda
hələ də cingildəyirdi,
necə qanlı döyüşlərdə
gurlayan
Babəkin səsi –
odlu kəlmələr:
Vurun!
Vurun!
Bu torpağın oğulları!
Tapdamasın yurdumuzu
gəlmələr.
Kimdir onlar! –
Xilafətin qulları!
Xalqın yaralı dilinə
mütilik məlhəmi qoyanlar.
Körpələrimizin beşiyi başında,
ağa dildə,
Şükran nəğməsi oxuyanlar...
Bu misralar mütəfəkkir
şairin işğalçıya,
zülmə, istibdada qarşı poetik etirazıdır. Bu misralar təkcə Babəkin ərəb xilafətinin qəsbkarlığına qarşı
etirazı kimi səslənmir, həm də bütövlükdə
əsarətə qarşı,
milli ruha, xalqın dilinə təcavüz edən bütün qəsbkarlara qarşı şairin yüksək sənət dilində poetik “üsyan”ıdır. Bu mənada Rəsul Rza poeziyası milli düşüncənin,
milli təfəkkürün
inkişafında məxsusi
çəkisi olan milli-mənəvi sərvətlərimiz
sırasındadır. Həmçinin bu poeziyada poetik təfəkkürün
zənginliyi, düşüncə
orijinallığı, novatorluq,
yüksək bədii
siqlət sənətkar
dühasının dünyəviliyinin
və bəşəriliyinin
təsdiqidir.
Çağdaş poeziyamızın sənətkarlıq
xüsusiyyətlərinə görə inkişafını,
bu inkişafın mərhələlərini aydınlaşdırmaq
üçün üslubi
poetik vasitələrin,
məcaz və poetik fiqurların, obrazlılıq məsələlərinin
tədqiqi baxımından
Rəsul Rzanın yaradıcılığı zəngin
material verir. Bu mənada
şairin poeziyasının
ədəbi növ, janr, ideya-bədii, sənətkarlıq xüsusiyyətlərinin
yeni düşüncə,
modern yanaşma aspektindən
geniş tədqiqat, ədəbi təhlili ədəbiyyatımızı zənginləşdirəcək.
Əlibala MƏHƏRRƏMZADƏ
525-ci qəzet.-
2010.- 24 noyabr.- S.7.