Doğulacaq qadın” təqdim olundu

 

Bu dəfə gənc, istedadlı xanım, şairə publisist Aysel Əlizadənin qələmindən çıxanların təqdimatı ədəbiyyatsevərləri Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda bir araya topladı. Dəvətlilər sırasında olduğum üçün vaxt yaxınlaşan kimi özümü yetirdim ora. Qonaqların dəhlizdən eşidilən səsindən təqdimatın necə qaynar keçəcəyi artıq bəlli idi. Zala daxil olanda fikrimdə yanılmadığımın şahidi oldum. Kimisi vaxtdan istifadə edib bir-biri ilə söhbətləşir, hal-əhval tutur, kimisi kitabı vərəqləyir, qeydlər edir, kimisi də əlində bir dəmət çiçəklə yazar xanımın yolunu gözləyirdi. Gənc qızlar isə, hələ ki, Aysel xanımın kitabın üzərindəki şəklinə diqqətlə baxır, onu müzakirə edirdilər. Bütün bunlar mənə Aysel xanımla təqdimatdan bir gün əvvəlki söhbətimizi xatırlatdı. Həyəcanlı olduğunu demişdi. Niyəsə, “elə mən də” demişdim. “Yəqin sabah həyəcandan əsənlərin stullarının taqqıltısından qulaq tutulacaq, zəlzələ olmasa yaxşıdı”, – deyib gülmüşdük. Artıq məndə həyəcandan yox, sevincdən, insanların xoş ovqatından, doğrudan da, “zəlzələli” təqdimat olacağına əminlik hissi yaranmışdı. Beləcə, hamı yerini aldı və tədbiri açıq elan etməkçün AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışa başladı. Rəşad Məcid qonaqları salamladıqdan sonra, “525 kitab” seriyasından nəşr olunanDoğulacaq qadın” şeirlər toplusunun müəllifi Aysel xanımın, gənc olmasına baxmayaraq, zəngin bioqrafiyaya malik olduğunu vurğuladı. Belə ki, 1980-ci ildə Bakıda doğulan şairə xanım, peşəkar fəaliyyətə 18 yaşında ikən o zaman efirə çıxan ABA televiziyasında başlayıb. BDU-nun coğrafiya fakültəsini bitirib. Aparıcı kimi başladığı televiziya həyatını rejissor, ssenarist, müəllif kimi davam etdirib. Sonra televiziyadan uzaqlaşaraq mətbuata keçib. Müəllifi və rejissoru olduğu bir neçə telefilm çəkib, özünün ifa etdiyi mahnılardan ibarət albomu var. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. Rəşad Məcid Aysel xanımın qələminə, yazıları “Ədalət” qəzetində çap edilən dövrdən bələd olduğunubunda İradə xanım Tuncayın böyük rol oynadığını bildirdi. Sonra söz “525 kitab” seriyasının, eləcə də “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğluna verildi. Öncə müəllifi təbrik edən Səlim bəy daha sonra Aysel xanımın ilk kitabı olan, “525-ci qəzet” in qadın yazarlarımızla bağlı layihəsi üzrə çap olunan publisistik məqalələrinin toplandığı “Ora” kitabından söz açdı. Səlim Babullaoğlu qeyd etdi ki, Aysel xanım publisistdən daha çox, şairdi. Səlim bəy, Aysel Əlizadənin, bir çox qadın yazarlardan fərqli olaraq, şeirlərində fikirlərini metaforaların, obrazların arxasında gizlədərək yox, daha səmimi, real şəkildə oxucusuna çatdırdığını dedi, “Doğulacaq qadın” kitabından bir neçə şeiri nümunə kimi səsləndirdi. İradə xanım Tuncay çıxışına bu sözlərlə başladı: “Aysel mənim mənəvi övladım, ədəbiyyatda kəşf etdiyim biri olduğuna görə mənə daha əzizdi. Həmişə ədəbiyyatda qadın-kişi bölgüsünün aparılması mübahisəli məsələ olub. Ancaq əgər kişi ilə qadın arasında prinsipial fərqlər varsa, nəyə görə də yaratdıqları ədəbiyyat fərqləndirilməsin? Mən Aysel yaşda olanda özümü onun qədər ifadə edə bilmirdim. Aysel çoxumuzun deyə bilmədiyini yazmağı bacaran şairədi. Bu şeirləri oxuyanda niyəsə Nazim Hikmətin həbsxana şeirlərini xatırlayıram”. Çıxışının sonunda İradə Tuncay Aysel xanımın daha böyük uğurlar qazanacağına əminliyini vurğuladı. “Yaxşı şeir o şeirdi ki, hansısa vəziyyətdə yada düşə bilsin. Sən onu kiməsə ünvanlaya biləsən. Bu baxımdan düşünürəm ki, Aysel xanımın şeirləri çox yaxşıdı. Ümumiyyətlə, iki cür qadınlar olur: şeir yazdıranlar və şeir yazanlar. Ayselin xüsusiliyi həm yaxşı şeir yazmasında, həm də şeir yazdıra bilməsindədir”. Bu orijinal fikirlərlə Aysel xanımı təbrik edən növbəti qonaq istedadlı yazar Taleh Şahsuvarlı oldu. Zeynal Məmmədlinin Ayselə “sevgidən yazan şair qadınlar əslində heç sevgiliyə oxşamırlar. Elə şeirdən görünür ki, bu qadın sevgili olmaq istəyir. Aysel sevgili ola bilən şairdi” deməsi də tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Bu arada Aysel Əlizadə qonaqlar sırasında əyləşən Eldar Şahbazovu, nanotexnologiyanın neft sənayesində tətbiqinə görə UNESKO-nun qızıl medalına layiq görüldüyü üçün təbrik etdi. Eldar müəllim isə Aysel xanıma “siz nanotexnologiyadan daha yüksəkdəsiniz” deyib, üzünü iştirakçılara tutdu: “Kitabın adına baxın – “Doğulacaq qadın”. Bu nə qədər böyük miqyası əhatə edir. Aysel xanım münasibətlərdə təzyiq yaratmır və onun üçün darıxmağa imkan yaradır. Onun dərketmə səviyyəsinə heyranam” – dedi. Olduqca maraqlı, yüksək əhval-ruhiyyə ilə davam edən təqdimatda Aysel xanımın anası – tanınmış şairə Kəmalə xanımın çıxışı daha təsirli oldu. Kəmalə xanım qızı ilə lap uşaq vaxtlarından fəxr etdiyini bildirdi. Kitabdakı ilk şeirin məhz ona ünvanlanmasını, buna görə də çox dəyərli saydığını, bir qızın öz anasına “Ana, məni buralarda qoyub getmə, Mən səndən başqa yer tanımıram” deməsinin ana üçün nə qədər böyük duyğu mənbəyi olduğunu bildirdi. Sonra isə kövrək səsiylə Ayselə ünvanladığı şeirdən bir parçanı səsləndirdi. Təqdimatda iştirak edən, bir-birindən dəyərli digər insanlarNiyazi Mehdi, Vaqif Yusifli, Paşa Qəlbinur, Ceyhun Musaoğlu, Esmira Fuad, Ədalət Əsgəroğlu, Maşallah Məftun və başqaları həm kitab, həm də Aysel xanım haqqında fikirlərini bölüşdülər. Oqtay Rzanın Ayselə, o hələ 3 yaşında ikən həsr etdiyi şeiri səsləndirməsi isə xüsusi marağa səbəb oldu. Sonda yazar xanım özNobel nitqini söylədikdən sonra gözəl bir şeiri səsləndirərək, hamını kövrəltdi və təqdimat mərasimi də elə bu kövrək notlarla yekunlaşdı.

 

 

Nərmin HÜSEYNZADƏ

 

525-ci qəzet.- 2010.- 24 noyabr.- S.7.