“Həzrəti-Əli aşiqi Füzuli”
kitabı təqdim edilib
Noyabrın 23-də “Divani-hikmət” məclisində filologiya elmləri namizədi Vərağa Almasovun Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” kitabının təqdimat mərasimi keçirilib. Birlik sədrinin müavini, şair Taleh Həmid kitabın məziyyətlərindən danışıb və müəllifin Füzuli irsinin tədqiqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, bildirib ki, bu, birlik tərəfindən müəllifin çap edilmiş sayca ikinci kitabıdır. V.Almasovun bir müddət əvvəl işıq üzü görmüş “Peyğəmbər aşiqi Füzuli” kitabı MDB ölkələrinin “Kitab mədəniyyəti” sərgisində ikinci yerə layiq görülüb. “Çaşıoğlu” nəşriyyatında yüksək zövq və tərtibatla 1000 tirajla çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” elmi monoqrafiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Natiq diqqətə çatdırıb ki, Regionların İnkişafı İctimai Birliyi bu istiqamətdə işlərini davam etdirəcək. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və başqaları V.Almasovun bir alim kimi yorulmaz fəaliyyətindən və Azərbaycan elminin tədqiqi istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar. Bu kitab bəşəriyyətin ən kamil şəxsiyyətləri sırasında ön cərgədə duran Həzrəti-Əlinin misilsiz Füzuli qələmi ilə çəkilmiş bədii portreti haqqında monoqrafiyadır. Əsər Füzuli şeirinin Həzrəti- Əli soraqlı ən parlaq incilərinin təhlili üzərində qurulub, onların başlıca ideya-bədii keyfiyyətlərinin araşdırılması yönündə diqqəti çəkən hərtərəfli bir tədqiqat işi kimi meydana çıxıb. Sadə üslubda yazılmış kitab bütün füzulisevərlərin böyük marağına səbəb olacaq. Müəllif nəşrin işıq üzü görməsinə kömək edənlərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbirdə tanınmış musiqiçilərin ifasında Füzulinin qəzəlləri səsləndirilib
525-ci qəzet.- 2010.- 25 noyabr.- S.7.